“Sabahın alimləri” – Onlar kimdir?
24-04-2024, 11:55
264

“Sabahın alimləri” – Onlar kimdir?

Ötən həftə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində uğurla iştirak edərək beş qızıl, bir gümüş medala sahib olan “Dünya” Məktəbindəyik. Məktəb müsabiqəyə 5 komanda və 7 şagirdi ilə qatılıb. Əli Musayev və Elçin Həsənov fizika-astronomiya, Səid Aslanov və İbrahim Allahverdiyev biologiya, Nicat Tağızadə isə başqa məktəbdə təhsil alan komanda yoldaşı ilə kompüter elmləri kateqoriyasında I yeri qazanıblar. Əli Abdullayev mühəndislik üzrə yarışıb və II yerə çıxaraq gümüş medalın boynuna asılmasına nail olub. 
 
TehsilForumu.Az xəbər verir ki , “Azərbaycan müəllimi” adları çəkilən qalibləri oxucularına yaxından tanıdır. 
 
İnsanlar sevdiklərini unutmasınlar deyə bir komandada birləşdilər.

İbrahim Allahverdiyev X sinif şagirdidir. Məktəbin uğurlu şagirdlərindən biridir. İndiyədək həm ölkə səviyyəli, həm beynəlxalq yarışlarda iştirak edib, uğur qazanıb, məktəbinə medallar gətirib. Özü də bir neçə fənn üzrə. Ölkəmizdə keçirilən fənn olimpiadalarında dəfələrlə öz bacarığını ən yüksək səviyyədə nümayiş etdirərək informatika üzrə medal qazanıb. “Sabahın alimləri” müsabiqəsindən öncə Almaniyada keçirilən olimpiadada riyaziyyat və təbiət elmləri üzrə dünya birincisi olub. 
 
 
 
Bir sıra beynəlxalq olimpiadaların medalçısı İbrahim Allahverdiyev onu “Sabahın alimləri”ndə qalib edən layihəsindən qürurla danışır: “İdeya ondan yarandı ki, dünyada müalicəsi olmayan neyrodegenerativ xəstəlik Altsheymer xəstəliyi getdikcə artır, insanlar öz sevdiklərini, hətta ailələrini, uşaqlarını unudurlar. Buna görə dünyada ən qabaqcıl araşdırmalarda irəli sürülən ən perspektivli həlləri seçdik və onları birləşdirməyə çalışdıq. Məqsədimiz effektiv dərman düzəltmək idi. 20-dən artıq eksperiment apardıq, beynəlxalq analiz testlərindən nəticələr aldıq və yeni dərmanımız “Triazidene DMF-HS”i sintez etdik”.
 
 
İbrahim elmi araşdırması üzərində sinif yoldaşı Səid Aslanovla birlikdə işləyib, “Sabahın alimləri” müsabiqəsində birlikdə yarışıblar: “Sinif yoldaşım İbrahim Allahverdiyevlə birlikdə aylarla layihəmizin üzərində çalışdıq, Aşqarlar Kimyası İnstitutunda analizlər apardıq və Altsheymer əleyhinə inhibitor sintez etdik. Ötən il olimpiadanın tibb və sağlamlıq kateqoriyasında psixi sağlamlığa yönəlmiş layihə ilə qalib gəldim. Tibb və biologiya sahəsi çox sevdiyim, həvəslə araşdırmalar apardığım, maraqlı layihələr hazırladığım bir sahədir. Növbəti yarışları səbirsizliklə gözləyirəm”.
Baş-başa verib 2 qlobal problemə çözüm axtardılar

Qalib olduğu üçün özünü xoşbəxt hiss edən X sinif şagirdi Əli Musayev komanda yoldaşı Elçinlə birlikdə “Sabahın alimləri” müsabiqəsinə təqdim etdikləri layihə üzərində oktyabr ayından bəri işləyiblər: “Layihə üzərində işə başlayanda fikrimizdə iki əsas qlobal problem - qlobal iqlim dəyişikliyi və enerji böhranı vardı və biz onların həlli yolunu tapmağı qarşımıza məqsəd qoymuşduq. Bərpa olunan 4 enerji mənbəyindən - yağış və kondisioner suları, şaquli külək turbinləri, günəş panelləri və Triboelektrik Nanogenerator istifadə edərək hibrid formalı enerji sistemi yaratmaq istəyirdik. Elə bir sistem ki, həm öz-özünü enerji ilə təmin edə bilsin, həm də ağıllı texnologiyalardan istifadə edərək ətraf mühitin monitorinqini aparsın. İnsanların həyatını asanlaşdıracaq layihəmiz çərçivəsində biri TENG-in çıxış parametrlərini artırmaq, digəri isə günəş panellərindən nə qədər enerji gələcəyini proqnozlaşdırmaq üçün iki eksperiment apardıq. Birinci eksperimenti elmi rəhbərimiz Orxan müəllimlə həyata keçirdik, ikincini isə evdə özümüz təkbaşına etdik”.Elçin Həsənov sinif yoldaşının sözünə əlavələr edib: “Elmi rəhbərimiz Orxan Güləhmədovun köməyi ilə hibrid formalı enerji sistemlərini araşdırdmağa başladıq. Məlumatımız artıqca özümüzün hazırlayacağımız qəsəbə modeli üzərində düşünməyə başladıq. Layihədə mənim rolum sensor texnologiyalarının modelini və günəş enerjisini proqnoz edə bilən süni intellekt yaratmaq, lazımi hesablamalar aparmaq idi. Maketi bir yerdə işləyirdik. Layihəmizin yeniliyi yaratdığımız modelin özünü tamamilə enerji ilə təmin etməsidir. Bundan başqa, ətraf mühitin monitorinqi üçün sensor texnologiyalarının və triboelektrik nanogeneratorların Azərbaycanda tədbiqi də yenidir.Elçin layihənin məqsədinin həm United Nations, Avropa Şurası kimi beynalxalq təşkilatlarda tanındığını vurğulayır: “Qeyd edim ki, Prezidentimiz 2024-cü ili “Yaşıl dünya naminə həmrəlik ili” elan edib, həmçinin COP29 kimi konfransın Azərbaycanda keçirilməsi dövlətimizin də bu problemlərə diqqətini göstərir, hansına ki, biz həll yolu təqdim etməyə çalışdıq”.
 
Ölkəmizin infrastrukturunu necə yaxşılaşdırmaq olar? – sualı ilə yola çıxdılar və…
 
Nicat Tağızadənin kompüter elmləri kateqoriyasında təqdim etdiyi layihə elektrik sistemlərində, xüsusən də ötürücü xətlərdə və transformatorlarda nasazlıqların aşkarlanmasını nəzərdə tutur: “Bu, süni intellektə əsaslanan alqoritmlərin köməyi ilə həyata keçirilir. Ölkəmizin infrastrukturunu necə yaxşılaşdırmaq olar? - deyə düşünərkən bu ideya ağlıma gəldi və gələcəkdə elektrotexnika ixtisası üzrə təhsil almaq istədiyim üçün burada qazanacağım təcrübənin gələcəkdə də işimə yarayacağını hesabladım. İlkin araşdırma apararaq komanda yoldaşımla elmi konfransların materiallarını, tədqiqat yazılarını oxuyub təhlil etdik və çox yüksək dəqiqliyə nail olduğumuz süni intellekt modelini qurduq”.
 
“Yaşıl dünya” naminə o da əlini daşın altına qoydu
 
Əli Abdullayev də X sinifdə oxuyur. Müsabiqəyə qatılmağından həvəslə danışır: “Sabahın alimləri” müsabiqəsinə böyük həyəcan və entuziazmla qoşulmuşdum, çünki mühəndislik mənim həyatımın ayrılmaz bir hissəsidir və gələcək təhsilimi də məhz bu istiqamətdə, dünyanın ən nüfuzlu universitetlərindən birində davam etdirmək niyyətindəyəm”.
 
 
 
Əli müsabiqədə iştirakı ilə qürur duyduğunu ifadə etməklə yanaşı, uğurunu da ciddi rəqabət mühitində qazandığını deyir: “Sabahın alimləri” müsabiqəsinin ən rəqabətli kateqoriyası məhz mühəndislikdir. Bu kateqoriyada 116 layihə təqdim edilmişdi, onlardan final mərhələsinə cəmi 25 layihə seçildi ki, bu da digər kateqoriyalarda olan layihələrin sayından 2 dəfə çoxdur. Belə rəqabət şəraitində qazandığım ikincilik mənim üçün qızıl medal qədər dəyərlidir. İnanıram ki, bu yarışda əldə etdiyim uğur, bacarıq və təcrübə mühəndislik karyeram üçün böyük təkan olacaq”.
 
 
Layihəsinə gəlincə, seçdiyi mövzu dünyanın vacib problemlərindən birinin həllinə yönəlib: “Qlobal istiləşmənin əsas səbəbkarı olan karbon dioksidin azaldılması dünyada 1 nömrəli məsələlərdəndir. 2024-cü ili Prezidentimiz İlham Əliyev “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. Eyni zamanda bu il Azərbaycanda COP29 konfransı keçiriləcək. Karbon dioksidin azaldılmasının iki yolu var: birinci yol neft, qaz və kömürlə işləyən istilik və elektrik stansiyalarının sayını azaldaraq yaşıl enerji mənbələrini inkişaf etdirmək, ikinci yol isə məişətdə istifadə olunan elektrik enerjisini optimallaşdıraraq qənaətə nail olmaq. Mənim layihəm məhz ikinci yolun həyata keçirilməsinə imkan verir”.
 
 
Əli Abdullayevin “EcoRoom” adlanan layihəsi enerjiyə qənaəti təmin edir: “Qapalı məkanlarda enerjiyə qənaət edir. Günəş işığı və istiliyindən istifadə edərək qapalı məkanlarda arzulanan temperaturu və işıqlandırmanı ən qənaətli şəkildə tənzimləməyə imkan verir. Bu da qlobal istiləşmə əleyhinə yönəlib. Layihənin tətbiqi nəticəsində tükənən enerji mənbələrindən başqa məqsədlər üçün istifadə olunacaq və həmin mənbələrin ömrü uzanacaq, yəni, onlardan daha uzun müddətdə istifadə edə biləcəyik. Üstəlik, bu, istifadəçilərin rahatlığına gətirib çıxaracaq”.
Məktəbli layihə üzərində 6 aydan çox vaxt sərf etdiyini deyib: “Ən əsası, fəxrlə deyə bilərəm ki, bu yarışmada nəzəri deyil, işlək maket təqdim etdim, münsiflər heyətinin üzvlərinə və qonaqlara layihəmdə istifadə etdiyim texnologiyaları real rejimdə nümayiş etdirdim. Əminliklə deyə bilərəm ki, bu, gələcəkdə ağıllı bina layihəsinin yaradılmasında tətbiq oluna bilər”.
 
“Dünya” Məktəbi hər il olimpiada və müsabiqələrdə ən çox medal qazanan məktəblər sırasında yer alır
 
“Dünya” Təhsil Kompleksinin layihələr və olimpiadalar üzrə koordinatoru Turab Əhmədov deyir ki, Xəzər Universitetinin “Dünya” Məktəbi öz şagirdlərinin uğuru ilə qürur duyur: “Şagirdlərimiz tədris ili ərzində müxtəlif müsabiqələrdə, yerli və beynəlxalq olimpiadalarda, layihələrdə iştirak edirlər. Burada verdiyimiz bilik, aşıladığımız bacarıqlar şagirdlərimizin layihələrdə uğurlu iştirakına böyük töhfə verir, şagirdlərimiz hər il yerli və beynəlxalq olimpiadalarda qaliblərdən olurlar. Elə götürək, “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin qalibi olan Səid Aslanovu. Şagirdimiz ötən il keçirilən XII “Sabahın alimləri” müsabiqəsində də qızıl medal qazanmışdı. Bir sözlə, şagirdlərimiz üçün yaradılmış inkişaf proqramları və olimpiada dərsləri ilə nəticələrimiz hər il daha da yüksəlir. Təsadüfi deyil ki, şagirdlərimizin nəticələrinə görə “Dünya” Məktəbi hər il olimpiada və müsabiqələrdə ən çox medal qazanan məktəblər sırasında yer alır. Şagirdlərin potensialını üzə çıxarmaq istiqamətində məktəbimizin böyük komanda işi  hədəfləri reallığa çevirir.
Bəs, məktəblilərin elmi rəhbərləri nə düşünür?
 
Müsabiqə iştirakçılarının layihələrini reallaşdırdıqları Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru professor Əfsun Sucayevin verdiyi məlumata görə, onun elmi rəhbəri olduğu “Dünya” Məktəbinin 10-cu sinif şagirdləri Səid Aslanov və İbrahim Allahvediyevin "Fizioloji fəal üzvi birləşmələr" laboratoriyasında “Altsheymer xəstəliyinə qarşı yeni nəsil enzim-izoenzim inhbitorların yaradılması” mövzusunda yerinə yetirdikləri layihə müsabiqədə qızıl medala layiq görülüb. Bu şagirdlər ABŞ-nin "Society for Science" təşkilatı tərəfindən təşkil olunan İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil edəcəklər.
 
 
Məlumat üçün bildirək ki, qalib layihələr "Sabahın alimləri" XIII Respublika Müsabiqəsinə təqdim olunan 652, final mərhələsinə vəsiqə qazanan 113 layihə içərisindən ekspertlərin qiymətləndirmələri ilə seçilib.
1 0

Şərhlər

Oxşar xəbərlər