Azərbaycan xalqının Ümummilli Lideri Heydər
1-05-2023, 08:59
323

Azərbaycan xalqının Ümummilli Lideri Heydər

TehsilForumu.Az təqdim edir.

Bildiyimizkimi, 2023-cü il Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli” elan edilmişdir. Bu münasibətlə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyir: “Hər bir azərbaycanlı
Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı sərəncamını böyük razılıqla qarşılayıb. Əslində isə, Azərbaycanda hər il “Heydər
Əliyev İli” sayıla bilər. Heydər Əliyev hər gün xatırlanır, hər gün anılır. Çünki daim bizimlədir, daim onun yaratdıqlarından bəhrələnir, qurduğu yeni Azərbaycanda yaşayır, müəyyən etdiyi siyasi kursla dönmədən irəliləyirik. Ulu Öndər Heydər Əliyev hansı ictimai-iqtisadi formasiyada yaşamasından, hansı vəzifə tutmasından asılı olmayaraq daim ölkəsi, xalqı üçün, Azərbaycanın indisi və gələcəyi üçün nəyi bacarıbsa, onu da edib”.
Ulu Öndər dövlətçilik tariximizdə əbədi iz qoyan dahi şəxsiyyət, siyasi xadimdir. O, bütün həyatını xalqın rifahının yüksəldilməsinə, qüdrətli Azərbaycanın yaradılmasına, hər bir sahədə mədəni-mənəvi inkişafa nail olmağa həsr etmişdir. Ona görə də Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən bütövlükdə xalq daim ona arxalanmış, öz dəstəyini hiss etdirmişdir. “Vətənə məhəbbət, xalqa məhəbbət mənim beynimdədir, qanımdadır, bütün varlığımdadır. Heç nə, heç kim, heç bir qüvvə bu məhəbbəti məndən ala bilməz”- deyən H.Əliyevin vətən və xalq qarşısındakı xidmətləri əvəzolunmazdır. Məhz onun sayəsində Azərbaycanda müstəqil dövlət təsisatları qurulmuş, beynəlxalq normalara dayanan demokratik, hüquqi dövlət yaranmış, ilk dəfə Milli Konstitusiyamız qəbul olunmuş, milli, mənəvi və əxlaqi dəyərlərimiz ümumbəşəri ideyalarla əhatə olunaraq qorunub saxlanmışdır. Göründüyü kimi, H.Əliyev sözün əsl mənasında, hər sahədə ölkəmizin tərəqqisinə, yüksəlişinə, mədəniyyətimizin zənginləşməsinə nail olmuşdur. Professor Fərhad Bədəlbəyli Ulu
Öndər haqqında məruzəsində qeyd edir: “Ulu Öndər tarixin Azərbaycan xalqına bəxş etdiyi dahi şəxsiyyət, fenomen insan, böyük zəka sahibi kimi əbədiyaşardır. Heydər
Əliyev müasir Azərbaycanın qurucusu, parlaq ideyaları ilə xalqımızın, millətimizin yoluna nur saçan dahi siyasətçi və dövlət xadimi, vətəndaşlıq rəmzidir. Onun dühası ilə Azərbaycanda iqtisadi və mədəni yüksəliş həyata keçirilmiş, xalqımız Azərbaycançılıq ideyaları ilə sıx birləşmişdir”.
H.Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlər tək iqtisadi-siyasi yüksəliş, təsərrüfatın müxtəlif sahələrində irəliləyişin əldə olunması kimi deyil, eyni zamanda elmin, təhsilin tərəqqisi dövrü kimi yaddaşlarda iz qoyub. Ulu Öndər hakimiyyətə gəldiyi ilk gündən yaxşı bilirdi ki, cəmiyyətin inkişafına, elmin, mədəniyyətin tərəqqisinə təhsil almadan çatmaq mümkün deyildir. Ona görə də o, bütün fəaliyyəti müddətində bu sahəyə xüsusi diqqət göstərmiş, hər zaman cəmiyyətdə yüksək intellektual təbəqənin formalaşması üçün əlindən gələni əsirgəməmişdir. “Təhsil millətin gələcəyidir”- deyən Heydər Əliyev təhsil sahəsində görülən işləri yüksək qiymətləndirirdi: “Xalqımızın tarixi taleyi elə imkan yaratmışdır ki, ötən yüzillikdə Azərbaycan köhnə dünyadan sürətlə qopmuş, elm, mədəniyyət,təhsil, intibah yolunu tutmuşdur. Kütləvi surətdə savadlanmaq, elmə, mədəniyyətə, təhsilə can atmaq Azərbaycan xalqının mənəviyyatını da, həyat tərzini də dəyişmiş,onu da inkişaf edən dünyaya qovuşdurmuşdur”. Onun hakimiyyətinin ilk mərhələsində şəhər və kəndlərimizdə 770-ə qədər məktəb istifadəyə verilmiş, ali məktəblərin sayı 12-dən 17ə çatdırılmış, təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə kimi artmışdır. Təsadüfi deyildir ki, Cəmşid Naxçıvanski adına hərbi lisey də bu dövrdə yaradılmışdır. Bildiyimiz kimi, ordu quruculuğunda bu məktəbin danılmaz rolu olmuşdur. Dövlətin qarşıya qoyduğu mühüm məsələlərdən biri də məhz gənclərin sağlam ruhlu, yüksək tərbiyəyə malik, savadlı yetişdirilməsidir. Həmin illərdə Ulu Öndər gənclərin respublikada, eyni zamanda xaricdə yüksək səviyyədə təhsil almasına xüsusi yanaşmış, azərbaycanlı gənclərin lazımi peşələrə yiyələnməsi üçün keçmiş SSRİ-nin müxtəlif qabaqcıl universitetlərinə göndərmişdir. “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”.
Heydər Əliyevin qarşıya qoyduğu əsas məsələlərdən biri də azərbaycançılıq məfkurəsinin, milli ruhun yüksəldilməsi, özünüdərkin inkişafı zəminində dövlətçilik ənənələrinin güclənməsi, milli ruhlu ziyalı təbəqəsinin formalaşması olmuşdur. Ulu Öndər deyirdi ki, milli azadlığa nail olmaq üçün xüsusən xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Hakimiyyətinin birinci mərhələsində özünün idarəçilik bacarığı, iradəsi və vətənpərvərliyi sayəsində respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük uğurlar əldə etmişdir. Azadlıq və müstəqillik ideyalarının milli düşüncədə üstün mövqe tutduğu, tarixi gedişatın dəyişildiyi bu mərhələ Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifəsini təşkil edir.
Tarixi təcrübə onu göstərir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onu qazanmaqdan daha çətin və məsuliyyətlidir. Belə halda dövlətin xilası məhz onu idarə edən liderdən asılı olur. Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etsə də, əslində bu, 1993-cü ilə kimi formal xarakter daşımışdır. Dahi rəhbərin həmin ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra Azərbaycanın suverenliyinin təmin olunması daha da surətlənmişdir. Telman Şahbazovun qeydlərinə əsasən, “Ümummilli Lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003-cü illər) xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən
İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun bir daha xalqa mənən bağlılığını və İslami dəyərlərə sədaqətini göstərənparlaq misallardır”. Bu illərdə dövlət başçısı Azərbaycanı yalnız parçalanmaqdan, xarici təsirlərdən qorumaqdan, özbaşınalıqlardan xilas etmədi, eyni zamanda xalqına, millətinə sakit, günü-gündən gözəlləşən firəvan həyat bəxş etmişdir.
Heydər Əliyev müxtəlif tədbirlərdə, yığıncaqlarda iştirak edərək, mədəniyyət və incəsənət xadimləri ilə görüşür, onları dünyagörüşünü, biliyini artırmağa səsləyir, hər sahədə milli düşüncənin təkmilləşməsinə çalışırdı. Onun nəticəsidir ki, ölkənin tanınmış bəstəkarları, musiqiçiləri, şair və yazıçıları dünyanın müxtəlif ölkələrində müsabiqələrə qoşulur, çıxış edirdilər. Sözsüz ki, burada siyasi məqam Azərbaycanı dünyanın dörd bir yanında tanıtmaq idi.
Ulu Öndər öz xalqına, vətəninə məhəbbəti, sonsuz sədaqəti, xeyirxahlığı, uzagörənliyi ilə seçilirdi. Tahir Rzayevin də vurğuladığı kimi, əgər Ulu Öndərin əsrin 70-80-cı illərində qurub yaratdığı, inkişaf etdirilən Azərbaycan olmasaydı bu günümüzün mühüm nailiyyətlərindən danışmaq çətin olardı. Burada Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümummilli Lider haqqında bu sözlərini xatırlatmaq yerinə düşər: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanən müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.
Bu gün Ümumilli Liderin ideyaları onun siyasi varisi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Onun rəhbərliyi altında Azərbaycan 44 günlük müharibə ərzində 30 ildən artıq işğalda olan torpaqlarını azad etdi, bu gün üçrəngli bayrağımız Şuşada, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Laçında, ümumilikdə azad edilmiş bütün torpaqlarımızda dalğalanır.

7 0

Şərhlər

Oxşar xəbərlər