Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır
14-02-2023, 17:08
312

Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır

TehsilForumu.Az -;Fevralın 6-da Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərləri Azərbaycan xalqıı çox sarsıntı və sonsuz kədər hissi ilə qarşılamışdır.
Zəlzələ milyonlarla əhalinin yaşadığı 7 bölgəni əhatə edir. Bu anadək təbii fəlakət qurbanlarının sayı 8 minə yaxınlaşır, yaralıların sayı on minlərlədir. Çox təəssüf ki, bu rəqəmlər getdikcə böyüyür, dağıntılar altında çoxlu sayda insan qalmışdır. Türkiyədə 7 günlük milli matəm elan olunmuşdur.
Azərbaycan dövləti zəlzələ baş verən andan hamıdan qabaq qardaş Türkiyənin yanında olduğunu və etibarlı dost münasibətini nümayiş etdirməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək zəlzələ zamanı həlak olanların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığını çatdırmış, yaralananların tezliklə şəfa tapmasını diləmişdir. Bu gün isə dövlətimizin başçısı Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək qardaş ölkənin xalqına bir daha başsağlığını ifadə edib. Səfirlə görüşərkən deyib ki, biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir.
Onun xüsusi göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 400 nəfərdən artıq bir neçə cevik xilasetmə heyəti hal-hazırda fədakarlıqla hadisə bölgəsində gecə-gündüz mücadilə aparmaqdadır. Kömək üçün yeni qüvvələr səfərbər olunur. Ehtiyac duyulan texnika və ləvazimatlar, o cümlədən hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı artıq fəlakət bölgəsinə yola salınıb. 
Qardaş ölkəyə müxtəlif formalarda humanitar yardımlar göstərilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən bu məqsədlə böyük maliyyə vəsaiti ayrılıb. Azərbaycan parlamenti də qardaş ölkəyə öz maddi və mənəvi dəstəyini verməkdədir. Bakı şəhərində və bölgələrdə şəxsi təşəbbüslərlə fəaliyyətə başlayan Türkiyəyə yardım mərkəzlərinin sayı günbəgün artmaqda davam edir, bu məntəqələrin qarşısında kömək təklif edən insanlardan ibarət böyük növbələr yaranıb. Cəmi 2 gün ərzində milyondan çox azərbaycanlı sahibkar və sadə vətəndaş bu kampaniyada iştirak edib və bu proses durmadan davam edir.
Azərbaycan xalqı Türkiyənin hər zaman Azərbaycana qardaş kimi arxa-dayaq olduğunu unutmur. 44 günlük Vətən müharibəsində Türkiyə elə ilk dəqiqələrdən etibarən son dərəcə böyük siyasi və mənəvi dəstək nümayiş etdirərək Azərbaycanın əsl qardaşı olduğunu sübut edib. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi isə siyasi müttəfiqliyimizin və ortaq təhlükəsizliyimizin hüquqi əsasıdır.
Qürurvericidir ki, Prezident İlham Əliyev Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını dünya üçün örnək olduğunu vurğulayıb: "Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, belə arxa-dayaq dursun". Bu tarixi həqiqətin təsdiqi kimi, Azərbaycan ictimaiyyətinin Türkiyədəki təbii fəlakətlə bağlı nümayiş etdirdiyi narahatlıq və həyəcan hissləri, dəstək vermək istəyi bir daha göstərir ki, iki qardaş ölkənin birliyi sarsılmaz və əbədidir.
Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər.
Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deməsi, dünyanın əksər ölkələrinin planetimizin ən böyük ədalətsizliklərindən birinə - erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində “...Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq...” deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir.
Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz. İyunun 15-də Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu. Böyük əhəmiyyətli mühüm tarixi sənəddən bəhs etməzdən əvvəl onun imzalanmasını şərtləndirən qürur dolu tarixə nəzər salmaq yerinə düşər.
Məlum olduğu kimi, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 2020-ci ildə müdrik rəhbər, qətiyyətli sərkərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımız və rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazandı. Otuz ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız bu qələbə nəticəsində hərbi və siyasi-diplomatik yolla azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Allah Vətən müharibəsində qəhrəmancasına həlak olan bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.
Qeyd etmək lazımdır ki, Azərbaycan-Türkiyə müttəfiqliyini, birliyini və qardaşlığını, bir-birinə verdiyi güclü dəstəyi dünya təkcə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük iqtisadi layihələrin reallaşması, Vətən müharibəsi zamanı görməyib. İki qardaş dövlətin birliyi və müttəfiqliyi tarix boyu hər bir dövrdə, bütün məsələlərdə hiss olunub və hər iki ölkə mənəvi, siyasi və digər baxımdan bir-birini daim dəstəkləyib.   
Fərəh və iftixar hisləri ilə vurğulanmalıdır ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək zirvəsinə ucalıb. Otuz illik işğala son qoyulmasında və Azərbaycanın ərazi bütövlüyünün bərpasında Türkiyənin mənəvi-siyasi dəstəyini dövlətimiz və xalqımız yüksək qiymətləndirməklə heç vaxt unutmayacaq. Eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı tarixi bağlara malik olmağımız ölkələrimizi daha da yaxınlaşdırır və xalqlarımızın sevincli, kədərli günlərdə hər zaman bir-birinin yanında olmalarını şərtləndirir.

Kəmalə Rüstəmova
Yeni Azerbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı
1 0

Şərhlər

Oxşar xəbərlər