Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovun "Ümummilli lider və Azərbaycan təhsili" mövzusunda məqaləsi ....
1-07-2023, 00:57
2 518

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovun "Ümummilli lider və Azərbaycan təhsili" mövzusunda məqaləsi ....

TehsilForumu.Az təqdim edir.

Ümummilli Lider və Azərbaycan TƏHSİLİ
24 İyun 2023243

Azərbaycan xalqının müasir milli tarixində inkişaf və tərəqqi ilə bağlı elə bir hadisə, toplumun taleyini və qədərini pozitiv məcraya dəyişmiş elə bir mühüm missiya yoxdur ki, onun üzərində türk və müsəlman dünyasının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin imzası və əməyi olmasın. Heydər Əliyev yaxşı bilirdi ki, şanlı keçmişi, zəngin dövlətçilik ənənələri və tükənməz insan resursları olan bir xalqın iqtisadi, siyasi və mədəni həyatını müasir dövrün tələblərinə uyğun nizamlamaq üçün, ilk əvvəl onun intellektual elitasının formalaşdırılması başlıca şərtdir. Məhz bu səbəbdən Ümummilli Liderin Azərbaycana həm birinci, həm də ikinci rəhbərliyi dövründə intellektual resursların yeni inkişaf mərhələsinə çıxarılması, elmi-texniki tərəqqidə insan kapitalının rolunun durmadan artırılması prioritet məsələ idi. Heydər Əliyevin 1969-cu il iyul ayının 14-də Azərbaycan Respublikasına rəhbərliyə başladığı ilk gunlərdən məmləkətin gələcəyi və tərəqqisi naminə atdığı birinci addım da ölkədə təhsil sistemininin keyfiyyət əmsallarının yüksək səviyyəyə qaldırılması işi ilə bağlı olmuşdu. Respublikada kadr siyasətini uğurla həyata keçirən Ümummilli Lider yaxşı başa düşürdü ki, ölkənin işıqlı gələcəyini etibarlı şəkildə təmin etmək üçün milli dəyərlərə və tarixdən gələn əxlaqi-mədəni keyfiyyətlərə sahib olan, pozitiv elmin bütün sirlərinə israrla yiyələnməyə çalışan, özündə milli mentalitetin ənənəvi komponentlərini fəxarət hissi ilə tərənnüm etməyi bacaran, Şərqin və Qərbin yüksək təşəkküllü elmi-mədəni nailiyyətlərini davamlı olaraq mənimsəyən, daim yeniliyə, yaradıcılğa və reformasiyaya can atan, doğma Azərbaycanımızı bütün varlığı ilə sevən intellektualların yetişdirilməsi təxirəsalınmaz tarixi vəzifə olmalıdır.

 

XX əsrin 60-cı illərinin sonu, 80-ci illərinin əvvəllərində Azərbaycanda reallaşdırılan milli-mədəni inqilabın sürətli templərlə cərəyan edən dinamikasına qısaca nəzər salmaq kifayət edir ki, Azərbaycan milli ideyasının gerçəkləşməsi naminə Ümummilli Lider Heydər Əliyevin möhtəşəm fəaliyyətinin və onun hər hansı meyara və ölçüyə sığmayan misilsiz xidmətlərinin əsrarəngiz portretini yarada biləsən.

 

Heydər Əliyev XX əsrin 20-ci, 30-cu illərində bolşevik irticasının və sovet repressiv maşınının qurbanı olmuş milli genofondu bərpa etmək istiqamətində həyati vəzifəni şərəflə yerinə yetirmək kimi möhtəşəm bir tarixi məsuliyyəti öz üzərinə götürmüşdü. Ümummilli Liderin elm, təhsil və mədəniyyət sahələrində həyata keçirdiyi möhtəşəm tədbirlərin başlıca nəticəsi isə müasir Azərbaycan insanının timsalında yeni intellektual etalonun formalaşması oldu. Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə ölkəmizin intellektual genofondu elə bir ali məqama yetişdi ki, cəmiyyət həyatının bütün sahələrində - təhsildə, elmdə, ədəbiyyatda, təsviri və tətbiqi incəsənətdə, musiqidə, kinematoqrafiyada və digər sahələrdə dünya miqyaslı çoxlu sayda ustadlar yetişdi. Heydər Əliyev bununla da uzun illər fiziki və intellektual terrora məruz qalmış Azərbaycan xalqının əsli-nəcabətini, tarixin yaradıcı ruhundan güc almış ənənəvi simasını, onun qədimliklə üzvi əlaqəsi olan tarixi yaddaşını, milli əlamətlərini və mental xüsusiyyətlərini özünə qaytardı.

 

Ulu Öndər Azərbaycanda dünyanın müasir inkişaf standartları ilə rəqabət aparmağa qadir olan adekvat mədəni və intellektual şəraitin formalaşdırılmasına nail oldu. Heydər Əliyev qısa müddət ərzində, planetar miqyasda bir siyasət ulduzu kimi parladı, müdrikliyin və uzaqgörənliyin nümunəsi kimi özünü təsdiq etdi. Ulu Öndər Heydər Əliyevin daim diqqət mərkəzində saxladığı məsələlərdən biri təhsil sistemi ilə bağlı idi. Xalqın intellektual intibahı kimi bir tarixi vəzifəni üzərinə götürən Ümummilli Lider yaxşı başa düşürdü ki, milli ruhun, milli insan kapitalının öz sərhədlərini aşaraq ümumbəşəri sərvətə çevrilməsi, bununla da ümumdünya nailiyyəti olması üçün təhsilin bütün mərhələlərinin yüksək məqama çatması, mütərəqqi, yaradıcı və tənqidi düşünən intellektuallar ordusunun yaradılması, elm və sənət korifeylərinin yetişdirilməsi, xalqın düşünən beyni, toplumun sönməz zəkası və intellektual siması sayılan metrlərin ərsəyə gəlməsi, cəmiyyətin idraki öndərləri olan, dühasını gələcək nəsillərə ötürməyi müqəddəs vəzifə hesab edən ziayalıların cəmiyyətin aparıcı qüvvəsi olması şərtdir. Ümummilli Lider xalqın mədəni və intellektual intibahını elmin və təhsilin yeni inkişaf səviyyəsinə qaldırılmasında görürdü. Ümummilli Lider Heydər Əliyevin hələ XX əsrin 60-cı illərinin sonu, 80-ci illərinin əvvəlində Azərbaycanda formalaşdırdığı təhsil sisteminin çox yüksək inkişaf templəri milli insan kapitalının necə yüksək potensiala malik olmasının sübutu idi. O dövrdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin demək olar ki, hamısında hələ orta məktəblərdə “vunderkind”(alm. Wunderkind - “möcüzə uşaq”, - ölkənin təhsil sistemi tərəfindən rəsmi səviyyədə əqli-intellektual imkanlarına, idraki bacarıqlarına görə yaşıdlarından fövqəladə şəkildə fərqlənən uşaq) statusu almış və orta təhsil proqramını nəzərdə tutulan müddətdən xeyli tez mənimsəmiş uşaqlar və gənclər təhsil alırdı. Hətta həmin dövrdə ölkənin orta və ali təhsil sisteminə “eksternat” (lat. externus - kənar, - ümumi orta və ali təhsil proqramının şagird, yaxud tələbə tərəfindən müstəqil şəkildə mənimsənilməsini nəzərdə tutan və dövlət akkreditasiyası ilə təsdiqlənən xüsusi attestasiya forması) adlanan vacib element də daxil edilmişdi. Sözügedən dövrdə, ölkədə hətta savant sindromu (fran. Savant - bilikli, alim, - fiziki və fizioloji, o cümlədən autistik çatışmazlıqları olan şəxsin bir və ya bir neçə sahədə dahilik əlamətlərinin ifadəsi ilə müşayiət olunan unikal hadisədir) hallarına da rast gəlinirdi. Bu isə ölkədə hər kəsin yüksək təhsil alması üçün adekvat şəraitin olmasından xəbər verir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyinin sonunda - XX əsrin 80-ci illərinin əvvəllərində respublikada hətta orta statistik azərbaycanlının intellekt koeffisienti (ing. IQ - intelligencequotient - insanın əqli inkişafının onunla eyni yaşda olan orta statistik insanın intellektinin səviyyəsi ilə müqayisədə əmsalı) kifayət qədər yüksək həddə çatmışdı. Hələ 1912-ci ildə alman alimi Uilyam Lüis Ştern (1871-1938) tərəfindən elmi dövriyyəyə daxil edilmiş “intellekt koeffisenti” anlayışının müddəalarına və onun ölçülməsi meyarlarına nəzər salsaq 13 il (1969-1982) ərzində Azərbaycan cəmiyyətinin intellektual potensialının necə böyük bir sıçrayış etməsinin şahidi olarıq.

 

Azərbaycan Respublikası 1991-ci ildə istiqlaliyyət qazandıqdan və siyasi müstəqillik əldə etdikdən sonra, ölkədə tarixi ənənələrin bərpa edilməsi və demokratizm prinsiplərinə əsaslanan dövlət quruculuğunun həyata keçirilməsi kontekstində mütərəqqi düşünən gənc nəslin müasir dövrün tələblərinə uyğun təhsil alması və tərbiyə edilməsi işini Azərbaycan Respublikasının təhsil sistemi üzərinə götürdü. Bu mühüm və şərəfli vəzifənin beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməsi nəticəsində milli təhsil sistemində yeni-yeni reformasiyalara imza atıldı.

 

1993-cü ildə Azərbaycan Respublikasına ikinci dəfə rəhbərlik etməyə başlayan Ulu Öndər Heydər Əliyev ölkədə siyasi sabitliyi bərqərar etdikdən sonra Azərbaycan təhsilinin yenidən qurulması və inkişafı ilə bağlı mühüm tədbirlərin icrasına xüsusi önəm verdi. Dövlət başçısının sərəncamı ilə ümumtəhsil müəssisələrində ümumi orta təhsil 11 illik ümumi icbari təhsillə əvəz olundu. 1998-ci ilin mart ayında Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmana əsasən müstəqil Azərbaycan Respublikasında milli təhsil konsepsiyasının yaradılması və onun həyata keçirilməsi strategiyasının hazırlanması üzrə Dövlət Komissiyası yaradıldı. Təhsilin yenidən qurulması və inkişafı ilə bağlı Dövlət Proqramının üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulurdu.1999-cu ildə sözügedən proqramın I mərhələsinin icrasına başlandı. Ulu Öndərin milli təhsilin yenidən qurulması və inkişafı ilə bağlı diqqət mərkəzində saxladığı ən mühüm məqamlardan biri təhsilin məzmununun müstəqil Azərbaycan dövlətçiliyinin ideya-siyasi prinsiplərinə uyğun formalaşdırılması idi. Bu baxımdan yeni dərsliklərin hazırlanması prioritet məsələ kimi ön plana çəkilirdi. Heydər Əliyev milli təhsil sistemində Azərbaycan dili, Azərbaycan ədəbiyyatı və Azərbaycan tarixi dərsliklərinin məzmununa xüsusi diqqət ayırırdı. Ulu Öndərin digər bir sərəncamı ilə orta və ümumtəhsil məktəblərində dərsilklərdən pulsuz istifadə qaydaları tətbiq olundu.Milli təhsilimizin keyfiyyət meyarlarının dünya standartlarına çatdırılması kimi mühüm tarixi missiyanı 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla icra edir. 2005-2007 və 2008-2013-cü illərdə Azərbaycan təhsilinin inkişafı ilə bağlı qəbul edilmiş iki Dövlət proqramının həyata keçirilməsi nəticəsində milli təhsilin müasir təməllər üzərində qurulması işinin dinamikasında əhəmiyyətli irəliləyişlər baş vermişdir. Bu sahədə xüsusi diqqət mərkəzində olan məsələ isə dövrün elmi-texniki ruhuna və tələblərinə uyğun tədris texnologiyalarının təhsil sisteminə tətbiq edilməsidir. Məhz İnformasiya cəmiyyətinin əsas komponenti sayılan informasiya-kommunikasiya texnologiyalarının (İKT) fəal şəkildə tədris prosesinə cəlb edilməsi keyfiyyətli təhsilə möhkəm və davamlı zəmanət verən əsas amil sayılır. Durmadan qloballaşan müasir dünyanın inkişaf impulsları ilə ayaqlaşmaq üçün gənc nəsli müasir ruhda tərbiyə etmək və onu nanotexnologiyalar üzərində bərqərar olan informasiya cəmiyyətinin aktiv iştirakçısına çevirmək günün tələbi kimi ortaya çıxır.

 

Azərbaycan dövlətinin və hökumətinin həyata keçirdiyi Dövlət Proqramları sayəsində hazırda ölkəmizin orta və ümumtəhsil müəssisələrində hər 9 şagirdə 1 kompüter düşür və bu, kifayət qədər yüksək göstərici hesab olunur. Respublikamızda fəaliyyət göstərən orta və ümumtəhsil məktəblərinin Internet şəbəkəsinə qoşulmasında da mühüm işlər görülmüş və müvafiq nəticələr əldə olunmuşdur. Hazırda ölkəmizin 2500-dən çox orta və ümumtəhsil müəssisəsində genişzolaqlı və kifayət qədər sürətli internet xətləri fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, 2004-cü ildən başlayaraq, COVID-19 pandemiyasına qədər ölkəmizdə İnternet şəbəkəsinə qoşulan ümumtəhsil məktəblərinin sayı 1,5%-dən 52%-ə yüksəlmişdir. COVID-19 pandemiyası dövründə yaranmış ekstremal situasiya məktəblərin ümumdünya İnternet şəbəkəsinə qoşulması işini daha da sürətləndirdi. O zaman virtual üsulların tətbiqi ilə distant təhsilə keçilməsi cəmiyyətdə sosial dəstək qazandı və bu işin uğurlu icrası üçün ilkin şərtlər formalaşmağa başladı. Ümumtəhsil məktəblərində COVID-19 pandemiyası ilə bağlı yeni distant təhsilə keçidin ilk günlərindən aparıcı elektron platformaların (Microsoft Teams və Zoom) istifadəsinə başlandı. Beləliklə, pandemiyadan doğan ekstremal situasiya təhsil müəssisələrinin texniki-intellektual resurslarını səfərbər etdi və internet resurslardan istifadənin səmərəlilik dərəcəsini aşkara çıxardı.

 

2007-ci ildə Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində milli kurikulum (ing. curriculum- hər hansı təcrübənin, yaxud bacarığın inkişafı üzrə və spesifik üsullarla həyata keçirilən proqram) kursunun elan edilməsi isə respublikamızın təhsil sistemində əsl inqilaba çevrildi. Təhsil paradiqması kimi xarakterizə olunan kurikulumun əsas mahiyyəti ondan ibarətdir ki, o cari tədris prosesinə layihələndirmə sistemini və fəaliyyətin metodiki cəhətdən reqlamentləşdirilməsini daxil edir. Lakin Azərbaycanda kurikulumun spesifik xüsusiyyətləri var. Belə ki, milli təhsil sistemində kurikulum tədris proqramı kimi deyil, təhsil strategiyası kimi qəbul olunur.
Kurikulum tədris prosesində yeni pedaqoji texnolgiyaların tətbiqini nəzərdə tutur. Bu texnologiyalar içərisində interaktiv təlimə daha geniş yer ayrılır. Hazırda respublikamızın orta və ümumtəhsil müəssisələrində müxtəlif interaktiv təlim üsullarından istifadə olunur. Təhsilin keyfiyyətinin durmadan artırılmasında müstəsna rolu və əhəmiyyəti olan interaktiv təlim təhsil alanların dünyagörüşünün genişləndirilməsi ilə yanaşı həm də onların sərbəst fəaliyyət göstərməsi, analitik və tənqidi düşünməsi, ənənəvi təhsilin ciddi subordinativ təsiri nəticəsində ortaya çıxan stereotiplərdən azad olması üçün münbit şərait yaradır.

 

Ümummilli Lider Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində ali kürsüyə çıxarılmış və yüksək keyfiyyət məqamına çatmış Azərbaycan təhsilinin əldə etdiyi nailiyyətlərdən biri də onun humanist prinsiplər üzərində qurulmasıdır. Tədris prosesinin iştirakçıları arasında qarşılıqlı hörmətə, yardıma və anlaşmaya əsaslanan təhsilin humanistləşdirilməsi işi milli təhsildə əldə olunan mütərəqqi nəticələrdən biridir. Təhsilin humanistləşdirilməsinin ərsəyə gətirdiyi ən mühüm nəticə isə sosial təcrübənin metodiki və məqsədyönlü şəkildə şəxsi təcrübəyə çevrilməsidir. Azərbaycan təhsilinin humanistləşdirilməsi bu gün ümumtəhsil və ali təhsil müəssisələrində bərqərar edilmiş inklüziv (ing. inclusion - müştərək, daxil etmək) təhsili də nəzərdə tutur. İnklüziv təhsil orta və ali təhsil almaq hüququ və arzusu olan hər kəsə fiziki, sosial, emosional, mental, nitq, intellektual və s.əlamət və xüsusiyyətlərindən asılı olmayaraq, ümumtəhsil və ali təhsil müəssisələrində oxumaq imkanı verir.

 

Bu gün milli təhsildə əldə edilən nailiyyətlərdən biri də məktəbəqədər təhsilin inkişaf etdirilməsi ilə əlaqədardır. Hazırda ölkəmizdə fəaliyyət göstərən 1638 məktəbəqədər təhsil müəssisəsində 120 mindən artıq azyaşlı uşaq təhsil alır. Çoxlu sayda məktəbəqədər özəl təhsil müəssisələri də fəaliyyət göstərir.

 

Ölkəmizdə aparıcı pedaqoji kadrların və kollektivlərin fəaliyyətini stimullaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il sentyabr ayının 4-də “Ən yaxşı orta məktəb və ən yaxşı müəllim mükafatı”nın təsis edilməsi haqqında müvafiq sərəncam imzaladı. Sərəncama əsasən hər il respublikamızda “Ən yaxşı məktəb” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilirdi. Bu isə müəllimlərin statusunun və nüfuzunun daha da artırılmasında mühüm rol oynadı.

 

2004-cü ildən başlayaraq, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu ümumtəhsil məktəblərinin inşası və rekonstruksiyası işinə möhtəşəm töhfələr verir. Bu günə qədər respublikamızda Heydər Əliyev Fondunun birbaşa maliyyə dəstəyi ilə 500 yüzdən çox məktəb binası inşa olunmuş və ya rekonstruksiya edilmişdir. Hazırda ölkəmizdə 4469 ümumtəhsil (onlardan 23-ü qeyri-dövlət məktəbidir) məktəbi fəaliyyət göstərir. Son illərdə onların 70%-i təmir edilmiş və yaxud yenidən inşa olunmuşdur. COVID-19 pandemiyasına qədər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 12 ümumtəhsil, 2 internat, 3 orta-ixtisas təhsil müəssisəsi inşa edilmiş və istifadəyə verilmişdir. Məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması tədbirləri çərçivəsində 60 məktəbdə müasir laboratoriya kabinetləri yaradılmışdır.

 

Hazırda respublikada orta ixtisas təhsili müəssisələrinin inkişafına da xüsusi diqqət ayrılır. Bu gün ölkəmizdə, biri qeyri-hökumət olmaqla 61 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir. Nazirlər Kabinetinin 2016-cı il 3 fevral trixli sərəncamı ilə 14 kollec birləşdirilmiş və 7 yeni kollec (onlardan 3-ü regional statusa malikdir) yaradılmış, onlardan 3-ü isə müvafiq təmayüllü ali təhsil müəssisələrinin sərəncamına verilmişdır.

 

Azərbaycan Respublikasının təhsil sistemində əldə olunmuş yüksək nailiyyətlərdən biri də 2005-ci il mayın 19-da Bergen (Norveç) şəhərində keçirilən Beynəlxalq konfransda Azərbaycan Respublikasının Boloniya Təhsil Prosesinə qoşulması haqda müvafiq sənədin imzalanmasıdır. Bu sənədə əsasən ölkənin bütün ali təhsil müəssisələrində tədrisin kredit sisteminə əsaslanan təşkili haqqında nümunəvi reqlament təsdiq olunmuşdur. Reqlament milli təhsilin humanistləşdirilməsini, təlimin tolerant pedaqoji münasibətlər prinsipi əsasında həyata keçirilməsini, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsini, gənc nəslin dünyagörüşünün daim genişləndirilməsini nəzərdə tutur.

 

Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasına birinci və ikinci rəhbərliyi dövründə həyata keçirdiyi və milli genofondun bərpa edilməsini nəzərdə tutan intellektual inqilab bu gün öz bəhrəsini verməkdədir. Bu inqilabın sayəsində milli insan potensialı milli insan kapitalına çevrildi. Bu kapitalın ərsəyə gətirdiyi intellektual elita bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bütün qüvvələrini səfərbər edərək Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxarmaq və ölkəmizi qlobal gələcəyin qurulması kimi mühüm prosesin ən vacib iştirakçılarından birinə çevirmək uğrunda mübarizə aparır.

 

Elçin KƏRİMOV,

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri


11 0

Şərhlər

Oxşar xəbərlər