Başımızın üstündəki torpaq...
18-12-2021, 17:10
845

Başımızın üstündəki torpaq...

Mənim Şuşaya yolum məktəblərdən keçir. Hələ 2000-ci illərin əvvələrindən başlayaraq “Təhsil və zaman” qəzetində “Şuşa təhsili məcburi köçkünlük illərində” adlı rubrika yaratmışdım. Bu rubrika altında yazdığım yazılarda Şuşada təhsil, elm və mədəniyyət tarixi, Şuşanın görkəmli şəxsiyyətləri, elm və sənət xadimlərindən bəhs edirdim.

Eyni zamanda Şuşa təhsilinin ənənələrini, Şuşanın qabaqcıl müəllimlərinin pedaqoji təcrübəsini, Şuşa təhsilinin köçkünlük illərindəki problemlərini qələmə alırdım. “Ustad müəllim” rubrikasındakı ilk yazımı da şuşalı müəllimə həsr etmişdim. Mən Şuşanı, ürəyində onun nisgilini, tarixini, yaxşı və pis günlərinin xatirəsini yaşadan, bu xatirələrlə ovunan şuşalılardan öyrənirdim. Onlar özləri də bir məktəb idilər. Vərəqlədikcə sənə öz möcüzələrindən, sirli-sehirli aləmlərindən bəhs edən məktəb. Şuşa təhsilinin tarixi mənə nələr demirdi...

Azərbaycanın ilk dünyəvi məktəbinin yarandığı Şuşa zəngin təhsil ənənələrimiz üçün təməl olub. Bu gün dünyanın heyranlıqla tamaşa etdiyi mədəni dəyərlərimizin yaranmasına Şuşa öz layiqli töhfəsini verib. Şuşada pedaqoji kadrların hazırlığı işinin də təməli bir əsrə yaxındır ki, qoyulub. Şuşa Müəllimlər Seminariyası Azərbaycan Dövlət Pedaqoji Universitetindən cəmi 1 yaş kiçikdir.

Bu seminayiyanın 85 illiyi münasibətilə məqalə hazırlayarkən onun tarixi ilə bağlı maraqlı nüanslar öyrənmişdim. Bu seminariyada minlərlə müəllim kadrları hazırlanıb Azərbaycanın məktəblərinə göndərilmişdir. Şuşada dövlət məktəbi ilə yanaşı, Gövhər ağanın, Səməd bəy Ağayevin şəxsi məktəbləri də fəaliyyət göstərmişdir.

Vərəqlədiyim kitablardan, dinlədiyim xatirələrdən, bəzən gur, bəzən pıçıltılı səslərdən gözlərim qarşısında, bəlkə də dünyanın heç bir yerində mövcud olmayan rənglərin qarışığından yaranmış bir tablo canlanırdı. Bu tablodan nisgilli bir əsər boylanırdı. Şuşa üçün ağlayan gözlər, şəhid qanları ilə suvarılıb müqəddəsləşmiş torpaq, mənəviyyat abidələrinin narahat ruhları bu tablodan qəlbimə bir ağrı kimi dolurdu... Yadımdadır. 2000-ci ildə Bakıda Akademik Milli Dram Teatrının binasında Şuşanın 250 illik yubileyi qeyd olunurdu. Mən də yubiley mərasiminə jurnalist kimi dəvət olunmuşdum.

Pənahəli xanın təməlini qoyduğu Şuşanın tarixi ilə bağlı həqiqətləri o zaman alimlərin, tədqiqatçıların dilindən bir daha eşitdim və Şuşa ağrısını bütün ruhumla hiss etdim. Yubiley tədbirindən hazırladığım “Şuşanın 250 illik yubileyi Şuşasız qeyd olundu” adlı məqaləm kədər və nisgil ifadəsi idi. Bu gün isə Şuşaya qəlbimizdəki kədər və nisgilə əlvida deyib yollanırıq. Tariximizə, illərdir ki, cismimizdən ayrı düşən ruhumuza qovuşmaq üçün yollanırıq. Qəhrəman Azərbaycan əsgərinin, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi ilə işğaldan azad edlimiş Şuşa bizi doğma ana kimi qoynuna alır... 

Könüllər fatehi...

Şuşa Tanrının yer üzünə əkdiyi dağ-ağacdır. Dünyanın çox yerində dağ başında şəhərlər var. Buludları aşan, səma ilə “öpüşən şəhərlər...” Amma dağ-ağac onunla fərqlidir ki, o, aşıb-daşan bar-bəhəri ilə könüllər fatehinə çevrilə bilib. Bətnindən doğulan möcüzəli səslər, təbiətən yaranan təbiət inciləri, mənəvi dəyərlər, səmadan süzülüb gələn, heç yerdə bənzəri olmayan hava seli, Qırx pilləkan, Xan mağarası, Yeddiqat, Ərimgəldi qayası, Qırxçanaq qala, İsa bulağı, Xan qızı bulağı, Şəkili bulaq, Daşaltı bulağı, Soyuqbulaq, Saxsı bulaq, Səkinə bulağı, İsti bulaq, Çarıx bulaq, Qırx bulaq, Yüzbulaq, Şorbulaq, Dəvəbatıran bulağı Fındıqlı bulağı, Əjdaha bulağı,Turşsu, Şırlan suyu, Topxana meşəsi, torpağına bərəkət verən çayları gözəgörünməz enerjisi ilə dünyanın ürəyinə bənzəyir Şuşa. “Zəfər yolu”na qədəm qoyan kimi sanki qarşında böyük bir ürəyin səni özünə sarı çəkdiyini hiss edirsən. Şuşanın ürək döyüntülərini eşidirsən. Sənə elə gəlir ki, qarşıda səni ruhunun, qəlbinin bir parçası gözləyir. İndi bu yolla şütüyən avtomobillərə heç nə mane olmur. Amma sağımızı, solumuzu əhatə edən boz çöllərdə bir zaman bizi ürəyimizə, ruhumuza qovuşduracaq maneələrin izləri aydın görünür. 30 ildir ki, zorla zəbt olunmuş torpaqlara basdırılmış məftillərin bir hissəsi hələ də qalır. Bu məftillər ruhla cism arasına pərçimlənmişdi. İndi onların izləri qalır və artıq öz əhəmiyyətini itirib. Vətənimizin harasında olursansa ol, “Zəfər yolu” səni Şuşaya qovuşduracaq. 

“Zəfər yolu”nun  “Şah damarı”

Şuşaya doğru gedirik. Hava buludludur. Bir neçə aya inşa edilmiş “Zəfər yolu” ermənilər tərəfindən yerlə yeksan edilmiş kəndlərin, qəsəbələrin viranəlikləri arasından burulub keçir. Bu yol Qarabağa yeni həyat, yeni nəfəs gətirir. Bu torpağın əsil sahiblərinin – Azərbaycanlıların nəfəsi ona toxunduqca abadlaşır, çiçəkləyir, 30 ildə qırışlaşmış alnının qırışı açılır. Adama elə gəlir ki, torpaq sənə gülümsəyir, mən səni sevirəm, sən mənimsən, deyir. Burada qarşımıza çıxan hər ağacın, hər kol-kosun, hər çayın, hər bulağın, göydə uçan quşların, torpaqda eşələnən qarışqaların yaddaşında düşmən işğalının iztirablı günlərinin acısı yaşayır. İnsan öz doğması ilə heç vaxt yadlaşmır. Uzun illər ayrı qalsan da, heç üzünü görməsən də sənə doğma olan insanı görən kimi qanın qaynayır, ürəyin atlanır, gözlərindən özündən asılı olmayaraq sevinc yaşları axır. Torpaq da belədir. O, insanı özünə çəkir, özünə bağlayır. İnsan doğulduğu torpağın istisindən də, soyuğundan da güc alır, ayaqlarını öz doğma torpağına daha bərk basa, onun üzərində daha inamla yeriyə bilir. Yol yoldaşlarımızdan biri, - indi Füzuli şəhərinin mərkəzindən keçdiyimizi söyləyir. Yalnız evlər deyil, daşların da param-parça edildiyi, otlarının, ağaclarının yandırıldığı Füzuli şəhəri erməni vandalizminə açıq-aşkar şahidlik edir. 44 günlük Vətən Müharibəsinin ən sevincli günlərindən birini də Füzulinin azad olunduğu gün yaşamışdıq. Ermənilər dahi şairimiz Füzulinin adını daşıyan bu şəhərin adını Varanda kimi eybəcərləşdirmişdilər. Müzəffər Azərbaycan ordusu bir həmlə ilə Füzulinin tarixini özünə qaytardı. Döyüşdük, şəhidlər verdik, tarixi yurdumuza qovuşduq. Bu gün Füzuli Şuşaya aparan “Zəfər yolu”nun heç zaman ayrılmayacaq bir parçasıdır, onun “şah damarı”dır.
  
Qarşıda Şuşa görünür. 

O mənə başımızın üstündəki torpaq təsiri bağışlayır. Tanrı onu elə bir ucalıqda bərqərar edib ki, ondan ucada daha torpaq olmasın. Və Azərbaycan ərənini də elə xəlq edib ki, o ucalığa ancaq o, ucala bilsin, möcüzə dağların özünə möcüzə dərsi keçsin...

“Zəfər yolu” ilə Şuşaya qalxırıq. Bu yol bizim əsgərlərimiz kimi, məqsədlərimiz kimidir – uca, əzəmətlidir. Bu yolla həyəcansız irəliləmək olmur. Onun hər qarışı Azərbaycan əsgərinin dəmir iradəsini ifadə edir. Şuşa dağları gözlərimiz qarşısında dünyanın ən gözəl və əzəmətli qayaları kimi açılır. Ona doğru getdikcə sanki sən də onun bir parşasına çevrilirsən, qaya, daş olursan, hava, su olursan, Vətən torpağı olub ona qarışırsan. Əsgərlərimizin addım səslərini hiss edirsən, torpağa qarışan şəhid qanı sanki sənin damarlarında axır... Payıza az qalıb. Otlar saralmağa meyllənsə də, çiçəklər, müalicəvi bitkilər hələ də boy verirlər. Sevgi, məhəbbət, torpağa bağlılıq rəmzi olan Xarıbülbül isə gözə dəymir, onu gərək yaza kimi gözləyək. 

Sürücü avtomobili qısa müddətə saxlayır. Düşürük. Şuşanın havası ciyərlərimizə dolur, havası ilə bərabər Şuşanın ruhu da qəlbimizə axır. Daşaltı görünür. Bu kəndin adı qəlbimizdən 30 ildir ki, bir sızıltı kimi keçir. Bu kənd Birinci Qarabağ müharibəsində 100-ə yaxın Azərbaycan əsgərinin şəhidliyinə şahidlik edib. Əsgərlərimizin ruhu dolaşan azad Daşaltı Şuşaya gələnləri salamlayıb başımızın üstündəki müqəddəs torpağa yola salır. Meşənin, çayların səsini eşidirəm. Ağaclar sakit əsən mehdən asta-asta tərpənir. Bu Şuşanın əbədi xüsusiyyətidir. Böyük Kirs, Kiçik Kirs, Sarıbaba, Şiştəpə, Uzunyal, Qızıldaş dağlarından əsən meh Şuşada qovuşaraq ancaq Şuşaya xas olan təbiət möcüzəsi yaradır. Dünyanın heç bir yerində olmayan möcüzə... 

Keçilməz yollar ruhun gücü ilə keçilir

Yollar bir az da sərtləşir. Şuşaya müasir avtomobillə, yeni çəkilmiş asfalt yolla belə qalxmaq asan deyil. Şuşa qayalarına baxıram. Düz yolla qalxmağın çətin olduğu bir şəraitdə Azərbaycan əsgəri Ali Baş Komandanın əmri ilə sıldırım qayaları qollarının, ayaqlarının və bir də ruhunun gücü ilə qalxıb Şuşanı azad etmişdi. Keçilməz yollar ruhun gücü ilə keçilir. Bu ruhu Azərbaycan əsgərinə öz ana torpağını azad etmək eşqi bəxş edirdi. Azərbaycan əsgəri Şuşanın azadlığına nail olmaqla bir həqiqəti də sübut etmişdi: qələbəni qoldakı təpər, ürəkdəki, ruhdakı sarsılmazlıq, tarixə, mənəvi dəyərlərə sevgi ilə qazanmaq mümkündür.
Azərbaycan əsgərlərinin dayandığı postdan keçib Şuşaya daxil oluruq. Yolun sağ tərəfində yüksəklikdə Azərbaycan və Türkiyə dövlətlərinin bayrağı dalğalanır. İki qardaş dövlətin bayrağı Şuşa yazısı fonunda çox əzəmətli görünür. Azərbaycan hökumətinin inşasını yenicə başa çatdırdığı elektrik stansiyasının yanından ötüb keçirik. Bu stansiya Şüşanın bütün ərazisini elektrik enerjisi ilə təmin edəcək və “işıq”, “mənəviyyat” və “mədəniyyət” şəhərində - Şuşada işıqlar heç zaman sönməyəcək, əbədi bərq vuracaq... 

Bəşəriyyətin əvəzolunmaz xəzinəsi

Şuşadayıq. İbrahim Xəlil xanın qızı Ağabəyim ağanın Vətən həsrətli qəzəllərində, Xan qızı Xurşidbanu Natəvanın xeyirxah əməllərində, müdrikanə yaradıcılığında, Molla Pənah Vaqifin xalq ruhundan doğulan poeziyasında, Qasım bəy Zakirin mənzum hekayələrində, realist yaradıcılığında, Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıqcanın, Bülbülün, Məşədi İsinin, Əbdül Baği Zülalovun, Zülfü Adıgözəlovun, Rəşid Behbudovun təkrarsız avazında, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Niyazinin dünyanı dolaşan bəstələrində, təkrarsız nəğmələrində, Yusif Vəzir Çəmənzəminlinin, Nəcəf bəy Vəzirovun, Əhməd bəy Ağaoğlunun, Əbdürrəhim bəy Haqverdiyevin ədəbi əsərlərində, Mir Mövsüm Nəvvabın araşdırmalarında, rəsmlərində, tarixçi Mirzə Camal Cavanşirin, Mirzə Adıgözəl bəyin tədqiqatlarında, Həmidə xanım Cavanşirin maarifçilik əməllərində, Cavad bəy Məlikyeqanovun ictimai-siyasi fəaliyyətində, Lətif Kərimovun ilmələrində əbədiyaşarlıq qazanıb, mədəniyyətimizin və mənəviyyatımızın qibləsinə çevrilib Şuşa. Səsimiz, şeirimiz, musiqimiz, məktəbimiz, sətirlərdə, əsərlərdə, ürəklərdə yaşayan, bütün zamanlarda oxunan kitabımız olub. Yaddaşımıza hopub, əbədi qürur simvolumuz olub. Düşüncəmizdə, təfəkkürümüzdə bir abidə kimi heykəlləşib.

Qanımıza havası, suyu, torpağı, daşı, çiçəyi, otu ilə qarışıb. Mədəniyyət abidələri ilə könülləri heyran qoyub. Yusif Vəzir Çəmənzəminlinin dediyi kimi: “Memarlıq abidələrinin zənginliyinə görə, Şuşa inamla tarixi miras hesab oluna bilər”. Şuşada istehsal olunan şərq musiqi alətləri öz səsi ilə musiqiçiləri, musiqişünasları heyran edib. Şuşanın ruhu zaman-zaman poeziya, musiqi, elm və memarlıq sənətinin vəhdətindən yaranıb. Şuşa bina ediləndən tarixlə müasirliyi canına, ruhuna çəkən şəhər olub. Onun qoynundan pərvazlananlar, onun ədəbi, elmi mühitində formalaşanlar, yalnız Azərbaycan üçün deyil, bəşəriyyət üçün əvəzolunmaz xəzinəyə çevriliblər, Şuşanın şan-şöhrətini dünyaya yayıblar. Rus şairi Sergey Yesenin deyirdi: “Əgər oxumursansa, deməli şuşalı deyilsən”. Xalq şairi Səməd Vurğun isə yazırdı: "...Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət tapmışdır". Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması da onun zəngin mədəniyyət tarixindən qaynaqlanır. Qədim şəhərimizə bu müstəsna statusu bəxş etdiyinə görə cənab prezident İlham Əliyevə ürəyimdə sonsuz minnətdarlıq hissi duyuram.
Şuşa çörəyindən dadmaq...

Şuşadayıq. Erməni vandallarının dağıtdığı, Azərbaycanlıların dişləri, dırnaqları ilə qurub-yaratmağa başladıqları, məğrur başı hər zaman ucalıqda olan Şuşada. Onu onunla dərdləşə-dərdləşə gəzirəm. Ermənilər Şuşanı erməni şəhərinə çevirməyə çalışıblar, amma bunu bacarmayıblar, çünki Şuşa heç vaxt heç bir yada könlünü verməyib. Bu şəhəri dəyişmək, başqalaşdırmaq mümkün deyil, Azərbaycan qanı onun torpağının mayasındadır. Onu ancaq onun əzəli və əbədi sahibləri dirçəldə bilərlər. Necə ki, Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad edildiyi gün deyirdi: “Əziz Şuşa sən azadsan, əziz Şuşa biz səni dirçəldəcəyik!” Bu gün Şuşanın dirçəldilməsini onun hər addımında hiss etmək mümkündür. Şəhər asta-asta nəfəs alır və öz qaynar həyatına qayıdır. Şuşanı məhəllə-məhəllə, küçə-küçə gəzirəm. Həzin Şuşa mehi zamanı əlimdən elə alıb aparır ki, arxasınca baxa-baxa qalıram. Burnuma çörək ətri dolur. Yaxınlaşıram. Çörək bişirilən sexdə növbə ilə qarşılaşıram. Növbə uzundur. Şuşa çörəyindən dadmaq istəyirəm. Ömrümdə ilk dəfədir ki, növbədə dayanmaq məni sıxmır. Əksinə bu növbənin daha da uzun olmasını arzulayıram, təki Şuşanın təndiri hər zaman yanar, çörəyi hər zaman isti olsun...  

Bu sevgi Şuşaya aparan yol idi

Mütəfəkkir şairə, Xan qızı Xurşidbanu Natəvanın, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin, dahi Bülbülün güllələnmiş abidəsini ziyarət edirik. Bu abidələr biz Azərbaycanlılar üçün tariximizin, mədəniyyətimizin qürurlu bir səhifəsidirsə, onlara qarşı törədilənlər ermənilər üçün utanc və vandallıq nümunəsidir. Dünya bilir ki, erməni vəhşiliyi canlı insana olduğu kimi, heykəllərə qarşı da özünü qəddarcasına biruzə verir. Mənəvi dəyərlərə güllə atmaq olar, amma onu öldürmək olmaz. Çünki o xalqın yaddaşında, ruhunda, qanında yaşayır. Şuşa məktəblərində iştirak etdiyim tədbirlərdə şagirdlərin ifasında səslənən şeirləri, nümayiş olunan əl işlərini, rəsmləri xatırlayıram. Balaca fidanların ürəyində yaşayırdı Şuşa sevgisi hər zaman. Bu sevgi Şuşaya aparan yol idi... Əslində bizim hər birimizin qəlbində düşmən tapdağı altında olan, əzilən, istismar edilən torpaqlarımızın bir abidəsi yaranmışdı. Bu abidədə Azərbaycan əsgəri Qarabağda qürurla addımlayırdı.  
 
Cıdır düzünə qalxırıq. Adama elə gəlir ki, buradan bütün Azərbaycanı görürsən və Azərbaycan da səni görür. Sərt sıldırım qayalar insanda vahimə oyadır. Aşağıda görünən Daşaltı çayı sanki bir cığır kimi uzanıb gedir. Yaşıllıqlar arasında gah görünür, gah da yerini göy otlara, ağaclara təslim edib görünməz olur. Bəzən də vadidə görünən ağaclar və dərədə axan çayla qarşımızı buludlar kəsir. Qanad çalıb buludların üzərində uçmaq keçir adamın könlündən. Sıldırım qayalar Şuşanı fəth etmək üçün Azərbaycan əsgərinin qarşısında maneə ola bilməyib. Əksinə ərənlərimizi arzularına aparan yollarda bir körpü rolunu oynayıb. Şəhidlərimizin ruhu can verib bu qayalara. Şuşanı bu sıldırım qayaları aşaraq fəth etmək insan gücünün hüdudsuzluq nümunəsidir.
Yurda istiliyi doğma insanlar gətirir

Şuşada erməni vandallığının bir nümunəsi də Cıdır düzünün yanındakı “Cıdır düzü” qəbiristanlığıdır. Kol-kosla əhatələnmiş məzarların arasında addımlayıram. Qəbirlər darmadağın edilib. Qəbiristanlıqda dəfn olunmuş birinci Qarabağ müharibəsi şəhidlərinin məzarları da yerlə yeksan edilib. Sanki burada heç Şəhidlər xiyabanı olmayıb. Qəbristanlıq vaxtilə şəhərin ən uca yerində salınıb. Şuşada aparılan abadlıq işlərinin tezliklə bu məzarlığa da çatacağına şübhə yoxdur. Məzarlıqdan Şuşa dağlarına, Xankəndiyə mənzərə açılır. Bir qədər aşağıda isə Molla Pənah Vaqifin məqbərəsi ucalır. İndi məqbərəyə aparan yol yeni salınmış gül-çiçək kollarının arasından keçir. Azərbaycanlıların nəfəsi toxunduqdan sonra məqbərə öz əvvəlki görkəminə qayıdıb. Bu günlərdə keçirilən Vaqif poeziya günləri Şuşanın poetik, romantik ruhunu yenidən özünə bəxş edib. Şuşa poeziya çələnginə bələnib. Şuşanın zahiri ilə bərabər ruhu da dirçəlir. Yurda istiliyi doğma insanlar gətirir. Şəhərdə aparılan abadlıq işləri insan ürəyini fərəh hissi ilə doldurur. Dahi Bülbülün ev muzeyi qapılarını üzümüzə açıb. “Xarıbülbül”, “Qarabağ” otellərinin qarşısındakı qələbəliyi, yeni su, elektrik xətlərinin çəkildiyini, yeni yaşayış binalarının tikildiyini, bir sözlə infrastrukturun bərpa edildiyini görmək böyük xoşbəxtlikdir. Şuşada mövcud olan 200-dək tarixi abidə bərpa olunacaq. Tezliklə məktəb binası da Şuşa təhsilinin ənənələrini bərpa etmək, yeni səhifələr yaratmaq üşün fəaliyyətə başlayacaq. Bütün işlər müasir şəhərsalma tələbləri, eləcə də Şuşanın tarixi memarlıq üslubu, relyefi, yaşıllıqların qorunub saxlanılması nəzərə alınaraq həyata keçirilir.  

Vaqifin əbədiyyət evindən çıxıb Yuxarı Gövhər ağa – Şuşa Cümə məscidinə gedirik. Gövhər ağa məscidi Şuşanın ruhunu yaradan, onun tarixinə şahidlik, gələcəyinə bələdlilik edən mənəviyyat abidələrindən biridir. Onun qəribə mühiti var. Bu məsciddə Pənahəli xanın, İbrahimxəlil xanın, Gövhər ağanın, memar Kərbəlayi Səfixan Qarabağinin izini, səsini, sədasını duyursan. O, səssiz danışan daş kitabədir. İnsan onu seyr etdikcə Şuşa ilə bağlı hər şeyin sənə bəlli olduğunu zənn edir. Yol yoldaşlarımızın bəziləri məsciddə namaz qılırlar. Erməni işğalından azad edildikdən sonra əsgərlərimizin minarədən səsləndirdikləri azan səsini dinləyirəm sanki. O zamandan harada azan səsi eşidirmsə elə bilirəm Şuşadan gəlir. Şuşada inşa ediləcək yeni məscid binası Azərbaycanın mənəvi abidələrinin sırasına bir ünvan da yazacaq. Bu məscid həm də Zəfər tariximizin simvollarından birinə çevriləcək. 

Axşamüstüdür. Şuşadan ayrılmaq zamanı gəlir. Yeddiqat bizi “Göyün yeddinci qatından” aşağı endirir. Başımızın üstündəki torpaq arxamızca əl yelləyir, yolumuz aydın olsun, tezliklə qayıdaq deyə keçdiyimiz yola su çiləyir. Narın yağış yağır. Bu da xeyrədir. Şuşaya səmadan nur ələnir. Astaca pıçıldayıram: “Salamat qal Şuşa, tezliklə yenidən görüşənədək...”  

Böyükağa MİKAYLLI,
Bakı – Şuşa - Bakı


0 1

Şərhlər

Oxşar xəbərlər