“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə başlanılıb
17-02-2022, 12:29
311

“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə başlanılıb

Fevralın 17-dən etibarən ikinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.

TehsilForumu.Az xəbər verir ki, 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilərlər.

Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitəsilə həyata keçirilir və təqribən 1 ay davam edəcək. Müsabiqə qeydiyyat, onlayn, əyani, yarımfinal və finaldan ibarət olmaqla 5 mərhələdən ibarətdir. 

Qeydiyyat mərhələsində müsabiqədə iştirak etmək hüququna malik olan şəxslər www.yukselish.az rəsmi internet səhifəsində “Şəxsi kabinet” yaratmaqla və qeydiyyat formasını (anketi) doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Müsabiqənin yekunlarına əsasən, “Yüksəliş” qalibi elan olunan 20 iştirakçı birillik idarəçi rəhbərlərin iştirakı ilə mentorluq proqramına qoşulmaq və fərdi inkişaf üçün 20 min manat pul mükafatı qazanmaq imkanı əldə edəcək.

İlk müsabiqədə qeydiyyat üçün 11 min 760 nəfər müraciət edib. Onlardan 9 min 775 nəfər müsabiqəyə qəbul edilib.


Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.


0 0

Şərhlər

Oxşar xəbərlər