Ali məktəblərdə Azərbaycan tarixi fənninin tədrisinin mövcud vəziyyəti
9-03-2024, 14:35
764

Ali məktəblərdə Azərbaycan tarixi fənninin tədrisinin mövcud vəziyyəti

“...Tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq, ömrünün sonuna qədər lazımdır”.

Heydər ƏLİYEV,

Ümummilli Lider

 

Müasir dövrdə ali məktəblərin qarşısında duran əsas vəzifə seçdikləri ixtisası dərindən mənimsəyən, tədris prosesində qazandıqları nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacaran kadrlar hazırlamaqdır. Lakin ali təhsilli gənc yalnız öz ixtisasını mükəmməl bilməklə kifayətlənməməli, ölkədə və dünyada baş verən prosesləri təhlil etməyi, düzgün nəticə çıxarmağı bacarmalı, xalqının tarixinə, mədəniyyətinə, adət-ənənələrinə yaxından bələd olmalıdır. Bir sözlə, ali məktəblər, həm də geniş dünyagörüşlü, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhlu gənc nəsil yetişdirməlidir. Bu baxımdan ixtisasından asılı olmayaraq, universitetlərimizin bütün fakültələrində Azərbaycan tarixi fənninin tədrisi müstəsna əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyev 31 yanvar 1997-ci ildə Prezident Sarayında Azərbaycan Milli Elmlər Akademiyasının alimləri ilə görüşündə Azərbaycan tarixinin öyrənilməsinin vacibliyini vurğulayaraq demişdi: “Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya və yaxud başqa fənlərin hamısı inkişaf etməlidir. Bunların hərəsinin özünəməxsus çərçivəsi var. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq, ömrünün sonuna qədər lazımdır”.

Tarixin öyrənilməsi mənəvi dəyərlərin qorunması və inkişafına kömək edir, ailədən başlayaraq millət və dövlət səviyyəsinədək yüksələn sevgini artırır. Ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmək, dövlətini dünyada təmsil etməyi bacarmaq yalnız tarixçilərin, yaxud bir az da geniş götürsək, humanitar sahə mütəxəssislərinin işi deyil. Bu işlə hər bir Azərbaycan vətəndaşı, o cümlədən texniki sahədə çalışan insanlar da məşğul olmalıdır. Bunun üçün onların orta məktəbdə aldığı biliklər kifayət deyil, tarixin tədrisi ali məktəblərdə də daha yüksək səviyyədə davam etdirilməlidir. Nəzərə almaq lazımdır ki, universitetlərdə tələbələrə yalnız hadisə və xronologiyalar deyil, vətənpərvərlik, milli düşüncə, milli mədəniyyət, milli ideya kimi hiss və dəyərlər, müstəqil vətəndaş mövqeyi bildirmək, keçmişlə gələcək arasında körpü qurmaq bacarığı da aşılanır.

Məlumdur ki, Azərbaycan tarixinin ən möhtəşəm hadisələrindən olan 44 günlük Vətən müharibəsindəki misilsiz qələbənin qazanılmasında milli köklərə bağlılıq, vətənpərvərlik, tarixdən alınan ibrət dərsləri müstəsna rol oynadı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2024-cü il fevralın 14-də keçirilmiş andiçmə mərasimində “...əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram” - deyərək yeni dövrün əsas tələblərini diqqətə çatdırdı.Əvvəllər tarix yalnız keçmiş haqqında elm kimi dəyərləndirilirdisə, bu gün ona baxış fərqlidir. Bu gün tarix həm müasirliyin, həm də gələcəyin elmi sayılır. Tarix təkcə hadisələr yığını deyil, eyni zamanda xatirə, təcrübə, mülahizələr elmidir. Əgər insanın ümumi tərifini verməli olsaq, onun haqqında “tarix şüuruna malik varlıq” deyə bilərik. Buna görə də, insanı tarixi məlumatlardan və tarix şüurundan ayırmaq qeyri-mümkündür. Tarixi öyrənməklə insan ondan ibrət dərsi götürür, nəticələr çıxarır, keçmişdə cəmiyyət üçün faydalı olmuş bilikləri mənimsəyir və onları daha da təkmilləşdirərək inkişaf etdirir. Tarixi öyrənməklə insan öz dünyagörüşünü genişləndirir, biliyini artırır. Bu mənada tarixin öyrənilməsi böyük elmi-idraki əhəmiyyətə malikdir.

Tarix elminin tədrisinin ən vacib cəhətlərindən biri də odur ki, onun əsasını insan faktoru təşkil edir. Bu fənn insanların fəaliyyəti nəticəsində meydana gələn hadisə və prosesləri öyrənir. Tarix sadəcə bir problemin araşdırılmasına həsr edilmiş elm sahəsi deyil, doğru nəticəyə gəlmək üçün insanlara istiqamət verən düşüncə tərzidir.

Universitetlərdə təhsil alan gənclər tarixçi təfəkkürü ilə düşünməyi bacarmalıdırlar. Bunun üçün onlar mühazirələri dinləməklə və seminar məşğələlərində iştirak etməklə kifayətlənməməli, həm də öz bilik səviyyələrini durmadan müstəqil şəkildə artırmalıdırlar.

“Tarix müəllimliyi” ixtisasının təsviri. “Tarix müəllimliyi” üzrə təhsil alan tələbələr həm ümumi tarix, yəni dünya ölkələrinin tarixi, həm də Azərbaycan tarixi ilə bağlı biliklərə yiyələnirlər. Eyni zamanda, arxeologiya, fəlsəfə, pedaqogika, psixologiya və s. kimi əlavə fənləri də öyrənirlər. “Tarix müəllimliyi” ixtisasına yiyələndikdən sonra onlar orta məktəblərdə Azərbaycan tarixi və ümumi tarix fənlərini tədris edə bilirlər. Magistratura təhsili aldıqdan sonra isə müəyyən bir sahə üzrə ixtisaslaşırlar.

“Tarix və coğrafiya müəllimliyi” ixtisasının təsviri. “Tarix və coğrafiya müəllimliyi” ixtisası həm tarix, həm də coğrafiyanı tədris edə bilən kadrlar hazırlayır. Bu ixtisas tarix və coğrafiya fənlərinin qarşılıqlı əlaqələri əsasında qurulduğundan, hər iki fənnin eyni səviyyədə mənimsənilməsini təmin edir. İxtisasın üstünlüyü ondadır ki, onu bitirdikdən sonra ümumi təhsil müəssisələrində həm tarix, həm də coğrafiya müəllimi kimi fəaliyyət göstərmək olar.

Ölkəmizdə “Tarix müəllimliyi” ixtisasına harada yiyələnmək olar?

* Bakı Dövlət Universiteti (Qazax filialı)

* Azərbaycan Dövlət Pedaqoji Universiteti (Ağcabədi, Quba, Şamaxı, Şəki filialları)

* Sumqayıt Dövlət Universiteti

* Lənkəran Dövlət Universiteti

* Gəncə Dövlət Universiteti

* Mingəçevir Dövlət Universiteti

* Naxçıvan Dövlət Universiteti

* Naxçıvan Müəllimlər İnstitutu

* Xəzər Universiteti

* Bakı Qızlar Universiteti

* Naxçıvan Universiteti

Ölkəmizdə “Tarix və coğrafiya müəllimliyi” ixtisasına harada yiyələnmək olar?

* Bakı Dövlət Universiteti (Qazax filialı)

* Azərbaycan Dövlət Pedaqoji Universiteti (Cəlilabad, Şamaxı, Şəki filialları)

* Sumqayıt Dövlət Universiteti

* Lənkəran Dövlət Universiteti

* Gəncə Dövlət Universiteti

* Xəzər Universiteti

 

Azərbaycanda filiallarla birlikdə 25 ali təhsil müəssisəsində pedaqoji kadr hazırlığı həyata keçirilir. Bunlardan 14-ü dövlət (9-da həm tarix, həm də tarix və coğrafiya müəllimliyi ixtisasları mövcuddur), 4-ü özəl (3-də həm tarix, həm də tarix və coğrafiya müəllimliyi ixtisasları mövcuddur), 1-i digər nazirlik və komitələrin tabeliyində olan ali təhsil müəssisəsi (tarix ixtisası yoxdur), 6-sı isə müxtəlif ali təhsil müəssisələrinin filiallarıdır (hamısında həm tarix, həm də tarix və coğrafiya müəllimliyi ixtisasları mövcuddur).

 

Digər ölkələrin ali məktəblərində Vətən tarixi necə tədris olunur?

 

Əldə etdiyimiz məlumatlara əsasən, Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetində ölkənin tarixi bütün ixtisaslarda keçirilir. Tarix yönümlü ixtisaslarda Özbəkistan tarixi 4 dövrə bölünərək 4 ildə, qeyri-tarix yönümlü ixtisaslarda isə müstəqillik əldə edildikdən sonrakı dövrü əhatə etməklə əsas fənn kimi 60 saatla (30 saat mühazirə, 30 saat seminar) tədris olunur.

 

Türkiyə Cümhuriyyətinin Anadolu Universitetində ölkə tarixi tarix yönümlü ixtisaslarda 4 il ərzində hər semestrdə keçirilir. Bəzi qeyri-tarix ixtisaslarında isə (Edebiyyat, Felsefe, Sosioloji bölüm) I və ya II kurslarda Atatürk ilkeleri ve inkılap tarihi I, Atatürk ilkeleri ve inkılap tarihi II əsas fənn kimi tədris edilir.

 

Yeditepe Universitetində də ölkə tarixi tarix yönümlü ixtisaslarda 4 il ərzində keçirilir.

 

Hacettepe Universitetinin Tarix bölümündə 4 il boyu İlçağ tarihi, Tarih metodolojisi, Türk tarihi, Atatürk ilkeleri ve inkılap tarihi I, II, Osmanlı tarihi I, Çağdaş Türkiye tarihi I, II əsas fənn, Antropologiya və arxeologiyaya giriş, Türk kültür tarihi ve tarihi coğrafya, Cumhuriyetin sosyal tarihi, Osmanlı arşiv metinleri isə seçmə fənn kimi tədris planında öz əksini tapmışdır.

 

Ankara Univeristetinin tədris planında Atatürk ilkeleri ve inkılap tarihi, İslam tarihi, Eski Anadolu tarihi, Eski Batı tarihi, Selçuklu tarihi, Tarih metodolojisi, Avrupa tarihi I, II, III, Anadolu beylikleri ve Osmanlı Devletinin kuruluş dönemi, Karadeniz Kuzeyindeki Türk kavimleri ve Rusya tarihi, Osmanlı tarihi I, II, Kurtuluş savaşı ve Cumhuriyet dönemi Türkiyesi (1918-1938), Dünya tarihi (XII-XV yy), Cumhuriyet dönemi Türk Siyasal hayatı əsas fənlər kimi təsbit olunmuşdur.Rusiya Federasiyasının M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tədris planına görə, İqtisadiyyat, Politologiya, Filologiya, Kimya fakültələrində Rusiya tarixi 1 semestr ərzində keçirilir. Tarix fakültəsində isə Rusiya tarixi 3 dövrə bölünməklə tədris olunur:1-ci dövr- Rusiya tarixi XIX əsrədək; 2-ci dövr- Rusiya tarixi XIX əsr-XX əsrin əvvəlinədək; 3-cü dövr - Rusiya tarixi XX-XXI əsrlərdə. MDU-da Rus mədəniyyətinin tarixi (XX əsr), XX-XXI əsrlərin Vətən tarixinin arxivşünaslığı fənləri də tədris olunur.

 

Moskva Dövlət Pedaqoji Universitetində (Əsası 1872-ci ildə qoyulmuşdur) 2020-ci ildə tarix yönümlü 4 ixtisas üzrə 5 illik tədris planı təsdiq olunmuşdur. Tarix və hüquq ixtisasında Rusiya tarixi, ümumi tarix əsas fənlər blokunda olub 72 saat mühazirə, 35 saat seminar olmaqla tədris edilir. Yekunda tələbənin biliyi imtahan vasitəsilə qiymətləndirilir. Tədris planında məcburi təcrübə kimi Pedaqoji və elmi tədqiqat praktikası, həmçinin arxeoloji, arxiv, muzey işi də öz əksini tapmışdır.

 

Avropa universitetləri siyahısında reputasiyasına görə tarix üzrə 4-cü yerdə qərarlaşan Londondakı Kinq Kollecdə (King's College) birinci tədris ilində tələbələr orta əsrlərdən XX əsrə qədər dünya tarixini öyrənərək, baş vermiş hadisə və proseslərin kökünü araşdırırlar. İkinci tədris ilində onlar müəyyən bölgələrdəki mövzuları daha dərindən öyrənməyə səy göstərirlər. Sonuncu tədris ilində isə orijinal mənbələrin materialları əsasında bir mövzu seçir və bu barədə tədqiqat dissertasiyası yazaraq təqdim edirlər. Göründüyü kimi, tədris ili 3 kursu əhatə edir və qiymətləndirmə kurs işi, esse, imtahan, təqdimat və dissertasiya işinin müdafiəsi ilə aparılır. Ümumilikdə, 3 il ərzində tələbə 360 krediti bitirməlidir.

 

Böyük Britaniyanın aparıcı universitetlərindən olan, dünyanın ən yaxşı universitetləri siyahısında 140-cı yerdə qərarlaşan Lids (Leeds) Universitetində 3 illik proqramı əhatə edən Tarix bölümündə I kursda 3 modul keçirilir: 1-ci modul əsas olub tələbələrə tarixlə bağlı təməl biliklərin verilməsini təmin edir (20 kredit). 2-ci modulda Britaniya tarixinin təhlili keçmişdən indiyədək keçirilir (20 kredit). 3-cü modul orta əsr, müasir və dünya tarixi olmaqla tələbələr tərəfindən seçilir (20 kredit).

 

İkinci tədris ilində 3-cü modul üzrə seçilmiş mövzuların daha dərindən araşdırılması həyata keçirilir. “Təcrübədə tarix” (History in practice) əsas modul olub, qazanılmış bilik və bacarıqların praktikada tətbiqini aşılayır: arxiv materialları ilə işləmək, ictimai tarixlə məşğul olmaq, müxtəlif tarixi yanaşmaları araşdırmaq, yəni ən son rəqəmsal texnika və platformaları öyrənmək. Bundan başqa, hər biri 20 kredit olmaqla 13 seçmə modul da təqdim edilir.

 

Üçüncü tədris ili əsasən, tələbənin öz seçdiyi sahə üzrə ixtisaslaşmasına yönəlib. Bu, ya dissertasiya mövzusu (genişləndirilmiş esse), ya da təqdimat mövzusu kimi (ya çap olunmalıdır, ya da veb-səhifədə yerləşdirilməlidir) (40 kredit) araşdırılıb təqdim olunmalıdır. Dissertasiya işi tələbənin apardığı tədqiqatın əsas nəticəsi kimi 12000 sözdən ibarət olmaqla yazılır. Araşdırma təqdimat mövzusu kimi yazıldıqda isə tələbə tarixlə bağlı digər şəxslərin istifadəsi üçün internet resurs yaratmalıdır.

 
Nəticə

 

Ümumiyyətlə, ali məktəblərdə Vətən tarixinin tədris olunması gənclərimizin geniş dünyagörüşlü, milli şüura malik, vətənpərvər şəxsiyyət kimi formalaşmasına xidmət edir. 44 günlük Vətən müharibəsi bunu bir daha sübut etdi. Bu müharibədə biz şahidi olduq ki, gənclərimiz tariximizi unutmadılar, qəhrəmancasına vuruşdular, Vətən yolunda canlarından keçdilər.

 

Yeni dövrdə isə suverenliyimizi, ərazi bötövlüyümüzü gələcək nəsillərə ötürə biləcək sağlam gənclik yetişməlidir. Hazırda ideoloji təpki Vətən müharibəsi dövründəkindən daha çoxdur. Bu təpkilərə müqavimət göstərə bilən güclü, savadlı, öz tarixi keçmişini yaxşı bilən və ona sahib duran yeni nəsil yetişməlidir. İxtisasından asılı olmayaraq, ali məktəblərdə təhsil alan gənclərin ta qədimdən günümüzə qədər Azərbaycanın keçdiyi tarixi yolu öyrənərək təhlillər aparması və nəticələr çıxarması bu baxımdan olduqca vacibdir.

 

Vətən mənim bu günüm,

Sabahkı toy düyünüm.

Haqqım var ki, öyünüm

Azərbaycan deyəndə!

 

Cəfər CƏFƏROV,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professor
 
1 0

Şərhlər

Oxşar xəbərlər