“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş olub
9-03-2022, 07:33
364

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş olub

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva müsabiqənin qalibləri ilə görüşüb.


TehsilForumu.Az xəbər verir ki, görüşdən əvvəl Fərəh Əliyeva “Yüksəliş” müsabiqəsinin 4 qadın qalibini Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək onlara hədiyyələr təqdim edib.


Humanitar sahədə qaliblərin fikirlərini dinləyən Fərəh Əliyeva onların təhsil və humanitar məsələlərlə bağlı suallarını cavablandırıb. Komitə sədri qaliblərə təqdim olunan 1 illik özünüinkişaf proqramının gedişatı ilə maraqlanıb. Qaliblər hazırda davam edən mentorluq proqramı barədə ətraflı məlumat veriblər. Bundan əlavə, qaliblər dövlət və sosial sahədə öz töhfələrini vermək istədiklərini əlavə ediblər.


Öz növbəsində Fərəh Əliyeva səslənən təklif və fikirlərin gələcəkdə tətbiq olunması üçün qiymətləndirəcəyini qeyd edib.
Son olaraq görüşdə növbəti “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi müzakirə olunub, yeni təkliflər haqqında fikir mübadiləsi aparılıb. Gələcəkdə bu cür görüşlərin mütəmadi təşkil ediləcəyi bildirilib.


Qeyd edək ki, ikinci ildir keçirilən “Yüksəliş” müsabiqəsində 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikası vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilərlər. Qeydiyyat martın 31-dək davam edəcək.


Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitəsilə həyata keçirilir və təqribən 1 ay davam edəcək.


Müsabiqə qeydiyyat, onlayn, əyani, yarımfinal və finaldan ibarət olmaqla 5 mərhələdən ibarətdir.
Müsabiqənin yekunlarına əsasən, “Yüksəliş” qalibi elan olunan 20 iştirakçı idarəçi rəhbərlərin iştirakı ilə birillik mentorluq proqramına qoşulma, fərdi inkişaf üçün 20 min manat pul mükafatı qazanmaq və adlarını kadr ehtiyatı bankına daxil etmək imkanı qazanacaq.


Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
0 0

Şərhlər

Oxşar xəbərlər