Ən böyük planlarımızdan biri işğaldan azad olunmuş ərazilərdə məktəblərin tikilməsidir”
7-01-2022, 10:14
2 188

Ən böyük planlarımızdan biri işğaldan azad olunmuş ərazilərdə məktəblərin tikilməsidir”

Emin Əmrullayev: “2022-ci ilə böyük ümidlər, arzular və planlarla daxil oluruq”

2021-ci il dekabrın 28-də təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında qonaq olub. Proqramda təhsil naziri ilə 2021-ci ilin təhsil yekunları, təhsil işçilərinin əməkhaqqı artımı, vaksinasiya prosesi, təhsil tələbə krediti, 2022-ci ildən gözləntilər və digər suallar ətrafında söhbət aparılıb.

Dövlətin təhsil işçilərinə qayğısı artmaqdadır

- 2021-ci ili başa vurmaq üzrəyik və təbii ki, təhsil sahəsində də addımlar atılıb. İstərdik ki, 1 ilin yekunlarına nəzər salaq. Amma öncə ilin ən yaddaqalan və vacib hadisələrini qeyd edək. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənən yeni sosial paketdə həm də təhsil işçilərinin əməkhaqlarının artırılması ilə bağlıdır. Əvvəlcə bu barədə söhbətimizə başlayaq. Ümumiyyətlə, bu cür qərarların qəbul olunması təhsilin keyfiyyətinə hansı formada təsir edir və nə qədər təhsil işçisinin sosial rifah halının yaxşılaşdırılmasından söhbət gedəcək? 

- Bu ilin ən böyük hadisələrindən biri sizin də qeyd etdiyiniz kimi, cənab Prezidentin müvafiq sərəncamları ilə ilin sonunda Azərbaycanda təhsil və digər işçilərin əməkhaqlarının artırılmasıdır. Onu vurğulamaq istərdim ki, müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində işləyənlərin, bütövlükdə, təhsil işçilərinin sosial-rifah halının yaxşılaşdırılması dövlət başçısının hər zaman diqqətində olan məsələlərdəndir.

Son illər ərzində onu qeyd etmək olar ki, məhz bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin əməkhaqlarının 2 dəfə artırılması - dərs yükünün 12 saatdan - 18 saata çatdırılması nəticəsində, o cümlədən də mütəmadi olaraq bir neçə dəfə müvafiq qaydada maaş artımları müəllim peşəsini kifayət qədər nüfuzlu və cəlbedici edib. Bunu istər müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə, istərsə də abituriyentlərin ixtisas seçimində çox aydın şəkildə görürük. Əgər biz bir neçə il əvvəl müəllim çatışmazlığını qeyd edirdiksə, hazırda Azərbaycanın ən ucqar kəndlərində, müəyyən mənada çətin sayıla biləcək yerlərində belə gənclərimiz müəllim işləməyi seçir.

Maaş artımı təhsilin keyfiyyətinə müsbət təsir edəcək

- Siz bu məsələdə əsas səbəb kimi nəyi göstərə bilərsiniz?

- Təbii ki, burada bir neçə səbəb var. Həqiqət bundan ibarətdir ki, xüsusilə kənd yerlərində, müəllim işlədiyi yerlərdə, belə deyək də, əməkhaqqısı yüksək olur. Rayon, kənd yerlərində infrastrukturu yaxşı, maddi-texniki təchizatı yüksək səviyyədə olan məktəblərimiz var. Müəyyən təhsil müəssisələrimiz də var ki, onlarda hələ də müəyyən çatışmazlıqlar olsa da bunlar ardıcıl şəkildə hökumətin müvafiq hazırladığı plan əsasında aradan qaldırılır.

 Bir məsələni də xüsusi qeyd etmək istərdim ki, gənclərin müəllimliyə həvəsi artıb. Yəni, biz bunu başqa bir indikatorla görürük ki, bu gün yüksək bal toplamış abituriyentlərin 4 nəfərindən 1-i müəllimlik ixtisasını seçirsə, bu da öz-özlüyündə çox yaxşı bir xəbərdir. Sadəcə olaraq həmin gənclərin sinif otaqlarında gəlib müəllimlik peşəsinə yiyələnməsi, yəni yaxşı müəllim kimi formalaşması üçün yəqin ki, bir az daha çox gözləməliyik. Məhz təhsil də elə bir sahədir ki, burada 1 gecəyə, 1 ilə böyük dəyişikliklər əldə edə bilmərik dedikdə, bu tipli dəyişikliklər də nəzərdə tutulur.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləndə də mən bu fikri səsləndirdim ki, bu gün həmin ali məktəbin auditoriyasındakı 16,17,18 yaşlı gənclər Azərbaycan təhsilinin növbəti 30-40 ilini şərtləndirən insanlardır. Və həmin gənclərin nailiyyətlərimi, akademik göstəricilərimi deyim, bu, həqiqətən də gələcək nəslin formalaşmasına uzunmüddətli vədədə müsbət təsir edir. Amma qısamüddətli vədədə, bilirsiniz ki, təhsil sistemində bu addım 100 minlərlə insanı əhatə edir. Təkcə dövlət ümumtəhsil müəssisələrində 230 minə yaxın insanın, bundan əlavə bizim məktəbdənkənar, orta ixtisas, peşə ixtisas təhsili müəssisələrində işləyən həmkarlarımızın da əməkhaqqısı artırılır. Və bəzən anlaşılmazlıq olur ki, yalnız müəllimlərin və gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin və peşə məktəblərində fiziki tərbiyə müəllimlərinin əməkhaqları artırılıb. Yox, sadəcə olaraq bu qrup xüsusi sxem üzrə əməkhaqqı aldığına görə müvafiq islahatdan sonra onların adları ayrıca hallanır. Büdcədən maliyyələşən digər işçilər, psixoloqlar, laborantlar, məktəbin texniki-inzibati heyəti də bu islahatın tərkib hissəsidir. Ona görə də qeyd etdiyim kimi, tək təhsil sektorunda bu, 300 mindən artıq insanı əhatə edəcək. Və sualınızın cavabı olaraq deyim ki, maaş artımı birmənalı şəkildə təhsilin keyfiyyətinə müsbət təsir edəcəkdir. Həm qısamüddətli, həm də uzunmüddətli vədədə. Belə ki, qısamüddətli vədədə insanların rifahına, uzunmüddətli vədədə isə daha da istedadlı insanların təhsil sektoruna gəlməsinə müsbət təsiri olacaqdır.

Tədris ili gec başlasa da, davamlılığı təmin edildi

- 2021-ci il artıq başa çatmaq üzrədir və təəssüflə qeyd etməliyik ki, bu ili də pandemiya şəraitində başa vururuq.Və pandemiyanın bütün sahələrə, o cümlədən təhsil sektoruna təsirləri barədə kifayət qədər danışmışıq. Azərbaycan artıq pandemiya dövründə hər bir sahədə olduğu kimi, təhsildə də müəyyən təcrübə əldə edib. Ümumiyyətlə, bax bu cür fost-major vəziyyət Azərbaycan təhsilinə hansı formada təsir göstərdi? Bu, yalnız Azərbaycanda yox, təbii ki, bütün dünyada yeni bir hadisə idi. Biz itirilmiş dərs yükünü kompensasiya, bərpa edə bildikmi? 2021-ci ili pandemiya fonunda necə dəyərləndirmək olar?

- Təbii ki, qeyd etdiyiniz kimi, heç kimin gözləmədiyi və planlaşdırmadığı bir şəraitdə təhsil sistemi belə bir vəziyyətlə -pandemiya ilə üz-üzə qaldı. Tək Azərbaycanda deyil, dünyanın istənilən ölkəsində düşünürəm ki, oxşar çətinliklər yaşanıldı. Mən ölkəmizdə pandemiya ilə bağlı mərhələli şəkildə həyata keçirilən tədbirləri qeyd etməklə zaman almaq istəmirəm. Yəni, bilirsiniz ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycanda Operativ Qərargah yaradıldı. Hökumətin ayrı-ayrı qurumları arasında sıx əlaqəli şəkildə bu məsələyə qarşı bir münasibət formalaşdırıldı. İstər səhiyyə, təhsil, hüquq-mühafizə, istərsə də iqtisadiyyat və digər sahələr üzrə çox ciddi bir koordinasiya sayəsində mühüm işlər həyata keçirildi.

Əgər biz ictimaiyyətə müəyyən mənada hesabat xarakterli məlumat veririksə, mənə görə yaxşı xəbərlərdən biri ondan ibarətdir ki, bu tədris ilində - sentyabr ayından başlayaraq pandemiyanın dinamikasını düzgün proqnozlaşdıra bildik. Artıq dekabr ayı bitmək üzrədir və həmin o proqnoz nəticəsində tam inamla deyə bilərik ki, 2021-ci ilin sonunu ənənəvi təhsili arası kəsilmədən təhsil müəssisələrimizdə təşkil edə bildik. Azərbaycan məktəbindən - 1 milyon 600 minə qədər olan şagirdi əhatə edən bir sistem, o cümlədən də 200 minə yaxın tələbəsi olan ali təhsil sistemi, orta ixtisas və peşə məktəbləri ilə birlikdə biz 2 milyondan artıq təhsil alan və təxminən 300 minə yaxın təhsil verənlərdən, təhsil işçisindən danışırıq. Və nəticə etibarı ilə 2 milyon 300 minə yaxın insanı əhatə edən böyük bir təhsil sisteminin gündəlik ənənəvi və yaxud da ənənəviyə çox yaxın qaydada tədrisini təşkil etməyimizi ilin uğurlu hadisəsi hesab edirəm.

Təbii ki, bu uğura təhsil işçilərinin, təhsil müəssisələrində işləyən insanların vaksinasiyada fəal iştirakı nəticəsində nail ola bildik. Bu gün 90 faizdən artıq təhsil işçisi 2 doza vaksinasiyadan keçib. Hazırda buster doza ilə bağlı iş davam etdirilir. Biz əvvəl də bunu qeyd edirdik ki, təhsilin ənənəvi qaydada təşkili üçün yeganə şərt təhsil işçilərinin vaksinasiyasıdır. Mən sizin efir vasitəsi ilə bir daha həmin insanlara öz dərin minnətdarlığımı bildirirəm ki, məhz fəal iştirak nəticəsində övladlarımızı təhsillə əhatə edə bildik. Əlbəttə ki, cəmiyyətin də burada böyük rolu var.

Ümumiyyətlə, biz peyvəndlənmə faizinə görə ən irəlidə olan ölkələrdən biriyik. Amma proses yenə də davam etməlidir ki, bu uğuru yarımçıq kəsməyək. O ki qaldı əldə olunan təcrübələrə, distant təhsilə, istər onlayn platformaların yaradılmasına, istər Azərbaycanda mövcud məzmunu əhatə edən videodərslərin hazırlanmasına. Burada da fürsətdən istifadə edib Təhsil Nazirliyi ilə uğurlu əməkdaşlığına görə Azərbaycan Dövlət Televiziyasına təşəkkürümü bildirirəm. Azərbaycanda milyonlarla insana həmin dərsləri çatdırdıq. Ən yaxşı müəllimləri üzə çıxartdıq. Digər müəllimlərimiz üçün nümunəvi dərslər yarada bildik. Bu dərslər onlayn yerləşdirilib. Hətta pandemiyadan kənar müddətdə də yəqin ki, insanlar bundan faydalana biləcəklər.

Pandemiya bitməyib, bunu unutmamalı və qaydalara riayət olunmalıdır. Xüsusilə də qarşıdan gələn yanvar, fevral aylarında daha diqqətli olmalıyıq. Çünki qış ayları üçün xarakterik olan ənənəvi xəstəliklərlə yanaşı, qapalı şəraitdə daha çox insanın olması da bu prosesə təsir edə bilər.

Amma yenə də inandığım budur ki, seçilmiş model, yəni dərslərin bir az gec başlaması və ortada tətil günlərinin həmin dərs günləri ilə əvəzlənməsi uyğun bir qərar idi. Azərbaycanda tədris ili gec başlasa da, davamlılığı təmin edildi. Mövcud vəziyyətə uyğun ayrı-ayrı məktəblər 2 həftəlik distant təhsilə keçmişdir. 4400-dən çox məktəbimizdən 2 həftəlik distant təhsilə keçən ümumtəhsil müəssisələrimizin sayı 100-ə (70-80 arası) heç çatmayıb. Yəni, bu qədər müəssisədə ənənəvi təhsilin təşkil edilməsi sadaladığım rəqəmlərin fonunda kifayət qədər Azərbaycan cəmiyyəti, təhsil ictimaiyyəti, bütün müəllim və valideynlərimiz üçün uğurlu nəticə hesab olunmalıdır.  

Pandemiya şəraitində təhsilin fərqliliyi

- Bəziləri pandemiyaya problem kimi yanaşır və daha çox onun neqativ nəticələrinə köklənir. Amma bəzi, belə deyək, optimistlər isə pandemiyanı həm də müsbət tərəflərdən şərh edirlər. Pandemiyanın sırf təhsil sahəsinə yeni əlavə təcrübələr qazandırdığını söyləyə bilərikmi?

- Birmənalı olaraq söyləyim ki, istənilən çətinlik bu və ya digər sistemi əgər biz onu keçib bitiririksə o sistemi möhkəmləndirir, zəiflətmir. Bu mənada distant təhsil, videodərslərin çəkilməsi, müəllimlərimizin distant təhsil vərdişlərinin, bacarıqlarının formalaşması, ümumiyyətlə, dərsə cəlb oluna bilməyən şagirdin hansı alternativ üsullarla öyrənməsinin təmin edilməsi baxımından əldə olunan nailiyyətləri qeyd etdim. Amma eyni zamanda da düşünürəm xüsusilə pandemiya şəraitində İkinci Qarabağ müharibəsinin baş verməsi Azərbaycan cəmiyyətinə, o cümlədən təhsil sisteminə birlikdə olmağı, bir yerdə bu və ya digər çağırışa, problemə necə sinə gərməyi də öyrətdi. Və əminliklə deyə bilərik ki, insanlarımız bir-biri ilə daha çox əməkdaşlıq etməyi, daha yaxşı ünsiyyət qurmağı öyrəndilər. Bu, olduqca vacib bir məsələdir.

Son 1 il təhsil sahəsində hansı yeniliklərlə yadda qaldı?

- Ümumiyyətlə götürsək, 2021-ci ili təhsil sahəsində uğurlu il kimi qiymətləndirə bilərikmi? Pandemiya reallığını kənara qoysaq biz hansı yenilikləri əldə edə bildik?

- Təbii ki, təhsil sahəsində bir sıra işlər həyata keçirilib, nailiyyətlər əldə olunub. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycanın uzunmüddətli inkişafını təmin edə biləcək təhsillə bağlı fərman və sərəncamlar imzalanıb. İstərdim bunlar və digər məsələlər haqqında danışım.

2021-ci ildə dövlət başçısı İlham Əliyevin fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradıldı. Təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb. Artıq bu ilin sonuna qədər 4000 gənc təhsil kreditindən yararlanmaq üçün müraciət edib. Bu rəqəmin bir az da artacağını gözləyirik. Növbəti həftədə biz Azərbaycanın təhsil tarixində ilk təhsil tələbə kreditlərini gənclərimizə verə biləcəyik.

İkinci mühüm məsələ, Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı cənab Prezidentin müvafiq tapşırığı əsasında hazırlanan Dövlət Proqramıdır. Yaxın günlərdə bu proqram təsdiq olunarsa, biz növbəti ildən yenidən Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı Dövlət Proqramının icrasına başlayacağıq. Bundan əlavə təhsil sistemində bir sıra layihələr uğurla davam etdirilib. Təhsilin maddi-texniki bazası gücləndirilir. Belə ki, 88 məktəb tikilib və ya əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib.

Eyni zamanda, kiçikyaşlı uşaqlarla, məktəbəqədər təhsillə bağlı baş verən böyük dəyişikliklərdən biri icma əsaslı məktəbəqədər təhsil qruplarının təşkilidir. Ölkəmizdə məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə, müəyyən kəndlərdə bu günə qədər 850-dən artıq icma əsaslı məktəbəqədər təhsil qrupları təşkil olunub. Burada 16000-dən artıq uşaq təhsilə cəlb olunub. Həmin qrupların təşkili nəticəsində 780-ə qədər yeni iş yeri yaradılıb ki, bu da qadınların işlə təmin edilməsinə müsbət təsirini göstərib. O cümlədən bu il Azərbaycan tarixində maksimal sayda gənc tələbə adını qazanıb. Biz bakalavr və magistratura səviyyələrində çox yüksək qəbul planlarını görürük. Başqa bir müsbət nəticə müəllimlərin işə qəbulu ilə bağlıdır. Belə ki, bu il 10 mindən artıq insan işlə təmin edilib. Təbii ki, bu da böyük rəqəmdir.

Ali təhsil sahəsində bir sıra beynəlxalq layihələrimiz uğurla davam edir. 4 beynəlxalq ikili diplom proqramı - Cənubi Koreya Respublikasının İnha Universiteti, ABŞ-ın Corc Vaşinqton Universiteti ilə iki proqram və Türkiyənin Ege Universiteti ilə proqramlarımız davam edir.

Türkiyə universitetlərindən danışmışkən, artıq məlumatınız var ki, dekabrın 2-də Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarı ilə dövlət başçısı cənab İlham Əliyevin qəbulunda Türk-Azərbaycan Universitetinin yaradılması məsələsini konkret olaraq müzakirə etdik.

Bilirsiniz ki, dövlət başçısı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında 14 iyul 2021-ci il tarixli fərman imzalanmışdır. Və artıq Təhsilin İnkişafı Fondu ilə müəyyən layihələrin həyata keçirilməsini planlaşdırırıq.

Başa vurduğumuz ili mənə görə, Azərbaycan təhsilində uğurla həyata keçirilən STEAM ili də adlandıra bilərik. 2021-ci ildə STEAM layihəsi 302 ümumtəhsil məktəb və 10 STEAM Mərkəzini əhatə edib. 100 mindən artıq şagird STEAM tədrisinə cəlb edilib. 9-10 dekabr tarixlərində Təhsil Nazirliyi Təhsil İnstitutu ilə birlikdə ölkəmizdə ilk dəfə “STEAM Azərbaycan Festivalı 2021” təşkil etdi. İlk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarını inkişaf etdirmək idi. STEAM festivalında gördük ki, bizim Azərbaycan məktəblərində nə qədər istedadlı uşaqlarımız və innovasiyalar var. Tədris ilinin sonuna qədər 15 STEAM Mərkəzini istifadəyə verməyi planlaşdırırıq.

Son illərdə peşə təhsilinə maraq artıb. Belə ki, peşə təmayüllü siniflərimizin sayının artması, ümumiyyətlə, peşə təhsilinə olan istəyin və bu il peşə təhsilinə qəbul olan uşaqların maksimal sayda olması, ötən illə müqayisədə 12 faiz artması bizi çox sevindirir. İlk dəfə olaraq yüksək texniki peşə təhsilinə başlanılması peşə təhsili müəssisələrinin tələbələri üçün təhsillərini davam etdirmək və ali təhsil almaq baxımdan yeni imkanlar açır. 

Həyata keçirdiyimiz “Rəqəmsal bacarıqlar” layihəsi bu il daha çox şagirdin əhatəliliyi baxımından uğuru olub. Layihə 190 min şagirdi əhatə edir. Təbii ki, bütün bu layihələr və əldə olunan nailiyyətlər əsasən Azərbaycan məktəbinə yeniliklərin gəlməsi ilə əlaqədardır.

Mən azərbaycanlı şagirdlərin olimpiada nailiyyətlərini də xüsusi qeyd etmək istərdim. 2021-ci ildə məktəblilərimiz 15 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edib. Şagirdlərimiz 6 qızıl, 16 gümüş, 33 bürünc medal olmaqla, ümumilikdə 55 medal qazanıblar.

Azərbaycan beynəlxalq qiymətləndirmələrdə iştirak edir. Yəni, biz təhsil sistemi olaraq nədənsə kənarda qalmağı, nəyisə gizlətməyi sevmirik və yaxud da istəmirik. Amma təbii ki, sistem böyük olduğuna görə hələ də həlli vacib məsələlər var. Bunları da danmırıq. Bizim inandığımız budur ki, elə həll yolları, mexanizmlər var ki, onların tətbiqi bir deyil, yüzlərlə, minlərlə adamın problemini eyni anda həll edə bilər. Biz o mexanizmləri tətbiq etməsək həmin fərdi problemlər həmişə olacaq və bununla sadəcə olaraq həyatımızı və zamanımızı onların həllinə sərf edəcəyik.

Təhsil tələbə krediti

- Təhsil tələbə kreditləri. Emin müəllim, əslində bu, sosial sifarişdir. Siz də razılaşarsınız, çoxdan gözlənilən bir xəbər idi. Bunu şərtləndirən əsas amillər nədən ibarətdir?

- Cəmiyyətdə təhsil tələbə kreditinin hələ də tam mahiyyəti və mənası başa düşülmür. Ən bəsit və sadə şəkildə desək, təhsil tələbə krediti ali təhsil almaq istəyən, amma bunun üçün maddi imkanı olmayan şəxs üçün əlavə bir imkandır. Düşünürəm ki, təhsil tələbə krediti minlərlə Azərbaycan gəncinə daha asan yolla təhsil almasına imkan yaradacaqdır.

Eyni zamanda, bu, maliyyə resurslarının, daha dəqiq desək, uzunmüddətli vədədə təkrar istifadəsinə imkan verəcəkdir. Yəni, tələbə bu gün kreditini alırsa, müəyyən vaxtdan sonra işləyərək həmin krediti geri qaytardıqdan sonra o maddi vəsaitlə növbəti dəfə başqa bir adamın təhsil almasına imkan yaradırıq. Yəni, əsas fərqlərdən biri budur

Bazar iqtisadiyyatı kreditsiz mümkün deyil. Biz əgər bazar iqtisadiyyatından danışırıqsa və bu iqtisadiyyata şüurlu şəkildə keçidi nəzərdə tuturuqsa, burada 2 vacib məsələ çox önəmlidir. Biri, fərdin məsuliyyəti - yəni fərdin verdiyi qərarlardır. Hər bir şəxs özü ilə bağlı daha ciddi məsuliyyət daşıyır, nəinki başqa adamlar onunla bağlı. Yəni, hər bir insanın özündən olan gözləntisi daha yuxarı olmalıdır, nəinki həmin insanın başqa adamlardan olan gözləntisi. Bu, məncə çox vacibdir. Və burda fərdi məsuliyyət nədən ibarətdir? Hər bir şəxs ali təhsil almaq, özünün növbəti həyatını, karyerasını formalaşdırmaq istəyir və bunun məsuliyyətini də dərk edir. Ona necə deyərlər, bu imkanı yaratmaq məsələsi Təhsil Nazirliyinin funksiyası, vəzifəsidir. Və biz deyirik, bu imkanı tələbə krediti ilə yaradırıq.

Təhsil tələbə krediti ali təhsil müəssisələrimiz üçün böyük imkandır. Bilirsiniz ki, bir çox hallarda tələbələrlə ali təhsil müəssisələri arasında ödəmə problemləri yaranırdı. Tələbələrin vaxtında öz təhsil haqlarını ödəyə bilməmələri barədə məsələ qaldırılırdı. Bu da bir imkandır ki, ali təhsil müəssisəsi arası kəsilmədən maliyyələşməsini təmin etsin. Bu, həm də ali təhsil müəssisəsinin inkişafı deməkdir, burada çalışan müəllimlərin əməkhaqqısı məsələsidir və s. Təhsil tələbə kreditləri ilə bağlı məsələ bizim üçün yenidir. Düşünürəm ki, 3-5 ildən sonra biz təhsil tələbə kreditlərinin ali təhsilə olan təsirləri haqqında daha ətraflı danışa bilərik. Yəni, təhsil tələbə krediti vermədən ali təhsil alanlara təsirləri haqqında danışmaq yalnız mülahizə və proqnoz xarakteri daşıyır. 

Kiçik faizlərlə və uzun müddətə

- Ümumiyyətlə, bu cür maliyyə mənbələri haradan formalaşır?

- Hələ ki, ilkin mərhələdə bu, Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılır. Təbii ki, bu kreditlər mənfəətli kreditlər deyildir. Dövlət bundan mənfəət əldə etmir. Kreditlərin faizi bildiyiniz kimi, 2 və 6% olaraq müəyyən edilmişdir. Çox aşağı faizdir və 20 il müddətinə qaytarılacaq. İqtisadi dildə desək, pulun real dəyərindən daha aşağıdır. Təhsil tələbə kreditinin sosial və standart növləri var. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcəklər. Standart kredit növündən yararalanmaq istəyən tələbələr üçün də müvafiq şərtlər açıqlanıb.

- Nəzarət mexanizmi bir qədər arxa plana keçməyəcəkmi?

- Xeyir, çünki Təhsil Tələbə Krediti Fondu o nəzarəti həyata keçirəcək və burada imzalanmış müqavilə, öhdəliklər və s. məsələlər öz əksini tapır. Hüquqi baza da var. Amma yenə də əsas məsələ imkan məsələsidir, nəinki öhdəlik. Yəni, biz istəyirik ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etməklə, daha çox sayda gəncimizin ali təhsil almasına imkan və şərait yaransın. 

Əsas hədəflər...

- 2022-ci ildə Təhsil Nazirliyi olaraq sizin əsas prioritetləriniz nədən ibarətdir?

- Təhsil sistemi çox böyük olduğuna görə bizim hər zaman diqqətdə saxladığımız məsələ səmərəliliyi artırmaq, vətəndaşlarla ünsiyyətimizi düzgün qurmaqdır. Burada çox ciddi maarifləndirmə işinə ehtiyac var. Çalışırıq ki, açıq şəkildə qeyd edək ki, biz Təhsil Nazirliyini əgər fərdi problemlərin və şikayətlərin həlli bürosuna çevirsək, ola bilər ki, 150-200 adamın hansısa suallarına daha tez cavab verək, amma yaxşı təhsil sistemi qura bilməyək. Bu, o demək deyil ki, biz vətəndaş müraciətlərinə baxmırıq. Sadəcə olaraq vətəndaşlar öz müraciətlərini və şikayətlərini aidiyyatı qaydada etməlidirlər ki, həm onların şikayətlərinə tez baxa, həm də üzərimizə düşən digər vəzifələri yerinə yetirə bilək. Və inandığım ondan ibarətdir ki, əgər biz ciddi şəkildə təhsil islahatı aparmaq istəyiriksə və yaxud aparmaqdayıqsa, bu halda cəmiyyət, valideyn və vətəndaşlar həmrəy olmalı və müəyyən mənada həmin məqsədə doğru getməliyik. Burada ayrı-ayrı fərdlərin kənara çıxıb öz problemini tez həll edib, bütövlükdə sistemdə nə baş verirsə-versin təfəkküründə olması qəbuledilməzdir. Düşünürəm ki, Təhsil Nazirliyi üçün əsas prioritetlərdən biri də yerlərdə təhsilin idarəetməsinin təkmilləşdirilməsidir. Yəni, həqiqətən də Təhsil Nazirliyinə gələn müraciətlərin 99 faizi yerində həll oluna bilən problemdir. Ya məktəb direktoru tərəfindən, ya rayon təhsil idarəsi tərəfindən və yaxud ali təhsil, peşə təhsili müəssisələri rəhbərləri tərəfindən tez həll edilə bilər. Yəni, bunu yerində həll etmək mümkündürsə, sual olunur, niyə görə həll olunmur. Və bu, yalnız vətəndaşa deyil, həm də bizim həmkarlarımıza olan sualımızdır. Çünki düşünürəm ki, hamının öz işini vaxtında və düzgün görməsi olduqca vacibdir. Ona görə istər vətəndaş müraciətləri, resurslarla, məktəblərin idarəedilməsi, istərsə də təminat və digər məsələlər ilə bağlı səmərəliliyin artırılması mütləqdir. Yəni biz hər bir problemin həllini vətəndaş nazirlik və yaxud da ki, yer nazirlik görürüksə heç vaxt səmərəli nəticəyə nail ola bilməyəcəyik. Bu, mümkün deyil. Bizim məqsədimiz nədir? Problemi həll etməkdirsə onda biz bunun düzgün həll yolunu axtarıb tapmışıq və yaxud da tapa bilirik. Bunun həll yolu yerlərdədir. Uşağın 3-cü yox, 1-ci partada oturması ilə bağlı istək məncə Təhsil Nazirliyində həll edilməməlidir. Və yaxud da ki, 2 yaşlı və ali təhsilli insan arasındakı fərdi konflikt nazirlikdə hakim rolunu oynayan məmur tərəfindən həll olunmamalıdır. Bu məsələləri yerlərdə həll etmək mümkündür. Cəmiyyətimizdən də bir qədər gözləntimiz bundan ibarətdir ki, yerlərdə daha çox əməkdaşlıq və qarşılıqlı inamı artıraq. Bu il də təhsilin ən müxtəlif pillələrində həyata keçirdiyimiz layihələr davam edəcək, ümumtəhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılması ilə bağlı müəyyən işlərin həyata keçirilməsi nəzərdə tutulur. Məktəblərə daha çox innovativ məzmunu tətbiq etmək, STEAM dərslərə yer verilməsini planlaşdırırıq. Onu da qeyd edim ki, bu il biz Azərbaycanın təhsil tarixində maksimal sayda kompüterlər almışıq. Və növbəti illərdə şagird -kompüter nisbətini 6:1-ə çatdırmağı düşünürük. Bu isə öz-özlüyündə artıq rəqəmsal qiymətləndirmə, summativ testlərin rəqəmsallaşması, elektronlaşmasıdır. Bunlar bizə valideynlərlə ünsiyyətin daha tez qurulması, onlara övladlarının aldığı qiymətlərin elektron qaydada ötürülməsi və bu tipli müxtəlif imkanları da yaradacaqdır.

Ali təhsildə əhatəliliyin, keyfiyyətin, beynəlmiləlləşmənin, ikili proqramların artırılması da bizim qarşıya qoyduğumuz əsas hədəflərimizdəndir.

Peşə təhsilinin inkişafı da bizim diqqətdə saxladığımız ən prioritet istiqamətlərimizdəndir. Peşə təhsili müəssisələrinə 2022-ci ildə qəbul sayının artırılmasını gözləyirik. Qısamüddətli peşə təlimləri haqqında danışmaq imkanımız olmadı. Bu il ilk dəfə pilot olaraq biz 1000-ə yaxın gənci bu təlimlərdən keçirmişik. Və görünən budur ki, 3-6 ay ərzində kursu bitirdikdən sonra işə düzəlmə 50 faizdir. Məqsədimiz üzümüzə gələn təzə ildə daha çox insanı bu kurslara cəlb etmək və peşə təhsili müəssisələrini irəliyə doğru aparmaqdır. Məsələn, Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə bağlı yaxşı xəbər odur ki, ilk dəfədir bu təhsil müəssisəsinə qəbul olunmaq istəyənlərin sayı çox olsa da artıq yer yoxdur.

Bilirsiniz ki, oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bərdə Peşə Liseyinin açılışında iştirak edib. Həmin liseyin regional formatda olmasını planlaşdırırıq.

Təbii ki, 2022-ci il üçün ən böyük planlarımızdan biri işğaldan azad olunmuş ərazilərdə ilin sonuna qədər məktəblərin tikilməsidir. Cənab Prezidentin müvafiq sərəncamına əsasən Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin tikilməsini planlaşdırırıq. Ağdam şəhərində məktəb tikintisinə başlayırıq. Cəbrayılda da ümumtəhsil müəssisəsinin tikintisinin planlaşdırılması gedir. O cümlədən digər şəhər və kəndlərdə də yeni təhsil müəssisələrinin tikilməsi nəzərdə tutulur. Bilirsiniz ki, Zəngilanda Ağalı kəndinin təməl daşı qoyulub. Bu, böyük qayıdışın birinci addımıdır. Burada da çox böyük qürur və fəxr hissi ilə qeyd etmək istərdim ki, artıq məktəbin necə fəaliyyəti ilə bağlı planlar var. Yəni, deməyim ondan ibarətdir ki, 2022-ci ilə çox böyük ümidlər, arzular və planlarla daxil oluruq. Və mən fürsətdən istifadə edib bütün təhsil işçilərimizə yeni ildə uğurlar arzulayıram.

- Bizə vaxt ayırdığınız üçün sizə təşəkkürümüzü bildiririk.



0 0

Şərhlər

Oxşar xəbərlər