Milli dövlətçiliyimizin xilaskarı, milli birliyimizin dahi ideoloqu və yaradıcısı
5-12-2023, 19:30
868

Milli dövlətçiliyimizin xilaskarı, milli birliyimizin dahi ideoloqu və yaradıcısı

TehsilForumu.Az təqdim edir.

XX və XXI əsrlərin ən böyük tarixi şəxsiyyətlərindən olan Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının içərisindən yetişib və öz xalqının böyük dühalarının, qəhrəmanlarının, alimlərinin, yaradıcı insanlarının, söz, sənət və mədəniyyət adamlarının daim diqqət və qayğı         ilə əhatə olunmasında, elmi nailiyyətlərin, mədəni və ədəbi irsin qorunub mühafizə edilməsində, adlarının əbədiləşdirilməsində, ömrünün sonuna kimi böyük işlər görmüş vətənpərvər insan,        milli dövlətçiliyimizin möhkəmlənməsində, əbədi olmasında misilsiz xidmətləri olan dahi dövlət qurucusu və fenomen siyasi xadimidir. Müasir müstəqil, davamlı inkişaf edən, söz sahibi olan, çiçəklənən Azərbaycan Ulu Öndər  Heydər Əliyevin şah əsəridir.
XX əsrin sonlarında öz müstəqillyini yenidən bərpa etmək fürsətini qazanan Azərbaycan             iki ildən sonra onun itirilməsi təhlükəsi ilə üzləşdikdə xalqın səsinə səs verən Ulu Öndər əsl xilaskarlıq missiyasını öz üzərinə götürdü.
Xalqımızın və dövlətçiliyimizin həll olunduğu ağır bir zamanda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.
Dahi şəxsiyyət Azərbaycanın rəhbərliyinə birinci dəfə gəlişində (1969-cu il) iqtisadi cəhətdən zəif, aqrar və SSRİ-nin bir çox müttəfiq respublikalarından geridə qalan Azərbaycanı qısa bir zamanda inkişaf etdirdi və yüksək pilləyə qaldırdı. Bir neçə ildən sonra Azərbaycan iqtisadi, elmi, mədəni sahələrdə böyük uğurlara imza ataraq inkişaf yoluna qədəm qoydu. Artıq XX əsrin 70-ci illərinin ortalarından respublikamız nəinki ümumittifaq, hətta beynəlxalq səviyyəli nüfuzlu tədbirlərə ev sahibliyi etməyə başladı, Azərbaycanın bu inkişaf tempi Heydər Əliyev şəxsiyyətinə, idarəetmə qabiliyyətinə, fitri dövlətçilik dühasına, hadisələri dərindən təhliletmə, onları optimal istiqamətə yönəltmə zəkasına diqqəti artırdı və o, keçmiş SSRİ – də, eyni zamanda dünyada istedadlı, nadir dövlət adamı kimi tanımağa başladı. Heydər Əliyev SSRİ-nin hakimiyyət piramidasına – siyasi büroya yüksəldi, XX əsrin 80-ci illərinin əvvəlində isə artıq o, SSRİ kimi super dövlətin rəhbərindən biri idi. Heydər Əliyevə bu mövqe canından artıq sevdiyi Azərbaycana, doğma xalqına xidmət etmək üçün lazım idi və o, bundan maksimum istifadə edərək xalqı, vətəni üçün misilsiz işlər gördü.
Vətənimizin, xalqımızın, dövlətçiliyimizin taleyinin həll olunduğu böhranlı, çətin 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə rəhbərliyə gələn Heydər Əliyevin qarşısında son dərəcə çətin bir vəzifə dururdu. Azərbaycanda xaos, anarxiya baş alıb gedirdi, xalqın sabaha, gələcəyə inamı itmişdi. Belə bir zamanda xalq tərəfindən ölkə rəhbərliyinə gətirilən Ümummilli lider Azərbaycanı düşdüyü siyasi, hərbi, iqtisadi, mənəvi böhrandan, parçalanmaq, məhv olmaq təhlükəsindən xilas etdi. Xalqımızın xilaskarı Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçildiyi 15 iyun 1993-cü il Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. 1993-cü ildə Azərbaycan xalqı prezident seçkilərində Ulu Öndər Heydər Əliyevi ölkə prezidenti seçməklə dövlətimizi qurtuluşa, inkişafa aparan yolun təməlini qoydu. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin əsası qoyuldu. Ümummilli Lider bu etimadı şərəf və ləyaqətlə doğruldaraq xalqın yaddaşında əbədi taxt qurdu və eyni zamanda vətənə, xalqa sədaqətlə xidmətin əyani nümunəsini dünyaya nümayiş etdirdi.
Ulu Öndər andiçmə mərasimindəki nitqində demişdir: “Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Bu andına ömrünün sonuna qədər sadiq qalan ümummilli lider prezident kimi fəaliyyətinin ilk günlərindən ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış və nəticə olaraq qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirmiş, respublikanın sosial-iqtisadi yüksəlişində ən mühül amil kimi cəmiyyətdə ictimai—siyasi sabitlik bərqərar edilməsinə nail olmuşdur.
Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə xalqımız üçün mümkünsüz görülənləri reallaşdırdı. Ulu Öndərin Azərbaycan dilinin, mədəniyyətinin qorunub saxlanmasında, inkişaf etdirilməsində, Azərbaycan sənayesinin, iqtisadiyyatının dirçəldilməsində, milli ordu quruculuğunda, hələ SSRİ dövründə Azərbaycanın dünyaya tanıdılmasında xidmətləri əvəzsizdir. Ötən zaman kəsiyində biz onun Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərini getdikcə daha çox anlayır, dərk edirik. Anlayırıq ki, yer üzərində elə insanlar, elə şəxsiyyətlər var ki, onlar həqiqətən də öz ölkəsinə, xalqına Tanrının lütfü olaraq göndəriliblər. Heydər Əliyev həmin şəxslərdən biri idi, birincisi idi.
Ümummilli liderimizin xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması, iqtisadi müstəqilliyinin əldə olunması, ordu quruculuğu kimi istiqamətlərdə böyük uzaqgörənliklə atdığı mühüm və zəruri addımlar ölkəmizin bugünki inkişafında xüsusi, müstəsna əhəmiyyətə malikdir.
Hələ sovet dönəmində - 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması bugünkü qüdrətli ordumuzun formalaşmasına onun verdiyi əvəzsiz töhfədir. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sahəsinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrlarının hazırlanmasına yol açdı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu lisey ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ordu quruculuğu işinə hər zaman böyük həssaslıqla yanaşan Ulu Öndərin 1998-ci il 22 may tarixli Sərəncamı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix dövlət bayramı kimi qeyd edilir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqillyini qadir olduğunu 2020-ci ildə 44 günlük vətən müharibəsində şanlı Zəfər qazanmaqla və 2023-cü ildə Qarabağda qalmaqda davam edən qanunsuz erməni separatçı silahlılarına qarşı apardığı qələbə ilə bitən 24 saata antiteror əməliyyatında sübuta yetirdi.
Heydər Əliyev böyük dövlət xadimi, dahi siyasətçi olmaqla yanaşı, vətənini ürəkdən sevən, daim onun eşqi ilə yaşayan alovlu vətənpərvər idi. O, dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlıları vətəni sevməyə, ona sədaqətlə xidmət etməyə, “Azərbaycançılıq” ideyası ətrafında birləşməyə çağırırdı: “Bütün Azərbaycanlıların indi dünyada bir vətəni var. O da Müstəqil Azərbaycan Respublikasıdır! Azərbaycan, təkcə coğrafi anlayış deyil, Azərbaycan müstəqil dövlətdir, özü də möhkəm, güclü dövlətdir!... Bizim üçün tarixi bir amil var – Azərbaycançılıq!”
Heydər Əliyev daim bizimlədir. Biz onun ideyalarını işığında uğurlu inkişaf yolu keçir, vətənimizin daha çiçəklənməsi naminə səylə çalışarıq. Onun Azərbaycanın, azərbaycanlıların həyatındakı yeri məşhur bir nəğmədə öz uğurlu ifadəsini necə də gözəl tapıb:

“Sən elə bir zirvəsən,
Küləklər neyləyəcək.
Dünənim, bu günümsən,
Səninlədir gələcək!”

 Bəli, Ulu Öndər dünən də bizimlə idi, bu gün də bizimlədir, sabah da bizimlə olacaq. Neçə-neçə əsrlər keçəcək, nəsillər dəyişəcək, onun ölməz ideyaları daim yaşayacaq, vətənimizin inkişaf yoluna nur saçacaqdır.

Göyçay şəhər Mehman Muradov adına 4 nömrəli tam orta məktəbin Texnologiya müəllimi

Mürsəlova Səkinə Nizami qızı
49 1

Şərhlər

Oxşar xəbərlər