Emin Əmrullayev: “Azərbaycandan kənarda yaşayan mütəxəssisləri də orada görməyi çox istəyirik”
1-03-2024, 13:36
287

Emin Əmrullayev: “Azərbaycandan kənarda yaşayan mütəxəssisləri də orada görməyi çox istəyirik”

Fevralın 29-da elm və təhsil naziri Emin Əmrullayev brifinq keçirərək son aylar mühüm təhsil hadisəsinə çevrilən iki böyük universitetin yaradılması - Türkiyə - Azərbaycan və Qarabağ universitetləri ilə bağlı yeniliklərdən danışıb. Nazir həm şagirdlərin sağlamlığı, həm də davranışından doğan nəticələrə cəmiyyətin, ailələrin və məktəbin münasibətinə diqqət çəkib.

 

Uşaqları peyvənd etdirin ki...

 

Məsələn, ümumi təhsil müəssisələrində qızılca xəstəliyinə yoluxma kütləvi xarakter daşımadığı üçün bu səbəbdən məktəblərin bağlanması gündəmdə deyil. E.Əmrullayev bildirib ki, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə olunub. Nazir valideynlərə övladlarını peyvənd etdirməyi tövsiyə edib: “Valideynlərə hər zaman məsləhət görülür ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək digər uşaqlarla yaxın təmasda olmasınlar”.

 

25-30 min təhsilverən üçün sertifikatlaşdırılma keçiriləcək

 

Müəllmlərin nüfuzunun və sosial rifah halının yaxşılaşmasına yönələn tədbirlərdən biri - sertifikatlaşdırma prosesində də yeniliklər var. Nazir bu il əlavə olaraq 25-30 min təhsilverən üçün sertifikatlaşdırılma prosesinin həyata keçiriləcəyini deyib. E.Əmrullayev qeyd edib ki, prosesə riyaziyyat, tədrisi rus dilində aparılan siniflərdə Azərbaycan dili və xarici dil fənlərini tədris edən müəllimlər cəlb ediləcək.

 

Bu günədək ölkə üzrə 140 min təhsilverənin 40 min nəfəri sertifikatlaşdırılma prosesinə cəlb olunub. Sertifikatlaşdırılma nəticələrinə əsasən, 24 min təhsilverənin əməkhaqqısına 10 faiz, 8 min təhsilverənin əməkhaqqısına isə 35 faiz əlavə edilib.

 

2026-cı ilə qədər sertifikatlaşdırılma çərçivəsində müəllimlərin əməkhaqlarına əlavələr üçün büdcədən ümumilikdə 500 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

 

Türkiyə-Azərbaycan Universitetinin tərəfdaşları məlum olub

 

Azərbaycanda yeni universitet - Türkiyə-Azərbaycan Universitetinin yeni tədris ilində fəaliyyətə başlaması istiqamətində hazırlıqlar sürətlə davam edir.

 

Hələliksə, universitetin tərəfdaşları məlum olub. Elm və təhsil naziri Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Teknik Universiteti və Hacettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universitetinin tərəfdaş kimi cəlb olunacağını bəyan edib.

 

Nazir bildirib ki, növbəti tədris ilindən universitetdə ilk olaraq texniki, texnoloji və mühəndislik ixtisasları üzrə 100 tələbənin qəbulunun həyata keçirilməsi nəzərdə tutulur: “Əsas profil mühəndislik olmaqla, növbəti tədris ilindən kompüter elmləri, elektrik və elektronika mühəndisliyi, sənaye mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, ekologiya mühəndisliyi kimi ixtisasların tədrisi nəzərdə tutulur. Gələcəkdə isə tibb təhsilinin tədrisini planlaşdırırıq”.


Tədrisin ilkin mərhələdə türk və ingilis dillərində aparılacağını deyən nazir akademik dəstəyin Türkiyə, inzibati, maliyyə dəstəyinin isə Azərbaycan tərəfindən göstəriləcəyini vurğulayıb. Burada həm azərbaycanlı, həm də türkiyəli müəllimlər çalışacaq.


Təkcə Türkiyə-Azərbaycan Universitetində yox, həm də Qarabağ Universitetində yeni tədris modelləri və ən yaxşı tələbə-müəllim kontingenti formalaşdırılacaq.

 

Qarabağ Universitetində çalışacaq müəllimlər yüksək əməkhaqqı alacaq

 

Qarabağ Universitetində həm təhsilalanlar, həm də təhsilverənər üçün bəzi üstünlüklər olacaq. Məsələn, universitetin tələbələri ilk illərdə dövlət hesabına təhsil alacaq, sosial tədbirlərlə əhatə olunacaq, əlavə təqaüdlər və ödənişsiz yataqxana ilə təmin ediləcəklər. Nazir qeyd edib ki, ən yaxşı tələbələri Qarabağ Universitetinə aparmaq üçün yüksək bal toplamış tələbələrə əlavə təqaüdün də verilməsi nəzərdə tutulur.

 

Universitetdə çalışacaq müəllimlərin əməkhaqqısı daha yüksək olacaq. Müəllim və işçi heyəti yaşayış yeri ilə təmin ediləcək: “Bütün vakansiyalar barədə elan veriləcək. Xankəndi, Şuşa və Ağdamdan olan alimlərlə görüş keçirməyi düşünürük. Azərbaycandan kənarda yaşayan mütəxəssisləri də orada görməyi çox istəyirik”.

 Nazirin sözlərinə görə, pedaqoji, mühəndislik, iqtisadiyyat, incəsənət, humanitar və sosial, beynəlxalq münasibətlər olmaqla 6 fakültə üzrə yeni tədris ilində ilkin mərhələdə 1000 tələbə qəbulu olacaq. Yaxın 5 ildə Qarabağ Universitetində tələbə sayı 5 min nəfərə çatdırılacaq.


​Sənəd qəbuluna başlanılır

 

Bu gündən “Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbuluna başlanılır.

 

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna 1 mart 2024-cü il tarixindən başlanacaq. Sənəd qəbulu üzrə son müraciət tarixi 15 iyun 2024-cü ildir.

 

Sonra elm və təhsil naziri jurnalistlərin suallarını cavablandırıb.
0 0

Şərhlər

Oxşar xəbərlər