Hər bir xalqın tarixində tarix yaradan şəxsiyyətlər olmuşdur.
1-05-2023, 00:30
556

Hər bir xalqın tarixində tarix yaradan şəxsiyyətlər olmuşdur.

TehsilForumu.Az təqdim edir .

O, şəxslər ki onlar qətiyyət və cəsarət kimi yüksək iradi keyfiyyətlər nümayiş etdirərək vətənin müstəqilliyini qazanmış, mənsub olduqları xalqın tarix səhnəsindən silinməsinə imkan verməmişlər. O, şəxslər ki, onlar vətənin suverenliyi, azadlığı, bütövlüyü üçün bir əsgər kimi silaha sarılaraq xalqı öz ətrafında birləşdirib ölüm-dirim mübarizəsinə başlamışlar. Türkiyədə Mustafa Kamal Atatürk, İranda Xomeyni, Hindistanda Qandi, Azərbaycanda Heydər Əliyev. Bəşər tarixi bu şəxsiyyətlərin öz xalqını, vətənini, ölkəsini xilas etməsinin şahidi olmuşdur. 1923-cü il may ayının 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya göz açmış Heydər Əliyev yaşadığı ömür yolunun hər anını xalqına həsr etmişdir. Dəmiryolçu ailəsində - bəli, xalqın tarix səhnəsindəki mübarizə əzmini əks etdirən görkəmli şəxsiyyətlər hər zaman sadə xalqın içindən, sadə ailələrdən çıxaraq günəş kimi parlayıb ölkənin üstünü almış qara buludların bağrını yarır. Bu gün bizi əhatə edən cəmiyyətimizə, həyatımıza nəzər saldıqda şahidi olarıq ki, elə bir sahə yoxdur ki, vaxtı ilə ümummilli lider Heydər Əliyevin qəbul etdiyi qərarlar, həyata keçirdiyi islahatlar indi bizi əhatə edərək həyatımızı rahatlaşdırmasın. Lap ucqar kəndləri göz önünə gətirək. Bu gün hər bir kəndlinin əkib-becərdiyi torpaq sahəsi ümummilli lider Heydər Əliyevin torpaq islahatı nəticəsində fərdi pay torpağı şəklində bölünmüşdür. O cümlədən bələdiyyə, təhsil, təhlükəsizlik, məhkəmə, icra ümumiyyətlə bütün orqan və strukturlarda biz bu islahatları görə bilərik.
Heydər Əliyevin həyata keçirdiyi ordu quruculuğu, Xüsusi Təyinatlı Qüvvələrin yaradılması, hərbi aviasiya, Hərbi Dəniz Qüvvələri, ümumiyyətlə ordunun bütün sahələrində gənc kadırların hazırlanması II Qarabağ Müharibəsində şanlı qələbəmizi qaçınılmaz etdi.
Heydər Əliyev Azərbaycan Respublikasının Avropa İttifaqı, İslam dünyası ümumiyyətlə dünyaya inteqrasiyasında misilsiz xidmətlər göstərmişdir. Əsrin Müqaviləsi imzalandıqdan sonra Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas mövqedə durmuşdur.
Ümummilli lider Heydər Əliyev hər zaman ümümbəşəri, demokratik dəyərlərə, insanların hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət ayırmışdır. Onun rəhbərliyi ilə qısa zaman içində ümümbəşəri dəyərləri özündə əks etdirən Konstitusiyanın qəbul edilməsini, çox partiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsini, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasını, Azərbaycanda ölüm cəzasının ləğv olunmasını bu diqqətin kiçik bir parçası kimi göstərmək olar.
12 dekabr 2003-cü il tarixində tarix yaradan şəxsiyyətlərdən olan, müasir dövlətçiliyimizin banisi ümummilli liderimiz Heydər Əliyevin həyatla cismani vidalaşdığı gündür. Onun fiziki yoxluğundan neçə illər keçməsinə baxmayaraq Azərbaycan xalqı öz xilaskarını unutmur, daim onu yad edir. Təkcə 12 dekabr günündə deyil, adi vaxtlarda da insanlar Fəxri Xiyabana gedərək dahi rəhbərin məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər.
Bu gün ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun davamçısı olan cənab prezidentimiz İlham Əliyevin siyasi arenada əldə etdiyi uğurlar, davamlı iqtisadi-sosial inkişaf Heydər Əliyev idealının, zamanı qabaqlama müdrüklüyünün bariz göstəricisidir. Dahi rəhbər Heydər Əliyev ömrünün son günlərində, 2003-cü il oktyabr ayının 1-də Azərbaycan xalqına müraciətində İlham Əliyevi nəzərdə tutaraq demişdir : “mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək”. Bəli, tarix yaradan ümummilli liderimiz Heydər Əliyev 17 il zamanı qabaqlamışdı. 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən Müharibəsi ilə dahi rəhbərin illər əvvəl söylədiyi kimi xalqın köməyi , Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, ordumuzun igidliyi sayəsində taleyüklü Qarabağ Müharibəsi şanlı zəfərimizlə başa çatdı.

Aran Regional Təhsil İdarəsi Zərdab Rayon Təhsil Sektoru H. Zərdabi adına Əlvənd kənd tam orta məktəbi  


2 1

Şərhlər

Oxşar xəbərlər