Strateji tərəfdaşlıq əlaqələri güclənir
26-04-2024, 18:22
317

Strateji tərəfdaşlıq əlaqələri güclənir

TehsilForumu.Az - Bu gün Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli varisi, ölkə başçısı İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın əldə etdiyi beynəlxalq nailiyyətlər ulu öndərin böyük uzaqgörənliklə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq”sözləri doğruluğunu sübut edir. Bu gün Azərbaycan dünya miqyasında tanınan, seçilən, söz sahibi, nüfuz sahibi olan bir ölkədir.

Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycanının uzun illərdir ki, bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuza malik olduğunu göstərməklə yanaşı, etibarlı tərəfdaşlığını da sübut edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP 29 Azərbaycanın ev sahibliyi edəcəyi daha bir mühüm beynəlxalq tədbirdir. Ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsi Azərbaycanın dünyada artan nüfuzunun, möhkəmlənən yerinin və dünya siyasətində iştirak payının göstəricisi, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Bakıya olan marağının parlaq ifadəsidir.

Cari ilin 23 aprel tarixində ölkəmiz yenidən dünyanın diqqətini özünə yönəltdi. Belə ki, ADA Universitetində ənənəvi olaraq keçirilən beynəlxalq tədbirlər sırasına daha biri əlavə olundu. Prezident İlham Əliyevin iştirakı ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumu keçirildi. Ölkə başçısı forumda çıxış edərək bir çox məsələlərə - Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilməsi, Azərbaycanın Naxçıvanla əlaqəsinə Ermənistanın maneələr törətməsi, Zəngəzur dəhlizi, Cənubi Qafqaz ölkələrinin potensialı, eləcə də COP29-un üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələrin aparılması üçün fürsət yaradacağı və gələcək əməkdaşlıq üçün yol açacağına toxunub.

Dövlətimizin başçısı iştirakçıların suallarını cavablandırarkən hazırkı dövrün əsas çağırışlarından olan iqtisadiyyatın şaxələndirilməsi məsələsindən də geniş bəhs etdi. Ölkə başçısı bildirdi ki, biz iqtisadiyyatımızı artıq müəyyən dərəcədə şaxələndirə bilmişik. Hazırda neft və qaz ümumi daxili məhsulun yarıdan azını təşkil edir. Lakin ixracımızın təxminən 95 faizi neft və qazdır. Beləliklə, bizim əsas məqsədlərimizdən biri hazırda ixracımızı şaxələndirməkdir. İxracımızı şaxələndirmək üçün təkcə məhsul istehsal etmək kifayət deyil, çıxışımız da olmalıdır: “İqtisadiyyatımızın digər sahələrinə gəldikdə isə nəqliyyatla bağlı ümidlərimiz böyükdür. Artıq dediyim kimi, dəhlizlərin bu qovşağı böyük iqtisadi fəallıq yaradacaq. Həm də biz bu nəqliyyat marşrutlarını təkcə asanlaşdırma və tranzit kimi deyil, həm də marşrutda sənaye qurmaq imkanı hesab edirik. Ona görə də ümid edirik ki, bölgədən istehsalçılar gəlib bu layihələri həyata keçirəcəklər. Biz indi Ələtdə azad iqtisadi zonanın fəal inkişaf mərhələsindəyik, zonada artıq rezidentlər toplaşır. Beləliklə, biz iqtisadiyyatın digər sahələrinin inkişafı üçün əlimizdən gələni etməyə çalışırıq.”
Cənab İlham Əliyev forumdakı çıxışında sonuncu dəfə görüşün ötən ilin dekabrının əvvəlində olduğunu önə çəkərək bu müddət ərzində Azərbaycanın əldə etdiyi uğurları diqqətə çatdırdı. Dövlətimizin başçısı regional təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlardan, tarixi Zəfərimizin reallıqları əsasında dünya siyasətində baş verən yeniliklərdən də bəhs etdi. Dövlətlərarası münasibətlərdə etimadın qorunması əsas hədəf kimi qarşıya qoyuldu.

Nəticə etibarilə yuxarıda qeyd etdiyimiz kimi, dünyada böyük etimad qazanan ölkəmizin strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır, beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir.


Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
0 0

Şərhlər

Oxşar xəbərlər