44 günlük Vətən Müharibəsindəki Tarixi Zəfərimiz qardaş Türkiyəni Azərbaycan qədər sevindirdi.
26-10-2022, 17:10
636

44 günlük Vətən Müharibəsindəki Tarixi Zəfərimiz qardaş Türkiyəni Azərbaycan qədər sevindirdi.


TehsilFirumu.Az - Oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümü ərəfəsində Zəngilan Beynəlxalq Hava Limanının açılışında qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı xüsusi məna kəsb edən böyük mənəvi-siyasi hadisə oldu. Bu tarixi gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava limanının birgə açılışını etdilər.

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ikinci böyük hava limanın açılışında iştirakı bir daha Türkiyə-Azərbaycan birliyinin, möhtəşəm dostluğunun ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini nümayiş etdirdi. Prezident Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri hər bir Azərbaycan vətəndaşında böyük sevinc hissi yaradır. Ötən il Şuşaya, bu il Zəngilan və Cəbrayıla səfərləri, hər bir səfərin tarixi hadisəyə çevrilməsi Azərbaycan-Türkiyə birliyinə, əlaqələrin inkişafına yeni əlavələr edir. Bugümüzün əsas qürurverici məqamlarından biri budur ki, səfərlər zamanı imzalanan sənədlərin, mətbuata bəyanatların məkanı məhz işğaldan azad edilmiş torpaqlarımızdır. Bu addımların hər biri tarixi Zəfərimizin reallıqlarının dünyaya təqdimatında və qəbulunda Azərbaycanla Türkiyənin birgə fəaliyyətinin göstəricisidir. 

Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycan və Türkiyə uğurla inkişaf edir, bütün sahələrdə əlaqələrin yeni prioritetlər üzrə möhkəmləndirilməsi üçün yeni imkanlar yaranır. 44 günlük Vətən Müharibəsindəki Tarixi Zəfərimiz də qardaş Türkiyəni Azərbaycan qədər sevindirdi. Azərbaycan və Türkiyə bayraqları bütün küçə və meydanlarda qoşa dalğalandı. Azərbaycanın tarixi Zəfərinin dünyaya təqdimatında mühüm rol oynayan Zəfər paradında Prezident İlham Əliyevlə çiyin-çiyinə dayanan Türkiyə Prezidenti çıxışında bəyan etdi ki, Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir”. Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimindən sonra hər iki ölkə başçısının Cəbrayıl şəhərində mətbuata birgə bəyanatında Prezident İlham Əliyev Azərbaycanın Vətən müharibəsindəki inamlı qələbəsinə diqqət çəkərək Zəngilanın azad olunmasından bir neçə gün sonra Qubadlının erməni işğalından azad edildiyini xatırlatdı. 

Məhz bundan sonra Azərbaycan Ordusunun bir hissəsi Laçın, digər bir hissəsi isə Şuşaya istiqamət götürmüşdü. Alınmaz qala sayılan Şuşa noyabrın 8-də erməni işğalından azad edilmiş, şəhərdə Azərbaycan Bayrağı qaldırılmış və bundan sonra Ermənistan təslim olmuşdu. Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, bu şanlı tarix Azərbaycan və Türkiyənin müştərək tarixidir. Çünki İkinci Qarabağ müharibəsi başlanan ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri durdurdu. 

Bu, o deməkdir ki, ölkələrimiz faktiki olaraq hər zaman biri digərinin müdafiəsində durmağa hazır olub”Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycanın rəsmən müttəfiq olduğunu qeyd edən Prezident İlham Əliyev Türkiyə-Azərbaycan birliyini bölgədə çox önəmli bir amil - sülh, sabitlik amili olaraq qiymətləndirdi. Həqiqətən də Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirakı ölkələrimizin regiona sülh mesajı olmaqla yanaşı Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir.

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
0 0

Şərhlər

Oxşar xəbərlər