Psixiatr Aydan İsgəndərzadə:”Hazırlayacağım kitab valideynlər üçün çox böyük töhfə olacaq”-Müsahibə
8-01-2022, 18:49
704

Psixiatr Aydan İsgəndərzadə:”Hazırlayacağım kitab valideynlər üçün çox böyük töhfə olacaq”-Müsahibə

Təəsüf ki, cəmiyyətimizdə psixiatrik xəstəliyə tutulma, psixoloq və ya psixiatra müracirə etmək, dəstək almaq hələ də günümüzdə insanlar üçün qəribə və izahı çətin kimi qəbul edilən məsələdir”.

Bu fikirləri TehsilForumu.Az açıqlamasında "Azərbaycan Psixiatriyasına Dəstək" İctimai Birliyinin sədri, "Nefes" Psixi-Sağlamlıq Akademiyasının uzman psixiatr Aydan isgəndərzadə deyib. Uzman psixiatrla geniş müsahibəni təqdim edirik:

 

Aydan xanım İsgəndərzadə, "Azərbaycan Psixiatriyasına Dəstək" İctimai Birliyinin sədri, "Nefes" Psixi-Sağlamlıq Akademiyasının uzman psixiatrısınız. Öncə, oxucuların Sizi daha yaxından tanıması üçün barənizdə ətraflı məlumat vermənizi xahiş edərdik…

- 2014-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 2016-2020-ci illərdə İstanbul Universitetinin Tibb fakültəsinin Uşaq və yeniyetmə psixiatriyası ixtisasında uzmanlıq təhsili almışam. İstanbul Universitetinin Tibb Fakültəsinin Uşaq nevrologiya bölməsində asistant həkim olaraq çalışmışam. 2021-dən hal-hazıra kimi “Nefes” Psixi-Sağlamlıq Akademiyasında Uşaq və Yeniyetmə Psixiatriyası ixtisasında uzman həkim olaraq çalışıram.


Dünya şöhrətli psixiatriya alimləri Prof. Dr. Nusret Soylu, Prof. Dr. Roy Kiessling, Leigh Povia, Prof. Dr. Zümra Atalay və digərləri tərəfindən təşkil edilən çoxsaylı beynəlxalq treninq-təlimlərdə iştirak edərək sertifikatlara layiq görülmüşəm. Çoxlu sayda Psixiatriya Konqresləri, simpoziumları və konfranslarında məruzələrlə çıxış etmişəm. Türkiyə Tibb Dərnəyinin, Türkiyə Psixiatriya Dərnəyinin və Türkiyə Uşaq və Yeniyetmələr Psixiatriyası Dərnəyinin üzvüyəm. Ankarada fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Psixiatriya sektoruna rəhbərlik edirəm. Azərbaycan, ABŞ, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrin yüksək impakt faktorlu, nüfuzlu jurnallarında elmi məqalələrim dərc olunub.

 

Uşaq və yeniyetmə psixiatriyası ixtisası üzrə mütəxəssissiniz. Sağlam fiziologiyaya, psixikaya  sahib fərdin formalaşmasının əsas bazası məhz uzmanı olduğunuz  uşaq və yeniyetməlik psixiatriyasının daxilində cəmlənib. Belə bir vacib istiqamətlə məşğul olmaq  Sizə iş prosesində nə kimi  çətinliklər yaşadır?
 Haqlısınız. Çünki biz sadəcə uşaqlarla işləmirik. Sadəcə uşağın psixi-emosional vəziyyətini stabilləşdirməklə istədiyimiz nəticəni ala bilmirik. Burada önəmli olan ailə dinamikalarını görmək, dəyərləndirmək, valideynlik modelini müşahidə edib, problemin həllində yanaşmalarına diqqət yetirib, səhv olanlarını istiqamətləndirmək, düzgün və qənaətbəxş yanaşmanın altını çizərək valideynlik rolunu təşviq etmək işimizin bəlkə də ən çətin hissəsidir. Gündəlik yaşantımda ixtisasımın verdiyi digər ən böyük çətinlik də ana rolu ilə həkim-psixiatr rolunu ayrı tutmaqdır. Çünki bəzən doğruları bildiyimizdə bunun hər birini uyğulamağa çalışırıq. Ancaq bu özündə bəzən çətinliklər də doğurur. Sanki səhv etməyə şansımız yoxmuş kimi özümüzə qarşı həddindən artıq tənqidi yanaşırıq. Müraciət edən analara da, özümə də tez-tez xatırlatdığım bir cümlə var. Məqsədimiz mükəmməl ana olmaq deyil, kifayət qədər yaxşı ana olmaqdır. Analıq vəzifəmizi əlimizdən gəldiyi qədər diqqət yetirərək uyğuladığımızda sağlam bir övlad yetişdirmək mümkündür. Çünki bəzən xoşbəxt övlad böyütməyin sirri olaraq valideynlər hər şeyin mükəmməl olmalı olduğunu, övladın ehtiyaclarını dəqiq və tam şəkildə qarşılamalı olduğunu və səhv etmə şanslarının olmadığını düşünürlər. Mən də bu valideynlər arasındayam. Ancaq yenə vurğuladığım kimi kifayət qədər yaxşı bir ana övladının ehtiyaclarına diqqət göstərə bilən, istəklərini başa düşən bir anadır. Kifayət qədər yaxşı bir ana özünün güclü və zəif tərəflərindən xəbərdar olan, eləcə də qüsurun insan olmanın normal bir hissəsi olduğunu qəbul edəndir. Buna görə qüsurlarımızın və səhvlərimizin ola biləcəyini unutmamağa anaları dəvət edirəm.

 

Uşaq və yeniyetmə psixologiyası ilə işləmək həm də gələcək üçün dəyərli, faydalı şəxsiyyət formalaşdırmaq deməkdir. Aydan xanım, yeniyetməni fərddən şəxsiyyətə doğru aparmaq Sizi çox yormur ki?

Seansa başladığımda ilk olaraq valideynlərə “yeniyetməlik” qavramının nə olduğunu xatırladaraq söhbətə başlayıram. Yeniyetməlik dövrü yetişkənliyə atılan ilk addımdır. Yeniyetməlik uşaqlıq çağı ilə yetkinlik çağı arasında çox həssas bir keçid dövrüdür. Şəxsiyyətin formalaşdığı bu dövrdə yeniyetmə həyatın mənası və məqsədi nədir kimi suallara cavab axtarır və yeniyetmələrdə görülən dəyişikliklər onların sosial həyatlarını və özlərini dərk etməsinə təsir edir, bu dövrdə şəxsiyyətin formalaşması ilə cəmiyyətin bir üzvü olaraq öz yolunu tapması arasında tarazlıq mübarizəsi olduğunu dərk edir. Yeniyetməlik dövründə uşaqda fiziki, eləcə də duyğu və davranış olaraq diqqətə çarpan dəyişikliklər müşahidə edilir, ancaq valideynlər bu dəyişikliklərin bəzilərini qəbul edir, bəzilərini patologiya olaraq bilirlər. Halbuki belə deyil. Bir uşaq yeni bədəninə, sürətlə dəyişən hisslərinə, mənasız davranışlarına uyğunluq göstərmək və bunlara nəzarət etməklə bağlı problem yaşayırlar. Yəni, əslində yeniyetmənin gözündə bu dövr necə bir dövrdür bilirsinizmi? O özünü dünənki kimi uşaq görmür, valideynləri isə onların böyük kimi davranmasını artıq gözləyir. Ancaq fiziki olaraq böyük görünsə də, əqli olaraq tam yetkin zehnə çatmadığı üçün etdiyi davranışlar cəmiyyət və ailə tərəfindən qəbul edilmir. Yeniyetməlik dövrü bir axtarış dövrüdür və bu axtarışlarda onlara bir sözlə dəstək olmaq valideynlərin borcudur deyə düşünürəm.

 

Uşaq və yeniyetmələrdə psixi, emosional və davranış problemlərinin erkən aşkarlanması və bu yöndə lazımı tədbirlərin görülməsi təəssüf ki, Avropa ölkələrinə nisbətən bizdə o qədər də çox valideyn marağında olmur. Bu cür cəmiyyətdə uzmanı olduğunuz tibb sahəsininin mütəxəssisləri, eləcə də Sizin üçün iş prosesində nə kimi əlavə problemlər yaranır?

- Təəsüf ki, cəmiyyətimizdə psixiatrik xəstəliyə tutulma, psixoloq və ya psixiatra müracirə etmək, dəstək almaq hələ də günümüzdə insanlar üçün qəribə və izahı çətin kimi qəbul edilən məsələdir. Ancaq bu vəziyyətin sonunda bugünkü həyat şəraiti, stresin təsiri və böyük şəhərdə yaşamağın səbəb olduğu gərginlik və çətinliklər geniş ailə quruluşlarından daha izolyasiyalı həyat tərzinə keçid kimi səbəblərdən psixoloji dəstək alan və ehtiyac duyan insanların sayının artdığını görürük. Adətən valideynlər övladında problem olduğunu görsələr də onu psixiatra aparsam gələcəkdə bu problem kimi onun qarşısına çıxarmı, işə qəbul olunarkən bununla üzləşərmi kimi düşüncələr səbəbi, el-aləm nə deyər narahatlığı ilə psixiatra getməkdən çəkinirlər və nəticədə təəssüf ki, bu problemlər böyüyərək bəzən xronik hal alır və sonrasında həyat keyfiyyətində də ciddi mənfi təsir müşahidə olunur. Ancaq valideynlər gündəlik həyatında yaşadıqları bir çox problemlər üçün əslində vaxtında psixiatr dəstəyi alsalar, bir çox problemin asanlıqla həll oluna biləcəyindən bixəbərdirlər. Bir çox insanlar üçün əfsuslar olsun ki, hələ də psixoloq və ya psixiatra müraciət etmək qorxu olaraq qalır və valideynlər övladlarını psixiatra aparmaq yerinə problemlərin həlli üçün müxtəlif üsulları sınayırlar, ancaq son çarə olaraq mütəxəssisə müraciət etməyə məcbur olurlar. Ancaq bu vəziyyət problemin  daha dərinləşməsinə, ailədə ümidsizlik, çarəsizlik və problemin həlli olmayacağı yönündə gələcəkdə müalicənin doğura biləcəyi neqativ sonuclara gətirib çıxarır. Verilən suala cavab olaraq yenə vurğulamaq istəyirəm ki, necə ki yeni doğulan uşağın normal inkişafının izlənməsi üçün pediatra müraciət edilirsə, eləcə də heç bir problem olmadan uşağın psixi-emosional vəziyyətinin izlənməsi, problemlərin aşkarlanması və ya ailə dinamikası ilə bağlı olaraq ortaya çıxa biləcək fəsadların önləmlənməsi üçün onların uşaq psixiatrı nəzarətində olması çox vacibdir. Pediatrların normal inkişaf təqibində, eləcə də problemli situasiyalarda uşağı müşahidə etməsi kimi, uşaq və yeniyetmə psixoloqu-psixiatrı şikayətlərin olub-olmamasından asılı olmayaraq psixoemosional inkişafın müşahidəsi üçün uşağa və ailəyə dəstək olmalıdır. Uşaq tədricən fiziki inkişafında yetkinləşdikcə psixoloji və sosial cəhətdən də inkişaf edir və müxtəlif dövrlərdən keçir. Bu dövrlərin tanınması, valideynin rəftar və davranışlarının nəzərdən keçirilməsi, şüurlu davranışa təşviq edilməsi uşağın sağlam psixi statusda formalaşması üçün vacibdir.

 

Bildiyiniz kimi, Azərbaycan məktəblərində təhsildə psixoloji yardımla məşğul olan, el arasında “məktəb psixoloqları” adlanan şəxslər var. Onların fəaliyyəti çox formaldır. “Məktəb psixoloqları”na uzman-həkim olaraq nə kimi tövsiyələriniz olardı?

- Əslində bağça, məktəb, yəni tədris müəssisələri uşağın sadəcə akademik cəhətdən inkişaf etdiyi yerlər deyil. Uşağın emosional, psixi, sosial sahələrinin də inkişafına ciddi təsir göstərən müəssisələrdir. Buna görə bağçaya, məktəbə gedən bir uşağın həyatının, gününün böyük hissəsi orada keçdiyi üçün onun yaşadığı xoş və naxoş hallar, uşağın fiziki, emosional fonunda ciddi bir izlər buraxır, ona görə də məktəb psixoloqlarının gördükləri işin ilk başda əhəmiyyətini vurğulamaq istəyirəm. Çünki valideyn uşaqla o qədər çox vaxt  keçirmir, uşağının yanında ola bilmir, xüsusilə işləyən bir valideyndirsə. Ona görə də, əslində psixoloqlar bir çox  psixi, emosional və davranış problemi olan uşaqlarda mövcud olan simptomları erkən aşkarlayıb bunu ailə ilə paylaşsa uşağın bəlkə də bütün  həyatına təsir edəcək addım atmış olar. Məktəbə qədərki dövrdə psixoloqlar uşaqda yeni yaranmış narahatlıq, içinə qapanıqlıq, hiperaktivlik müşahidə edirsə, sosial ünsiyyətdə zəiflik, zehni inkişafın geri olduğunu, uşağın təkrarlayıcı davranışlarını aşkarlayırsa bunu mütləq bir şəkildə ailə ilə paylaşması önəmlidir. Bununla yanaşı olaraq məktəb dövründə müəllimdən aldığımız bilgilər, eləcə də onların uşaqla bağlı müşahidələri bizim üçün çox əhəmiyyətlidir. Uşağın diqqəti, hiperaktivlik dərəcəsi, öyrənmə qüsurlarının olub olmaması, dərsə qarşı münasibəti, yaşıdları ilə ünsiyyəti kimi müşahidələr psixi xəstəliklərin diaqnostikasında ciddi rol oynayır.
Məktəbdəki psixoloqlar çətin tərbiyə olunan şagirdlərlə işləməkdə çox çətinlik çəkir, bəzən bundan boyun qaçırırlar. Çətin tərbiyə olunan uşaq və yeniyetmələrlə iş prosesinin əsas uğur sirri nədədir?

- Çətin tərbiyə olunan uşaq deyə stiqmaları davam etdirib, problemə bu çərçivədən yanaşsaq nəticədə müvəffəqiyyətli olma şansımız qalmır. Bizim üçün önəmli olan ilk başda uşaq və yeniyetmə ilə qurduğumuz münasibətdir. Bu münasibətin yaranması üçün ilk başda onu şəfqətlə, səbrlə, empatiya hissi ilə dinləməkdir. Bəzən bir problemi həll etmək üçün vəziyyətin nə olduğunu dinləmək kifayət edir. Mövcud bir davranış pozuntusu yaxud psixi-emosional fondakı dəyişikliklər çox vaxtı anidən yaranmaz. Burada mütləq olan problemlərin arxasındakı səbəbləri aşkarlamaqdır, daha sonra ortadan qaldırmaq; bu mümkün deyilsə, digər həll yolları üçün mütəxəssisə müraciət etməsi üçün ailəni düzgün istiqamətləndirməkdir.

 

Uşaq və yeniyetmələrin fiziki aktivlik göstəriciləri və qidalanmalarındakı problemlər onların psixoloji durumuna nə dərəcədə mənfi təsir edir?

- “Sağlam bədəndə sağlam ruh olar” deyimi burada yerinə düşür və insan həyatında fiziki sağlamlığın önəmini yenidən vurğulamış olur. Sağlam fiziki inkişafı təmin edən əsas iki faktor var. Yuxu və qidalanma. Ancaq bu iki faktorun önəmini bilsək də valideynlərin sərt və uyğunsuz yanaşmalarını görə bilirik. Sağlam və nizamlı bir yaşam üçün həyatımızda nizamlı və balanslı bir yuxu olması böyük zərurətdir. Çünki yaxşı yuxu, dincəlmiş bədən və düşünən beyin deməkdir. Ələlxüsus da inkişafda olan uşaqlar üçün bu çox vacibdir. Ona görə körpənin sağlam böyüməsi üçün sağlıqlı yuxu vərdişinə sahib olması mütləqdir. Yuxusuz qalan uşaq gün içində yorğun, gərgin, stresli, narahat olar və gündəlik həyat fəaliyyətlərini davam etdirməkdə çətinlik yaşaması ilə yanaşı olaraq öyrənmə bacarıqlarına da neqativ təsir göstərdiyini müşahidələrimizdə görürük. Sağlam fiziki inkişafı təmin etmək üçün düzgün qidalanma prosesi də çox vacibdir. Əgər uşağınız yemək seçirsə və seçdiyi yeməklərdən başqa yemək yemirsə, bu mövzuda diqqətli olmağınızı istəyirik. İştahsız bir uşağın yeməsi üçün valideynlər bəzən problemin həllində səhv üsullara əl atırlar. Bunlardan ən sıx yaşadığımız, gördüyümüz və müşahidə etdiyimiz uşağın yeməsi üçün onu elektron cihazlar qarşısında oturdub, yemə anını asanlaşdırmaq və bu prosesi daha da qısaltmaq  üçün sevdiyi cizgi filmini açırlar. Ancaq bu metodlar gələcəkdə artıq çəki, ürək-damar problemlərinə gətirib çıxarmasıyla yanaşı yeməkdən zövq almama və öz seçimlərini edə bilməmə kimi vəziyyətlərə də gətirib çıxara bilər. Tövsiyəm odur ki, ilk başda uşağınızın iştahına diqqət yetirin, yeməyə məcbur etmək yerinə aclıq hiss etməsi üçün fürsət yaradın.

 Bir çox xarici ölkələrdə beynəlxalq konfranslarda çıxış etməklə yanaşı, həmçinin, regionlarımızda da maarifçilik işi ilə məşğul olursunuz. Bölgələrimizdəki ailə institutu və bu istitutun uşaq-yeniyetmə ilə bağlı verdiyi qərarlar onları bir psixoloji varlıq olaraq nə dərəcədə məhv edir?

Daha öncədə vurğuladığım kimi bir uşaq və yeniyetməni dəyərləndirdiyimizdə sadəcə uşağa deyil, ailə dinamikalarına da nəzər yetiririk. Orada ailədaxili ünsiyyətin keyfiyyətinə, ana-ata rollarının qavrayışına və dinamik olmasına, uşağa olan yanaşmaya, cütlük arasındakı şəxsi münasibətlərə, uşağın həyatı üçün verdikləri qərarlarda iş birliyinə nəzər yetiririk və bu uşağın sağlam psixoemosional vəziyyətin inkişafı üçün vacib məsələlərdir. Əfsuslar olsun ki, bölgələrimizdə ailələrə nəzər yetirdikdə orda çox gənc yaşda ana-ata olmuş insanları görürük. Ancaq ana-ata rolu çox mürəkkəb rollardır və çox zaman bu rolu layiqincə yerinə yetirməkdə gənc insanlar çətinlik çəkirlər. Günümüzdə ailə birliklərinin sıx dağıldığını üzülərək görürük. Boşanma prosesi uşaq üçün bir psixi stress faktorudur və bütün həyatı boyu izlər buraxa biləcəyini hər an nəzərə alaraq, valideynlər boşanma zamanı verdikləri reaksiyalara, davranışlara önəm verməlidirlər. Müasir cəmiyyətdə cütlüklər müxtəlif səbəblərdən dolayı boşanma qərarı ala bilirlər. Hər iki tərəf üçün yetərli qədər ağrılı olan boşanma müddəti uşaqlar üçün də təsirlidir və dediyim kimi bu prosesdən ən az zərərlə, xəsarətlə çıxmaq üçün valideynlərin tutacağı mövqelər çox vacibdir. Uşağın yaşı neçə olursa olsun, boşanmadan əvvəl bu proses ona başa salınmalıdır. Boşanma əsnasında və boşanmadan sonra nələr olacağını, uşağın kimin yanında qalacağını, digər valideyni nə zaman görəcəyi, nə sıxlıqda ünsiyyət saxlıyacağı bilgisi verilməlidir. Ana atanın boşanması analıq atalıq rolundan vazkeçmək olmadığını açıq şəkildə uşağa deyilməli və davranışlarla da təsdiq olunmalıdır. Boşanmada uşaqların günahı olmadığını, onlar özlərini pis apardığı üçün bu vəziyyətə gəlmədiklərini və əvvəlki kimi onlara diqqət göstərəcəyinizi, birlikdə böyütməyə davam edəcəyinizi övladınıza bildirmək vacib və zəruridir.        

 

Çox sadə, yaxud, bəlkə də mürəkkəb bir sual: Bizim uşaq və yeniyetmə niyə xaricdəki həmyaşıdı qədər sərbəst və rahat deyil?

- Uşaq böyütmək əslində bir sənətdir və bu sənəti icra edərkən diqqətli, həssas və məsuliyyətli olmalıyıq. Çünki bizim uşağa qarşı yanaşmamız onun şəxsiyyət olaraq formalaşmasında mühüm rol oynayacaqdır. Ailənin əsas vəzifəsi uşağın özünü kəşf etməsinə imkan vermək və uşağa sahib olduğu xüsusiyyətləri üzə çıxardaraq gələcək yaşamında özünü və arzularını həyata keçirməsi üçün dəstək təmin etməsi olduğunu unutmamaq lazımdır. Yəni önəmli olan uşağa seçim haqqı tanımaq və onun qərarlarına hörmətlə yanaşmaq, verdiyi qərarın doğru ya da səhv olmasına baxmayaraq onunla olmağa davam etməkdir. Valideynlər unutmamalıdır ki, bu dünyada əbədi yaşamayacaqlar və hər zaman uşaqlarının yanında olub onları qoruya bilməyəcəklər. Ona görə də bu səbəbdən hədəfimiz bizdən sonra övladlarımızın öz ayaqları üstündə dura bilən, seçimlər edə bilən, düşünə bilən və sosial normalarla üst-üstə düşən davranış nümunələrini həyatlarının bir hissəsi halına gətirən məsuliyyətli bir şəxsiyyət ola bilmələridir. Buna görə uşağa şərtsiz sevgi vermək və bunu göstərərkən də sərhədlər qoymağı unutmamaq çox vacibdir. Çünki sərhədlər vasitəsilə uşaqlar cəmiyyət qaydalarına və valideynlərinin səlahiyyətlərinə tabe olmağı öyrənirlər. Valideynlərinin ona və ya başqasına zərər verəbiləcəyi təqdirdə xoşagəlməz davranışı dayandıracağını bilmək uşağa rahatlıq bəxş edər. Sərhədlər qurmaq uşaqlara güclü bir mesaj göndərir. “Mən sənin atanam. Sən mənə güvənə bilərsən.

Əfsuslar olsun ki, cəmiyyətimizdə uşaq böyütmə prosesində ataların aktiv iştirak etmədiyini görürük. Bu hal uşağın psixi və emosional fonuna necə təsir göstərir?

- Sadəcə bizim cəmiyyətə xas olmasa da bir çox cəmiyyətlərdə uşağa qayğı və tərbiyənin məsuliyyəti çox vaxt yalnız ananın üzərinə düşür. Deyirlər ki, qadınlar hamilə olduğu andan etibarən özlərini ana kimi hiss edirlər, lakin kişilər ata olduqlarını körpələrini ilk dəfə qucaqlarına alarkən qavrayırlar. Atalar övladlarını analar kimi doqquz ay bətində daşıyıb, onları bəsləmədikləri üçün ilk illərində anadan daha az əhəmiyyət daşıdıqlarını, ya da önəmli olmadıqlarını düşünə bilərlər. Lakin bu belə deyil. Uşaqlar doğulduğu andan etibarən ata sevgisinə və diqqətinə ehtiyac duyurlar. Uşaq atasının yanında özünü güvəndə hiss edir və ata-övlad münasibəti onu xoşbəxt etməklə yanaşı tamamlayıcı səbəbdir. Çox vaxt gecədən gecəyə atasını görən uşaq onun evə qayıtmasını səbrsizliklə gözləyir, onunla oynamaq və danışmaq üçün həyəcan duyar. Ancaq əfsuslar olsun ki, övladının bu istəyinə cavab verən yorğunluğuna baxmayaraq ona vaxt ayıran ataların sayı cəmiyyətimizdə çox azdı. Bizim cəmiyyətdə ataların övladları ilə adətən anaları vasitəsilə ünsiyyət qurduğunu görürük. Güclü və mehriban ata uşaq üçün güvən mənbəyidir. Ona görə də ata uşağın nə qədər yanında olarsa, onunla nə qədər keyfiyyətli vaxt keçirərsə, gələcəkdə cəmiyyət üçün daha faydalı, özünə güvənən və inanan, uğurlu bir insan yetiştirmə ehtimalı da bir o qədər yüksəkdir. Məlumdur ki, atalar bəzən uşaqları ilə kifayət qədər vaxt keçirmədiklərində və onlara istədikləri qayğını göstərə bilmədiklərində daxilində yaşadığı yetərsizlik və narahatlıq hissini yüngülləşdirmək üçün hədiyyələr və oyuncaqlarla problemi həll etməyə çalışarlar. Ancaq unutmamaq lazımdır ki, hər gün oyuncaq gətirməkdənsə uşağını qucağına alıb 5-10 dəqiqə onunla söhbət etmək, gününün necə keçdiyini soruşmaq və  ünsiyyətdə olmaq həm ataları həm də övladlarını daha xoşbəxt edər.

 

Aydan xanım, nə zamansa uşaq və yeniyetmələrin psixiatriyası istiqamətində elmi-populyar istiqamətdə kitab çap etməyi düşünürsüzmü?

Bəli. Hal-hazırda böyük məsuliyyət və həvəslə belə bir kitab üzərində işləyirəm. Açığı deyim ki, bu kitabın hazırlanması çox böyük zərurətdən irəli gəlir. İstanbuldan vətənə döndüyüm ilk günlərdən müşahidə etdim ki, gənc valideynlərimiz üçün əllərində rəhbər ola biləcək belə bir elmi-populyar yönlü Azərbaycan dilində kitabın olmaması onların maarifləndirilməsi işində çox böyük fəsadlar törədir. Elə ilk günlərdən belə bir kitabın hazırlanıb çap olunmasını özümün əsas vətəndaş-həkim borcu hesab etdim. Güman edirəm ki, xüsusilə gənc valideynlərə ərməğan edəcəyim bu kitab onların sağlam övlad böyütmələrinə çox böyük tövhə verəcəkdir.




0 0

Şərhlər

Oxşar xəbərlər