Öz möhtəşəmliyi ilə zirvədə dayanan nadir şəxsiyyət - Misir Mərdanov yazır
10-12-2022, 07:44
1 914

Öz möhtəşəmliyi ilə zirvədə dayanan nadir şəxsiyyət - Misir Mərdanov yazır

Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

TehsilForumu.Az - Təqdim edir.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi Ümummilli lider Heydər Əliyev şəxsiyyəti və onun əzəmətli ideyaları üzərində qərar tutur. Azərbaycanın indiki əzəmətli inkişafı fonunda müasir tariximizin bu həqiqəti daha aydın, daha bariz şəkildə qavranılmaqdadır.

Bu gün ötən sərin 70-ci illərini təhlil edərkən qətiyyətlə demək olur ki, Heydər Əliyev bu millətin inkaredilməz qürur mənbəyi, qazandığımız bütün nailiyyətlərin səbəbkarı, uğurlu günlərimizin təməlini qoyan alternativsiz lider, millət atasıdır. Bugünkü Müstəqil Azərbaycan və onun əldə etdiyi uğurlar isə Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin şah əsəridir. Danılmaz həqiqətdir ki, Vətənimiz, xalqımız, millətimiz, bütövlükdə isə bütün türk, müsəlman dünyası üçün Heydər Əliyev nadir şəxsiyyətlərdən olmuşdur. Öz zamanında, əqidə və fəaliyyəti ilə belə ad-san qazananlar, həyatlarını xalq, Vətən yolunda sərf edənlər heç vaxt unudulmur, xatirələrdən silinmir, həmişəyaşar olurlar...

Dünyanın ən qədim xalqlarından biri olan xalqımız bəşəriyyətə çox böyük dühalar, dahilər, elm, poeziya, sənət korifeyləri bəxş etmişdir. Azərbaycan torpağı çox görkəmli, yenilməz, zəkalı, istedadlı sərkərdələr, dövlət və ictimai-siyasi xadimlər yetirmişdir. Xalqımız 4 min ildən artıq yaşı olan dövlətçilik tariximizdə dahi şəxsiyyətlərin adlarını qoruyub-saxlamış, nəsildən-nəslə, əsrdən-əsrə keçirmiş, onlara əbədiyyət heykəli ucaltmışdır. Belə şəxsiyyətlərə Manna dövlətinin başçısı İranzunu, Atropatena dövlətinin yaradıcısı Atropatı, Albaniya hökmdarı Cavanşiri, öz bacarığı, kamalı ilə müstəqil, güclü Azərbaycan Atabəylər dövlətini yaratmış Şəmsəddin Eldəgizi, milli Azərbaycan Səfəvilər dövlətinin banisi I Şah İsmayıl Xətaini, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, XX əsrin əvvəllərində sovet hakimiyyətinin ilk illərində Azərbaycana rəhbərlik etmiş doktor Nəriman Nərimanovu və başqalarını misal göstərmək olar.

Onlar xalqın milli dəyərlərini, dilini, dinini, mənəvi dünyasını qoruyub saxlamış, onu daha da inkişaf etdirmiş, bununla da xalq rəhbəri olmuşlar. Mübaliğəsiz deyə bilərik ki, Heydər Əliyev xalqımızın bu ulu, nəhəng övladları içərisində öz möhtəşəmliyi ilə zirvədə dayanan nadir şəxsiyyətdir.Ümummilli lider 70-ci illərdə Azərbaycanı gözlənilməyən bir cəsarət və məharətlə idarə etməyə başlayaraq neçə illərin sükunətini pozdu və onu hərəkətə gətirdi, milləti oyatdı, türk düşüncəsini silkələdi, ictimai əxlaqı tərpətdi... Heydər Əliyev bu vaxta qədər İttifaq miqyasında, demək olar ki, adı çəkilməyən bir ölkəni SSRİ-nin ən qabaqcıl respublikasına çevirdi; on ildən artıq müddətdə Ulu öndərin Azərbaycanın iqtisadi, mədəni, mənəvi yüksəlişi üçün gördüyü işləri o zaman SSRİ respublikalarından heç birinin rəhbəri görməmişdi. Heydər Əliyev artıq müəyyən taktiki məqsədlərlə Moskvanın gözlərini qamaşdıraraq mənsub olduğu millət üçün çox böyük işlər görür, strateji planları həyata keçirirdi. Həmin planlardan birincisi isə xalqın özünü özünə tanıtdırmaq, onun normal etnokulturoloji həyatını bərpa etmək idi... Onun 1969-cu ilin noyabrında Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış etməsi, gözlənilmədən müxtəlif müəssisələrə gedib zəhmətkeşlərlə tez-tez görüşməsi, bacarıqlı milli kadrları respublikanın idarə olunmasına cəlb etməsi, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətləri olan insanların əməyini vaxtında və layiqincə qiymətləndirməsi və digər yeni yanaşmaları isə bədxahları qıcıqlandırırdı.

Özünə möhkəm yer eləmiş, gedəni söyüb, gələni öyməklə neytrallaşdıran, müxtəlif millətlərdən ibarət məmurlar şantaja, böhtana əl atdılar, lakin bu rəhbər o biri rəhbərlərdən deyildi... Türk hökmdarlarının böyük ənənələrini davam etdirən Azərbaycan rəhbəri qətiyyətlə öz böyük amallarını həyata keçirirdi. Rəhbərlik etdiyi ilk gündən Heydər Əliyev mədəniyyətimizin tərəqqisi, inkişafı üçün çox işlər gördü. Onun təşəbbüsü ilə Azərbaycanın görkəmli şəxsiyyətlərinə abidələr, heykəllər ucaldıldı. Bu gün ölkəmizi bəzəyən Nəriman Nərimanova, İmadəddin Nəsimiyə, Şah İsmayıl Xətaiyə, Molla Pənah Vaqifə, Hüseyn Cavidə, Cəfər Cabbarlıya və digərlərinə qoyulmuş möhtəşəm heykəl və abidələr Ulu öndərin yadigarlarıdır.

Azərbaycan ədəbiyyatının, mədəniyyətinin yalnız tarixi ilə deyil, bugünü ilə də sonsuz enerjiylə məşğul olan, Azərbaycan yazıçıları, mədəniyyət, incəsənət xadimləri ilə ardıcıl görüşən, onların qurultaylarında fəal iştirak edən respublika rəhbəri millətin yaradıcı qüvvələrini əvvəlki illərin ətalətindən çıxardı, onlarla görkəmli yazıçı, incəsənət, mədəniyyət, elm xadiminin sədası məhz respublika rəhbərinin nüfuzu sayəsində qısa bir zamanda SSRİ-nin mərkəzindən gəlməyə başladı. Yəni Azərbaycan Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə təkcə nefti, pambığı, üzümü ilə deyil, mənəvi-intellektual sərvətləri ilə də ittifaq miqyasında məşhurlaşmışdı.

Respublikanın müxtəlif rayonlarında dünya mədəniyyətindən, demək olar ki, təcrid edilmiş şəkildə yaşayan, lakin zəhmətkeş, istedadlı xalqın Azərbaycanın mərkəzi ilə əlaqələrinin genişlənməsində də Heydər Əliyevin mühüm xidmətləri olmuşdur, məhz bu görkəmli şəxsiyyətin, böyük dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində Bakı "beynəlmiləl" şəhərdən milli şəhərə çevrilirdi.

Görkəmli dövlət xadimi kimi Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyinin və dəmir iradəsinin parlaq sübutu onun fəaliyyətinin Moskva illəridir. 1982-1987-ci illəri əhatə edən bu dövrdə SSRİ rəhbərliyində Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək post tutan Heydər Əliyev velikorus şovinizmi və böyük dövlətçilik psixologiyasının hökmranlıq etdiyi Kreml rejiminə, bu rejimin yaratdığı təqiblər və ayrı-seçkilik sisteminə sübut etdi ki, heç bir qüvvə onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısını almağa qadir deyildir. Tənəzzülə başlamış nəhəng imperiyanın ən ağır sahələrinin idarə edilməsində böyük uğurlara nail olan Heydər Əliyev az vaxt içərisində keçmiş SSRİ-də böyük nüfuz qazandı. Həmin dövrdə Heydər Əliyev Siyasi Büroda bütün Sovet dövlətini idarə etməyə və onu tənəzzüldən çıxarmağa qadir olan yeganə dövlət xadimi idi. Odur ki, səriştəsiz və bacarıqsız Kreml rəhbərləri, xüsusilə Qorbaçov Heydər Əliyevi özlərinə ciddi rəqib hesab edirdilər. O illərdə Moskvada baş verən hadisələri daha yaxşı təsəvvür etmək, həmçinin, xalqımızın bu dahi övladının nə qədər unikal bir şəxsiyyət olduğunu bir daha görmək və Heydər Əliyev fenomenini daha yaxşı tanımaq üçün bir zamanlar oxuduğum kitabdan bəzi hissələri olduğu kimi oxuculara təqdim etmək istəyirəm:
Qorbaçovun təkidi ilə məlumat gizlədildi və yalnız beş gündən sonra, yəni 1 May bayramından sonra xalqa açıqlandı.

Alkoqolizmə qarşı mübarizə üçün üzüm plantasiyalarının məhv edilməsi məsələsində də iki rəhbərin fikirləri bir-birinə tamamilə zidd oldu. Qorbaçovun yenidənqurma planındakı səhvləri göstərməklə Heydər Əliyev böyük risk edərək özünün haqlı olduğunu sübut etdi. Siyasi Büronun iclasındakı məruzəsində Heydər Əliyevin arqumentləri o dərəcədə güclü idi ki, Mixail Qorbaçov etiraz və ya düzəliş etməyə bəhanə tapa bilməmişdi. Beləliklə, qisasçılıq Qorbaçovda siyasi rəqibinə qarşı kin-küdurəti daşdırdı. Qarşısındakı məğlubedilməz şəxsiyyətdən yaxa qurtarmaq üçün sivil mübarizədə ard-arda uduzurdu. Qalırdı yalnız istefa məsələsi. Ona da əsas bəhanə fiziki durum idi, ancaq Heydər Əliyev dövlət rəhbərləri arasında fiziki cəhətdən ən sağlam, tükənməz enerjili və gümrah idi. İstefaya göndərmək üçün isə onda ağır xəstəlik tapılmalı idi...O zaman Siyasi Büro üzvlərinin sağlamlığına, mətbəxinə, səfərlərinə, işə gedib-gəlmələrinə ayrı-ayrı mühafizə dəstələri nəzarət edirdilər. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi 9-cu idarəsinin əməkdaşı, Heydər Əliyevin mühafizə şöbəsinin rəisi Aleksandr İvanov Moskvada nəşr olunan "Versiya" qəzetinə açıqlamasında bildirib ki, Heydər Əliyevin səhhətində heç vaxt, heç bir qüsur aşkar edilməmişdi. 1987-ci il mayın 11-də, yəni ad gününün səhəri günü saat 6-da həmişə olduğu kimi, yatağından qalxıb geyindi, idmanla məşğul olub yeməyə getdi. Adəti üzrə kəsmik, sıyıq və südlü çay sifariş etdi. Yeməkdən sonra qəflətən halı pisləşdi, yaxasını açıb uzandı. Sonra Heydər Əliyev katibliyin müdiri Valeri Qridnevi, o da Nazirlər Sovetinin növbətçi həkimini, həkim isə SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsinin həkimlərini çağırdı… Onu infakt diaqnozu ilə xəstəxanaya apardılar.

Aleksandr İvanov söyləyib ki, mən xəstəxanaya gələndə Heydər Əliyev huşsuz vəziyyətə düşmüşdü və iki gün bu vəziyyətdə qaldı… Ancaq bu izaholunmaz vəziyyət necə yaranmışdı? Bunun səbəbini öyrənməyə çalışırdı. Ancaq o şəraitdə bunu kimdənsə öyrənmək qeyri-mümkün idi... Həmin ilin noyabrında Heydər Əliyev istefa ərizəsi yazmalı oldu.

Mühafizə rəisi Aleksandr İvanov xatırlayır ki, Heydər Əliyev istefa ərizəsini yazandan sonra bağ evinə gəldi. Xeyli susub fikrə getdi və nəhayət, mənə dedi:

- Saşa, sən cavansan, bəlkə də baş verənləri yaxşı başa düşmürsən. Amma üç ildən sonra bu yenidənqurmanın nə ilə qurtaracağını görəcəksən.

Bu, hələ 1987-ci ilin soyuq noyabr günündə deyilmiş uzaqgörən sözlər idi və üç ildən sonra SSRİ dağılmağa başladı.

Allahın heç nə əsirgəmədiyi dahi Heydər Əliyev bütün dövrlərdə əlçatmaz zirvədə dururdu. O, bəşərin fövqünə ucalmış fenomen dövlət xadimi kimi xalqın yaddaşında və Azərbaycan tarixində əbədi olaraq yaşayacaqdır!"

Yəqin oxucularımız üçün şahidi olduğum bir hadisə də maraqlı olar. 1997-ci ildə mən Bakı Dövlət Universitetinin rektoru olarkən Heydər Əliyevlə birgə Qazaxıstana gedən nümayəndə heyətinin tərkibinə daxil edilmişdim. Çox zəngin proqramda Ulu öndərin Qazaxıstan Parlamentində çıxışı da nəzərdə tutulmuşdu. Onun çıxışından sonra yaşlı bir qadın (səhv etmirəmsə, parlamentin sabiq deputatı idi) əl qaldırıb söz istədi. Dedi ki, Siz Heydər Əliyevi hələ yaxşı tanımırsınız. Qazaxıstanın keçmiş dövlət başçısı Dinmühəmməd Kunayev vəfat edərkən məni çağırıb dedi ki, sənə son sözlərimi deyirəm, bunu xalqımıza çatdırarsan. Bil ki, Heydər Əliyev türk dünyasının, bəlkə də bütün dünyanın ən müdrik və qeyrətli şəxsiyyətidir. 1986-cı ildə Qazaxıstanın çox çətin günlərində SSRİ-nin rəhbəri Qorbaçovla cəsarətlə döş-döşə gələrək Qazaxıstanın milli mənafelərini müdafiə etdi, bura başqa millətdən başçı göndərilməsinə etirazını bildirdi. Belə qüdrətli insanlar min ildə bir dəfə yetişir. Qazax xalqı belə türk oğlu ilə həmişə fəxr etməlidir.

Doğrusu, bu barədə eşitmişdim, ancaq canlı şahidin sözləri məni həm qürurlandırdı, həm də bir az kövrəltdi. Bu xatirə ilə bağlı 13 noyabr 1996-cı il tarixində Türkiyənin TQRT telekanalının "Üz-üzə" proqramına Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müsahibəsindən bir hissəni oxucularımızın diqqətinə çatdırmaq istərdim:
mübarizəyə başladılar. Dahi şəxsiyyətimiz bu dövrdə həm öndən - Moskvadan, həm də arxadan Azərbaycandakı dönüklərdən vurulan ağır zərbələrə məruz qaldı. Ömrünün bütün dövrlərində olduğu kimi, Heydər Əliyev həmin illərdə də doğma xalqı üçün yaşamış, nəhəng Sovet dövlətinin dağılmaqda olduğu şəraitdə öz Vətəni üçün çıxış yolları axtarmış, özünün zəngin dövlətçilik təcrübəsi, müdrik məsləhətləri ilə Azərbaycanı düşdüyü ağır böhrandan çıxarmaqdan ötrü bütün qüvvəsini sərf etmişdir. Lakin o zaman Azərbaycana başçılıq edən səriştəsiz rəhbərlərin Moskva qarşısındakı mütiliyi və xəyanətkar siyasəti nəticəsində Azərbaycan xalqı bu dövrdə öz böyük oğlunun zəka potensialından məhrum edilmişdi.

Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi Birinci dövrlə İkinci dövr arasındakı illər, sözün əsl mənasında, tariximizin hərc-mərclik dövrü, ağır tənəzzül illəri idi. Xüsusilə, Azərbaycanın tarixinin 1990-1993-cü illəri xalqın yaddaşında ən ağır fəlakət illəri, "olum, ya ölüm" dövrü kimi qalmışdır. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik, hərki-hərkilik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq silahlı quldur dəstələri hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içərisində idi. Atışma səslərindən camaat evində rahat yata bilmirdi. Faktiki olaraq dövlət yox idi. Ölkəni xalq adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu bilməyən və xaricdəki ağalarının göstərişi ilə hərəkət edən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhə düşmənin üzünə açıq idi. Ulularımızın müqəddəs əmanəti olan Vətən torpaqları hərraca qoyulmuşdu. Torpaqlarımızın 20 faizinin işğal olunması, 200 minə yaxın soydaşımızın Qərbi Azərbaycandan deportasiya edilməsi, bir milyondan çox qaçqın və məcburi köçkünün yaratdığı problemlər ölkəni surətlə uçuruma sürükləyirdi. Müxtəlif sərsəm bəyanatlar Azərbaycanın xarici aləmdəki olan-qalan nüfuzunu da tamamilə məhv etməkdə idi. Bu zaman Vətənin ümid çırağı, əliyalın, başsız qalan xalqın yeganə qələbə silahı Heydər Əliyev zəkası idi.

Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı - dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Məhz o zaman - 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı fəlakət uçurumuna yuvarlanmadı, fəlakətdən, ölüm qəzasından yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı.

Ümummilli lider Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun müəyyənləşdirdiyi müqəddəs yol daim xalqımızın yeganə ümid və istinadgah mənbəyi olaraq qalacaqdır. Bu uğur magistralında bizə Ulu öndərin layiqli siyasi davamçısı - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kimi vətənpərvər, qətiyyətli, peşəkar, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, islahatçı və çevik, praqmatik və cəsarətli lider ləyaqətlə rəhbərlik edir. Son 19 ildə Heydər Əliyev siyasi irsini bütün sahələrdə uğurla davam etdirən dövlət başçısı müasir qloballaşma dövrünün yeni geosiyasi reallıqlarından irəli gələn mənzərənin əsas cizgilərinə cavab verən siyasət yürüdür və bu siyasətin mahiyyətində insan hüquqları məsələsi prioritet mahiyyət kəsb edir.

Dövlət başçısı verdiyi hər bir vədə sadiqlik nümayiş etdirərək ictimai həyatın müxtəlif sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılmasını - qeyri-neft sektorunun ümumi daxil məhsuldakı çəkisinin artırılması, iqtisadiyyatın tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi naminə bir sıra mühüm addımlar atmışdır.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşmışdır - bu,modern Azərbaycan dövləti modelidir. Onun rəhbərliyi ilə görülən işlər ölkəmizin gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir. Çünki Prezident İlham Əliyev Ulu öndərin məktəbinin yetirməsi, qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. Prezident İlham Əliyev həm də praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri gerçəkləşdirir: "Biz 30 ilə yaxın idi ki, həmişə deyirdik ki, gün gələcək doğma ata-baba torpaqlarımıza qayıdacağıq". Ancaq indi Prezidentimizin uzaqgörən, qətiyyətli siyasəti nəticəsində biz bu gün həmin torpaqları erməni işğalçılarından geri almışıq. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu öndərin arzusunu reallaşdırdı. Bununla da Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, xalqımızın qəhrəmanlıq səlnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Həmçinin, bütün dünya Azərbaycan dövlətinin ədalətli mübarizəsinin bir daha şahidi oldu.

Bu qələbə də, indiyədək iqtisadiyyat, siyasət, mədəniyyət, elm, təhsil, idman, səhiyyə və digər sahələrdə qazanılmış uğurların əsası olan Heydər Əliyev məktəbinin daha bir qələbəsi kimi tarixə yazıldı.




15 2

Şərhlər

Oxşar xəbərlər