Müstəqil Azərbaycan Heydər Əliyevin əmanətidir
2-05-2023, 08:19
1 023

Müstəqil Azərbaycan Heydər Əliyevin əmanətidir

TehsilForumu.Az təqdim edir.

10 may 1923–cü il tariximizin ən önəmli günlərindən biri, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Xalqımız əbədi xilaskarının xatirəsini daim böyük ehtiramla yad edir. Ulu öndər özünün qeyri–adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda müstəqil siyasətin və güclü dövlətin təməlini qoydu. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev “Heydər Əliyevin ən böyük əsəri müstəqil Azərbaycandır” deməklə bütün dünyaya məlum olan həqiqəti bir daha vurğulamışdır. Tarix bir daha sübüt etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat–qat çətindir. Dahi rəhbərin və siyasətçinin Azərbaycanın real müstəqilliyini təmin etməsi və ona əbədi xarakter verməsi bunu bir daha təsdiqlədi. Bu bir həqiqətdir ki, XX əsrin sonu Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşması mərhələsidir və bu mərhələnin şəriksiz müəllifi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevdir. Azərbaycanın real müstəqillik epoxası Ulu öndərin adı ilə bağlıdır.
Dövlətçilik ənənlərimiz sübut edir ki, ölkəmizin ərazisində mövcud olmuş qədim dövlətlər də, orta əsrlərdəki böyük imperiyalar da, müstəqil dövət qurumları olan xanlıqlar da, Azərbaycan Xalq Cumhuriyyəti və bugünki müstəqil Azərbaycan da milli dövlətçiliyin ayrı–ayrı müstəqil təzahürləridir. Bu dövlətlər həm də böyük vahid tarixi prosesin ayrı–ayrı hissələrini təşkil edir. Azərbaycan xalqı dünya tarixinə Cavanşir, Babək, Şəmsəddin Eldəgiz, Uzun Həsən, Şah İsmayıl Xətai və Nadir şah kimi qüdrətli şəxsiyyətlər bəxş etmişdir. Heydər Əliyev bu görkəmli şəxsiyyətlərin qəhrəmanlıqlarını “vətənpərvərlik məktəbi, vətənin bütövlük, birlik təcəssümü” kimi qiymətləndirmiş, onların həyat və fəaliyyətlərinin xalqımızın vətən sevgisi və dövlətçilik hissini daha da inkişaf etdirdiyini, onu həyatın ən vacib, ən ümdə məqsədinə çevirdiyini göstərirdi. Xalqımızın ulu öndəri Heydər Əliyevin müqəddəs adı və möhtəşəm fəaliyyəti Azərbaycanın müstəqil dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Azərbaycan tarixinin ən qüdrətli dövlət xadimi, xalqımızın dünya siyasətinə bəxş etdiyi fenomen şəxsiyyət – Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsi bütün zamanlarda xüsusi minnətdarlıq və ehtiramla yad edilir. Özünün mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, doğma xalqına xidmətə həsr etməklə əbədiyaşarlıq rəmzinə çevrilən dünyamiqyaslı nəhəng siyasətçi qədirbilən xalqımızın yaddaşında daim xilaskar və qurucu lider kimi qalacaq.
2023–cü il may ayının 10–da xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022–ci il 28 noyabr tarixli 3623 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında 2023–cü il Heydər Əliyev ili” elan edilmişdir. Müstəqil Azərbaycan dövləti adlı müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Respublikamızın hər bölgəsində Ümummilli liderimizin yubiley tədbirlərinə xalqımız böyük sevgi və çoşqu ilə hazırlaşır. Tarixi şəxsiyyət Heydər Əliyevin fəaliyyəti xalqımızın və ölkəmizin gələcəyi üçün örnək, zəngin həyat məktəbi, əvəzsiz nümunədir. Bu məktəbi keçmək, ondan öyrənmək böyük bir nemətdir.
Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər xalqımızın milli mənlik şüurunun oyanması, azadlığa və müstəqilliyə qovuşmaq arzularının gerçəkləşməsi, ictimai həyatımızın, iqtisadiyyatımızın, səhiyyəmizin, elmin, təhsilin və mədəniyyətimizin inkişafında böyük nailiyyətlərin əldə edilməsi ilə əlamətdar olmuşdur. Onun siyasətinin gücü sözünün gücüylə düz mütənasib idi. O, XX əsrin nadir siyasi liderlərindəndir ki, sözün enerjisini bütün çalarları ilə duya bilir, səfərbər edir və milli dövlətçilik maraqları, cəmiyyətin bütövlüyü naminə yönləndirə bilirdi. O, qəbul etdiyi qərarlar, atdığı addımlarla Azərbaycan xalqının Ümummilli Lideri titulunu qazanan böyük şəxsiyyətin siyasi iradəsinin göstəricisi olaraq tərcümeyi–halına yazılan ən parlaq səhifələrdən biri idi. 30 ilə yaxın müddətdə dünyanın ən güclü xüsusi xidmət orqanlarının birində çalışan, onun ən çətin və mürəkkəb təşkilatlarından birinə rəhbərlik edən “Azərbaycanın enerjili rəhbəri” yaxşı bilirdi ki, xalqımızın milli–mənəvi dəyərlərində, adət–ənənələrində böyük–kiçik poblemi, yaşlı nəslin gənc nəslə qayğısı, onlar üçün nümunə olması ilə bu sistemdə hərə öz funksiyasını düzgün yerinə yetirməlidir. Əgər gənclik düzgün enerjiyə, kəskin düşüncəyə, sağlam orqanizmə malikdirsə, bunlara arxalanaraq, yaşlı nəslə hörmət göstərirsə, yaşlı nəsil də bir nümunə mənbəyi olmalıdır, öz hərəkəti, davranışı ilə gənclərə yol göstərməlidir. Bütün bunlar Heydər Əliyev irsində xüsusi yerlərdən birini tutur.
Bu gün Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifələri yazılır. Ölkəmizdə ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarıb. Güclü ordu və möhkəm iqtisadi potensial Azərbaycanı yerləşdiyi bölgədə və dünyada etibarlı tərəfdaşa və bir çox sahələrdə lider ölkəyə çevirib. Prezident İlham Əliyevin dediyi kimi: ”Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, müstəqillik yoludur. Eyni zamanda bu, uğur gətirən yoldur. Çünki, həyat və Azərbaycanın dünya miqyasındakı indiki rolu göstərir ki, bu, yeganə düzgün siyasətdir”. Bu gün reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə XX əsr Azərbaycanının deyil, XXI əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir. Bu böyük şəxsiyyətin Azərbaycan naminə gördüyü işlər ölkəmizin milli sərhədlərini aşaraq bütövlükdə regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir. Təsadüfi deyil ki, məşhur dövlət və ictimai xadimlər ulu öndərimizi XX əsr dünya siyasi fikir tarixinin canlı əfsanəsi adlandırırdılar. Xalqımızın böyük oğlu dünyanln ən nüfuzlu mükafatlarına, fəxri ad və titullarına layiq görülmüşdür. Onun öz sağlığında layiq görüldüyü ən yüksək mükafat isə Azərbaycan xalqının ümummilli lideri adını qazanmasıdır. Dahi rəhbərin ideyaları bu gün Azərbaycan xalqını yaşadan və daim irəliyə aparan, onun gələcəyini müəyyənləşdirən yollardır. Heydər Əliyevin bütün həyatı Azərbaycanın əbədi müstəqilliyinə, qüdrətli dövlətçiliyinə və davamlı inkişafına həsr olunub. Nə qədər ki, qədirbilən Azərbaycan xalqı var, Heydər Əliyev də daim bizimlə birlikdə yaşayacaq, onun ideyaları isə doğma xalqımızı daha böyük inkişafa, yüksəlişə, qələbələrə aparacaq. Təsadüfi deyil ki, dahi şəxsiyyətin fəaliyyətini tədqiq edən alimlər Heydər Əlyevin siyasət məktəbini “siyasi tərbiyə institutu” kimi dəyərləndirərək onun insan və cəmiyyətin kamilləşməsində əsas amil olduğunu göstərirlər.
Prezident İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki, müasir dövrdə müstəqil siyasi kurs, liberal iqtisadi sistem və güclü vətəndaş cəmiyyəti hər bir ölkənin dinamik inkişafını təmin edən başlıca vasitələrdir. Yeni dünya nizamının qurulduğu mərhələdə Azərbaycan dövləti bütün dünyaya dərin köklər üzərində dayandığını yürütdüyü daxili, xarici, milli və dini siyasəti ilə tutduğu qətiyyətli mövqeyi ilə göstərməkdədir. Əldə edilən diplomatik uğurlarla yanaşı, Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış qələbə, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının bir yumruq kimi dövlət başçısının ətrafında birləşməsi nəticəsində mümkün olmuşdur. Bu birlik özünü 44 günlük Vətən müharibəsi dövründə də göstərdi. Müharibə iki cəbhədə gedirdi: döyüş meydanında və kütləvi informasiya vasitələrində. Azərbaycan həm döyüş meydanındakı müharibədə, həm də informasiya müharibəsində qalib gəldi. Prezident İlham Əliyev yorulmadan kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində dünya ictimaiyyətinə həqiqətləri, erməni təxribatları, mülki əhalimizə qarşı törədilən terror aktları barədə məlumatları çatdırırdı, dövlətimizə qarşı qarayaxma kampaniyası aparmağa çalışan kütləvi informasiya vasitələrinin nümayəndələrini tutarlı arqumentləri ilə susdururdu. Unutmamalıyıq ki, müasir Azərbaycan ordusunun əsasının qoyulması Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hələ Sovet İttifaqı dövründə təzyiqlərə baxmayaraq azərbaycanlıların hərbi peşə ilə məşğul olmalarına dəstək verirdi, general Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin yaradılmasına nail olmuşdur. Bu proses Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi və Azərbaycan ordusu ən müasir silahları ilə təchiz olundu, peşəkar hərbiçilər yetişdirildi. Azərbaycan xalqı möhtərəm Prezidentimiz İlham Əliyevin, Azərbaycanın birinci vitse–prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdikləri siyasətin uğurlarının bələdçisi kimi daim onları dəstəkləyir, sabaha inamla addımlayır. Hər gününü tarixə bir uğur səhifəsi kimi yazan Azərbaycanın qarşısında daha geniş imkanlar mövcuddur. Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır.
Vətənini zirvələrə ucalda bilmək xalqını sevən insanların ən müqəddəs missiyasıdır. Bu gün əziz xatirəsini dərin hörmət və ehtiramla andığımız Ulu öndər Heydər Əliyevin böyük dövlət və siyasi xadim kimi bütün dünyada qəbul edilməsi tarixi bir həqiqətdir. Respublikamızın hazırki yüksək sosial–iqtisadi göstəriciləri onu deməyə əsas verir ki, Heydər Əliyevin ideyaları bu gün də yaşayır, sabah da ölkəmizin yoluna işıq saçacaq, Azərbaycanın gələcəyi daha da xoşbəxt, firavan olacaqdır. Heç şübhəsiz ki, gələcək nəsillər də bu dühanın aydın, parlaq ideyalarından bəhrələnərək Azərbaycan Respublikasının müstəqilliyini əbədi edəcək, dünya birliyində dövlətimizin mövqeyini daha da möhkəmləndirəcəklər.
                                                                     Cəmil Quliyev  - LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin müəllimi və fəlsəfə doktoru, AJB–nin üzvü
7 6

Şərhlər

Oxşar xəbərlər