Tarixdə iz qoyanlar: Təhsilimizin xanım sələfi - Gülbahar Axriyeva kim olub...
19-12-2021, 08:21
675

Tarixdə iz qoyanlar: Təhsilimizin xanım sələfi - Gülbahar Axriyeva kim olub...


Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.Azərbaycanda qadın təhsilinin əsasının qoyulmasında, müsəlman qadınların məktəbə cəlb edilməsində rolu və xidmətləri olmuş tanınmış pedaqoqlardan biri Gülbahar xanım Axriyevadır.

Azərbaycanda qadın təhsilinin əsasının qoyulmasında və onun inkişaf etdirilməsində, müsəlman qadınların məktəbə cəlb edilməsində müəyyən xidmətləri olmuş bir sıra tanınmış qadın pedaqoqların, o cümlədən Nigar xanım Vəlibəyova, Mina xanım Aslanova, Məryəm xanım Sulkeviç, Gülbahar xanım Axriyeva, Məleykə xanım Hacıbəyova(Terequlova), Rəhilə xanım Hacıbababəyova (Terequlova) və digər qadın pedaqoqların həyat və fəaliyyəti təəssüflər olsun ki, indiyə qədər kifayət qədər araşdırılmayıb və geniş xalq kütlələrinə çatdırılmayıb. Həmin pedaqoqlar haqqında əvvəllər dərc olunmuş kütləvi nəşrlərdə, o cümlədən ensiklopediyalarda da təəssüflər olsun ki, heç bir məlumat dərc edilməyib. Onlar haqqında yazılmış məqalələrə də rast gəlmək mümkün deyildir. Belə bir acınacaqlı vəziyyətin aradan qaldırılmasına və təhsil tariximizdə rolu, yeri və xidməti olmuş müəllim və pedaqoqların həyat və fəaliyyətlərini dərindən araşdıraraq geniş xalq kütlələri arasında geniş yaymaq lazımdır ki, həmin pedaqoqlar və onların əhəmiyyətli fəaliyyəti unudulmasın. Cünki, Azərbaycanda məktəb- təhsil işinin inkişafında, müsəlman qız və qadınlarının məktəbə cəlb edilməsində və ölkəmizdə savadsızlığın aradan qaldırılmasında məktəbə cəlb edilməsində və ölkəmizdə  savadsızlığın  aradan  qaldırılmasında  həmin  müəllim və  pedaqoqların  əhəmiyyətli  xidmətləri danılmazdır  və bunu unutmaq olmaz!

Azərbaycanın  təhsil  tarixində  izi qalmış tanınmış müəllimələrdən biri də Gülbahar xanım Axriyeva  olub. Gülbahar xanım Axriyeva  haqqında  ensiklopediyalarda heç bir məlumat yoxdur. Gülbahar xanım Axriyeva  haqqında yalnız tarix üzrə fəlsəfə doktoru  Fərhad Cabbarovun  2011-ci ildə nəşr edilmiş “H.Z.A.Tağıyevin qız məktəbinin tarixindən” adlı kitabında müəyyən məlumatlar yer alıb. İnternet saytlarında da Gülbahar xanım Axriyeva  haqqında yazılı məlumatlar yoxdur.

Arxiv sənəd və materialları əsasında hazırladığım bu yazı ilk məqalədir ki, Gülbahar xanım Axriyevanın  həyat  və fəaliyyətinə  həsr edilib. İnternetdə olan məlumatlara  görə  Axriyeva soyadı  inquş  xalqına məxsus  soyaddır. Həmin məlumatlara  əsaslanaraq  qeyd  edirəm ki, Gülbahar xanım Аxriyevanı Azərbaycan  xalqının  inquş övladı kimi adlandırmaq  mümkündür. Azərbaycan xalqı tolerant  xalqdır  bu fakt bunun bariz nümunəsidir.

Dövrünün tanınmış qadın pedaqoqu Gülbahar xanım Axriyeva 1886-cı il yanvarın 8-də  Bakı  şəhərində  müsəlman  məmur  ailəsində  anadan  olub. O, 1894-cü ildə  imtahan verərək  Bakı Müqəddəs Nina qadın məktəbinin aşağı hazırlıq sinfinə  qəbul  olub, 1895-ci ildə aşağı hazırlıq sinfindən yuxarı  hazırlıq sinfinə keçirilib. Gülbahar xanım 1896-cı ildə I sinfi, daha  sonra  isə  ardıcıl olaraq 1897-ci ildə II; 1898-də III; 1899-da  IV, 1900-cü ildə V, 1901-cı ildə VI  və nəhayət 1902-ci ildə VII sinfi bitirərək  4 iyun 1903-cü il tarixdə  264 saylı Attestat əldə etmişdir. Gülbahar xanım təhsilini yalnız  bir məktəbdə - məhz Bakı Müq. Nina qadın məktəbində alıb.  O, oxuduğu müddət ərzində davranışına görə əla qiymətə layiq görülüb. Bakı Müq. Nina  məktəbini bitirdikdən sonra  Bakı qadın Müq. Nina məktəbinin pedaqoji şurası  tərəfindən ona 31 may 1903-cü il tarixdə attestatın verilməsini qərara almış və həmin attestat Gülbahar xanım Axriyevaya  1903-cü il iyulun 4-də təqdim edilmişdir.  Onun Attestatında qeyd olunmuş qiymətlərinə   əsaslanaraq  qeyd edirəm  ki, Gülbahar  xanım Axriyeva  oxuduğu  məktəbdə  tədris kursunu  əsasən “yaxşı” və “ əla” qiymətlərlə bitirmişdir.  
Gülbahar xanım Axriyeva 1903-cü il iyulun 4-də Bakı Müq. Nina qadın məktəbinin 7-ci sinfini bitirdikdən sonra təhsilini davam etdirərək həmin məktəbin əlavə olaraq birillik VIII sinfinə daxil olmuş və həmin sinfi 1904-cü il mayın 24-də müvəffəqiyyətlə bitirmişdir. Bakı Müq. Nina qadın məktəbinin pedaqoji şurası tərəfindən Gülbahar xanım Axriyevaya rəsmi olaraq ev müəlliməsi adı verilmiş və ona bu haqda müvafiq 254 saylı Attestat və 3062 saylı Şəhadətnamə təqdim edilmişdir. Gülbahar xanımın əldə etdiyi şəhadətnamədə o cümlədən qeyd edilirdi ki, o, yalnız öz dindaşlarının evlərində rus dilini tədris etmək hüququna malikdir. Yeri gəlmişkən qeyd edirəm ki, o dövrün mövcüd qanunlarına görə müsəlman məzunların əldə etdiyi şəhadətnamənin verdiyi hüquqlar ev müəlliməsi vəzifəsinə layiq görülmüş xristian dininə məxsus şəxlərin səhadətnaməsinin verdiyi hüquqlarla eyni quvvəyə malik deyildir. Əgər Gülbahar xanıma yalnız öz dindaşları arasında rus dilini tədris etməyə ixtiyar verilirdisə, xristian dininə məxsus şəxlərə verilmiş səhadətnaməyə malik olanlara dinindan asılı olmayaraq istənilən vətəndaşlar arasında rus dilini tədris etmək hüququ verilirdi.

Gülbahar xanıma Bakı Müq. Nina qadın məktəbini bitirərək əldə etdiyi Attestat əsasında 1906-cı il yanvarın 30-da Tiflisdə ev müəlliməsi adını təsdiq edən 3062 saylı şəhadətnamə verilmişdir.

Gülbahar xanım Axriyeva 1904-сü ildə Bakı Müq. Nina qadın məktəbini bitirdikdən sonra 1907-ci il yanvarın 20-dən 1908-ci il sentyabrın 10-dək Yelizavetpol Müq. Nina qadın məktəbində baxıcı –müəllimə vəzifəsində çalışmışdır. Lakin sonralar ailə vəziyyəti ilə əlaqədar olaraq Yelizavetpol Müq. Nina qadın məktəbindəki fəaliyyətini başa vuraraq Bakıya gəlməli olmuşdur.

Gülbahar xanım Axriyeva 1908-ci il noyabrın 17-də Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyasının sədrinə ərizə ilə müraciət edərək qeyd edirdi:

“Bakı Müq. Nina qadın məktəbini 1904-cü ildə bitirərək ev müəlliməsi hüququnu əldə etmişəm. Sonra isə bu ilin sentyabr ayınadək Yelizavetpol Müq. Nina təhsil ocağında müəllimə vəzifəsində qulluq etmişəm. Mənim sonuncu tədris ocağında pedaqoji fəaliyyətim haqqında yerli tədris rəhbərliyi tərəfindən verilmiş şəhadətnaməni təqdim edirəm.

Cənab sədr, sizdən  acizanə xahiş edirəm ki, mənə şəhər məktəblərinin birində müəllimə yerinin verilməsinə etiraz etməyəsiniz. Bununla yanaşı əlavə edirəm ki, Yelizavetpoldakı xidmətimi mən ailə vəziyyətimlə əlaqədar olaraq tərk etmişəm”.

Gülbahar xanım Axriyeva pedaqoji fəaliyyətini 1910-cu ildən etibarən görkəmli mesenat H.Z. Tağıyevin açdığı Aleksandrinski qızlar məktəbində davam etdirmişdir. H.Z.Tağıyevin 1910-cu il noyabrın 3-də Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoru A.S. Tixorjevskiyə unvanladığı məktubda bildirirdi ki, məktəbin müdirəsi vəzifəsini müvəqqəti olaraq Məryəm xanım Sulkeviç icra edir, müəllim personalı isə Gülbahar xanım Axriyeva, Gövhər xanım Qazıyeva, Mina xanım Məmmədova, Palavandova Şəhrəbanu xanımdır ki, onların sənədlərini təqdim edirəm:

- Gülbahar xanım Axriyeva - şəhadətnamə № 3062 və iki attestat - № 254 və 264;

- Gövhər xanım Qazıyeva şəhadətnamə № 2628;

- Mina xanım Məmmədava şəhadətnamə № 13904;

- Palavandova Şəhrəbanu: attestat № 124, vəsiqə № 360 və imtahan kitabçası № 60.

Azərbaycan Respublikası Döxlət Tarix Arxivinin f.389) “Bakı Şəhər İdarəsi” fondundakı Gülbahar xanım Axriyevanın şəxsi işində onun Bakı şəhər idarəsi nəzdindəki məktəb komissiyasının sədrinə 1915-ci il iyunun 26-da yazdığı ərizə qorunub saxlanılır. Həmin ərizə Bakı rus-müsəlman qadın Aleksandrinski məktəbinin rəisi Gülbahar xanım Əhriyeva tərəfindən yazılmişdir. Başqa sözlə decək 1904-cü ilin mayında Bakı Müq. Nina qadın məktəbinin əlavə olaraq VIII sinfini bitirərək Attestat və Şəhadətnamə əldə etmiş və ev müəlliməsi adına layıq görülmüş Gülbahar xanım artıq 1913-cü ildən etibarən Bakı rus-müsəlman qadın Aleksandrinski məktəbinin rəisi vəzifəsinə qədər yüksələ bilmişdir.

 Bakı rus-müsəlman qadın Aleksandrinski məktəbinin rəisi Gülbahar xanım Axriyevanın 1915-ci il iyunun 26-da Məktəb komissiyasının sədrinə yazdığı ərizəsində qeyd edirdi ki, o, şəhər xidmətinə keçmək istədiyi üçün ona Bakıdakı şəhər məktəblərinin birində vakant müəllimə yeri verilsin. Lakin Gülbahar xanım Axriyeva 1915-ci il iyulun 16-da sağlamlığı ilə əlaqədar olaraq vəzifəsindən azad olunmuş və həmin vəzifənin icrası müvəqqəti olaraq A.X. Şahtaxtinskiyə həvalə edilmişdir.

Bakı şəhəri qadın 3-cü rus-tatar məktəbinin müdiri Rəhilə xanım Hacıbababəyova 1915-ci il sentyabrın 5-də Məktəb komissiyasının sədrinə 41 saylı məktubla müraciət edərək ona həvalə edilmiş məktəbə orta ixtisaslı müəllimənin göndərilməsini xahiş etmişdir. Məktəb komissiyası sədrinin Rəhilə xanım Hacıbababəyovaya ünvanladığı 5 sentyabr 1915-ci il tarixli 943 saylı məktubunda bildirilirdi ki, ali-ibtidai məktəbin müəllimə vakant yerinin tutulması üçün sentyabrın 7-dən etibarən Gülbahar xanım Axriyeva sizin ünvana ezam  edilir. Həmçinin Məktəb komissiyası sədrinin 1915-ci il sentyabrın 5-də Gülbahar xanım Axriyevaya  ünvanladığı  944 saylı  məktubda qeyd edilirdi:” Xahiş edirəm ki, müvəqqəti olaraq  müsəlman  qızlar üçün  ali-ibtidai  məktəbindəki  vakant müəllimə vəzifəsini sentyabrın 7-dən etibarən tutasınız. Məktəbin ünvanı: Çadrovaya(indiki Mirə Ağa Əliyev küçəsi) və Müstafa Sübhi küçəsi, Hüseynovanın evi).”

Məktəb Komissiyasının sədri Bakı quberniyası və Dağıstan Xalq Məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S.M. Qəniyevə  11 sentyabr  1915-ci ildə 1023 saylı məktub göndərərək  ondan  o cümlədən  xahiş  edirdi ki, “...ev müəlliməsi vəzifəsinə malik  Gülbahar xanım Axriyevaya  3-cü rus-tatar ali-ibtidai məktəbində müəllimə işləməsinə icazə  versin.” Müfəttiş  S.M. Qəniyevin Məktəb komissiyasının sədrinə unvanladığı 2096 saylı  cavab məktubunda bildirirdi ki, vətəndaş Axriyevaya  3-cü rus-tatar məktəbində müvəqqəti olaraq müəllimə vəzifəsini icra etməsinə  icazə verirəm.

1916-cı il noyabrın 11-də  Bakı Duması nəzdindəki Məktəb komissiyası  2118 saylı məktubla Bakı quberniyası və Dağıstan Xalq Məktəblərinin direktoruna müraciət edərək  bildirirdi ki, “ Bakı Duması nəzdindəki Məktəb komissiyası 3 noyabr 1916-cı il tarixli iclasında ev müəlliməsi vəzifəsinə malik Gülbahar xanım Axriyeva nın 7 sentyabr 1915-ci il tarixindən etibarən müəllimə vəzifəsinə təsdiq edilməsi üçün sizə müraciət etməyi qərara almışdır. G. Axriyevanın  müəllimə  vəzifəsini  icra etməsinə icazə Bakı quberniyası və Dağıstan Xalq Məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S.M. Qəniyev tərəfindən verilmişdir.”

Bakı Duması nəzdindəki Məktəb komissiyası sədrinin Şəhər başçısının dəftərxanasına göndərdiyi 29 noyabr 1916-cı il tarixli 2286 saylı məktubunda bildirilirdi ki, “... məktəb komissiyasının 3 noyabr 1916-cı il tarixli qərarına əsasən rus-tatar məktəblərində  müvəqqəti olaraq ştatlı müəllim və müəllimə vəzifələrini icra etmiş aşağıda qeyd olunan şəxslər  vəzifələrini icra edən gündən ştata qəbul edilir:

Mustafayev Mustafa -2-ci rus-tatar məktəbində 1915-ci il dekabrın 1-dən;

Hacıbəyova Məleykə xanım 7-ci rus-tatar məktəbində 1915-ci il sentyabrın 13-dən;

Terequlova Məleykə xanım 7-ci rus-tatar məktəbində1915-ci il dekabrın 1-dən;

 Axriyeva Gülbahar xanım qadın 3-cü rus-tatar məktəbində 1916-cı il sentyabrın 7-dən.

Siyahıda qeyd olunanlar ildə 900 rubl olmaqla maaş cədvəlinə qəbul edilir.”

Bakı 3-cü rus-tatar qadın məktəbinin müəlliməsi Gülbahar  xanım Axriyeva müsəlman qızlar üçün açılmış 3-cü ali-ibtidai məktəbinə həmin məktəbin  müdirinin xahişi ilə Məktəb komissiyası tərəfindən keçirilmişdir. Onun əsas maaşı isə bir qədər artırılaraq  ildə 1080 rubl təşkil edirdi.
Beləliklə, Bakı Şəhər İdarəsinin Məktəb Komissiyasının tərtib etdiyi vəsiqədə qeyd edilmişdir ki, Gülbahar xanım Axriyeva müsəlman qızlar üçün 3-qadın ali-ibtidai məktəbində 7 sentyabr 1915-ci ildən etibarən müəllimə vəzifəsində şəhər xidmətindədir.”

1917-ci ilin martından - 1918-ci il iyulun 31-dək Bakıda fəaliyyət göstərmiş hakimiyyət orqanı olmuş Bakı sovetinin 25 aprel 1918-ci il tarixli qərarı ilə Bakı Soveti Xalq Komissarlığı tərkibində Maarif Komissarlığı yaradıldı. Məktəb işinin islahatı, məktəb şəbəkəsinin genişləndirilməsi və s. məsələlər Maarif Komissarlığının qarşısında duran məsələlərdən idi. Gülbahar xanım Axriyevanın Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “Bakı Şəhər İdarəsi” f.389-da saxlanılan şəxsi işində onun 30 may 1918-ci il tarixdə Xalq Maarifi Komissarının adına yazdığı ərizə qorunub saxlanılır. Gülbahar xanımın həmin ərizəsində qeyd edilirdi:

“Sizin Dekretə uyğun olaraq yenilənmiş xalq məktəbində pedaqoji fəaliyyətimi davam etdirmək istədiyimi bildirirəm və nəzərinizə çatdırıram ki, mən III ali-ibtidai qadın məktəbində 1915-ci il sentyabrın 7-dən etibarən işləyirəm. Mənim sənədlərim Xalq məktəbləri müdriyyətinin dəftərxanasındadır”.

Təəssüflər olsun ki, Gülbahar Axriyevanın sağlamlağında yaranmış problemlər onun səmərəli fəaliyyətinə müəyyən çətinliklər törədirdi. Bakı 3-qadın ali-ibtidai məktəbinin müdiri Rəhilə xanım Hacıbababəyova 1919-cu il mayın 14-də Məktəb komissiyasının sədrinə 26 saylı məktubla müraciət edərək bildirirdi:

“Mənə həvalə edilmiş məktəbin müəlliməsi Gülbahar Axriyeva xəstələnmişdir, mənim isə böğazım ağrıdığı üçün məşğul ola bilmirəm. Xahiş edirəm ki, ehtiyat üçün müəllimə göndərəsiniz”.

Məktəbinin müdiri Rəhilə xanım Hacıbababəyova  1919-cu il oktyabrın 27-də yenidən məktəb komissiyasının sədrinə məktubla müraciət edərək bildirirdi: “Mənə  həvalə edilmiş məktəbin müəlliməsi Gülbahar  xanım Axriyeva  bu müddətə qədər öz vəzifəsinin  icrasına  başlamamışdır”.
1919-cu ilin noyabrında Məktəb şöbəsinin idarə heyətinin üzvü Şəhər başçısının dəftərxanasına məktub yazıb xahiş edirdi ki, 1915-ci il sentyabrın 7-dən şəhər xidmətində olan qadın 3-cü ali-ibtidai məktəbinin müəlliməsi Gülbahar xanım Axriyevanın işdən azad olunması haqqında əmrı yazsın.

Beləliklə, 3-cü ali-ibtidai məktəbinin müəlliməsi Gülbahar xanım Axriyevanın həmin məktəbdəki pedaqoji fəaliyyəti başa çatmışdır. Gülbahar xanım Axriyevanın şəxsi işində onun sonrakı həyat və fəaliyyəti haqqında hər hansı bir sənəd aşkar edilmədiyi üçün onun sonrakı həyat və fəaliyyəti haqqında hər hansı bir fikir söyləmək mümkün deyildir.

Tarixi mənbələr təsdiq edir ki, Azərbaycan təh­sili həqiqətən də zəngin tarixi inkişaf yolunu keçmişdir. Azərbaycan məktəb-təhsil işinin inkişafında yeri və rolu olmuş hər bir pedaqoqun xatirəsi xalqımız üçün əzizdir və unudulmazdır.

Rafiq Səfərov  

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 

Sənədlərin  nəşri  və  istifadəsi şöbəsinin  baş  məsləhətçisi




0 0

Şərhlər

Oxşar xəbərlər