HEYDƏR ƏLİYEV - AZƏRBAYCAN XALQININ HƏYATINA DOĞAN ƏBƏDİ GÜNƏŞ
1-05-2023, 07:27
19 619

HEYDƏR ƏLİYEV - AZƏRBAYCAN XALQININ HƏYATINA DOĞAN ƏBƏDİ GÜNƏŞ

TehsilForumu.Az təqdim edir.

Əsrlər boyunca tarixi şəxsiyyətlər yetişir, formalaşır, öz nüfuzu və fəaliyyəti ilə mənsub olduğu xalqa şöhrət gətirir. Azərbaycan xalqı dünya şəxsiyyətləri siyahısına olduqca böyük siyasi liderlər, ictimai xadimlər, böyük mütəfəkkirlər bəxş etmişdir. Onlar öz böyük dühaları ilə xalqımızın adını tarixin möhtəşəm səhifələrinə həkk ediblər.
Belə şəxsiyyətlər həm zəmanəsinin, həm də əsrlərin fövqündə dayanır, fövqəlbəşər olurlar. Ulu Öndər Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Öz dahiliyi, əzəməti ilə böyük şəxsiyyətlər içərisində daha qüdrətli mövqeyi olan Heydər Əliyev şəxsiyyəti parlaq dühası ilə seçilir. Heydər Əliyev Cahan Pəhləvan, Şah İsmayıl Xətai kimi ölməzlərin yolunu davam etdirərək xalqımız üçün əbədi məşələ dönmüşdür.
Günəş Şərqdən doğur. Lakin Azərbaycan xalqının taleyinə doğan əbədi Günəş
Azərbaycanın qərbindən — qədim “Nuhçıxan”, “Nəqşi-cahan” yurdundan — Naxçıvandan doğdu. Elə bir Günəş ki, ziyası təkcə tariximizi deyil, dünənimizi, bu günümüzü, gələcək əsrləri nurlara qərq edəcəkdi.
Heydər Əliyev 1923-cü il 10 may tarixində Naxçıvanda anadan olmuşdur. Sadə dəmiryolçu ailəsində dünyaya göz açan Heydər Əlirza oğlu Əliyev bu sadə ailəni Azərbaycana, Azərbaycanı isə dünyaya tanıtdı.
Heydər Əliyev dühası XX əsrin tarixə bəxş etdiyi bir möcüzədir, fenomendir. Əsrlərə, nəsillərə örnək olan ölməz liderin həyatı, şəxsiyyəti bütün bəşəriyyət üçün əbədi möhtəşəmlik timsalıdır. Dahi rəhbərin ömür yoluna nəzər saldıqca onun şəxsiyyəti hər bir əməli ilə zirvələrdən göz önünə gəlir.
Heydər Əliyevin ictimai fəaliyyəti və siyasi mübarizəsi bu günün reallığı, gələcəyin əbədi layihəsidir. Müasir Azərbaycanın qurucusu və memarı olan Heydər Əliyevin Azərbaycan üçün etdiyi xidmətlər əvəzsizdir. Onun fəaliyyətinin hər bir dövrü Azərbaycançılığa töhfədir.
Tükənməz enerjiyə, möhtəşəm dühaya, qüdrətli zəkaya malik olan Heydər Əliyev qurduğu dövlət, apardığı siyasətlə dünya liderləri arasında seçilmişdir. Onun yaratdığı müstəqil Azərbaycan öz qüdrətli inkişaf sürəti ilə dövlətlər içərisində tanınırdı. Ömrü nəsillərə örnək olan ulu rəhbərimiz parlaq zəkası ilə daim öndə olmuşdur. Biz Ulu Öndərin ömür yoluna nəzər saldıqda onun necə böyük düha olduğunu aydın görürük.
Heydər Əliyev xalqımızın layiqli oğlu, bənzərsiz parlaq zəkaya, güclü siyasi iradəyə malik vətəndaşıdır. Onun ömrü nəsillərə nümunədir. Azərbaycanımızın görkəmli siyasətçisi, müdrik insan olan Heydər Əliyev ömrü bütün Azərbaycan vətəndaşlarına örnəkdir.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən AZƏRBAYCANLIYAM”. Heç bir bər-bəzəyi olmayan bu sadə, aydın, səmimi sözlər Ulu Öndərin Vətənə sonsuz məhəbbətindən, onun ümumxalq sevgisindən xəbər verir.
Heydər Əliyev bütün ömrü boyu, bütün fəaliyyət tarixində xalqımıza böyük fədakarlıqla xidmət etmişdir. Xalqımızın çoxəsrlik tarixində böyük qüdrəti ilə seçilən Ümummilli Lider müdrikliyi, vətənpərvərliyi ilə xalqın ürəyində əbədi məşəl yandırmışdır. O, bənzərsiz şəxsiyyətinin əbədi heykəlini sağlığında ürəklərdə qoymuşdur.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndərimiz, müstəqilliyimizin memarı Heydər Əliyev xalqımız üçün əbədi olaraq yaşayır. Xalqımız ulu rəhbərinin xatirəsini əsrlərcə yaşadacaq, daim uca tutacaqdır. Müasir Azərbaycanın qüdrətli dövlətlərdən biri olması məhz Heydər Əliyevin müdrik siyasətinin uğurlu nəticəsi, onun fədakar əməyinin bəhrəsidir.
Heydər Əliyev hələ 1969-cu ildən — Azərbaycan MK-nin I katibi olduğu vaxtdan bacarıqlı bir lider kimi ümumxalq sevgisi qazanmışdır. O, doğma torpağından uzaqda olsa da, həmişə xalqını düşünmüş, xalqı ilə nəfəs almışdır. Fəaliyyətinin hər bir dövründə Heydər Əliyevin ürəyi xalqı ilə bir döyünürdü.
1990-cı ilin 20 yanvarında imperiya qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün — 21 yanvarda Azərbaycanın Moskvadakı nümayəndəliyində çıxış edərək məlum hadisəyə etirazını kəskin şəkildə bildirmişdir. O, faciəni törədənləri cəzalandırmağı SSRİ rəhbərliyindən təkidlə tələb etmişdir. Belə bir zamanda bu addım böyük cəsarət, hünər tələb edirdi.
Sovetlər ölkəsinin tərkibində olanda da, müstəqillik dövründə də Azərbaycanın inkişafı naminə atılan hər bir mühüm addım Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildən etibarən yenidən respublikamızın üfüqlərinə bir günəş kimi doğan əbədi liderimiz elə həmin andan xalqımızın mənəvi dayağına, respublikamızın mühafizəçisinə çevrilərək ölkəni məhv olmaqdan xilas etdi. O öz müdrik siyasəti ilə Azərbaycan xalqının xilaskarı oldu.
Heydər Əliyev hakimiyyətə gələndən sonra atəşkəs haqqında saziş imzalanmasına nail oldu. Vətənimiz bütünlüklə yağı tapdağında qalmaq təhlükəsindən azad oldu. Ana yurdumuzun başı üstünü alan təhlükə sovuşub səngiməyə başladı. Əsas mövqeyi əlində saxlayan müdrik liderimiz bir-birinin ardınca böyük işlər gördü. “Əsrin müqaviləsi”nin bağlanması Heydər Əliyevə ümumdünya şöhrəti gətirdi. O, Azərbaycanın dünya ölkələri arasında mövqeyini, nüfuzunu artırdı. “İpək yolu”nun bərpası, inşaat işlərinin geniş vüsət alması, şəhərlərimizin gündən-günə gözəlləşməsi məhz Heydər Əliyev hakimiyyəti dövründə həyata keçirildi.
Bir siyasi lider kimi mübarizələrdə püxtələşmiş Heydər Əliyev Cənabları müstəqil Azərbaycanımızı daha da qüdrətləndirdi və şöhrətləndirdi. Heydər Əliyev öz müdrik siyasəti ilə Qarabağ yarasının da məlhəmi oldu. Lissabon sammitində “veto” hüququndan istifadə edərək, erməni lobbisinə qarşı çıxması əsl qəhrəmanlıq idi. Heydər Əliyevin bu addımından sonra ölkəmizin siyasi mövqeyi daha da möhkəmləndi.
Azərbaycan neftinin qüdrətindən, iqtisadi gücündən məharətlə istifadə edən Heydər Əliyev Vətənimizin iqtisadiyyatının dirçəlməsinə nail oldu. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan müstəqillik yollarında inamla addımlamışdır. Neçə-neçə məktəb binalarının, xəstəxanaların, idman komplekslərinin tikilməsi, parkların salınması Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev özü ixtisasca həm də memar idi. Ancaq hər şeydən əvvəl onu demək lazımdır ki, Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının memarı oldu. Bəli, Heydər Əliyevin memar kimi şah əsəri hər bir bölgəsinə xüsusi diqqət yetirdiyi Azərbaycan dövlətidir.
Heydər Əliyev bütün fəaliyyəti boyunca milli maraqları uca tutmuş, əsl vətəndaşlıq mövqeyindən çıxış etmişdir. O, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə daim diqqət və qayğı göstərmişdir.
Heydər Əliyev həm də sənətə, sənətkara böyük dəyər və qiymət verirdi. Müəllimlərə, həkimlərə, alimlərə, mədəniyyət işçilərinə, şairlərə, mühəndislərə — hər kəsə verdiyi yüksək qiymət bunun parlaq sübutudur. O hər bir sənətin bilicisi olmaq keyfiyyətini özündə formalaşdırmışdı.
Dahi rəhbər gənclərə hər zaman xüsusi diqqət ayırırdı. Ulu Öndər tərəfindən əsası qoyulan gənclər siyasəti işıqlı yola, dönməyən parlaq və əbədi məktəbə çevrilmişdir.
Adı, şəxsiyyəti, xeyirxah bəşəri əməlləri ilə yaddaşlarda kök salan ölməz liderin dünyasını dəyişdiyi gün xalqımızın hüzn günüdür. Bu gün Ümummilli Liderin, Azərbaycan xalqının tarixində əvəzsiz xidmətləri olan Ulu Öndərin adı əbədi olaraq yaddaşlardadır. Ölümü ilə ölümsüzlüyə qovuşan dahi şəxsiyyətin tövsiyələri, fikirləri — onun hər kəlməsi bizlər üçün əsl həyat amalıdır. Onun həyatı və şəxsiyyəti nəsillərə nümunə, əbədi örnəkdir.
Heydər Əliyev həm də özündən sonra böyük siyasi irs, siyasi yol qoyub getmişdir. Onun siyasi kursunun layiqli davamçısı İlham Əliyev bu gün respublikamızı ləyaqətlə, böyük bacarıqla idarə edir. Xalqımız ona güvənir. Axı o, müdrik liderimiz Heydər Əliyevin davamçısıdır.
Xalqımız hələ 90-cı illərdən Qarabağ düyününün açılmasını, Qarabağın xilasını Heydər Əliyev şəxsiyyətində və siyasətində görürdü. Ümummilli Lider xalqı “Böyük Qələbə”yə doğru aparan mühüm addımlar atırdı. Xalqımız isə öz rəhbərinə inanır, onun müdrik siyasətini həmişə dəstəkləyirdi.
Müzəffər Ali Baş Komandanımızın məqsədyönlü təşkilatçılığı və xilaskar ordumuzun gücü ilə torpaqlarımızdan mənfur düşmənin dəf olunması hər bir azərbaycanlının ürəyini iftixarla döyündürür. Otuz illik həsrətə son qoyan bu Qələbə xalqın mübarizə əzminin təzahürü oldu. Könül dünyamızın otuz illik həsrətinə Qarabağın azad edilməsi ilə son qoyuldu.

Eşq olsun Heydər Əliyev şəxsiyyətinə! Eşq olsun onun layiqli davamçısına! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza və qüdrətli ordumuza! Ulu Öndərin ruhu əbədi şad olsun!

Xalqımızın həyatında o əbədi mayakdır,
Azadlığın təməlində sarsılmayan dayaqdır.
Ana yurdu od içindən qurtarıbsan, bu haqdır.
Heydər baba, arzuların çiçək açır, gül açır,
Əməllərin, amalların elimizə nur saçır.

Vətənimin göylərində səma aydın, təmizdir,
 Heydər baba, vəsiyyətin bizə candan əzizdir.
Qəlbimizdə sənin eşqin bir ümmandır dənizdir. 
Bu məhəbbət bizi daim gələcəyə səsləyir,
Vətənimin sabahına xoş ümidlər bəsləyir...


Quliyeva Azadə Əliağa qızı   
Qarabağ Regional Təhsil İdarəsi 
33 saylı Ağdam tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi




259 27

Şərhlər

Oxşar xəbərlər