Ali məktəblərimizin ölü ixtisasları
20-02-2022, 08:05
1 542

Ali məktəblərimizin ölü ixtisasları

Dünya nanotexnologiyalardan, biz yarımkeçiricilərdən danışırıq

İlhamə Rəsulova

Redaksiyamıza 4 tələbə qız gəlmişdi. Oxuduqları ali məktəbdən praktika toplamaq üçün göndəriliblər. Aramızda gedən kiçik dialoqdan sonra anladıq ki, bu barədə yazmasaq, olmaz.

- Jurnalist olmaq istəyirsiniz?

- Yox, əsla.

- Bəs niyə praktika üçün redaksiyanı seçmişiniz?

- Biz filologiya fakültəsində oxuyuruq. Əvvəllər filologiyanın tələbələrinə ədəbiyyat müəllimliyi etməyə icazə verilirdi, indi yox. Məktəblərdə praktika toplayırdıq. İndi bilmədik hara gedək, bura gəldik.

- Təhsili başa vurub filoloq kimi fəaliyyət göstərmək fikriniz var?

Dördü də “yox” mənasında başlarını bulayır. Bəs niyə bu ixtisası seçiblər? Çünki test imtahanları zamanı bu fakültəni qazanıblar. Tələbələrdən biri deyir. “Düzünü desəm, mən buranı bitirib nə işləyəcəyimi bilmirəm. Əslində marağım biznes sahəsinədir. Görünür, ikinci təhsil almalı olacağam”. İkinci xanım mühasib olmaq niyyəti ilə ixtisas artırmaq arzusundadır.

Tələbələrdən digəri qeyd edir. “Bizim universitetlərdə oxuyan gənc­lərin çoxusu bilmir ki, ali məktəbi bitirəndən sonra tam olaraq nə işləyəcək. Elə ixtisaslar var ki, biz nə olduğunu başa düşmürük. Məsələn, korreksiyaedici təlim deyə ixtisas var, anlaşılmazdır. Kitabxanaçılıq fakültəsi varkən, yenidən kitabşünaslıq niyə yaradılıb bilmirik. Yaxud Kitabxanaçılıq və informasiya ixtisası. Üçünü bir kitabxanaçılıqda birləşdirmək olmazmı? Dövlət və ictimai münasibətlər fakültəsini bitirmiş gənclərin çoxusu işsizdir. Nə bir iş yeri var, nə də bu ixtisasın verdiyi əlavə iş imkanları. Kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları, proqramlaşdırma, servis və proqramlaşdırma kimi çoxlu sayda ixtisaslar var. Bir-birilərinin eynidir. Eyni dərsləri verirlər. Adlar başqa. Bunu bu qədər parçalamaqdansa, bir tələbəyə kompüteri mükəmməl şəkildə öyrətmək yaxşı olmazdımı? Proqramı da bilsin, servisi də. Hələ ixtisaslara bu qədər incəliklər ayırıblar, yenə işə yaramır. Ali məktəbi bu ixtisas üzrə bitirən tələbə gedib 1500 manat verib 6 aylıq kurs keçir, bu bilikləri kursda öyrənir. Yaxud Tibb Universitetində bu il tibb bacısı fakültəsi açılıb. Bu ixtisas kolleclərdə öyrədilir. Ali məktəbi bitirib tibb bacısı olmaq, illərini bu münasibətlə sərf etmək nə məna verir? “.

Bu fikirləri səsləndirən tələbə sizcə haqsızdır?

Yüksək bal toplayan abituriyentlər əmək bazarında daha çox ehtiyac olan ixtisasları seçirlər. Yerdə qalanlar isə kənarda qalmamaq üçün digər ixtisasları seçirlər. Təəssüf ki, onlar məktəbi bitirdikdən sonra işlə təminatda problem yaşayırlar.

Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, ölkədə ali məktəblərdə qəbul aparılan kifayət qədər ixtisaslar var ki, onlara ehtiyac yoxdur, ölü ixtisaslardır.

“Bu ixtisasları bitirənlər əmək bazarında işlə təmin olunmur. Bizdə yeni ixtisaslara ehtiyac var. Təəssüf ki, bizim universitetlərdəki bir çox ixtisaslar əmək bazarının tələblərinə cavab vermir. Ümid edirəm ki, Nazirlər Kabineti bununla bağlı araşdırmalar aparacaq və bu sahə tənzimlənəcək”.

Ekspert qeyd edib ki,  “Ali təhsil haqqında” qanuna da çox ciddi ehtiyac var. Ali təhsilin idarə olunması, vəzifələri, hüquqları və s. - bunlar hamısı ümumi əsasda qanunvericilikdə göstərilib. Amma idarəetməsinin demokratikliyindən tutmuş, prinsipial məsələlərdə belə çox ciddi boşluqlar var. Təhsil sənədlərinin verilməsi, təhsil sənədlərinin müddəti kimi məsələləri bu qanun tənzimləməlidir. Ona görə ki, vahid qanunvericilik yoxdur və hər biri ayrıca fəaliyyət göstərir. Məhz ona görədir ki, Azərbaycan universitetləri dünya reytinqində yoxdur. Onların maddi-texniki bazası dövrün tələblərinə cavab vermir. Konkret rəqəmlərə baxaq: bu gün ölkəmizdə 164 min tələbə təhsil alır, 4 ildən sonra onların yalnız 42%-i işlə təmin oluna bilir. Qalanlar isə qeyri-ixtisas sahələrində işləyirlər və yaxud da işsiz qalırlar. Çünki ali məktəblər istehsalatın və ya əmək bazarının tələblərinə uyğun kadr hazırlaya bilmirlər. Bizdə ölü ixtisaslar çoxdur. Elə kafedralar var ki, mənasız yerə bölüşdürüblər. Bu dediyim hallar bütün universitetlərdə var. Təsəvvür edin ki, dünya artıq nanotexnologiyaya keçib. Biz hələ yarımkeçiricilərdən dan?şırıq. Universitetlər bu əlavə, mənasız fakültələrlə, ixtisaslarla xərclərini artırırlar. Düşünün ki, universitetlərdə iki tarix kafedrası var. Biri təbiət, biri humanitar ixtisaslar üzrə. Bu nəyə lazımdır axı? Ona görə də bu qanuna çox ehtiyac var. Onlar hazırladıqları kadrlara əmək bazarında ehtiyac olub-olmadığı?? bilməlidirlər. 

Çox uzağa getmədən belə bir misal gətirim. Türkiyədə Əmək və Sosial Müdafiə Nazirliyi, Təhsil Nazirliyi və universitetlər birgə planlama aparırlar. Sosial Müdafiə Nazirliyi sifariş verir ki, mənə bu bilik və bacarıqlara malik kadr hazırla, Təhsil Nazirliyi də bunun planını hazırlayır və universitetlərə göndərir ki, siz buna uyğun kadr hazırlaya bilərsiniz, ya yox? Hansı universitet bu kadrları hazırlaya bilirsə, dövlət plan yerlərini onlara ayırır. Bizdə isə bütün  universitetlər eyni ixtisaslardan kadr hazırlayırlar. Universitetin istiqamətinə uyğun olmasa belə. Demək olar, bütün ali məktəblərimizdə hüquqşünaslıq var. Bu sahə üzrə oxuyub işsiz qalanların sayı minlərlədir. Buna nə ehtiyac var? Hazırlamaq deyəndə ki, qəbul aparırlar, amma hazırlaya bilmirlər. Ona görə də, öncə əmək bazarı dəyərləndirilməlidir, daha sonra ehtiyac olan sahələr üzrə kadr hazırlanmalıdır. Hesab edirəm ki, qanunda nəzərdə tutulmalı ən vacib məsələlərdən biri universitetlərin istehsalata inteqrasiya olunmasıdır”.

Kamran Əsədov bildirib ki, Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir, amma bu qədər universitetin heç biri dünya reytinq cədvəlində yoxdur.

“Ölkəmizin universitetlərinin çoxunda infra­struktur müasir standartlara cavab vermir. Yeməklər yoxdur. Tələbə yataqxanalarının hamısı fəaliyyət göstərmir. Ali təhsil ocaqlarının tədris resursları XX əsrin 80-90-cı illər??dən qalmadır. Azərbaycan universitetlərinin çoxu ancaq biznes obyekti kimi fəaliyyət göstərir və heç bir tutarlı beynəlxalq layihə həyata keçirilmir. Bu kimi problemlərin aradan qaldırılmasına diqqət yetirilməlidir”.

Təhsil eksperti peşəkar və yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün təhsil müəssisələrində tədris təcrübəsinin keyfiyyətinin artırılmasının vacibliyini də vurğulayıb.

“Ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində kadr hazırlığında daha çox nəzəri biliklərin öyrədilməsinə üstünlük verildiyindən, universiteti bitirən gənclər əmək bazarının tələblərinə cavab vermirlər. Bunun əsas səbəbi ali məktəblərdə tələbələrin istehsalat təcrübəsinin zəif təşkil olunmasıdır.

Tədris təcrübəsi təhsil müəssisəsinin müvafiq struktur bölmələrində (laboratoriyalarda, təcrübə-sınaq və uçuş poliqonlarında, trenajorlarda, elmi-tədqiqat laboratoriyalarında, tədris emalatxanalarında və s.) keçirilir. İxtisasların xüsusiyyətlərindən asılı olaraq, zəruri hallarda tədris təcrübəsi istehsalatda və digər struktur bölmələrində keçirilə bilər. Dünya təcrübəsində belədir ki, əgər tələbənin təcrübəsi olmayıbsa, o, peşə üçün hazır hesab edilmir və həmin tələbəyə diplom verilmir. Mühazirələri dinləyirlər, seminarlarda iştirak edirlər, nəzəri məlumatları alırlar. Lakin oxuduqlarını praktikada tətbiq etməlidirlər. Praktikanın əhəmiyyəti böyükdür. İstər istehsalat müəssisəsi olsun, istər təhsil müəssisəsi, hər bir müəssisədə tələbələrə şəraitin yaradılması vacibdir. Onlara lazım olan texniki avadanlıq, otaq şəraiti, təcrübənin tələb elədiyi məqsədəuyğun nə varsa, hamısı qaydasında olmalıdır. Eyni zamanda, insanlıq münasibətlərinə də diqqət edilməlidir. Bəzən praktikaya gedən tələbələrə aciz adam kimi yanaşırlar, düşünmürlər ki, sabah o, gələcəyin mütəxəssisi ola bilər. Ona görə də həm təhsil müəssisələrində, həm də istehsalat müəssisələrində başdansovdu yanaşırlar, gənclərə yüksək səviyyədə şərait  yaratmırlar. Düzdür, elə təhsil mərkəzləri var ki, orada pedaqoji təcrübə çox yaxşıdır. Amma elə yerlər də var ki, orada tədris də səviyyəsizdir, pedaqoji təcrübə də səviyyəsizdir”.
Belə. Tələbələrimizin dünyasındakı problemlərə ayna tutmağa çalışdıq. Dövlət ali məktəblərin yüksək standartlarla təhsil verə bilməsi üçün hər cür maddi-texniki imkanı yaradıb. Bəs ortalığa çıxarılanda niyə laqeyd münasibət, yarıtmaz nəticə görürük?

Səhlənkarlığı edənlər kimlərdir?

0 0

Şərhlər

Oxşar xəbərlər