ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN HƏYAT VƏ FƏALİYYƏTİ GƏNCLƏRİMİZƏ BİR ÖRNƏKDİR
1-05-2023, 10:30
45 519

ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN HƏYAT VƏ FƏALİYYƏTİ GƏNCLƏRİMİZƏ BİR ÖRNƏKDİR

TehsilForumu.Az təqdim edir.                                                                                                Hüseynova Vüsalə Camal qqızı 

 Füzuli rayon 5 №-li tam orta məktəbin ibtidai sinif müəllimi...
                                                                  Azərbaycan Respublikası Təhsil Şurasının üzvü
    Azərbaycan xalqının ümummili lideri Heydər Əliyev Azərbaycan Gənclərinin Birinci Ümumrespublika Formundakı nitqində demişdir: “Xalqımızın tarixinin əsasını bütün mərhələlərdə, keçmiş əsrlərdə də təşkil edən yüksək mənəviyyat olmuşdur.Keçmiş tariximizdən bizə qalan simaları bu gün dünyada məşhurlaşdıran və bizim üçün nümunə edən onların yüksək mənəviyyatıdır,yüksək amallarıdır...Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim millimənəvi dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc, vətənpərvər ola bilməz”.
     Ulu öndərimiz müdrik fikirlərindən irəli gələrək, yetişməkdə olan gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, təlim və tərbiyə işlərinin milli zəmin üzərində qurulması, tariximizin, mədəniyyətimizin, pedaqoji fikrimizin, zəngin mənəvi irsimizin öyrədilməsi bu gün daha böyük aktuallıq kəsb edir. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli-mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm,bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır.Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini,adət-ənənələrini yaşatmalıyıq” – deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə,mənəvi birliyinə nail olmuşdur.
   Görkəmli dövlət xadimi, dünyada tanınmış böyük siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin həyat və fəaliyyəti, keçdiyi çətin, mürəkkəb və şərəfli yol gənc nəslin yetişib formalaşmasında, məktəblilərin mənəvi, əxlaqi cəhətdən tərbiyələnməsində ən böyük örnəkdir. Ulu öndər Heydər Əliyevin fəaliyyətinin hər hansı bir hissəsinə nəzər salmış, çıxışlarının, görüşlərinin hər hansı anına diqqət yetirmiş olsaq, orada yüksək vətənpərvərlik, insanpərvərlik, qayğıkeşlik, səmimilik, sadəlik və təvazökarlıq, nümunələrini görərik. Onun xalqın müxtəlif təbəqələri ilə görüşləri insanlarda bir ruh yüksəkliyi gələcəyə ümid, vətənpərvərlik hisləri yaradırdı. Mən ümummilli liderimiz Heydər Əliyevin bir tarixi şəxsiyyət kimi müdrikliyinin canlı şahidi olmuşam. Onu yaxından görməyim və onun mənimlə mehriban söhbət etməsi həyatımın ən xoşbəxt anları, unudulmayan xoş xatirələridir.1993-cü ilin ağır döyüş günlərində İmişli rayonunda məcburi köçkün kimi məskunlaşdığımız məktəb binasında bizim kiçik, yarıqaranlıq mənzilimizə daxil olan o böyük işıqlı dahi şəxsiyyət sadə bir insan kimi bizimlə - ailə üzvlərimizlə səmimi görüşdü, hal-əhval tutdu. O çox qayğılı görünməyinə baxmayaraq, bizi diqqətlə, çox həssaslıqla dinlədi. Mənimlə ayrıca görüşdü, təhsilimlə maraqlandı, problemlərimi soruşdu. O, fikirlərini təmkinlə, qayğıkeşliklə ümidverici sözlərlə bildirdi.Tezliklə yaxşı evlərə köçəcəyimizi bildirdi. Erməni qəsbkarlığına nifrət hislərini ifadə etdi. Hamımızda bir qələbə əzmi, bir ümid, xoş əhval yarandı. Onun insanın qəlbinə rahatlıq verən nurlu simasında parlaq bir şəxsiyyət görürdük. Onun əzəmətli görüşündə, vüqarlı baxışlarında qətiyyətlilik, sözlərində qərarlılıq duyurduq. O, həqiqi millət atası idi. Heydər Əliyev özünün xarici səfərlərində, oradakı dövlət adamları və sadə insanlarla görüşlərində daim sülhsevərlik çağrışlarında olması insanlarımızda bir rahatlıq və sakitlik yaradırdı. Heydər Əliyevin dilimizə, dinimizə, milli adət və ənənələrimizə, tarixi keçmişimizə, ziyalılarımıza, elm və mədəniyyət adamlarımıza, görkəmli şəxsiyyətlərimizə göstərdiyi diqqət və qayğı, hörmət və ehtiram insanlarımızda milli özünüdərk, milli şüur və milli ləyaqət formalaşdırırdı.Yetişən gənc nəsilimiz ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini özünə bir örnək götürməlidir. Bu yorulmaz, mərd, mübariz bir insandan, xalqını, millətini dərin məhəbbətlə sevən, vətəninə, elinə-obasına sadiq bir vətəndaşdan, dərin ensiklopedik biliyə, nadir hafizəyə və fenomen yaddaşa malik bir alimdən, daim sülh, barış carçısı olan siyasi xadimdən daimi öyrənməliyik. Çünki bu dahinin həyat və fəaliyyəti yetişən gənc nəslimizə bir örnəkdir.


315 13

Şərhlər

Oxşar xəbərlər