«Böyük işi görə bilmənin yalnızca bir üsulu var - o işi sevməniz.»
24-04-2024, 14:30
247

«Böyük işi görə bilmənin yalnızca bir üsulu var - o işi sevməniz.»



TehsilForumu.Az - «Ən yaxşı motivasiya daxildən gəlir.»
Yəqin, müəllim həmkarlarım da mənimlə razılaşmamış olmazlar ki, peşəsinin vurğunu olan hər bir müəllim üçün öz yetirməsinin uğurundan böyük sevinc hissi ola bilməz. Mən Təhsil Nazirliyinin keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VII grant musabiqəsinin fərdi kateqoriya űzrə layihə qalibi olanda, mənə göstərilən mənəvi dəstək məni yeni uğurlara sövq edəndə necə sevinmişdimsə, məktəbimizin 9-cu “b” sinif şagirdi Məmmədova Reyhanə buraxılış imtahanında yüksək nəticə göstərəndə də bir o qədər, bəlkə də ondan daha çox sevindim. Həm sinif rəhbəri, həm də fənn müəllimi olaraq şagirdimizin bu uğuruna necə sevinməyə bilərdim. Bir daha şahidi oldum ki, ən yaxşı motivasiya daxildən gəlir.
Sanki, o da məndən nümunə götürüb, mənim yolumu seçib. Reyhanə deyir ki, hal - hazırda Astara rayon Şahagac kənd Davud Əsədov adına 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdiyəm.Uğurlarım uşaqlığımdan başlayır. İbtidai siniflərdə təhsil alan müddətdə sınaqda yüksək nəticələr əldə etmişəm, müxtəlif sertifikatlar və təşəkkürnamələr almışam. Bundan başqa ilk dəfə 6-cı sinifdə Riyaziyyat fənn müsabiqəsinin məktəb və zona turuna, 7-ci sinifdə Biologiya fənn müsabiqəsinin məktəb və zona turuna, 9-sinifdə isə Riyaziyyat olimpiadasında zona mərhələsinə vəsiqə qazanmışam. Gələcəkdə hədəfim Tibb universitetinə qəbul olmaq və həkim olmaqdır. Bununla belə, bütün fənnlərə marağım var.
Xüsusilə ingilis dili fənninə xüsusi marağım var. Sərbəst olaraq ingilis dilində cümlə qura bilir və danışmağı bacarıram. Bundan başqa şeir, esse və inşa müsabiqələrində iştirak edirəm. Gələcəkdə xarici ölkələrin birində təhsilimi davam etdirmək və təhsilimi başa vurduqdan sonra Vətənə qayıdıb, xalqımın xidmətində durmaq arzusundayam. Müəllimim kimi Cambridge Universitetində təhsil almaq, daim öz üzərimdə çalışmaq və yeni uğurlara imza atmaq kimi böyük hədəflərim var.
Mən bir daha Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanında yuksək nəticə göstərdiyinə, məktəbin adını ucaltdığına, müəllimlərinin nüfuzunu artırdığına görə Reyhanəni ürəkdən təbrik edir, hər ikimizi eyni gündə rəğbətləndirdiyinə görə məktəbin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Müdriklər demiş, “Böyük işi görə bilmənin yalnızca bir üsulu var - o işi sevməniz.”
Pərvanə Nəsirzadə
Astara rayon Şahağac kənd
2 sayli orta məktəbin műəllimi, Təhsildə inkişaf və innovasiyalar üzrə VII grant musabiqəsinin qalibi





1 0

Şərhlər

Oxşar xəbərlər