Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir.
17-02-2023, 11:41
819

Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir.

TehsilForumu.Az -  Mən də müəllim olaraq gözəl əsərlərin təsviri üçün 2011- ci ildən Sağlamlıq İmkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbindən pedoqoji fəaliyyətə başlamışam. Sağlamlığı məhdud olan hər bir şagirdə yanaşma, onların hərtərəfli ahəngdar inkişafı, hər bir şagirddə ictimai fəallıq oyatmaq, onları əməyə, elmə, texnikaya, incəsənətə və idmana cəlb etməklə işimdən zövq almışam.
Sağlamlıq imkanları məhdud olan uşaqların özünəməxsus hər bir nailiyyəti, uğuru müəllimlik fəaliyyətimə motivasiya olub.
 2015 -ci ildən bu günə qədər V.İbrahim adına 35 nömrəli tam orta məktəbdə fəaliyyətimi davam etdirirəm. 
Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda, uğur və nailiyyətini izləyəndə hər bir müəllim də sanki güc alır. Və daha şövqlə işləməyə ruhlanır. Mən də öz şagirdlərimin sevgisindən güc alaraq onların şəxsiyyət kimi formalaşması, təhsil və inkişafında fəaliyyəti üçün çalışıram. Hazırda tədris etdiyim 4e sinif şagirdlərinin IV qrant müsabiqənin qalibi olan "Valideyn birliyi- məktəb yeniliyi", Beynəlxalq layihə olan "eTwinning" layihəsində ,şəhər müsabiqələrində, məktəb daxili,məktəbdənkənar tədbirlərdə fəal iştirak edib sertifikatlarla təltif olunmaları da mənim uğurlarımdandır. Bu uğurlu işlərin nəticəsi olaraq Sumqayıt şəhər İcra başçısı, YAP Sumqayıt şəhər təşkilatının sədri, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri, məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif edilmişəm. Ən böyük uğurlarımdan biri də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olan "Şagird-Diksiya" klubu layihəsi ilə seçilməyimdir. Layihənin məqsədi şagirdlərdə nitq inkişafının formalaşması, verbal, qeyri-verbal ünsiyyət, natiqlik sənəti haqqında biliklərin aşılanmalıdır. 12-17 yaş arası şagirdlərlə nəzərdə tutulan bu layihə bir neçə məktəbdə həyata keçirildi və şagirdlərdə böyük marağa səbəb oldu.
 Düşünürəm ki, uşaqlara böyük məhəbbətlə yanaşı daim yeni biliklər əldə etmək həvəsi, öyrənmək və özünü təkmilləşdirmək səyləri, mənəvi inkişaf müəllimin əsas xüsusiyyətləri olmalıdır. 
Müəllim unutmamalıdır ki, onun qarşısında ətrafdakı hadisələri öyrənməyə çalışan və bütün bunları öz prizmasından keçirib dərk etmək istəyən ,geniş açılmış alışıb yanan gözlərini müəllimə dikən balaca bir varlıq dayanmışdır. Onun gələcək həyatı, fəaliyyəti, uğurları birbaşa müəllimdən asılıdır. Bəli, müəllim gələcəyə yol açandır. 
"İnsan var gülə-gülə çox ömrə qəsd edir özü yaşasın deyə,insan var gilə-gilə öz ömrünə qəsd edir xalqı, milləti savadlansın, xalqı, milləti yaşasın deyə". Bu da bir müəllim ömrüdür...
0 0

Şərhlər

Oxşar xəbərlər