Qarabağ Universiteti niyə vacib idi? - Xankəndiyə bütün qapıları açacaq...
1-12-2023, 18:25
329

Qarabağ Universiteti niyə vacib idi? - Xankəndiyə bütün qapıları açacaq...

TehsilForumu.Az xəbər verir ki , Məlum olduğu kimi, noyabrın 28-də Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.


Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyətə başlasa da, Ümummilli lider Heydər Əliyevin təşəbbüsünə əsasən filial Azərbaycan Nazirlər Sovetinin 28 noyabr 1973-cü il tarixli qərarı ilə müstəqil ali məktəb - Xankəndi Pedaqoji İnstitutu kimi fəaliyyətini davam etdirib. 1988-ci ildə millətçi ermənilərin açıq müstəvidə torpaq iddiasına başlamaları, iğtişaşlar törətmələri və vəziyyətin getdikcə dramatikləşməsi bu təhsil ocağının Xankəndidə fəaliyyətini dayandırması ilə nəticələnib.

İşğaldan azad edilən ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb. Bütün bunlar nəzərə alınaraq kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndidə Qarabağ Universiteti təsis edilir.
Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, Qarabağ Universitetində tədris gələn ilin sentyabrında başlayacaq. Ali məktəbdə 1000 tələbənin təhsil alması planlaşdırılır:

E.Əmrullayev vurğulayıb ki, Xankəndidə yeni yaradılan Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar məlumdur. Təhsil ocağında ilk mərhələdə 24 ixtisas tədris olunacaq. Bunlar İbtidai sinif, Məktəbəqədər təhsil, Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi, Korreksiyaedici təlim, Təhsildə sosial-psixoloji xidmət, İnformasiya texnologiyaları, Kompüter elmləri, Kompüter mühəndisliyi, Qida mühəndisliyi, Şəhərsalma, İnşaat mühəndisliyi, Beynəlxalq münasibətlər, Regionşünaslıq, Tarix, Kommunikasiya və rəqəmsal media, Beynəlxalq ticarət və logistika, Biznesin idarəedilməsi, İqtisadiyyat, Maliyyə marketinq, Menecment, Mühasibat, Turizm işinin təşkili, Turizm bələdçiliyi ixtisaslarıdır. Növbəti mərhələdə ixtisas seçimlərini sayı artırılacaq.
Nazir bildirib ki, Azərbaycanda və dünyada yaşayan tanınmış alimlər Qarabağ Universitetində işləmək üçün artıq müraciət edirlər. Bu müraciətlər istər orada daimi əsasla işləmək üçün, istərsə də kömək məqsədi ilə edilir: “Professor və müəllim heyətinin intensiv modullar əsasında Xankəndinə səfəri və onlayn qaydada tədrisin təşkili nəzərdə tutulur. 30-40 akademik heyətin orada daimi yerləşməsi planı da var. İlkin mərhələdə müəllimlərin bir qismi yaxın ərazidə yaşayacaqlar”.Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun söylədiyinə görə, Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması regionda ixtisaslı, savadlı kadrların sayının daha da çox olmasına, gələcəkdə həmin ərazilərdə bütün sahələr üzrə mütəxəssislərin yetişməsinə zəmin yaradacaq: “Azad olunan ərazilərdə məskunlaşan insanların Bakıda yox yaşadıqları bölgələrdə ali təhsil alması məsələsi çox vacib bir məsələ idi. Məhz bu ərazilərdə ən son texnologiya ilə təchiz olunmuş laboratoriya, idman zalı, kitabxana, təlim-tədris prosesini yüksək səviyyədə aparmaq üçün bütün standartlara cavab verən auditoriyaların olması vacib şərtlərdən biri idi. Əminəm ki, Qarabağ Universiteti dünyanın ən müasir təhsil müəssisəsi olacaq və Azərbaycanın inkişafına böyük töhfələr verəcək”.Təhsil eksperti Nadir İsrafilov deyir ki, Qarabağın sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı vahid strategiya çərçivəsində çoxsahəli bir universitet nəzərdə tutulur. Bundan başqa, Qarabağda həmişə əkinçilik və maldarlıq inkişaf edib. Bu sahələrdə də kadr hazırlamaq lazımdır: “Xankəndidə universitetin açılması ixtisaslı kadrlar hazırlığını paytaxtdan bölgələrə yönəltmək işinə də ciddi dəstək olacaq. Qarabağda təkcə ali təhsili deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir. Texniki məktəblərdə və kolleclərdə kənd təsərrüfatı, inşaat və iqtisadi peşələrə tələbat olacaq, gələcəkdə turizm xidmətləri, tibb və s. sahələrdə kadrlara ehtiyac duyulacaq. Ümumiyyətlə, regionun coğrafi mövqeyi, digər regional xüsusiyyətlər nəzərə alınmalıdır”.Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, Qarabağ Universitetində bütün sahələr üzrə mütəxəssislərin yetişdirilməsinə önəm verilməlidir: “Geniş kampuslu müasir təhsil müəssisəsinin yaradılmasına ehtiyac var. Beynəlxalq universitetin yaradılması yaxşı olardı. Bir neçə dildə universtitetin yaradılması, xarici ölkələrdən tələbələrin cəlb edilməsi üçün addımlar atılmalıdır”.

Millət vəkilinin dediyinə görə, gənclər Qarabağ Universitetinə maraq göstərəcəklər: “Bu gün hər bir azərbaycalının ürəyi Qarabağla döyünür. Əminəm ki, gənclər Qarabağ Universitetində təhsil almaq istəyəcəklər, çünki hər birimizin istəyi Qarabağın azad edilməsi idi. Arzumuza çatmışıq və çox önəmli mərhələyə daxil olmuşuq. Bu, yeni imkanlar və fürsətlər yaradacaq. Müasir təhsil müəssisəsi yaradacağımıza inanıram”.
Ceyhun Məmmədov vurğulayıb ki, Qarabağ Universitetinin yaradılmasının sosial, siyasi əhəmiyyəti qədər mənəvi, iqtisadi əhəmiyyəti də var. Biz Bakıda universitetlərin çoxluğu ilə bağlı sıxlıq müşahidə edildiyini tez-tez müzakirəyə çıxarırıq: “Hesab edirəm, bölgələrdə bu cür universitetlərin yaradılması paytaxtdakı sıxlığı da aradan qaldıra biləcək. Məxsusi olaraq, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın sürətlənməsində Qarabağ Universitetinin yüksək rolu olacaq. İnsanlarımızın bölgələrdə təhsil almağa, çalışmağa önəmi artırması bütövlükdə Azərbaycan təhsilinin və elminin inkişafında müsbət nəticələrə səbəb olacaq”.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov vurğulayıb ki, Qarabağ Universitetinin yaradılması ilə bütövlükdə işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının gücləndirilməsi, əmək bazarı üçün yüksək ixtisaslı kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkil olunması həm də bu zərurətdən irəli gəlir:Universitetlərin yerləşdiyi məkanlara baxanda görürük ki, universitet təkcə həmin şəhərin ali təhsil mühitini formalaşdırmır. Eyni zamanda, mədəni mühiti formalaşdırır, sürətli inkişafı şərtləndirir. Digər tərəfdən, iqtisadi baxımdan həmin bölgəni daha cəlbedici edir. Hesab edirəm ki, Qarabağ Universiteti Azərbaycanın ən yaxşı universitetlərindən bəlkə də birincisi olacaq".Prezidentin müvafiq sərəncamı ilə yaradılan Qarabağ Universiteti azad edilən ərazilərdə bərpa-quruculuqla bağlı yüksək ixtisaslı kadrlar hazırlayacaq. Çünki işğaldan azad edilən ərazilərin yenidən qurulması və inkişafı konsepsiyasında ən müasir texnologiyaların tətbiqi nəzərdə tutulur: “Ağıllı şəhər və kəndlərin yaradılması məhz yenilikçi inşaat-mühəndislik işləri tələb edir. Eləcə də müasir texnologiyalara əsaslanan sənaye müəssisələri yaradılır. Həmçinin kənd təsərrüfatının inkişafı da prioritetdir. Ona görə də Qarabağ Universitetində bütün bunlara uyğun ixtisaslar tədris olunmalıdır. Gələcəkdə Qarabağ Universitetində xarici ölkələrdən tələbələrin təhsil alması üçün şərait yaradıla bilər. Bundan başqa, yaxın gələcəkdə digər müvafiq ali məktəblərin filiallarının da Xankəndi şəhərində açılması çox yaxşı olardı. Qarabağın dirçəlişi naminə belə bir zərurət var. Gələcəkdə Xankəndinin gənclər şəhərinə çevrilməsini arzu edirəm. Bu amil bölgəyə yeni nəfəs, yeni ab-hava gətirəcək. Prezidentin sərəncamında qeyd olunduğu kimi, əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir. Bu baxımdan Qarabağ Universitetinin yaradılması çox doğru olaraq həm də işğaldan azad edilən ərazilərin bərpasının mühüm istiqamətlərindən biri anlamında qəbul olunur”.

Millət vəkili Naqif Həmzəyevin dediyinə görə, Qarabağ Universitetinin yaradılması məhz Qarabağda və Şərqi Zəngəzurda kadr potensialının gücləndirilməsi və həmin ərazidə yaşayacaq Azərbaycan vətəndaşlarının ali təhsil alması üçün əla bir imkan olacaq. Azərbaycanın müxtəlif şəhər və rayonlarında universitetlər var. Region universitetlərin inkişafına Azərbaycan dövləti çox böyük önəm verir. Bu baxımdan da Xankəndidə Qarabağ Universitetinin yaradılması və inkişaf etdirilməsi üçün Azərbaycanın aidiyyətı qurumları lazımi tədbirləri görəcək: “Əminəm ki, sözügedən universitetdə gələcəkdə əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə təhsil verilməsi təkcə yerli deyil, xarici tələbələrin də cəlb olunmasına böyük dəstək verəcək”.Təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, Xankəndi şəhərində Qarabağ Universitetinin açılması tarixi bir hadisədir: “Təbii ki, ölkədə hər hansı bir ali təhsil müəssisəsinin yaradılması ilə bağlı sərəncamın verilməsi, ümumiyyətlə, bununla bağlı addımların atılması müsbət qarşılansa da, tarixi aspektdən dəyərləndirilməyib. Burada söhbət Qarabağ Universiteti, Xankəndi şəhərində yaradılan ali təhsil müəssisəsindən gedir. Bunun özü bir tarixdir. Reallaşmasını çoxdan gözlədiyimiz zəfərin nə yaxşi ki ali təhsili də Qarabağ Universiteti sayəsində həyata keçmiş oldu”.
Elmin Nurinin sözlərinə görə, Qarabağ Universiteti digər ali təhsil müəssisələrindən fərqlənəcək. Artıq fərqlənib, çünki Qarabağın adını daşıyır, Xankəndi şəhərində yerləşir, zəfərin simgəsi, nişanələrindən biridir: “Qarabağ Universitetinin bir özəlliyidə tədqiqatyönümlü universitet olmasından keçəcək. Bu gün bizdə sırf tədqiqatyönümlü universitet yoxdur.Dünyanın çağdaş təhsilli əsas meyarlarından biri də universitetlərin tədqiqat istiqamətində fəaliyyət göstərməsidir. İnanırıq ki, Qarabağ Universiteti buna nail olacaq. Qarabağ Universitetinin adlı-sanlı, yüksək keyfiyyətli kadr potensialı-professor, müəllim, alim gərəkdir. Qarabağ Universiteti özü ilə birgə Qarabağı gəncliyə aparacaq. Təbii ki, universitetin tələbə kəsimini, gənclər ruhunu özündə əks etdirən mərkəzlər, bu universitetinin törəməsi şəklində fəaliyyət göstərmiş olacaq. Qarabağ Universiteti azad olunmuş torpaqların təhsili və iqtisadi cəhətdən inkişafı üçün böyük cığır olacaq. Bu gün dünya universitetlərini ölçən onların inkişafını müəyyənləşdirən reytinq cədvəlləri var ki, təəssüf ki, bizim universitetlər oraya yaxın düşə bilmir. İnanırıq ki, Qarabağ Universitetinin tutduğu xətt, oraya göstəriləcək diqqət, şaxəli profili, dünya təhsili ilə uzlaşması bizim bu həsrətimizə son qoyacaq. Azərbaycanı təmsil edən universitetin Qarabağ Universiteti olması insanı sevindirir. Bu təbii ki, bir ehtimaldır, amma ehtimal çox keçməmiş reala çevriləcək







0 0

Şərhlər

Oxşar xəbərlər