Yüksək bal əsas deyil - İxtisas seçimi ilə bağlı VACİB MƏQAMLAR
3-08-2022, 14:38
1 199

Yüksək bal əsas deyil - İxtisas seçimi ilə bağlı VACİB MƏQAMLAR

Hər il minlərlə abituriyent tələbə adını qazanmaq üçün qəbul imtahanlarında iştirak edir. Təbii ki, imtahan verənlərdən yalnız uğurlu nəticə göstərənlər tələbə adını qazana bilir. Lakin imtahan vermək hər şey demək deyil. Əsas məsələ müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin düzgün ixtisaslaşma etmələridir. Bu məqsədlə Dövlət İmtahan Mərkəzinin Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərsə də, onların sayı kifayət qədər deyil. Nəticədə düzgün seçim etməkdə çətinlik çətən abituriyentlər əksər hallarda özünü mütəxəssis kimi təqdim edən dələduzların toruna düşürlər.

Təəssüflər olsun ki, şirin vədlərə aldanan gənclər təkcə maddi itki ilə üzləşmirlər, həm də arzuladıqları universitetlərə qəbul şansını itirirlər. 

 

Bəs, abituriyentlər düzgün seçim etmək üçün kimə müraciət etsinlər? Problemin qarşısını almaq üçün DİM-in Abituriyent Məsləhət Mərkəzlərinin sayı artırılmalıdırmı?

 

Azedu.az təhsil portalının baş redaktoru Elmin Nuri bildirib ki, mövzu haqda danışarkən öncə problemin əsas özəyinin Dövlət İmtahan Mərkəzinin təşəbbüsü ilə yaradılan Abituriyent Məsləhət Mərkəzlərinin az və ya çox olmadığını xüsusi vurğulamaq lazımdır:

 

"Əlbəttə ki, bu tipli mərkəzlərin sayının artması, həmçinin oradakı kadr potensialının yüksək səviyyədə olması, gördükləri işlərin faydalılıq əmsallarının artması çox vacibdir. Çünki bu mərkəzlər müsabiqə şərtini ödəyən abituriyentlər üçün “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydalarını, müsabiqə şərtlərini, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələləri ödənişsiz əsaslarla həyata keçirir.

 

Məsləhət mərkəzləri Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində, Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Avrasiya, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərirlər. Diqqət etdinizsə, istər paytaxt Bakıda, istərsə də regionlarda onların sayı azlıq təşkil edir. Lakin on minlərlə abituriyent üçün az qala həyati əhəmiyyətli məsələdə bu mərkəzlərin nə dərəcədə faydalı olduğunu göstərdikləri xidmət siyahısından da bilmək olar". 
E.Nurinin sözlərinə görə, problemin görünməyən, pərdəarxası məqamları da var:

 

"Hər rayonda bir neçə Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərsə də, fərdi müəllim və bu işdən anlayışı olan şəxslərə müraciət yenə də çoxluq təşkil edəcək. Bəzi şəxslər sosial şəbəkə vasitəsilə öz təbliğatlarını apararaq xidmətlərini təklif edir, abituriyent və onların valideynlərinə prosesin guya qəlizliyini və “onlarsız olmazsa, olmaz” simasını təlqin etməklə psixoloji basqı yaradırlar. Məqsəd təbii ki, daha çox abituriyenti ixtisas seçiminə cəlb etməklə, bacardıqları qədər gəlir əldə etməkdir. Bu şəxslər onlara müraciət edən abituriyentlərin hər birinə bəzən, 10-15 dəqiqə həsr edir və növbəti müştərini qəbul etmək üçün tələsirlər. Çünki ixtisas seçimini işbazlığa çevirən şəxslər üçün hər dəqiqə belə vacibdir. Onları abituriyentin gələcək uğuru, qəbul olunmama riskləri qəti maraqlandırmır. İxtisas seçiminə bilirik ki, hər il orta hesabla 7-10 gün, bu il isə 12 gün (16-28 avqust) vaxt aralığı təyin edildi.

 

Hər müraciətçiyə potensial 100-150 manat gözündə baxan belə işbazlar bir dəqiqəni belə boşa vermək istəmirlər. 15 ixtisas müəyyən keçid balına əsasən cəmi 10 -15 dəqiqə ərzində kodlaşdırılır. Lakin bu işə ən azı 90 dəqiqə vaxt ayırmaq lazımdır. Çünki keçid balını bilmək, hər hansı ixtisas üzrə builki plan yerlərinin sayına uyğun hərəkət etmək lazımdır. Abituriyentin hər kodlaşdırılan ixtisasa nə dərəcədə uyarlığı da nəzərə alınmalıdır. Çünki hər seçilən ixtisas abituriyentin potensial təhsil obyektidir. Odur ki, bu potensial obyekt necə gəldi müəyyən edilə bilməz. Seçilən ixtisasla bərabər onun karyera bələdçiliyi də abituriyentə təqdim edilməlidir. Bu isə güclü analiz və lazımı zaman kəsimi tələb edir. Odur ki, belə şəxslərə müraciətdən abituriyent və valideynləri maksimum yayınmalı, “Abituriyent” jurnalının keçid balları və plan yerləri, eləcə də illik təhsil haqqılarının yer aldığı nömrələrini  mütləq əldə etməli və onun əsasında düşünülmüş şəkildə hərəkət etməlidirlər. Amma təbii ki, bu işlər Abituriyent Məsləhət Mərkəzləri ilə bərabər yürüdülsə, daha effektiv olar. Bu səbəbdən istər paytaxtda, istərsə də regionlarda bu mərkəzlərin sayı mütləq artmalıdır".

Təhsil üzrə ekspert Elçin Əfəndi düşünür ki, 80-90 min tələbənin heç də hər biri bu ixtisas seçimi prosedurunu yaxşı bilmir:

 

“Buna görə də onların mütəxəssis rəyinə ehtiyacları var. Onların ictimaiyyət tərəfindən tanınan, müraciət olunan şəxslərin məsləhətlərini nəzərə alması məqsədəuyğundur. Yəni abituriyentlər sıradan bir şəxsə müraciət etməməlidirlər. Bundansa, özləri bu proseduru həyata keçirsələr daha yaxşıdır. Çünki mütəxəssis onlara konkret illik təhsil haqları, plan yerləri və real qəbul olub-olmama imkanları barədə məlumat verir. Hansı ixtisaslara əmək bazarında ehtiyac olub-olmadığını izah edir, başa salır. Bununla da, təbii seçimlər aparılır. Bunu da ancaq mütəxəssislər həyata keçirə bilər. Son zamanlar bəzi sıradan şəxslərin bu işlə məşğul olduğunu eşidirik. Məhz bununla əlaqədar olaraq, DİM və müvafiq qurumlar tərəfindən əhaliyə xəbərdarlıq edilib. Bildirilib ki,vətəndaşlar DİM-in Abituriyent Məsləhət Mərkəzlərinə müraciət etsinlər”.

 

Ekspert Abituriyent Məsləhət Mərkəzlərinin sayının az olduğunu xatırladıb:

 

“Təxminən 5-10 Abituriyent Məsləhət Mərkəzləri mövcuddur. Bunun sayının artırılması bir o qədər də doğru yanaşma deyil. Abituriyent Məsləhət mərkəzlərinə baxsanız, görərsiniz ki, onlar ölkədə demək olar ki, reytinqi olmayan universitetlərdədir. Nə üçün Abituriyent Məsləhət Mərkəzləri həmin universitetlərdə yerləşir? Əslində, bunun özü də düzgün deyil. Çünki DİM-in Abituriyent Məsləhət Mərkəzləri konkret olaraq abituriyentlərə istiqamət verə bilər. Burada ixtisaslaşma apara bilməz. Ancaq təəssüflər olsun ki, bəzi universitetlərdəki mərkəzlər özləri ixtisaslaşma prosesini həyata keçirirlər. Bu, düzgün yanaşma deyil. Abituriyentə məsləhət verilməlidir ki, bəli, sən bu ixtisası yaza bilərsən, ya da yox.

 

Bu işdən anlayışı olan şəxslər hansısa xidmət təklif edirlərsə və vətəndaşlar da bu şəxslərə könüllü müraciət edib, konsultasiya əldə edirlərsə, buna heç kim qarışa bilməz. Onlar xidmət təşkil edirlər və buna görə dövlətə vergi ödəyirlər. Onların təyin edilmiş xidmət haqları olmalıdır. Əlbəttə, qiymətlər əndazəni aşmamalıdır. Yenə deyirəm, bu iş könüllülük prinsipi əsasında aparılmalıdır. Hansısa vətəndaşı kimisə qolundan tutub, buna məcbur etmir. Təbii ki, xidmət haqqını hansı şəraitdə təşkil edirsə, bu, onun özündən asılıdır. Düzdür, əndazədən çıxanlar var. 300-400, 500-600 manat kimi qiymətlər qoyanlar var. Bu da yolverilməzdir”.

Bundan əlavə, ekspert Abituriyent Məsləhət Mərkəzlərinin artırılmasına ehtiyac olmadığını sözlərinə əlavə edib:

 

“Abituriyent Məsləhət Mərkəzlərinin sayının artırılmasına ehtiyac yoxdur. Yenə deyirəm, bütün universitetlərə eyni psinsipləri tətbiq etmək düzgün deyil. DİM də bunu həyata keçirə bilməz. Çünki burada obyektiv səbəblər var. Bu, bəzi şəxslər tərəfindən qeyri-obyektivlik kimi qiymətləndiriləcək. Deyəcəklər ki, DİM prosesə müdaxilə edir. Yəni özü məsləhət mərkəzləri yaradır, abituriyentlər ora dəvət olunur, özü də yerləşdirir. Ona görə də düşünürəm ki, hazırda konkret mövcud olan məsləhət mərkələzləri universitetlərin öz işinə yarayırsa, bu qədər yetərlidir. Əlavə heç nəyə ehtiyac yoxdur. 

 

Ola bilər ki, abituriyent 690 bal yığıb və Bakı Ali Neft Məktəbində təhsil almaq istəyir. Təbii ki, onun mütəxəssis rəyinə ehtiyacı var. Yaxud elə abituriyent var ki, 570 və ya 580 bal yığıb Tibb Universitetində təhsil almaq istəyir. Onun da mütəxəssis rəyinə ehtyacı var. Çünki statistik məlumatlardan xəbərsizdir. Plan yerlərdən xəbəri yoxdur. Hansı yerdə hansı ixtisası yazması vacibdir, onu da bilmir. Yəni şəxsin yüksək bal yığması o demək deyil ki, nə istəyirsə yazsın. 670 bal yığıb düzgün ixtisas seçimi etmədikləri üçün qəbul ola bilməyənlər olub. Bu, özbaşına davranış səbəbilə baş verib. Bilmədən hansısa ixtisası yazır ki, ora düşərəm. Ancaq statistika onu demir".

 Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, bu il ali təhsil müəssisələrinə qəbul əvvəlki illərdən fərqlənəcək:

 

“Ali təhsil müəssisələrinin qəbul plan yerlərində artım var. Ancaq bu o demək deyil ki, bütün abituriyentlər rahatlıqla tələbə adını qazanacaq. Təəssüflər olsun ki, bu gün biz sosial mediada, xüsusilə instaqramda valideynlərə ixtisas seçimi ilə bağlı müraciət edən şəxsləri görə bilirik. Bu, əslində təhlükəli bir haldır. Bir çox hallarda ixtisas seçimi etmək üçün məsləhətlərini reklam edən şəxslər, əslində, qısa müddətdir bu sahədədirlər. Hesab edirlər ki, yalnız bir il əvvəl formalaşmış ballarla valideynlərə tövsiyə edə bilərlər. Məhz bu tipli hadisələr nəticəsində keçən il 500-600-dən çox bal toplayan abituriyentlər tələbə adı qazanmaqdan məhrum olublar”.

 

K.Əsədov vurğulayıb ki, ixtisas seçimi qəbul imtahanı kimi vacibdir:

 

“Valideynlərə və müəllimlərə diqqətli olmağı tövsiyə edirik. Bilirsiniz, ixtisas seçimi çətin prosesdir. Burada xüsusən statistik təhlillər ciddi şəkildə aparılmalıdır. İxtisas seçimi zamanı diqqətə alınmalı bir neçə amil var. Yəni ən azı əvvəlki üç ilin plan yerlərinə baxmaq lazımdır. Abituriyentlərin sayına, topladıqları ballara fikir vermək lazımdır. Bunlar müqayisə olunmalıdır. İxtisas seçimi zamanı bəzi abituriyentlər görür ki, hər hansı ixtisasın balı 200-dür. Ancaq fikir vermirlər ki, bu il həmin ixtisas üzrə plan yeri azalıb. Ona görə də seçim edəndə yüksək balla kənarda qalırlar. Misal üçün 2021-ci ildə rus bölməsi üzrə tibbin keçid balı 374 idi. Ancaq plan yeri 50 faiz azalmışdı. Ona görə də bal 602-yə qədər artmışdı. Ancaq onlara bu yeri yazmağı tövsiyə edənlər bildirdi ki, 500 balla kənarda qalmayacaqsız. Biz isə dəfələrlə deyirdik ki, bu ciddi məsələdir”.

 
Təbii ki, ixtisas seçimi zamanı abituriyentlərin istəkləri nəzərə alınmalıdır. İxtisasların bala uyğun olub-olmamağı, ixtisasın prespektivi nəzərə alınmalıdır. Tutaq ki, Texniki Universitetin 30-dan çox ixtisasına 200-250 balla qəbul ola bilərsiniz. Amma bu ixtisaslar perspektivlidirmi, əmək bazarında buna ehtiyac varmı, bitirəndən sonra iş tapa biləcəksinizmi bunları düşünməlisiniz. İxtisas uyğunluğu olmalıdır. Biz bəzən görürük ki, qız şagirdlər materialşünaslıq, mexanika kimi əmək bazarında daha daha çox oğlanların özünü göstərəcəyi ixtisası seçirlər. Bu doğru yanaşma deyil.

 

Xüsusilə 1-ci qrup üzrə ixtisas seçimi edən qızlar ehtiyyatlı olmalıdır ki, həmin ixtisası oxuya biləcəklərmi? Xüsusən Texniki, Memarlıq və İnşaat, Neft və Sənaye universitetini seçən qız abituriyentlər ixtisasların profilinə, prespektivinə baxmalıdırlar. Onlara məsləhət verən şəxslər yüksək pul müqabilində həmin ixtisas seçimini həyata keçirirlər. Sonra da məsuliyyətlərini kənara qoyurlar. Digər tərəfdən təkcə seçmək yox, elektron ərizəni doldurub, təsdiq etmək lazımdır. Bəzən görürük ki, həmin şəxslər elektron ərizəni doldurub, lakin yaddan çıxarıb təsdiq etmirlər.Ona görə də, proses mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Bütün valideynlərə tövsiyə edirəm ki, DİM-in ödənişsiz məlumat mərkəzlərinə müraciət etsinlər. Bu mərkəzlər müəyyən universitetlərin tərkibindədir. Burada ödənişsiz xidməti DİM-də təlim keçmiş şəxslər həyata keçirirlər. Valideynlər diqqətli olsunlar. Hər il DİM statistik göstəricilərlə bağlı məlumatları paylaşır”,- deyə ekspert vurğulayıb.

 
0 0

Şərhlər

Oxşar xəbərlər