“Yüksəliş” müsabiqəsində iştirak etmək üçün 5 mindən çox namizəd qeydiyyatdan keçib
2-03-2022, 06:41
426

“Yüksəliş” müsabiqəsində iştirak etmək üçün 5 mindən çox namizəd qeydiyyatdan keçib

“Yüksəliş” müsabiqəsində iştirak etmək üçün 5 mindən çox namizəd qeydiyyat mərhələsini uğurla tamamlayıb.

TehsilForumu.Az  xəbər verir ki, qeydiyyatdan keçənlərin 23 faizini qadınlar təşkil edir. İqtisadi rayonlar üzrə baxdıqda qeydiyyatdan keçənlərin əsas hissəsi Bakı şəhərinin payına düşür. Qeydiyyat mərhələsində iştirak edənlərin 1/3-i ötən ilin “Yüksəliş” müsabiqəsi iştirakçılarıdır.

Qeyd edək ki, 21–51 yaş arasında olan, ali təhsilli, azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər. “Yüksəliş” müsabiqəsinə qeydiyyat www.yukselish.az saytı vasitəsilə həyata keçirilir. Martın 31-i saat 18:00-da qeydiyyat mərhələsi başa çatacaq. Növbəti mərhələlər barədə məlumat gələcəkdə müsabiqə tərəfindən açıqlanacaq.

Müsabiqənin yekunlarına əsasən, “Yüksəliş” qalibi elan olunan 20 iştirakçı idarəçi rəhbərlərin iştirakı ilə birillik mentorluq proqramına qoşulmaq və fərdi inkişaf üçün 20 min manat pul mükafatı qazanmaq imkanı əldə edəcək.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Xatırladaq ki, fevral ayının 17-dən etibarən müsabiqədə iştirak üçün qeydiyyata start verilib.
0 0

Şərhlər

Oxşar xəbərlər