Heydər Əliyev Şəxsiyyətinin Fenomenologiyası
1-05-2023, 14:12
112 727

Heydər Əliyev Şəxsiyyətinin Fenomenologiyası

TehsilForumu.Az təqdim edir.

Azərbaycan tarixinin şanlı səhifələrinin son yarım əsrlik dövrü dahi lider Heydər Əliyevin adı, şəxsiyyəti, təfəkkürü və yorulmaz fəaliyyəti ilə sıx bağlıdır. Hər bir xalqın bir millət kimi formalaşması onun güclü, sarsılmaz milli–mənəvi dəyərlərə malik olmasıdır. Buna görə də fenomenal şəxsiyyət, xalqının xilaskarı Heydər Əliyev dövlətinin və millətinin dəyərlərinin canlandırılması üçün ömrü boyu yorulmadan çalışmış, milli–mənəvi dəyərlərimizin saxlanılmasına müvəffəq olmuşdur.Böyük siyasətçi Heydər Əlirza oğlu Əliyev dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi və iqtisadi inkişafına nail olmuş qüdrətli şəxsiyyətdir. Heydər Əliyev şəxsiyyətinin uğurlu strategiyasının təzahürü milli- mənəvi dəyərlərimizin qorunması, elmin inkişafı, təhsil səviyyəsinin yüksəldilməsi , vətəndaşlarının sosial həyat tərzinin yaxşılaşdırılması, tərəqqiyə yol alması və dünya azərbaycanlılarının monolit bir qüvvə kimi təşkilatlanması, gənclərimizin mükəmməl dövlətçiliyimizin formalaşmasında, sürətli inkişafı prosesinə cəlb edilməsi kimi  qeyd olunmalıdır.
Fenomenal şəxsiyyətin siyasi kursundan kənarda müasir Azərbaycan dövlətçiliyini təsəvvür etmək mümkün deyildir.Çünki onun siyasi fəaliyyətinin hər bir məqamı tarixi uğurlarla zəngin olduğuna görə dahi liderin siyasəti elə dövlətçiliyin özü deməkdir.Bu bir həqiqətdir ki, Heydər Əliyev nəinki Azərbaycanın Böyük oğlu, o, XX əsrin yetirdiyi dünya şöhrətli ən böyük siyasi xadimdir.Ulu öndər hüququn aliliyinə söykənərək, əsaslanaraq Azərbaycanın idarəetmə sistemində bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu.Tariximizin yaddaşında yer alan ali məqamlarından biri təhsilin inkişafı, yenidən qurulması böyük şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olmasıdır. Onun hazırladığı və həyata keçirdiyi müstəqil Azərbaycan dövlətinin təhsil siyasəti milli təhsilimizin əsas ideyasıdır. Yeni ali məktəb şəbəkəsinin yaradılması, 800-dən çox orta məktəb binasının tikilib istifadəyə verilməsi təhsildə islahatların aparılması bunun əsas təzahürüdür. Qeyd etmək istəyirəm ki, Heydər Əliyevin ali təhsil sahəsində danılmaz xidmətlərindən biri və birincisi Azərbaycan gənclərinin kənarda - xaricdə təhsil almasına nail olmasıdır.
“Qadın dünyadır, insanlığı yaşadan müqəddəs varlıqdır, qadın hərəkatı böyük qüvvədir” deyən ümumilli lider Azərbaycanda rəhbərlikdə olduğu bütün dövrlərdə qadınların vəziyyətinin yaxşılaşdırılması sahəsində yetkin dövlət siyasətinin həyata keçirilməsini sosial-iqtisadi siyasətin əsas aparıcı istiqamətlərindən biri hesab etmişdir. Dahi liderin imzasi ilə qəbul edilən qərarlar və verilən fərmanlarda qadınlarımızın hüquqlarının qorunması, müdafiəsi təmin olunmuşdur.
Yenilməz şəxsiyyətin prezidentliyi dövründə 14 yanvar 1998-ci il tarixli fərman ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və geniş səlahiyyətlərlə təmin edilməsi qadınların cəmiyyətdə dövlətin ictimai-syasi həyatında layiqli yer tutmasına yönəlmiş dövlət siyasətinin, yüksək qayğısının təzahürü idi
1998-ci ildə müstəqil Azərbaycanda keçirilən qadınların I qurultayında Heydər Əliyev öz nitqində bəyan etmişdir ki, “Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda gələcəkdə qadın hərəkatının əsasını qoyurlar, qadınların cəmiyyətdə fəallığının, onların cəmiyyət və dövlət həyatında iştirakını genişləndirirlər”
Fenomenal şəxsiyyətin quruculuq fəaliyyətində gənc nəslin Vətənə, millətə, torpağa məhəbbət ruhunda tərbiyəsi, Azərbaycançılıq ideologiyasının təməl prinsiplərinin müəyyənləşdirilməsi mühüm yer tutur. Əvəzolunmaz şəxsiyyətin müdrik siyasəti ilə gəncliyin milli–mənəvi dəyərlərə, düzgün yola yönləndirilməsi istiqamətində atılan addımlar nəticəsində gənclərin özünə inamı qaytarıldı. 1993-cü ilin sentyabrında ilk dəfə gənc nəslin nümayəndələri ilə görüşən Heydər Əliyev 1994-cü ildə Gənclər, İdman Nazirliyinin yaradılması haqqında fərman imzaladı. 1996-cı il fevralın 2-də ilk dəfə olaraq gənclərimizin təşəbbüsü ilə Prezidentin forumu keçirildi. Forumda çıxış edən Heydər Əliyev bildirmişdir ki, hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməli və öz fəaliyyətlərində hər şeydən öncə müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Ulu öndərin 1997-ci ildə imzaladığı sərəncamla Müstəqil Dövlətlər Birliyi məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda fevralın 2-nin Gənclər günü kimi təsis edilməsi fenomenal şəxsiyyətin Azərbaycan gəncinə və gəncliyinə göstərdiyi ən böyük diqqət və qayğının təzahürü idi. Yenilməz şəxsiyyətin yaratdığı milli ideologiyanın mahiyyəti dövlətçiliyin ümumxalaq dəyərlərini və mənsubiyyətini ifadə edir, insanları öz dövlətinə bağlayır, bugünkü müstəqil dövlətin bünövrəsi böyük dövlət xadimi Heydər Əliyevin 1969- 1982-ci illərdə Azərbaycanda yüksək iqtisadi, elmi energetika və infrastruktur potensialı yaratmaqla qoymuşdur.
Heydər Əliyevin Azərbaycandan, Azərbaycanın da Heydər Əliyevdən ayrı salındığı dövrlər ölkəmizin tarixində erməni təcavüzü, torpaqlarımızın işğalı, real vətəndaş müharibəsi təhlükəsi və dövlətin tənəzzülü ilə müşayət olundu. Ümumiyyətlə, bu dövrdə Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək, dövlətçiliyini itirmək təhlükəsi qarşısında idi. 1993-cü il, iyulun 9-da xalqın təkidli tələbi ilə Heydər Əliyevin Bakıya gəlişi Azərbaycan dövlətinin xilası, möhkəmləndirilməsi və inkişaf mərhələsi ilə başlandı. Fenomenal şəxsiyyətin qayıdışı Azərbaycan tarixində Milli Qurtuluş mərhələsi adlandırıldı. Cənab Heydər Əliyevin rəhbərliyi altında işlənib hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkədə əsaslı islahatlar kursunun gələcək uğurlarını təmin etmiş oldu.
Milli ideologiya, o cümlədən azərbaycançılıq ilk növbədə xalqı dövlətin maraqları və dəyərləri ətrafında birləşdirən bir hadisədir. Heydər Əliyevin təşəbbüsü və qərarı ilə 2001-ci il noyabrında çağrılan Dünya Azərbaycanlılarının I Qurultayı bütün dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirdi. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycançılıq yalnız Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların deyil, həm də bütün dünya azərbaycanlılarının milli–mənəvi maraqlarını ifadə edən məfkurə kimi xalqımız tərəfindən qəbul olunub.
Azərbaycançılıq ideyasına sadiq olan, onu qoruyan və yorulmaz təbliğatçısı olan Heydər Əliyev ana dilimizin inkişafı, müstəqil dövlətçiliyimizin möhkəmlənməsi sahəsindəki düşünülmüş və məqsədyönlü tədbirləri xalqımızın dünya birliyində layiqli yerinin tutmasına, millətimizin millətlər içərisində liderə çevrilməsinə nail olmuş şəxsiyyətdir.
Fenomenal şəxsiyyətin xarici siyasət sahəsindəki qeyri-adi ustalığı, çağdaş dünyanın diplomatiya nəhənglərindən biri olması isə daha çox onun müstəqil Azərbaycan Respublikasının Prezidenti postunda fəaliyyət göstərdiyi son 10 il ərzində özünü bütün parlaqlığı və çox çalarlığı ilə əks etdirmişdir. Azərbaycana rəhbərlik etdiyi dövrlərdə də Heydər Əliyev ölkəmiz üçün beynəlxalq əlaqələrin qurulmasına və genişləndirilməsinə mühüm diqqət yetirirdi. Fenomenal şəxsiyyət Heydər Əliyevin xarici siyasətinin mühüm istiqamətlərindən biri də Azərbaycanı beynəlxalq miqyasda məruz qaldığı təcrid olunmadan xilas etmək idi. Böyük siyasətçi özünün siyasi dəstixətti ilə Azərbaycana qarşı erməni işğalının törətdiyi fəsadları ortaya qoyur, Azərbaycandakı daxili sabitliyini təbliğ etməklə ölkəmizə sərmayələrin qoyulmasına nail oldu. Azərbaycan liderinin ATƏT, İKT, İƏT, QDİƏT, NATO, MDB, OGUAM kimi beynəlxalq qurumların işindəki fəal iştirakı, eləcə də, 2001-ci ildə Respublikamızın Avropa Şurasının tam hüquqlu üzvləri sırasına daxil olması Heydər Əliyevin xarici siyasətinin uğurlarının göstəricisidir. Heydər Əliyev başqa siyasətçilərdən fərqləndirən başlıca xüsusiyyət ən mürəkkəb vəziyyətdə ən doğru, ən təsirli vasitələri tapıb qarşıda dayanan vəzifələrin yüksək icrasına nail ola bilməsi idi.
Dahi liderin ordu quruculuğu sahəsində milli – hərbi kadrların yetişdirilməsi, hərbi təhsil sisteminin inkişafı və təkmilləşdirilməsi istiqamətində gördüyü tədbirlərdən biri də onun təşəbbüsü ilə 1971-ci ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi kadrlar hazırlayan məktəbin yaradılması olmuşdur. Onun müstəqil Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin elə ilk günləri göstərdi ki, respublikanın dövlət müstəqilliyini ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq, ölkələrin bütün potensialını məqsədyönlü şəkildə bu istiqamətə yönəltmək, hərbi siyasəti səmərəli şəkildə həyata keçirmək üçün əsas şərtlərdən biri daxili ictimai- siyasi sabitliyin təmin edilməsinə nail olması idi. 1994-cü ilin əvvəlində Azərbaycanın NATO –nun “Sülh naminə tərəfdaşlıq” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı” na qoşulması ilə Azərbaycan ordusu modern orduya çevrilib.
Fenomenal şəxsiyyət Heydər Əliyev ordu quruculuğu siyasətini yürüdərkən ordunun maddi-texniki bazasının inkişafı, peşəkarlıq səviyyəsinin yüksəldilməsi ilə yanaşı, bu sahədə mənəvi hazırlıq işini və rəmzi məsələləri də diqqətdən kənarda qoymurdu. Bu mənada, ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu.
Fenomenal şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı ölçüyə gəlməz xidmətlərindən biri də müstəqil Azərbaycan dövlətinin yeni neft strategiyasının hazırlanması, uğurla həyata keçirilməsi , “Əsrin müqaviləsi” nin imzalanması və bugünkü xoş nəticələrdir.
Ulu Öndər Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri də Azərbaycan neftinin dünya bazarına nəqli yollarının dəqiq müəyyənləşdirilməsi idi. Xalqımızın və dövlətimizin mənafelərinin uzun müddətli şəkildə qorunması, beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, neftin dünyü bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə 2002-ci il sentyabrın 18-də Bakıda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təməli qoyuldu.
Azərbaycanın enerji resuslarının nəqlində Bakı-Tbilisi-Ceyhan istiqamətinin seçilməsi ümummilli liderimiz Heydər Əliyevin böyük siyasətinin təmtərağıdır və bu kəmər dünya “arteriya” sı kimi neft kəmərləri sisteminə daxil olmuşdur.
Bu gün Azərbaycan hünərli, ağlı, təfəkkürü, daxili və xarici siyasəti ilə dünyanı heyrətə gətirən, Heydər Əliyev siyasi xəttinə sadiq olan, ata vəsiyyətini ləyaqətlə yerinə yetirən İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə irəliləyir.

Sumqayıt şəhər 15 saylı tam orta məktəbin tarix müəllimi Şirinov Ziya Vaqif oğlu.
3824 356

Şərhlər

Oxşar xəbərlər