Məktəb psixoloqu: Məsuliyyətin bölüşdürülməsi və birgə iş...
26-04-2024, 14:30
369

Məktəb psixoloqu: Məsuliyyətin bölüşdürülməsi və birgə iş...

TehsilForumu.Az - Etiraf edək ki, hər birimiz gün ərzində müxtəlif səbəblərdən əsəb gərginliyi, həyəcan keçiririk. Ancaq həyat təcrübəmiz bizlərə xoşagəlməz situasiyalardan çıxmağımıza, problemlərin həlli ilə bağlı düzgün qərarlar almağımıza yardımçı olur. Bəs, yeniyetmə və gənclərimiz necə?! Əsəb, stress, depressiya, gərginlikdən yaranan xoşagəlməz hallar və üstəgəl ən kritik dönəmini yaşayan yeniyetmələr.Və nəticədə yeniyetmələrin aqressiyadan yaranan neqativ hadisələr törətməsi, şagirdlər arasında bullinq, qısnama və intihar halları...

 

Bu zaman nə baş verir? Əlbəttə ki, valideyn məktəbi, məktəb ailəni, cəmiyyət hər iki tərəfi günahkar hesab edir. Zərərçəkən, həyatdan küsən, ailəsindən, çevrəsindən uzaqlaşan, küskünləşən isə hər bir halda məhz yenə də yeniyetmələr olur. Əslində isə kimdir günahkar sualına cavab axtarmaqdansa, onu bu vəziyyətə çatdıran səbəblər öyrənilməli, belə halların yenidən yaşanmaması üçün məktəb, şagird və valideyn əməkdaşlığı düzgün qurulmalıdır. Məhz elm və təhsil naziri Emin Əmrullayevin də çıxışlarının birində dediyi kimi neqativ hadisələri ört-basdır etməkdənsə, həll yolu istiqamətində düzgün müzakirə aparılmalıdır: “Kimisə günahlandırmaqla məsələni həll etmək mümkün deyil, bu hadisələrin yenidən təkrarlanmasına səbəb ola bilər”. Nazir onu da qeyd edib ki, ailədaxili münaqişə və mühit məktəb daxilində öz təsirini göstərmiş olur: “Məsuliyyətin bölüşdürülməsi və birgə işin tərəfdarıyam”.

Bəs, görəsən məktəb psixoloqları bu məsələ ilə bağlı nə düşünürlər? Hər gün şagirdlərlə ünsiyyətdə olan psixoloqların qarşılaşdıqları çətinliklər hansılardır? Ümumiyyətlə, fəaliyyət göstərdikləri məktəblərdə psixoloji xidmət necə qurulub?

 

Məsələnin aktuallığını nəzərə alaraq bu və digər suallarla paytaxtdakı bir neçə məktəbin psixoloquna müraciət etdik, Təhsil İnstitutundan mütəxəssis rəyi öyrəndik.

 

Psixoloji problemlərin təməlində sevgisizlik və laqeydlik durur

 

Bakı şəhəri Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin psixoloqu Nərminə İsmayılzadə uşaqlarla işləməyi çox sevdiyini, onların saf və təmiz dünyaları ilə daha yaxından tanış olmağın ona xüsusi zövq verdiyini söyləyir: “Bilirsiniz, bütün psixoloji problemlərin təməlində sevgisizlik və laqeydlik durur. Uşaqları qeyri-şərtsiz sevmək lazımdır və onlara bir şəxsiyyət olaraq dəyər verilməlidir. Və biz məktəb mühitində də, ilk növbədə, şagirdlərimizə bu cür yanaşırıq.

 

Məktəb mühitində aparılan psixoloji xidmət işi psixodiaqnostika, psixokonsultasiya, psixokorreksiya, psixoloji maarifləndirmə işlərini əhatə edir. İlk olaraq onu deyim ki, məktəbin şagirdlərin bir şəxsiyyət olaraq formalaşmasında, nəzəri biliklərə, təhsil və təlim prosesinə yiyələnmələrində böyük rolu var. Bütün bu proseslərin yerinə yetirilməsi zamanı isə sağlam psixoloji mühitin yaradılması mütləqdir”.

 

Məktəblərində 1135 şagirdin təhsil aldığını, onlardan 541-nin qız, 594-nün oğlan olduğunu deyən psixoloq vaxtaşırı şagirdlərlə psixoloji söhbətlər etdiyini deyir. Zərurət yarandığı təqdirdə risk qrupuna daxil olan uşaqların qabaqcadan müəyyənləşdirildiyini və onların hər birinə fərdi qaydada daha həssas yanaşdığını, problemlərinin həlli ilə bağlı müəyyən işlər həyata keçirdiyini söyləyir. Nərminə müəllim davamlı olaraq müxtəlif təlim, seminar və konfranslarda iştirak etdiyini və bunun mütləq olaraq peşə fəaliyyətində əhəmiyyətli olduğunu, təlimlərdə qazandığı bilgilərinin uşaq psixologiyasının daha yaxşı öyrənilməsində, onlarla psixoloji xidmətin təşkilində əhəmiyyətli rol oynadığını vurğulayır.

 

Məktəblərində sağlam psixoloji mühitin yaradılmasında direktor Könül Təhməzovanın rolunu xüsusi qeyd edən psixoloq vaxtaşırı valideynlərlə, müəllimlərlə görüşlərin keçirildiyini, siniflər üzrə şagirdlərin psixoloji durumu, yaş xüsusiyyətləri nəzərə alınmaqla mövcud vəziyyətin təhlil olunduğunu və bir sıra tövsiyələrin verildiyini deyir: “Fəaliyyətim zamanı şagirdlərin yaş xüsusiyyətlərini, yaşları ilə bağlı davranışlarında yaranan fərqlilikləri, ailə mühitinin onların psixoloji durumuna, rəftar və davranışlarına təsirini, bir sıra özəlliklərini nəzərə alıram. Hər bir uşaq kiçik bir dünyadır. Onların zəngin daxili dünyalarına yol tapmaq, güvənini qazana bilmək psixoloq üçün ən vacib şərtlərdən biridir. Məktəb psixoloqu kimi yeniyetmələrin keçid dönəmlərində problemlərinin qarşısını ala bilmək üçün onlarla mütəmadi qrup terapiyaları, fərdi görüşlər keçirirəm”.Nərminə müəllim məktəbdə yaradılan sağlam psixoloji mühitin təməl prinsiplərindən birinin valideyn-müəllim əməkdaşlığının düzgün qurulması olduğunu deyərək, bu əməkdaşlığın şagirdlərin təhsil prosesinə qarşı marağının artmasına, daxili məsuliyyət hissinin formalaşmasına və möhkəmlənməsinə səbəb olan amillərdən biri olduğunu vurğulayır: “Hər hansı bir problemin vaxtında aşkarlanması onun həllini asanlaşdırır. Belə ki, valideynləri məktəbə cəlb etməklə, maarifləndirici söhbətlər keçirməklə əslində onlara övladlarına qarşı düzgün yanaşma haqqında bilgi əldə etmələrinə yardımçı olmağa çalışırıq. Bundan başqa, fənn müəllimləri və sinif rəhbərləri ilə görüşlər təşkil edir, müxtəlif siniflərdə təhsil alan şagirdlərin bir-birinə qarşı münasibətini araşdırır, onlarla “Anonim sorğular” da keçirirəm. Bütün bunlar, eyni zamanda şagirdlərin bilik və bacarıqlarına da birbaşa təsir edən faktorlardır. Düşünürəm ki, düzgün qurulan valideyn-müəllim-psixoloq əməkdaşlığının nəticəsində bir çox problemlərin dərinləşməsinin qarşısını almaq mümkündür”.

 

Nərminə müəllim bildirir ki, yeniyetməlik həm fizioloji, həm də psixoloji cəhətdən çətin bir dövrdür. Qızlarda və oğlanlarda fərqli təzahür edir.Yeniyetməlik dövrünə qədəm qoyan qızlarda fizioloji dəyişikliklərlə əlaqəli utanc hissi, komplekslər, özünü ifadə etmədə çətinlik, qapalılıq əmələ gələ bilər. Oğlanlarda isə öz “mən”lərini təsdiq etmək, özünü kollektivə qəbul etdirmək, böyükləri yamsılamaq, həmçinin zərərli vərdişlərə meyl etməklə özünü göstərir. Əgər bir yeniyetmə ailədaxili şiddətə, ata-ana arasında münasibət gərginliyinə məruz qalırsa, bu onun düşüncə və hisslərinə sirayət etmış olur. Belə bir həssas dönəmi xüsusən nəzarətdə saxlamaq üçün qızlar və oğlanlarla ayrı-ayrılıqda məktəbdə psixoloji konsultasiyalar keçirilir. Bir yeniyetmə üçün fikir və düşüncələrinin dinlənilməsi, eşidilməsi çox önəmlidir: “Zərurət yarandıqda valideynlərimizə məktəb psixoloqu kimi onların övladları ilə apardığımız işlərin daha səmərəli nəticə verməsi üçün klinik psixoloqdan yardım istəmələrini də tövsiyə edirik”.

 

“Çalışırıq ki, uşaq və yeniyetmələrin problemlərinin həllinə yardımçı olaq”

 

Bakı şəhəri  251 nömrəli tam orta məktəbin psixoloqu  Sevinc Qənbərli təcrübəsinə əsasən deyir ki, şagirdlərdə qarşılaşdığı problemlərin müxtəlifliyini nəzərə alsaq oğlan şagirdlərlə işləmək daha çətindir. Məktəb psixoloqu olaraq istənilən mövzuda şagirdləri dinləyib onların problemləri ilə yaxından maraqlandığını, ən çox qarşılaşdığı hallardan birinin də oğlan şagirdlərinin bir çox mövzularda fikirlərini çatdırmaqda çətinlik çəkdiklərini bildirir: “Əsasən bu hal yeniyetməlik dönəminə keçmiş oğlan şagirdlərdə görülür. Çünki çox vaxt atalar böyüməkdə olan oğulları ilə hansı istiqamətdə söhbətlər aparacaqlarını və yaranmış problemlərdə ona necə dəstək olacaqlarını bilmirlər. Fikrimcə, bu hallar məktəblərdə kişi psixoloqlara da tələbin artdığını göstərməkdədir”.Sevinc müəllim bu gün ümumtəhsil müəssisələrimizdə yetəri qədər bütün qüvvəsi ilə çalışan məktəb psixoloqlarının olduğunu söyləyir: “Bizim işimizin çətinlik doğuran tərəfləri də var. Məktəblərdə şagird çoxluğu və hər 1000 nəfərlə 1 psixoloqun işləməsini işimizin ən məsuliyyətli tərəfi kimi görə bilərik. Elm və təhsil nazirinin qeyd etdiyi kimi, məktəb psixoloqu terapiya aparan şəxs deyil. Əfsuslar olsun ki, bəzən həm valideynlər, həm də müəllimlər məsuliyyətli şəxs kimi bizə müraciət edirlər.

 

Kifayət qədər geniş şagird kontingenti, valideyn və müəllimlərlə çalışmaq həm fiziki güc tələb edən, həm də məsuliyyətli işdir. Məktəb psixoloqunun həyata keçirdiyi profilaktik, diaqnostik, konsultativ və korreksiya işlərini diqqətlə incələsək görərik ki, bütün bu işlərdə praktik psixoloq dəqiqliyi var. Çünki biz bu işləri nəzəri yox, həm də praktik formada şagirdlərə tətbiq edirik. Əgər mən problem müəyyən etdiyim şagirdin həm valideyni, həm müəllimi, həm də çevrəsindəki şagird qrupu ilə müəyyən iş həyata keçirib və müsbət nəticə görürəmsə, düşünürəm ki, bu, məktəb psixoloqu kimi öz işimin öhdəsindən layiqincə gəlməyimin göstəricisidir”.

 

Sevinc müəllim deyir ki, valideynlərlə görüşlər çox mürəkkəb iş olub, həssaslıq tələb etdiyindən onlardan tez-tez müsbət geri dönüşlər alır. Bəzən isə onların tələb dolu baxışları ilə qarşılaşır: “Aydındır ki, valideyn çıxılmaz vəziyyətdədir. Bizim isə borcumuz onu maarifləndirməkdir”.

 

İl ərzində “Narkomaniya, zərərli vərdişlər, məişət zorakılığı”, “Bullinq və ondan qorunmağın yolları”, “Reproduktiv sağlamlıq”, “Dostluq və yoldaşlıq”, “Şagird davranış qaydaları”, “Peşə seçiminə dəstək” və s. kimi vacib mövzularda valideyn-şagird-müəllim heyətləri ilə aparılan həm diaqnostik, konsultativ, profilaktik, həm də korreksiyon tədbirlərin məsuliyyətini yetərincə qəbul edən məktəb psixoloqu olaraq cəmiyyətdən gözlədiyimiz işimizin vacibliyini qəbul edib bizə dəstək olmalarıdır”.

 

Məktəb psixoloqu və “Məktəblinin dostu”nun fəaliyyətində müəyyən bir əlaqələndirmə olarsa...

 

Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya elmləri doktoru Elxan Bəylərovun sözlərinə görə, müasir təhsilin keyfiyyət və səmərəlilik məsələsi sağlam psixoloji mühit amili ilə sıx əlaqədədir. Təhsil müəssisəsində psixoloji xidmətin müasir tələblər səviyyəsində təşkili həmişə aktualdır.
Elxan müəllim bildirir ki, məktəbdə şagird sayına uyğun psixoloq sayının artırılması özlüyündə müsbət haldır və gələcəkdə 500-700 şagirdə 1 psixoloq nisbətinə nail olunarsa, daha yaxşı olar. Lakin psixoloq-şagird nisbətinin mexaniki olaraq artırılması heç də işin keyfiyyətinin də bu nisbətdə yaxşılaşacağı anlamına gəlmir. Məktəbdə 1 psixoloq olsa belə, onun statusunun səviyyəsi, onun fəaliyyəti üçün yaradılan imkanlar - metodiki baza, metodikaların tətbiqinə hüquqi əsas verən sertifikatlaşdırma imkanının olması, iş şəraiti, fəaliyyət müstəqilliyi, peşəkar inkişafını təmin edən vasitələrin mövcudluğu, onun fəaliyyətinə dəstək göstərən strukturun olması və s. mühüm amillərdəndir.

 

Məktəb psixoloqunun fəaliyyəti əsasən, məktəbdə təhsil mühitinin sağlamlaşdırılmasına, dərs prosesində şagirdlərin məzmunu mənimsəməsinin asanlaşdırılmasına, müəllim-şagird, şagird-şagird, müəllim-müəllim, müəllim-valideyn, təhsilə münasibətlə bağlı valideyn-övlad münasibətlərinin ahəngdarlığına istiqamətlənməlidir.

 

Ümumiyyətlə, məktəb psixoloqunun fəaliyyətinin təşkili və tənzimlənməsi üçün konkret əsasnamənin olması, həftəlik iş saatlarının, psixoloqun dərslərdə iştirakı, şagirdlərlə işləmək vaxtının müəyyənləşdirilməsi, hər yaş qrupu üçün metodikalar toplusunun olması, fəaliyyəti dəyərləndirən meyarların formalaşdırılması, dəstək və monitorinq sisteminin təmin edilməsi və s. zəruridir.    

 

Məktəb psixoloqlarının fəaliyyətini dəstəkləyən, əlaqələndirən və tənzimləyən vahid və ya regional mərkəzlərin olmasına ehtiyac hiss edilməkdədir. Xüsusi hallarda məktəb psixoloqlarının ehtiyacı olan şəxsləri-diaqnostika, korreksiya, reabilitasiya üçün yönəldə biləcəkləri psixoloji xidmət strukturunun təşkili də nəzərdən keçirilə bilər.

 

Elxan müəllim bu gün Elm və Təhsil Nazirliyinin ən maraqlı layihələrindən biri olan “Məktəblinini dostu” nun fəaliyyətinin müəyyən qədər məktəb psixoloqlarının fəaliyyəti ilə kəsişdiyini qeyd edir: “Daha yaxşı olar ki, məktəblinin dostları və məktəb psixoloqunun fəaliyyətində müəyyən bir əlaqələndirmə olsun. Çünki bu fəaliyyətlər əlaqələnərsə, nəticəsi şagirdin, məktəbin və məktəbdə psixoloji mühitin sağlamlaşmasına xidmət etmiş olar”.

 

Məktəb-şagird-valideyn üçbucağı qurulub

 

Bakı şəhəri Namiq Fərəczadə adına 100 nömrəli tam orta məktəbin 21 illik psixoloqu təcrübəsi olan Təranə Vəliyeva da hesab edir ki, şagirdlərdə inam və etibar qazanmaq ən mühüm şərtdir: “Uzun illərin təcrübəsinə əsasən deyə bilərəm ki, şagirdlərlə səmimi münasibət qurduqda, onlarda inam yaranır. Yeniyetmə yaş dövrü senzitiv yaş dövrüdür. Əsasən bu, ailədə ünsiyyətin az olduğu, natamam və boşanmış ailədən gələn yeniyetmələrdə daha çox problemlər yaradır. Yeniyetmə yaş dövrü ilə əlaqədar onların öz həmyaşıdları arasında “özünü təsdiq” ilə əlaqədar zərərli vərdişlərə maraq, qızlarda isə digər cinsin nümayəndələrinə maraq göstərmələr müəyyən problemlər ortaya çıxarır”.

 

Risk qrupuna daxil olan şagirdləri uzun müddətli müşahidələr, sinif rəhbərləri tərəfindən verilən yazılı məlumatlar, siniflə aparılan testlər nəticəsində müəyyən edildiyini deyən psixoloq onların valideynlərini məktəbə dəvət edərək, övladı haqqında çox ehtiyatla məlumatlandırıldığını və məhz bundan sonra bir sıra psixoloji işlərin aparıldığını bildirir: “Əgər rəhbərlik, psixoloq, müəllim, şagirdləri üçün narahatdırsa, sağlam psixoloji mühit yaratmağa çalışırlarsa artıq burada məktəb-şagird-valideyn üçbucaqı qurulub. Sinif rəhbərlərinin öz işinə məsuliyyətlə yanaşması, mütəmadi valideynlərlə əlaqə üçbucağın düzgün qurulmasına zəmin yaradır. Biz məktəb psixoloqları bəzən şagirdlərimizi psixoloji anlamda onların valideynlərindən daha yaxşı tanıyır, nə hiss etdiklərini daha yaxşı duyuruq. Onlarla mütəmadi olaraq psixoloji söhbətlər aparır və bunun müsbət nəticələrini də görürük”.

 

Təranə müəllim valideynlərə səbirli olmağı, övladlarına qarşı daha diqqətli və həssaslıq nümayiş etdirmələrini, fikirlərinə hörmətlə yanaşmağı, onlarla dost münasibətləri qurmağı tövsiyə edir. 

 

Hər kəs özlüyündə haqlıdır...

 

Bəli, bu yazımızda müəyyən məsələlərə aydınlıq gətirməyə çalışdıq. Gəldiyimiz qənaətə əsasən deyə bilərik ki, əslində bu gün məktəblərimizdə öz işinə peşəkar yanaşan psixoloqlarımız kifayət qədərdir. Onlar məktəblərdə psixoloji xidməti müəyyən olunmuş qaydalar və meyarlar əsasında göstərirlər. Fikrimizcə, məsuliyyətin bölüşdürülməsi və birgə iş sayəsində uşaq və yeniyetmələrimizi psixoji baxımdan daha sağlam, yüksək motivasiyası olan gənclər olaraq formalaşdıra bilərik.

0 0

Şərhlər

Oxşar xəbərlər