Yaxşı müəllim öz sənətinə olan sevgisi, işinə məsuliyyəti ilə seçilir.
15-03-2024, 18:47
287

Yaxşı müəllim öz sənətinə olan sevgisi, işinə məsuliyyəti ilə seçilir.

Bu xüsusiyyətlər qısa müddət ərzində onun dərs dediyi şagirdlərə də sirayət edir. Müəllimin sinifdəki heç bir davranışı şagirdlərinə təsirsiz qalmır. Kitabını unutmuş şagirdə öz kitabını vermək, ona diqqətlə və təmkinlə qulaq asmaq, təbəssümlə baxmaq, maraq göstərmək, adları səmimiyyətlə çəkmək, yeri gəlincə adlarının mənalarını açmaq,  saçının, geyiminin yaraşdığını, tətildən sonra bir az böyüdüklərini və s. demək uşaq dünyasında çox əhəmiyyət daşıyır, onları ruhlandırır, məktəbi və müəllimi sevinc mənbəyinə çevirir. Tez-tez şagirdin sözünü kəsmək, saata baxmaq, barmaq silkələmək, kimi isə gülüş hədəfinə çevirmək, bəyənməməzlik göstərib üz çevirmək və s.  davranışlar isə şagirdləri məktəb və təlimdən soyudur.

Müəllimin dili də davranış və hərəkətləri qədər əhəmiyyətlidir. Həzrəti Əlinin dediyi kimi, kişi dilinin altında gizlənir. Müəllim istər təqdir etmə, istərsə də xəbərdarlıq və qadağalarının şagirdləri tərəfindən yaxşı başa düşülməsinə və müsbət qarşılanmasına çalışmalıdır. Müəllimin nitqində ən çox işlənən ifadələr bunlar olmalıdır: “Çox sağ ol”, “Təbrik edirəm” “Sənə necə kömək edə bilərəm?” “İnanıram ki, sən bu işi bacararsan”, “Bugünkü cavabından çox məmnun oldum” və s. Dərsə gəlməmiş şagirdə “Şadam ki, gəlmisən” desək, çətin ki, o şagird bir daha dərsdən qalar.Müəllim də insandır. Daima inzibatçı rolunu daşımaq mümkün olmadığı üçün onun da yumor hissinə malik olması lazımdır. Əsl müəllim yumor hissini öz təlim metodunun bir hissəsinə çevirə bilir. Şagirdlərin həyatına dair lətifələr, böyük insanlardan ibrətamiz əhvalatlar şagirdlərin “buzunu əritməkdə”, onların daha rahat, sərbəst şəraitdə öyrənmələrinə, yorucu gərginliyin aradan qalxmasına səbəb olur. Lakin burada əndazəni aşmaq olmaz.Mən bir müəllim olaraq şagirdlərimi sevirəm, onlara qayğılarımı göstərirəm.
1 0

Şərhlər

Oxşar xəbərlər