Repetitorlara məktəbi və onun nüfuzunu xilasetmə vasitəsi kimi baxırlar
25-04-2024, 12:04
158

Repetitorlara məktəbi və onun nüfuzunu xilasetmə vasitəsi kimi baxırlar

Bu il buraxılış imtahanlarında əvvəlki illərə nəzərən rektord sayda, yəni 53 nəfər maksimal bal topladı. Şagirdlərdən müsahibə aldıqda onlar bildirirlər ki, bu nəticələri repetitorlara borcludurlar. Zaman-zaman isə repetitorluğun ləğvi ilə bağlı ictimaiyyətdə fikirlər formalaşır.

 

Maraqlıdır, repetitorluq təhsilimizə nələrsə qazandırır yoxsa, nələrisə itirməyimizə səbəb olur?

 

TehsilForumu.Az xəbər verir ki , Mövzu ilə əlaqədar təhsil mütəxəssisi Nadir İsrafilov AzEdu.az-a müsahibə verib.

 

N.İsrafilov bildirib ki, şagirdin, hansısa ildə maksimum bal toplamasını kimlərinsə ayağına yazmaq, məsələnin mahiyyətinə obyektiv yanaşma ola bilməz:

 

“Şagirdlərin yüksək bal toplamasında repetitorların xidməti nə qədər danılmaz olsa belə, nəinki meqapolisdə, hətta ən ucqar regionlarımızda belə repetitor yanına getmədən, müvafiq kurslarda lazımi hazırlıq keçmədən yüksək nəticə əldə edən və dünyanın ən prestijli ali məktəblərinə qəbul olunan xeyli sayda məzunlarımız var. Ümumiyyətlə, hər dəfə buraxılış və ya qəbul imtahanlarının nəticələri elan olunar-olunmaz repetitor xidməti ilə bağlı müzakirələr aktuallaşır. İmtahanlarda maksimum nəticənin qeydə alınmasında məktəbin və əlavə xidmətlərin rolu və yeri haqqında müxtəlif fərqli fikirlər, müsbət və mənfi rəylər səsləndirilir. Bu, qarşıdırma xarakterli yanaşmalar əslində artıq bir növ ənənəyə çevrilib.Heç kəsə gizli deyil ki, təhsil sahəsində müntəzəm aparılan dəyişikliklərə, yeniləşmə və təkmilləşdirmə tədbirlərinə baxmayaraq, repetitorluq durmadan inkişaf edir, hətta ibtidai təhsil pilləsi də daxil olmaqla özünə yeni-yeni tərəfdarlar toplayaraq geniş auditoriya qazanmaqda davam edir. Artıq bir çox müəllimlər, təkcə dövlət büdcəsindən maaş alan qulluqçu kimi yox, həm də “repetitor” biznes strukturunun əməkdaşları kimi fəaliyyət göstərirlər. Məsələnin konkret şəkildə çözülməsində əsas problem ondan ibarətdir ki, məsələyə birmənalı yanaşma yoxdur. Kimlərsə bunu “kölgə təhsilinin atributu” adlandırırsa da, digərləri bu qeyri-rəsmi fəaliyyət növünə məktəbi və onun nüfuzunu xilasetmə vasitəsi kimi baxır.

 

Məsələnin ciddiliyi bir də ondadır ki, repetitorluq qeyri-rəsmi fəaliyyət sahəsi kimi getdikcə daha çox rəğbət qazanır, rəsmi təhsilin qeyri-rəsmi təhsildən asılı vəziyyətə salınmasına xidmət edir, bununla belə, mövcud qanunvericilikdə şəxsin asudə vaxtında repetitorluq xidmətinin göstərilməsinə məhduddiyyət nəzərdə tutulmayıb. Yəni, insanların öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər fəaliyyət növü ilə məşğul olmaq onların Konstitusiya ilə təsbit olunmuş hüququdur”.

 

“Müəllim xoş güzaranından repetitorluğa baş vurmur”,-deyə müsahimiz vurğulayıb:Bütün deyilənlərə və yazılanlara rəğmən hələ ki məsələyə rəsmi mövqeyimiz ondan ibarətdir ki, “təhsil sistemi ən öndə olan ölkələrdə də repetitorlardan istifadə edilir”; “Hər bir insan övladını əlavə dərs üçün müəllim yanına qoya bilər”; “Repetitorluq ləğv edilə bilməz, yalnız tənzimlənə bilər”; “Gərək, repetitorluğun necə olması ilə bağlı təkliflər də olsun ki, biz onu dəyərləndirək".

Repetitorluqdan istifadə edilsin, əlavə dərs üçün müəllim yanına da qoyulsun... Amma, bu məsələnin bir əmması var, o da ondan ibarətdir ki, niyə rəsmi fəaliyyət sahiblərinin görməli olduğu işi qeyri-rəsmi fəaliyyətlə məşğul olanlar görməlidir...!?

 

Repetitor dəstəyinə yönəlmə, hər şeydən əvvəl ali məktəb sevdası ilə bilavasitə əlaqədardır. Nə qədər ki, test qalacaq, ali məktəblərə qəbul ixtisaslar üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq, repetitorluq da bir o qədər yaşayacaq. Əgər 15-20 il bundan qabaq paytaxtın və bir sıra digər şəhər mərkəzlərinin müəyyən imkanlı ailələri 10- 11-ci sinifdə oxuyan övladları üçün repetitor xidmətində maraqlı idilərsə, indi ən ucqar rayon və kəndlərin ən imkansız ailələri belə yuxarı və aşağı sinif fərqindən asılı olmayaraq əlavə müəllim tutmaq, el arasında deyildiyi kimi uşaqlarını müəllim yanına hazırlığa göndərmək zərurətı qarşısında qalıblar.


O fakt da başa düşülən və qəbul ediləndir ki, ölkəmizdə test imtahanlarının tətbiqindən sonra müasir məktəbimizin öz yetirmələrinə verdiyi savad məzunlara ali məktəblərə daxil olmaq və özlərinə gələcək karyera qurmaqda kifayət edəcək qədər yetərli deyil və müəllim də necə deyərlər xoş güzaranından repetitorluğa baş vurmur. Repetitorluğun ləğv olunduğu halda təhsilin keyfiyyətinin kəskin surətdə aşağı düşəcəyini deyənlər, bunun nəticəsi kimi universitetlərimizin plan yerlərinin boş qalacağını proqnozlaşdıranlar, repetitorları akkreditasiyadan keçirib onlara keyfiyyət sertifikatı verilməsi yolu ilə repetitorluğu hüquqi əsaslarla formalaşdırmağı təklif edənlər də var”.

 

Elə etməliyik ki, cəmiyyətdə müəllim deyəndə məktəb, məktəb deyəndə müəllim düşüncəsi formalaşsın”,-deyə təhsil üzrə mütəxəssis qeyd edib:

Əgər mövcud durumda repetitorluq bu dərəcədə qaçılmazdırsa, məktəblərin reytinqi hələ ki, ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə ölçülürsə, ən yaxşı məktəb də ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən müəyyən olunursa, təhsil elitar və eqelitar xarakter alıbsa, repetitorluğu inzibati yollarla aradan qaldırmaq qeyri-mümkündürsə, onu sahibkarlıq fəaliyyətinin bir növü kimi rəsmiləşdirmək barədə düşünmək daha məqsədəuyğun olardı. Bu halda valideynin öz övladının məktəbdə olması barəsində arxayınçılığı tam təmin olunar, onun etdiyi ödənişi kənar mənbələrə deyil, məhz müəllimin, təhsil aldığı məktəbin ehtiyaclarına hesablanar. Müəllim-şagird-valideyn münasibətləri tənzimlənər.

Onunla da razılaşmaşmaq məcburiyyətindəyik ki, istər repetitorluq, istərsə də tədris kursları olsun, bunlar artıq minlərlə insanın peşə fəaliyyəti sahəsinə çevrilib və geniş təhsil alan və təhsil verən şəbəkəsini əhatə edir. Hələ ki, nəyin nəyə hesablanması və nəyə xidmət etməsi zamanın öhdəsində olan məsələdir.

 

Bir məqamla da hesablaşmalıyıq ki, repetitorluq rəsmi təhsilin qeyri-rəsmi təhsildən asılı vəziyyətə salınmasına xidmət etsə belə, nə bu gün, nə yaxın 3-5 ildə repetitorluğun ləğvi o qədər də real görünmür.

Əsas vəzifə tədricən təhsilalanların repetitor xidmətindən asılılığını minimuma endirməkdən ibarətdir. Bunun üçün isə elə etməliyik ki, cəmiyyət üzvlərində müəllim deyəndə məktəb, məktəb deyəndə müəllim düşüncəsi formalaşsın. Hesab edirəm ki, əgər məsələnin optimal həllinə nail olmaq istəyiriksə, ilk olaraq “Niyə rəsmi fəaliyyətlə məşğul olanların işini qeyri-rəsmi fəaliyyətlə məşğul olanlar görməlidir...” sualına cavab axtarmalıyıq. İstənilən halda, qazanacağımızdan çox itirəcəyimiz barədə düşünməliyik ki, qazancımız daha çox olsun”.



 
0 0

Şərhlər

Oxşar xəbərlər