Təhsil millətin gələcəyidir.
1-05-2023, 07:30
36 929

Təhsil millətin gələcəyidir.

TehsilForumu.Az təqdim edir.

 Hər bir millətin mədəni, siyasi və iqtisadi inkişafı onun elmi potensialı, ziyalısı ilə bağlıdır. Aydındır ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz belə yanaşdıqda Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyinin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini qarşıya əsas məqsəd kimi qoyan ümummilli lider, ölkədə təhsil islahatlarının aparılmasının zəruriliyini vurğulayaraq ölkənin inkişafını, dünya arenasında layiqli yer tutmasını elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ümummilli lider H.Əliyev öz çıxışlarında dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq demişdir: “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə də ticarətdir. Bu sahə cəmiyyəti xüsusi intellektual səviyyəyə yüksəldən bir sahədir. Ona görə də  təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Ulu Öndər H.Əliyevin müəyyən etdiyi Azərbaycan xalqının xoşbəxt gələcəyinə hesablanmış strategiyada təhsil sahəsinin inkişaf etdirilməsi mühüm istiqamətlərdən biri olmuşdur. Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. Ölkənin təhsil sahəsi milli məqsədlər, mənafelər əsasında qurulmalıdır deyən dahi rəhbər, təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb, bu istiqamətdə həyata keçirdiyi islahatlar təhsilin bütün pillələrini və maddi texniki bazasını əhatə edirdi. Ümummilli lider H.Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ölkədə 5 yeni Ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı nəzərə çarpacaq dərəcədə artmışdır. Eləcə də dahi rəhbər keçmiş Sovetlər İttifaqının ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların təhsil almasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Ulu Öndərimizin təşəbbüsü və himayəsi nəticəsində XX əsrin 70-ci illərindən başlayaraq hər il 800-
900 gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da Respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır. Ulu Öndər H.Əliyevin elmin, mədəniyyətin  və mənəviyyatın inkişafının  əvəzedilməz vasitəsi olan təhsilə qayğısı, təhsil sisteminin  inkişafı yolundakı xidmətləri ölçüyə gəlməzdir. Dahi rəhbəri düşündürən əsas məsələlərdən biri də Azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi idi. Onun təşəbbüsünün və uzaqgörənliyinin nəticəsidir ki, 1971-ci ildə paytaxt Bakıda Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı. Hərbi məktəbdə yüzlərlə Azərbaycan vətəndaşı təhsil almağa başladı. Ulu Öndər taleyini hərb sənətinə, zabitlik peşəsinə həsr edənlərə böyük hörmətlə yanaşır və onların xidmətlərini həmişə yüksək qiymətləndirirdi. Cəmşid Naxçıvanski adına hərbi liseyin milli zabit kadrlarının hazırlanmasında və silahlı qüvvələrimizin formalaşmasında müstəsna rolu olmuşdur. Bu gün də ordumuzun sıralarında xidmət edən zabitlərin əksəriyyəti Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunlarıdır. Onlar torpaqlarımızın azadlığı uğrunda gedən 44 günlük Vətən müharibəsindəki döyüşlərdə böyük hünər və rəşadət göstərərək şanlı zəfərin bir hissəsi oldular. 1993-cü ilin iyununda xalqın istəyi ilə H.Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan təhsilinə yeni ab-hava gətirdi. Qısa müddət ərzində ölkədə  siyasi-iqtisadi sabitliyi təmin edən Ulu Öndər, ölkəyə rəhbərlik etdiyi əvvəlki dövrlərdə olduğu kimi müstəqil Azərbaycana da rəhbərlik etdiyi dövrlərdə də Azərbaycan təhsilinin, elminin, qurucusuna çevrildi. Təhsil işçiləri, ziyalılar dövlətin yüksək qayğısı ilə əhatə olundu. Ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də inkişaf başlandı. Təhsil sahəsində ən ciddi yeniliklərdən biri yeni əlifbaya, latın qrafikalı əlifbaya keçid zamanın reallığına çevrilmişdir.
İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün prezident H.Əliyevin ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara prezident təqaüdünün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir. Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin təravətli qəlbinin bir zərrəciyi var. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli lider H.Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib və onlara böyük hörmətlə yanaşıb. Təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalan Ümummilli lider Azərbaycana rəhbərliyinin hər 2 dövründə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların fəxri adlarla və digər dövlət mükafatları ilə təltif edilməsinə dair bir çox sərəncamlar imzalayıb. Bu gün ölkəmizdə fəaliyyət göstərən peşə, orta ixtisas və ali təhsil müəssisələri öz mənbəyini məhz ötən əsrin 70-ci illərində H.Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan məqsədyönlü siyasətdən götürmüşdür. Həmin dövrdə Azərbaycanda bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə yüksəlmiş, bu istiqamətdə aparılan ardıcıl dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rolu olmuşdur. Keçmiş sovetlər dövründə Ulu Öndər Azərbaycanın təhsilinin tərəqqisinə mane olan bir sıra maneələri aradan qaldırmış, mövcud potensiallı ölkənin gələcək inkişafının elmi əsaslar üzərində qurulmasına, respublikanın intellektual resurslarının gücləndirillməsinə, Azərbaycan üçün layiqli vətəndaşların yetişdirilməsi işinə səfərbər etmişdir. Məhz həmin illərdə respublikada məktəblərin ali və orta-ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət almış, təhsil infrastrukturu tamamilə yenilənmiş, ixtisaslı kadrlar hazırlayan ali və orta-ixtisas məktəbləri açılmışdır. Hazırda müstəqil və müasir Azərbaycanın qurucusu Ümummilli lider H.Əliyevin təhsil siyasəti möhtərəm prezidentimiz müzəffər Ali baş komandan prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə dövlət başçımız tərəfindən bir neçə məktəbin təməli qoyulub. Tezliklə Şuşada, Füzulidə, Cəbrayılda və digər azad olunmuş ərazilərimizdə yeni məktəblərin əsaslı təmirini və istifadəyə verilməsini görəcəyik. Ulu Öndərin adını daşıyan fond yarandığı gündən ölkəmizin təhsil sahəsinin inkişafı üçün mühüm işlər görmüşdür. Fondun prezidenti Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu Öndərimizin əsası qoyulduğu möhtərəm prezidentimiz Cənab İlham Əliyevin layiqincə davam etdirdiyi təhsil strategiyasının həyata keçirilməsinə öz töhvələrini verir. Fondun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd bu sahənin müasir dövrün tələbləri səviyyəsinə yüksəltməkdir. Yeniləşən Azərbaycana yeni məktəb layihə çərçivəsində fond tərəfindən ölkəmizdə yeni, müasir tipli məktəblər inşa edilməsi, əsaslı təmirin həyata keçirilməsi təhsilimizin inkişafına stimul verir. Siyasi mübarizədə müdrüklük və qətiyyət, dövlət idarəçiliyində H.Əliyev siyasi məktəbinin əsasını təşkil edən bu amillər Vətənə və xalqa xidmət naminə real siyasətlə məşğul olan hər bir kəs üçün tarixi örnəkdir. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin Azərbaycan xalqının iftixarı olan H.Əliyevin uzaqgörən strategiyası uğurlu gələcəyimizə gedən yollarımızı əbədi məşəl kimi daim işıqlandırmaqda davam edəcəkdir.
   Mən özümü çox xoşbəxt hiss edirəm ki təhsil sahəsində çalışıram. Sonda isə yazımı Ulu Öndər H.Əliyevin müəllimlərlə bağlı söylədiyi gözəl bir fikri ilə bitirmək istərdim:
   Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.


 Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın kimya müəllimi Səfəraliyeva Səadət Məhərrəm qızı.
1453 171

Şərhlər

Oxşar xəbərlər