44 günlük Zəfər savaşımızda qələbə qazandıran  Ali Baş Komandanımız Doğum gününüzü təbrik edirik
23-12-2021, 18:47
552

44 günlük Zəfər savaşımızda qələbə qazandıran Ali Baş Komandanımız Doğum gününüzü təbrik edirik

Dünyanın nüfuzlu siyasətçisi və Dövlət başçısı, tanınmış diplomat və müzəffər Ali Baş komandan

Prezident İlham Əliyev adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran bir lider, bütün addımlarında Azərbaycanın, xalqın milli maraqlarını ən yüksədə tutaraq xalqın böyük sevigisini qazanmış bir dövlət başçısıdır. 

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.

1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. 

Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

Bu səbəbdən də 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanıb və ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti olub. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq dördüncü dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.Prezidentliyin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı.

Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 18 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.


Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub.Cənab İlham Əliyev Prezident seçildiyi dövrdə ölkəmizin qarşısında həllini gözləyən çox mühüm və mürəkkəb məsələlər dayanırdı. demək olar ki, bütün sahələrdə əməli işlərin görülməsinə, uzun zamandan yığıb qalan problemnlərin həllinə ehtiyac var idi. İqtisadi inkişafın təmin edilməsi, işsizliyin, yoxsulluğun aradan qaldırılması, çadır şəhərciklərinin ləğvi, infrastruktur layihələrinin həyata keçirilməsi, regionların inkişafı, insanlarımızın sosial müdafiəsinin gücləndirilməsi, ordu quruculuğu, ələxsus torpaqlarımızın işğaldan azad edilməsi və digər çoxlu sayda məsələlər öz həllini gözləyirdi. Prezident İlham Əliyev ilk gündən əməli fəaliyyətə başlayaraq möhkəm iradə ortaya qoydu, qarşıda duran məsələlərın çözülməsi istiqamətində mühüm işlər görülməyə başlandı.

2013-cü ildə ulu öndər Heydər Əliyevin siyasətinə və dövlətçiliyimizi ulu öndərimizin müəyyən etdiyi siyasi kursa söykənərək daha yüksək zirvələrə qaldırmaq üçün cənab Prezident İlham Əliyev olduqca çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. O zaman kifayət qədər mürəkkəb bir dövr idi, Azərbaycan dövləti ulu öndərimiz tərəfindən qurulub möhkəmlənmişdi, lakin hələ onun güclənməsinə müəyyən qədər vaxt lazım idi. Eyni zamanda qarşıda beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq, həm də ölkə daxilində mövqeləri daha da gücləndirmək və ulu öndərin zamanında olduğu kimi sonrakı illərdə də xalqımızın inam və etimadını qazanmaq kimi çətin vəzifə duran vaxtda, qısa zaman kəsiyində 42 yaşlı, lakin siyasətdə kifayət qədər yetkinləşmiş, müdrikləşmiş və əhəmiyyətli yerə sahib olan İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəlişi ilə Azərbaycan dövləti üçün yeni səhifə açdı. Bu səhifə Azərbaycanı regionun lider dövlətinə çevirmək, onun beynəlxalq nüfuzunu artırmaq, dövlətimizi gücləndirmək və onu daha da qüdrətli etmək kimi vəzifələri həyata keçirməyə başladı. Dərhal ciddi əhəmiyyət daşıyan proqramlara imza atdı, struktur dəyişiklikləri apardı, eyni zamanda əsası ulu öndərimiz tərəfindən qoyulan neft strategiyasının beynəlxalq səviyyədə uğurlu gedişini təmin etmək üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinin başa çatması və istifadəyə verilməsi kimi bir vəzifənin yerinə yetirilməsi ilə əslində, Azərbaycana xarici valyutanın axınını təmin etdi, həmçinin Avropanın ən etibarlı partnyorlarından birinə çevrildi. Bu tərəfdaşlıq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox önəmli rol oynadı.

Ordu quruculuğu ən çox zaman aparan və daha çox diqqət ayrılmasına ehtiyac duyulan və yaradılması son dərəcə mürəkkəb olan bir prosesdir. 2003-cü ildən sonra İlham Əliyevin Prezident olaraq ən çox diqqət yetirdiyi sahə ordu quruculuğu idi. Baxmayaraq ki, bizə qarşı ciddi maneələr var idi, baxmayaraq ki, ordunu qurmaq, onu möhkəmləndirmək üçün ən müxtəlif şəkildə maneçiliklər törədilirdi. Həm daxili anti-milli qüvvələr tərəfindən, həm də ayrı-ayrı dövlətlərin maraqları çərçivəsində onların ordumuzun inkişafına mane olmaq üçün etdikləri cəhdlərə baxmayaraq 18 il ərazində dünyanın 50 ən güclü ordusundan biri olan müasir Azərbaycan Ordusu formalaşdırıldı. 2020-ci ildə 44 günlük Zəfər savaşımızda Ali Baş Komandanımız, müzəffər sərkərdəmiz, xilaskar Prezidentimiz dünya hərb tarixinə yeniliklər gətirdi. İndi Azərbaycanın 44 günlük savaşı dünyanın hətta ən inkişaf etmiş ölkələri tərəfindən öyrənilməkdədir və bu savaşın ayrı-ayrı detalları diqqətə alınmaqda və dərsliklərə saxlınmaqdadır. Azərbaycan bu gün dünyanın ən güclü orduları sıralarında ən yüksək yerlərdən birini tutur. Bütün bunlar Ali Baş Komandanın uğurlu siyasəti və sərkərdəlik məharəti ilə reallaşa bildi.Bu gün Azərbaycanın ən böyük uğuru 2018-ci ildən başlamış olan və cəmiyyətin bütün təbəqələrini əhatə edən, dərin və geniş xarakter daşıyan islahatların vermiş olduğu bəhrələrdir. Bu, Azərbaycanı yaxın zaman kəsiyində daha ciddi mərhələyə, uğurları özündə ehtiva edən bir mərhələyə çıxaracaq. Biz bu yolla artıq gedirik, qarşımızdakı ən böyük maneə işğalda olan torpaqlarımızın azad edilməsi idi ki, bu da həyata keçirildi. Bundan sonra da biz dövlətimizlə, cənab Prezidentimizlə bərabər olmalı, bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşməliyik. Bütün potensialımızı Azərbaycan dövlətinin güclənməsinə və xalqımızın həyat səviyyəsinin yüksəldilməsinə səfərbər etməliyik və bu istiqamətdə hər birimiz öz töhfəmizi verməliyik.

Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.Bu gün ölkəmizin uğurlu inkişafı prezident İlham Əliyev tərəfindən əminliklə davam etdirilir. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən cənab İlham Əliyev ötən 18 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilmişdir. Ötən 18 ilin reallıqları Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilmişdir. 

Praqmatik lider, Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətinin zirvəsi – Qarabağ Azərbaycandır!


Quba rayonu Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəbin ibtidai sinif müəllimi Nigar Müəllimə Məmmədova.
0 0

Şərhlər

Oxşar xəbərlər