Əbədiyaşar Öndər
1-05-2023, 07:30
1 505

Əbədiyaşar Öndər

TehsilForumu.Az təqdim edir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü İldönümünə həsr edirəm.
Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Tarixdə də elə şəxsiyyətlər yetişib ki,onlara nəinki təmsil etdikləri xalqın taleyində ,eləcə də dünya siyasətində olduqca böyük missiyanı həyata keçirmək səadəti nəsib olub.Ümummilli liderimiz Heydər Əliyev də məhz belə tarixi şəxsiyyət,dünya siyasətinin mahir bilicisi idi.Azərbaycanın müasir tarixinin böyük bir mərhələsi,eləcə də müstəqil dövlətimizin dinamik inkişafı və dünyaya inteqrasiya prosesi onun adı və fəailiyyəti ilə bağlıdır.Biz indiki nəsil bunun canlı şahidləri,Ümummilli liderimizin rəhbərliyi altında həyata keçirilən böyük quruculuq işlərinin canlı iştirakçısıyıq.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimidir.Milli tariximizin “Heydər Əliyev dövrü” qızıl hərflərlə yazılmalıdır!Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur.Tarix Heydər Əliyev şəxsiyyətinin əzəmətini, onun müdrik strateq və çevik taktik kimi qüdrətini dönə-dönə təsdiq etmişdir. Şəxsi taleyini canından artıq sevdiyi Azərbaycanın xoşbəxtliyindən, tərəqqisindən ayrılıqda təsəvvür etməyən dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyev qurucu lider olması, xalqımızı bir çox bəlalardan qoruması ilə ümummilli lider məqamına yüksəlmişdir. Bütün bunlar bu dahi insana ölməzlik və əbədi ehtiram qazandırmışdır. Böyük əxlaq ustadı,ensiklopedik alim,11-ci əql sahibi Nəsrəddin Tusi (1201-1274) “Əxlaqi-Nasiri”əsərində yazır:”Ən yaxşı rəhbər odur ki,xalqın etimadını qazansın.yəni ölkədəki bütün insanlar Ona inansın!Hələ sağlığında əfsanələşən, nadir şəxsiyyət Heydər Əliyev haqqında dünyanın məşhur simalarının necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Müasiri olan dünya liderləri, tanınmış dövlət adamları və siyasi xadimləri tərəfindən dünya miqyasında böyüklüyü etiraf edilən, o cümlədən ABŞ-ın sabiq prezidenti Corc Buşun “Şəksiz lider”, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türk dünyasının tanınan və sevilən lideri”, Rusiya prezidenti Vladimir Putinin “Siyasi nəhəng”, Fransanın sabiq prezidenti Jak Şirakın “Qeyri-adi şəxsiyyət” adlandırdıqları Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi bu günlərdə də yenidən göz önündə canlanır, qəlbimizdə bir daha qürur və iftixar hissləri baş qaldırır. Şübhəsiz ki, Heydər Əliyev dühasını, onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək qeyri-mümkündür. Ulu Öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilir. Azərbaycanın müasir - təxminən 50 illik dövrü böyük dövlət xadimi, mükəmməl strateq siyasətçi, fenomen şəxsiyyət,Ulu Öndər Heydər Əliyevlə bağlıdır. XX əsrin 60-cı illəri təhlükəsizlik orqanlarından Respublikamızın ali rəhbərinədək olan yolda Vətəninə bağlı taleyüklü ömürdə Qarabağ məsələsi də gündəmdə olmuş, Ulu Öndərin prinsipiallığı nəticəsində söndürülmüş, Azərbaycan xalqının milli maraqları dominant sayılmışdır. 1960-1970-ci illərdə də erməni millətçiləri Qarabağı Azərbaycandan ayırıb qondarma Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam”, - söyləyən Ulu Öndər Heydər Əliyevin güclü qətiyyəti nəticəsində yalan və iftiraçı erməni iddiaları iflas olunmuşdu. Ulu Öndərin birinci hakimiyyəti zamanında da ölkədə, xüsusən də Qarabağda milli düşüncə, milli ruh, milli kimliyin oyadılmasında danılmaz xidmətləri olmuşdur. Ümummilli lider ali sovet rəhbərliyindən uzaqlaşdırılıb ciddi nəzarət altında yaşamağa məhkum ediləndən dərhal sonra qondarma Ermənistanın Azərbaycana qarşı ərazi iddiası baş qaldırdı. Ulu Öndər hələ Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri olduğu zaman ermənilər 1967-ci ildə iyun ayının 24də Xankəndində küçələrə ermənicə 300-ədək vərəqə paylamışdı. Saxta və uydurma şovinizmə söykənən, yalan erməni tarixini əks etdirən bu vərəqələrdə Dağlıq Qarabağın Ermənistan SSR-inin tərkibinə qatılması təbliğatı gedirdi. Təbii ki, mükəmməl kəşfiyyatçılıq keyfiyyətləri olan DTK-nın milli təfəkkürlü generalı Heydər Əliyev həmin vərəqələrin müəlliflərini tapdırıb, ciddi cəza verdirmişdi. Digər bir fakt, 1967-ci ildə erməni millətçiləri özləri erməni əsilli birini öldürmüş və bu ölümü iki azərbaycanlının üzərinə qoymuş, onların məhkəməsində isə həmin azərbaycanlıları öldürmüşdülər. Məqsəd milli münasibətləri qızışdırmaq, qarşıdurma yaratmaqla yerli əhalini köçürüb, Qarabağın qondarma Ermənistana birləşdirilməsinin bünövrəsini yaratmaqdan ibarət idi. Ulu öndər 15 gün şəxsən Xankəndinə gedib bu prosesin qarşısını öz məharətli çevik müdaxiləsi ilə aradan qaldırmışdı.Ulu Öndərin siyasi kursunun davamçısı cənab İlham Əliyev bu barədə o vaxt xüsusi qeyd edib: “Heydər Əliyev vəzifədən uzaqlaşdırılandan sonra bu meyllər daha da gücləndi və Azərbaycana qarşı açıq ərazi iddiası prosesi başlandı. Əfsuslar olsun ki, bu prosesə başçılıq edən o vaxtkı sovet rəhbərliyi idi. Əgər sovet rəhbərliyinin bu işlərdə əli olmasaydı, Cənubi Qafqazda heç vaxt münaqişə yaranmazdı”. Sonradan isə Moskvada Siyasi Büroda üzv olarkən də daim bu “Ermənistana birləşmə” arzusunun qabağına sədd çəkmişdi”. Ulu Öndər Qarabağın geosiyasi tarixini, geoiqtisadiyyatı və mədəni-mənəvi həyat tərzini, orada tarixən yaşayan azərbaycanlı, eləcə də sonradan məskunlaşan erməni ailələrin keçmişini, birgə yaşayış münasibətlərini akademik səviyyədə bilir və Qarabağın inkişafı, abadlaşdırılması istiqamətində bütün sahələr üzrə işlər aparırdı. Bu dövrdə Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli lider bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə fəaliyyət göstərirdi. Hər şeydən əvvəl Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən Ulu Öndər bu məsələyə çox həssaslıqla yanaşmışdır. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini yaxşı bilən cənab Heydər Əliyev bu şəhərin inkişafına çox böyük qayğı göstərirdi. Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşaya Ümummilli lider zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Şuşanın, ümumiyyətlə, Qarabağın Azərbaycan üçün müstəsna əhəmiyyətli olduğunu bildirərək demişdir: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə mailk böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.Şuşasız Qarabağ və Qarabağsız Şuşa təsəvvür edilməzdir.”. Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Qeyd etmək lazımdır ki, 1920-ci ildən 1970-ci ilə qədər Şuşada heç vaxt belə genişmiqyaslı tikinti işləri aparılmamışdı. Şəhərdəki “Qala divarları”nın və “Gəncə qapısı”nın bərpasına təkcə 1975-ci ildə 25 min manat xərclənmişdi.Şuşa ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Həmin illərdə Heydər Əliyevin Qarabağa göstərdiyi diqqət və qayğı daha da artmış və geniş quruculuq işləri vüsət almışdı. 1980-1981-ci illərdə görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə abidə - məqbərə tikildi. Şuşaya səfəri zamanı Ulu Öndər Heydər Əliyev Poeziya evini açdı, Vaqif poeziya günlərində iştirak etdi, Üzeyir bəy Hacıbəyovun və Bülbülün Şuşadakı evmuzeylərindəki eksponatlarla tanış oldu və onların qorunmasına dair tövsiyələrini verdi.1982ci il avqustun 2-də Şuşada şairə Xurşidbanu Natəvana abidə qoyuldu. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə Şuşa şəhərinin və Qarabağın azərbaycanlılar yaşayan digər məntəqələrinin siması xeyli dəyişdi. Heydər Əliyevin göstərişi ilə Xankəndidə Pedaqoji İnstitut açıldı və orada Azərbaycan bölməsi yaradıldı. Bu, azərbaycanlı ziyalıların daimi iş yeri ilə təmin olunmasına, Qarabağda yeni elmi-mədəni mühitin formalaşmasına, yerli əhalinin ali təhsil almasına və doğma yerlərə daha sıx bağlanmasına əlverişli şərait yaratmışdı.
Müstəqilliyin ilk illərində naşı, xain siyasətbazların hakimiyyət davası ölkəni uçuruma sürükləyəndə isə xalqın təkidli tələbi və iradəsi ilə 1993-cü ilin böhranlı yayında ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdı Zamanın hökmü ilə Azərbaycan dövlətinə və xalqına rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürən praqmatik və xarizmatik lider Heydər Əliyevin siyasi qayıdışı ölkəmizin müstəqillik yolu ilə irəliləyişi üçün dönüş məqamı oldu. Dərin zəkası, müstəsna liderlik bacarığı ilə respublikanı yumruq kimi birləşdirən ulu öndər daim məqam gözləyən erməni separatizminin baş qaldırmasına imkan verməmək üçün bütün zəruri mənəvi-siyasi, sosial-iqtisadi və inzibati tədbirləri məharətlə gerçəkləşdirmişdi. Bundan sonra çoxsaylı terror aktlarının, dövlət çevrilişlərinə cəhdlərin qarşısını alaraq, siyasi sabitliyə və sosial-iqtisadi dirçəlişə nail olan Heydər Əliyev Qarabağ müharibəsinin gedişində də dönüş yaratdı və düşməni atəşkəs müqaviləsi bağlamağa məcbur etdi. Ümumiyyətlə, açılmaz bir düyünü xatırladan Qarabağ münaqişəsinin həlli müstəqil Azərbaycana rəhbərliyi dövründə ümummilli lider Heydər Əliyevin siyasi xəttinin və diplomatik fəaliyyətinin əsasını təşkil etdi.Ölkəmizin ətrafında baş verənləri, başımızın üstünü alan qara buludları görən, prosesləri uzaqgörənliklə qiymətləndirən ümummilli lider Heydər Əliyev respublikamızın pozulmuş ərazi bütövlüyünün bərpa olunması və işğalçıların ölkə ərazisindən çıxarılmasının düzgün yolunu müəyyənləşdirdi. Bundan sonra Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq aləmin dəstəyinin qazanılması Azərbaycan diplomatiyasının qarşısında duran ən mühüm vəzifələrdən biri oldu.Ulu Öndər Heydər Əliyev beynəlxalq və regional təşkilatların tribuna və salonlarından işğalçılığı məntiqi şəkildə əsaslandıran konstruktiv çıxışlar üçün maksimum istifadə etdi.Ümummilli lider Heydər Əliyevin diplomatiyası Qarabağ münaqişəsinin dünya səviyyəsinə çıxarılması və həlli ilə bağlı xüsusi konsepsiya hazırlayaraq konkret vəzifələri həyata keçirmək üçün ardıcıl siyasi kurs planlaşdırdı. Azərbaycan lideri Qarabağda ermənilərin yaşadığı dövlətə qarşı yönəlmiş çıxışlarının beynəlxalq separatizmin tərkib hissəsi kimi qorxulu, ağır nəticələr törədən və digər dövlətlərin də ərazisində oxşar problemlərin alovlanmasına təkan verən təhlükəli bir hərəkət olduğunu sübut etdi, dünya ictimaiyyətinin diqqətini belə təhlükələrin qarşısını vaxtında almağın vacibliyinə yönəltdi. Heydər Əliyev bütövlükdə regionun geosiyasi xəritəsini yenidən çəkmək və buraya çox güclü iqtisadi amil əlavə etmək uğrunda mübarizəyə başladı. Cənubi Qafqazın "Böyük İpək Yolu"nda çox mühüm strateji məntəqə olmaq imkanı, nəinki təkcə Azərbaycanın, həm də bütövlükdə Orta Asiyanın təbii sərvətlərinin daşınmasında nəqliyyat dəhlizi rolunu oynamaq şansı getdikcə real amilə çevrildi. Beləliklə, Heydər Əliyevin böyük siyasətdə ən mühüm uğurlarından biri, heç şübhəsiz, regionda iqtisadi maraqların intensivliyini artırmaq və böyük dövlətləri kor-koranə ermənipərəstlikdən uzaqlaşdıraraq, iqtisadi maraqlar müstəvisinə dəvət etməkdən ibarətdir. Əsrin kontraktı da, Böyük İpək Yolunun bərpası strategiyası da, Bakı-Tbilisi-Ceyhan layihəsi də, bir-birini əvəz edən neçə-neçə beynəlxalq neft-qaz kontraktları da, "Qafqazda təhlükəsizlik paktı" ideyası da məhz bu böyük mərama xidmət edir və yaxşı düşünülmüş vahid strateji planın ayrı-ayrı məqamlarıdır"1993-cü ildən başlayaraq, doğma ocaqlarından didərgin salınmış bir milyonadək məcburi köçkünün bütün qayğıları və problemləri Azərbaycan dövlətinin gündəlik fəaliyyətinə çevrilmişdir.Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlər zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyəti hiss olunurdu.
Azərbaycan zəngin ölkədir, onun istedadlı insanları, tükənməz təbii sərvətləri var, lakin bizim ən böyük sərvətimiz Heydər Əliyev siyasi irsidir. Qədim yunan filosofu Platon “Dövlətşilik əsərində yazırdı:Ədalət ,müdriklik və güclü hakim bir yerdə olarsa,bəşəriyyət xoşbəxt olar.Məhz bu fəzilətləri əxz edən Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Zaman Heydər Əliyevin bu inamını təsdiq etdi və Ümummilli liderin layiqli davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli apardı. Ümummilli lider Heydər Əliyevin Qarabağla bağlı hərtərəfli düşünülmüş, dünya birliyi tərəfindən qəbul edilən siyasətini son 20 ildə onun layiqli davamçısı prezident cənab İlham Əliyev uğurla davam etdirir. Bu siyasətin bir cümlə ilə ifadə edilə bilən mahiyyəti belədir: “Ermənistan münaqişənin danışıqlar yolu ilə, müharibənin sülhlə başa çatmasına razı olmasa, Azərbaycan öz torpaqlarını hərbi yolla azad edəcək”. 2016-cı ilin Aprel döyüşləri,2020-ci ilin İyil savaşı,habelə 44 günlük Vətən müharibəsi Azərbaycanın münaqişəni hərbi qələbə ilə həll etməyə qadir olduğunu bütün dünyaya sübut etdi. Noyabrın 8-i Azərbaycanın qədim şəhəri, Qarabağın incisi hesab edilən Şuşa şəhərinin düşməndən azad edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Qəhrəman əsgərlərimiz dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni canı-qanı hesabına qət edərək, yol boyunca kəndləri, qəsəbələri, Daşaltı kəndini azad edərək, daha sonra Şuşa şəhərinə yaxınlaşaraq onu işğalçılardan azad etdi. Beləliklə də, Müzəffər Ali Baş Komandan Şuşaya Qələbə yolu ilə gedən sərkərdə kimi
tarixə düşdü. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Qoy uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin”, - diləyi həyata həyata keçdi. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların
nümayəndələri(türk,talış,tat,ləzgi,rus,yəhudi və b...)bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Bu yumruq, həm gücdür, həm birlikdir. Bu birlik, güc bundan sonra daha da güclü olacaq. Birliyi olan, iradəli, heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderə malik olan ölkələr qələbə qazanırlar. Ulu Öndərin “Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik” siyasi fəlsəfəsində “Azərbaycan xalqı həmişə güclü olub,amma bu xalqı qaldırmaq, səfərbər etmək lazım idi” məntiqi var idi.Torpağın nurla dolsun, Ulu Öndər Öndər, siyasi varisin, qanın-nəfəsin, səsin-davranışın, eynən bənzərin olan prezident cənab İlham Əliyev 2020-ci il sentyabrda Azərbaycanda qismən səfərbərlik elan etdi və sanki hər birimizdə dünəndən ünvanladığınız kəlamınızı öz qətiyyətli cəsarəti ilə oyatdı. Ulu Öndərin “Dünya bilməlidir, o cümlədən qondarma Ermənistan bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir qarışını da heç kəsə verməyəciyik” hökmündə “Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli” əmri bu gün də Şuşaya yolumuz, amalımız da “Qarabağ Azərbaycandır” nidasıdır. İlk öncə bu illərdə güclü ordu-güclü dövlət-güclü iqtisadiyyat strategiyası ilə vəhdətdə, azərbaycançılığa söykənən güclü xalq və kreativ, intellektual Azərbaycan vətəndaş formulasında xalqın milli mənafeyini qorumağa, Azərbaycanda yaşayan bütün xalqların birgəyaşayış həyat tərzinə hörmət amilini formalaşdırdı. Bu, Ulu Öndər Heydər Əliyev ideoloji məktəbinin siyasi-strateji və məntiqi yekunudur. Dövlət o zaman möhkəm olur ki, güclü lideri olsun! Güclü lideri də məhz güclü xalq meydana çıxarır.Böyük mütəfəkkir və filosof Mark Avreli əbəs yerə yazmamışdı:”Hər bir xalqın gerçək potensialı yalnız fenomenal liderlik keyfiyyətlərini öz parlaq şəxsiyyətində yaşadan insanların dövlətşilik fəaliyyətində açıla bilər”.Möhtərəm Prezident cənab İlham
Əliyev güclü Azərbaycan xalqının güclü, çevik lideri, diplomat, strateq Ali Baş
Komandanıdır.Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və  onun arxasınca inamla gedir.Azərbaycan xalqı Ulu öndərimiz Heydər Əliyevin-zəmanəmizin bu nadir tarixi şəxsiyyətinin öməz ideyalarına sonsuz sədaqətini daim ifadə edir və nə qədər ki,müstəqil Azərbaycan dövləti və xalqı var,Heydər Əliyevin əziz xatirəsi daim qəlblərdə yaşayacaqdır!

Lerik rayonu,Çayrud kənd sakini,şəhid T.Kazımov adına Veri kənd tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi,AJB-nin üzvü ,tədqiqatçı-filoloq Qədir Atamalı
oğlu Kərimov.


       
           
                                        
24 5

Şərhlər

Oxşar xəbərlər