İlham Əliyev Türk dünyasının qürur mənbəyidir
22-12-2021, 06:06
443

İlham Əliyev Türk dünyasının qürur mənbəyidir

Bu gün ulu öndər Heydər Əliyevin mənəvi-siyasi irsinin layiqli davamçısı - dövlətimizin başçısı İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır.


Müasir dünya xalqın iradəsi əsasında dövlət idarəçiliyi missiyasını üzərinə götürmüş liderlər qarşısında yeni şərtlər müəyyənləşdirir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son 18 ildə qazanılan uğurlar və 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki Qələbə də məhz bu amilə əsaslanır. Dövlətimizin başçısı İlham Əliyevin ötən müddətdə əldə etdiyi böyük nailiyyətlər onun liderlik üçün zəruri keyfiyyətlərə malik olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyev yeni əsrin praqmatik lideri kimi ölkəyə rəhbərlik etdiyi bu müddətdə sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə qətiyyən yanılmayıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) prezidenti Nüsrət Məmmədov söyləyib.


O deyib ki, dövlətimizin başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı, xalqın lideri olmaq məsuliyyətini yüksək dəyərləndirir və bu da onun sosial məsuliyyət prinsipinə incəliklə riayət etməsindən irəli gəlir. Prezident İlham Əliyev dövlət idarəçiliyinə dair hər hansı mühüm qərar qəbul etməzdən öncə "Heydər Əliyev bu məsələni necə həll edə bilərdi?” - deyə düşünür. Özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir. İntellektlə istedadın, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi vəhdətinə, yaradıcı sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəninə, bu gününə və sabahına sonsuz, sarsılmaz sədaqət - bunlar İlham Əliyev şəxsiyyətini hər kəsə sevdirən cəhətlərdir.
“Ötən il sentyabr ayının 27-dən başlayan haqq savaşımızda Prezident İlham Əliyev özünü azərbaycanlı sayan və bu mənsubiyyətdən qürur duyan hər kəsi Ulu Öndərimizin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər etdi.


Hələ 2003-cü ildə andiçmə mərasimində “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm" - deyən İlham Əliyev ümummilli lider Heydər Əliyevin dövlətçilik irsinə necə sadiq olduğunu bizə yaşatdığı Zəfər sevinci ilə tam təsdiqlədi. Onun dediyi kimi, Vətən savaşında əldə edilən Qələbə ulu öndər Heydər Əliyevin ideyalarının tam həyata keçməsinin məntiqi nəticəsidir.


Qarabağın tək coğrafi deyil, həm də mənəvi-siyasi yüksəkliyi olan, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın azad olunmasını xalqa bəyan edərkən də dövlətimizin başçısı bu Qələbəni Ümummilli Liderin vəsiyyətinin həyata keçməsi kimi dəyərləndirdi. Həm də Qələbə müjdəsini Mehriban xanım Əliyeva ilə birgə Ulu Öndərin məzarını ziyarət edərək bütün dünyaya çatdırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qazanılan böyük Zəfər həqiqətən də Heydər Əliyev ideallarının təntənəsi, daha bir taleyüklü arzunun gerçəkləşməsidir. Savaşın hər anında xalqımızın böyük şücaəti, əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs qanı əks olunub.

 Onun böyük liderliyinin, misilsiz dövləti fəaliyyətinin nəticəsi olan bu Qələbə, eyni zamanda, Ulu Öndərin işıqlı ideyalarının təntənəsidir”, - deyə Nüsrət Məmmədov bildirib.

TDSDF rəhbəri deyib: “Nə qədər ki, Azərbaycanda ümummilli lider Heydər Əliyevin möhtəşəm siyasi kursu uğurla davam etdirilir, nə qədər ki, Prezident İlham Əliyev Azərbaycanı yeni və daha böyük hədəflərə doğru qətiyyətlə aparır, demək, xalqımız və dövlətimiz daha böyük zəfərlərə imza atacaq.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq birlik tərəfindən təqdirlə qarşılanır. Bu baxımdan noyabrın 12-də İstanbulda keçirilən Türk Şurasının VIII Zirvə Görüşündə cərəyan edən hadisələr xüsusi önəm kəsb edir. Həmin zirvə görüşündə Türk Dünyasının Ali Ordeni Azərbaycan Prezidentinə təqdim edildi. Prezident İlham Əliyevin Türk dünyasının ali mükafatı ilə təltif edilməsi Azərbaycan Prezidentinin şəxsiyyətinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna dəlalət edir.


Azərbaycandan uzaqlarda fəaliyyət göstərən, əslində, ölkəmizin haqq səsini dünyaya yaymaqla öz missiyasını şərəflə yerinə yetirən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu uzun illərdir ki, xarici ölkələrdə Azərbaycan mədəni irsinin yayılmasında, Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin təbliğində bir sıra parlaq layihəyə imza atmaqda davam edir.
Belə layihələrdən biri də Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş 400 səhifəlik, üç hissədən ibarət, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fəaliyyət xətti ardıcıl olaraq izlənilən "Qalib Sərkərdə" adlı kitabdır. Kitabın təqdimatının dövlətimizin başçısının ad günü ərəfəsində keçiriləcəyi nəzərdə tutulur”.


Nüsrət Məmmədov deyib ki, Prezident İlham Əliyev yubileyini ona sonsuz etimadı olan və hər zaman mənafeyi uğrunda fəaliyyət göstərdiyi xalqı ilə birlikdə qeyd edir. Azərbaycanın dövlət başçısı 44 günlük müharibədə möhtəşəm Qələbəni də məhz xalqının dəstəyi ilə qazandı. 

Azərbaycanlılar öz Liderinə sevgi və böyük ehtiram hissi bəsləyirlər.


“Prezident İlham Əliyev həm də olduqca səmimi insandır..

 Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə əlaqədar 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsinə (referendumuna) az qalmış Qırğızıstan Respublikası Joqorku Keneşinin (Parlamentinin) birinci vitse spikeri Çolpon Bayekova və bir neçə deputatla birlikdə Azərbaycana səfər etmişdik. Xatırlayıram, 2009-cu ilin mart ayının 13-də başçılıq etdiyim Qırğızıstan nümayəndə heyətini Prezident İlham Əliyev qəbul etmişdi. 

Nümayəndə heyətinin tərkibində dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov da vardı və Azərbaycan Prezidenti böyük yazıçını “Dostluq” ordeninə layiq görmüşdü. Nümayəndə heyəti ilə görüşdə dövlətimizin başçısının nə qədər sadə, səmimi, iti zəkalı olduğunu gördüm”, N.Məmmədov vurğulayıb.

O qeyd edib ki, görüşdən yüksək təəssüratla ayrılan Çolpon Bayekova “...Bəli, Azərbaycan xalqının bəxtinə yüksək intellektə sahib, sadə, iti zəkalı lider düşüb. Prezident İlham Əliyev Azərbaycan xalqı üçün tapıntıdır. Bizim də İlham Əliyev kimi Prezidentimiz olaydı”, - deyə hər yerdə ağızdolusu danışırdı.

“Azərbaycan Prezidenti İlham Əliyev mənalı və xalqına xidmətə həsr etdiyi həyatının altmışıncı ilini parlaq və ardıcıl qələbələrlə qeyd edir. Dahi siyasi xadim Heydər Əliyev sayəsində Azərbaycan bu gün də etibarlı əllərdədir. İqtisadi qüdrəti, beynəlxalq nüfuzu və böyük gələcəyi olan ölkəmiz, eyni zamanda, XXI əsr tarixinə torpaqlarını düşmən tapdağından azad edən dövlət kimi düşdü.

 Bu möhtəşəm Qələbə məhz Prezident İlham Əliyevin siyasi və hərbi məharəti nəticəsində mümkün oldu. Hələ 2010-cu ildə nəşr etdirdiyimiz “Dünya siyasətinin zirvəsini fəth edənlər” ikicildliyində Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi siyasi xadim Heydər Əliyevlə dünya siyasətinin zirvəsində qoşa dayandığı öz əksini tapıb.


Azərbaycanın 44 günlük Vətən savaşı günlərində onun yüksək intellektə sahib, sadə, iti zəkaya sahib olduğu bir daha özünü təsdiq etdi. Müharibə dövründə onun xalqa müraciətlərində düşmənə qarşı söylədiyi bir çox fikirlər sadə insanların leksikonuna daxil olmuşdu”, - deyə TDSDF prezidenti diqqətə çatdırıb.

“Qürurla deyərdim ki, indiki zamanda öz xalqı tərəfindən bu qədər çox sevilən dövlət başçısı çox azdır. Prezident İlham Əliyevin yüksək intellekti, müxtəlif sahələrə dair dərin ensiklopedik bilikləri, özünün əsas ixtisası – diplomatiya sahəsində məharəti beynəlxalq siyasət aləmində ona böyük nüfuz qazandırıb.


Vətən müharibəsi günlərində onun bu xüsusiyyətlərinə daha bir yüksək keyfiyyəti – böyük sərkərdəlik qabiliyyəti əlavə olundu”, - deyə N.Məmmədov qeyd edib.
Prezident İlham Əliyevin türk dünyasında da böyük nüfuza sahib olduğunu vurğulayan TDSDF rəhbəri deyib: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 60 illik yubileyini Türk dünyasının ona verdiyi dəyərlə - layiq olduğu Türk Dünyasının Ali Ordeni ilə qarşılayır.
Qırğızıstanda Azərbaycan Prezidenti İlham Əliyev işğalda olan torpaqları qısa müddətdə azad edən sərkərdə, İslam abidələrini və dini məbədləri qoruyan xilaskar kimi tanınır. 

O təkcə öz xalqının deyil, qırğızların da qürur və ləyaqətini, habelə özünəinam hissini möhkəmləndirdi. Son bir ildə qırğız mətbuatının xülasəsinə baxsanız, Prezident İlham Əliyevin böyük siyasətçi və sərkərdə məharəti haqqında çox sayda məqalənin şahidi ola bilərsiniz.
Yadımdadır, 2011-ci ildə rəhbəri olduğum fondun nəşr etdirdiyi “Prezident İlham Əliyev” üçcildliyinin təqdimatını keçirdik. Bişkekdəki keçirdiyimiz təqdimat Qırğızıstan mətbuatında geniş işıqlandırıldı.

Azərbaycanın dövlət başçısı təkcə öz xalqı üçün yox, həm də türk dünyası üçün nadir tarixi şəxsiyyətlərdən biridir. Prezident İlham Əliyev siyasət aləmində siyasətçilərə, hərb sənətində hərbçilərə, iqtisadiyyat üzrə ən yaxşı iqtisadçılara dərs keçə biləcək dərəcədə böyük istedada malikdir”.
0 0

Şərhlər

Oxşar xəbərlər