Direktordan çox maaş alan müəllimlər var - Təhsil Nazirliyinin İctimai Şura Sədri
11-05-2022, 16:31
2 935

Direktordan çox maaş alan müəllimlər var - Təhsil Nazirliyinin İctimai Şura Sədri

TehsilForumu.Az Modern.az-a istinadən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova ilə müsahibəni təqdim edir:

 

- Siz Təhsil Nazirliyi yanında İctimai Şuraya rəhbərlik etdiyinizdən bəri bu sahədə hansı işlər görülüb? Əsas fəaliyyət istiqamətiniz nədən ibarətdir?

 

- Deməli, "İctimai iştirakçılıq haqqında" Qanunun bir komponenti də İctimai Şuraların yaradılmasıdır. Əslində qanun əhatəlidir. İctimai dinləmələrin, ictimai rəy sorğusunun keçirilməsi də buna aid idi. Ancaq bunun İctimai Şura komponenti daha işlək oldu. Çünki İctimai Şura mərkəzi və yerli idarəçilik orqanları tərəfindən yaradılıb. Açığı bir az QHT-lərin də buna marağı var idi. Elə bildirdilər ki, ictimai şurada təmsil olunursansa, bu, sənə üstünlük verir. Sizə açıq deyim əvvəl hansısa nazirlik yanında İctimai Şurada olmaq istəməmişəm. Çünki bu komponentin effektivliyinə inanmamışam. Sonra Təhsil Nazirliyi yanında İctimai Şura müzakirə olundu. Biz də Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyi olaraq dedik ki, təhsil bizim birbaşa sahəmiz olmasa da, daha çox bununla bağlı layihələr həyata keçiririk. Ona görə də, buna maraq göstərdik. 

 

İctimai Şuraya seçimlərdə QHT-lər nə mənim platformamı, nə də neyləyəcəyimi bilir. Sadəcə gəlib mənim adıma səs verirlər ki, Günel Səfərova orada olsun. Yaxşı olardı ki, gələcəkdə  bu qanunda hər bir təmsil olunacaq insanın nə iş görəcəyi barədə məlumat verilsin. Mən birbaşa təhsil işçisi deyiləm. Heç vaxt təhsil sahəsində işləməmişəm. Ancaq mən etiraf edirəm ki, yaxşı menecerem. Uzun müddət  marketinq sahəsində  beynəlxalq layihələrin idarəçiliyində, həssas mövzularda təhsil, uşaqlarla bağlı, beynəlxalq inkişaf layihələrində menecer vəzifəsində olmuşam. Təhsil isə çox həssas məsələdir. Təhsil hər sahədədi. Yəni yaxşı təhsil yaxşı həkim, yaxşı təhsil yaxşı mühəndis deməkdir. Təhsildə həm də problem çoxdur. Ancaq biz dekabrda yaranmağımıza baxmayaraq çox intensiv fəaliyyət həyata keçiririk. İndiyə kimi dörd dəfə ictimai dinləmə keçirmişik. 

Bir böyük araşdırma aparırıq. 20-dən çox görüş təşkil etmişik. Yalan olmasın 50-60 fərdi  şikayəti təmin etmişik. Bunun intensiv olması təkcə Günel Səfərovanın yaxşı işləməsi demək deyil. Komanda da işləyən 6 daimi üzv var. İkinci yaxşı məsələ odur ki, sənin tərəf müqabilin səninlə işləməyə maraqlıdır. Müşavir Elnur Nəsirov bizim əlaqələndirici əməkdaşımızdır. Çox rahatlıqla günün istənilən saatı Elnur bəyə zəng edirəm.

Axşam-səhər hansısa məsələ ilə bağlı zəng edəndə rahatlıqla danışırıq və heç vaxt telefonu açanda üstdən aşağı cavab vermir. Biz həm də bu sahəyə beynəlxalq standartı gətirdik. 4500 məktəb var, minlərlə problem var. Təhsil İnstitutu var, Bakı Şəhər üzrə Təhsil İdarəsi var. Biz bunların hamısı ilə ayrı-ayrı əlaqə saxlaya bilmərik. Ona görə də, "contact personlar"la əlaqə yaratdıq. Tutaq ki, mənə ünvanlanan fərdi şikayətləri Səbuhi müəllimlə, təhsillə bağlı yeni nəsə olanda Təhsil İnstitutu ilə məsləhətləşirik. Burada vəzifə tutan şəxs də gəncdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsində "contact person"muz Bəşarət müəllimdir. Fövqəladə iş ortaya qoyur. İstənilən məsələni ani olaraq həll etməyə çalışır. Bu baxımdan bizim işimiz yaxşı gedir. İllərdir, QHT sektorunda çalışmışam, beynəlxalq təşkilatlarla işləmişəm, mənim özümün imicim var, ictimai-siyasi kariyeram var. Onu formal edə bilməzdim. Qurum varsa işləməlidir. Narazı tərəflərimiz var ki, qanun bir az dəyişilməlidir. "İctimai İştirakçılıq haqqında" Qanun özü tam anlamında işləmir. Yeniliklər lazımdır. Bir çox şey ictimai əsaslarladır deyə onu tam effektiv şəkildə çatdıra bilmirik.

 

 

- Azərbaycan təhsilinə indiyədək bir neçə nazir rəhbərlik edib. Hər birinin dövründə müxtəlif problemlər yaşanıb, narazılıqlar olub. Bəs, təhsil naziri Emin Əmrullayevin fəaliyyətini necə qiymətləndirirsiniz? O, əvvəlki rəhbərlərdən nə ilə fərqlənir?

 

- Bir az da Emin Əmrullayevi tanımağım mənim bu işə meyl etməyimə töhfə verdi. Çünki mən bilirdim ki, onun siyasi yanaşması, iradəsi, doğru-dürüst, şəffaf olmaq istəyi var. Bizim bəzi köhnə nazirlərimiz müsbət mənada xatırlanmır. Bəzən düşünürəm ki, onlarla necə işləmək olardı?  Ancaq Emin Əmrullayev gəncdir. Yeni nəsil düşüncəsi var. Xarici təhsili var. Fərqli təhsil sistemi görüb. Olduqca da açıq adamdır. İctimai Şuranın üzvləri olaraq onunla nəyisə müzakirə edə bilirik. Çox təəssüf ki, uzun müddət bizə yeridilən tip əlaqə yaratmayan, ancaq beş-altı köməkçisindən sonra bəlkə əlaqə saxlayan, yaxud ondan daha böyük vəzifədə olanın zəngi ilə sənlə görüşən məmur prototipi idi. Belə bir şey görməmişdik. Bəli, biz uzun müddət  bir yerdə təlim də keçmişik, bir-birimizi yaxından da tanımışıq. Ancaq bizim ictimai şuranın elə üzvləri var ki, onu heç vaxt tanımayıb.  Ancaq onlar da onun necə açıq fikirli olmasının şahidi olublar. Mənə elə gəlir ki, Emin Əmrullayev təhsil sahəsində hər şeyi düzgün həyata keçirən tək-tük adamlardandır. Bu vəzifəyə pillə-pillə qalxıb, birdən-birə nazir postuna  təyin olunmayıb. Çətin mərhələləri keçib deyə ona asandır. Biz hansısa beynəlxalq qiymətləndirmə standartından danışırıq, o, bunu əzbər bilir. Onun üçün asandır. Bir adamdan hər şeyi soruşmaq olur.

- Qeyd etdiyiniz kimi, təhsildə inkişafla yanaşı problemlər də var. Əsas problemlər nələrdir? 

 

- Problem çoxdur. Kimisinə görə problem dərslikdir. Biri deyir ki, təhsil sistemində problem var. Biz birdən-birə yeni bir təhsil sisteminə keçdik. Yeni təhsil sisteminə tam riayət edirikmi, sualına cavab olaraq deyə bilərəm ki, yox. Hələ də köhnə yanaşma ilə getmək istəyən müəllimlər var. Hələ də yeni mövzu və dərsliklərə təzyiq göstərən müəllimlər var. Yeni gələn model tam bizim istədiyimiz dairəni əhatə edirmi, sualına da cavabım "yox"dur. Əlbəttə ki, bu pilot deyil. Bu həm də bizə şərait yaradır ki, o yerli konteksti nəzərə alaraq işimizi görək. Təhsildə problem çoxdur. Heç bunu nazir də inkar etmir. Bunu inkar etmək də düzgün deyil. Çünki sən problemi inkar etsən o, həll olunmayacaq. Məsələn, biz gələn kimi bir ara şagirdlərlə bağlı xoşagəlməz videoları yayıldı. Bu əslində adi idi. Çünki mən təhsil alan vaxtlarda da partanın üstünə çıxan, başqa dəcəllik edənlər var idi. Sadəcə o vaxt telefon olmayıb. Ancaq, bəli, dərs prosesində uşaq dərsi pozursa, problem yaranırsa, bu, müəllimin problemidir. Çünki 45 dəqiqə onun səlahiyyətinə aid bir müddətdir. Deməli, sənin tədris və təlimində problem var. Biz deyə bilmərik ki, bu problem digərindən üstündür. Müəllimin biganəliyini, şagirdlərin dəcəlliyini də gördük. Valideynlərin tədris prosesində iştirakının az olması problemini də gördük. Biz bu gün çap dərsliyini müzakirə edirik. Ancaq 10 il sonra bunu müzakirə etməyəcəyik. 10 il sonra biz elektron dərsliyi müraciət edəcəyik. Artıq elektron biliyin insana ötürülməsini düşünürlər. Minlərlə yeni modellər var.

 

Məsələn, Sinqapur modeli hansı ki, ən uğurlu modellərdəndir. Uşaqlar hər şeyi planşetdən öyrənirlər. Yeni dərslər videoformatda keçirilir. Təhsildə problemlərdən biri də onun ancaq qəbula yönəlməsidir. Məqsəd ancaq ali məktəbə qəbuldur. Buna görə də, həm uşaqlar yüklənir, həm də təhsilin keyfiyyəti aşağı düşür. Mən düşünürəm gələcəkdə qəbulu asanlaşdırıb, orta məktəbdə təhsili gücləndirmək lazımdır. Eyni zamanda, qəbul proqramını dəyişdirib, ali təhsili gücləndirmək lazımdır. Universitetə qəbul çox çətindir. Ancaq oxuyanda təhsilin gözlədiyimiz keyfiyyətinin şahidi olmuruq.

 

- Digər narahatlıq doğuran məqam rüşvətdir. Hər dəfə rüşvətin qarşısını almaq üçün işlər görüldüyü bildirilsə də, təəssüflər olsun ki, bu gün təhsildə belə neqativ hallar da var. Siz nece düşünürsünüz, rüşvətin qarşısını almaq beləmi çətindir?


 

- Mənim iki övladım oxuyub. Aralarında 5 il fərqi var. İndi biri tələbədir, digəri hələ də məktəblidir. Mən onu hiss edirəm ki, hətta qızımın oxuduğu vaxtda rüşvət halları daha çox idi, nəinki indi. Hazırda rüşvət halları çox azalıb. "Asan xidmət" necə idarəetmədə kiçik rüşvəti aradan qaldırdı. Təhsildə də elə format tapmaq lazımdır ki, rüşvəti ümumiyyətlə aradan qaldırsın. Bəzilərində tapılıb. Məsələn, müəllimlərin qəbulunda bu olub. Heç kim inkar edə bilməz ki, əvvəl bəzi direktorlar pul alıb müəllim işə götürürdü. İndi qəbul elektronlaşdırılıb deyə rüşvət məhdudlaşıb. Tam rüşvət aradan qaldırılıb desəm, yalan demiş olaram. Bunun fikirləşib modelini tapmaq lazımdır. Biz bununla əlaqədar olaraq valideyn-məktəb münasibətlərini tənzimləyən bir model araşdırması apardıq. Yəqin iyun ayının əvvəli o ictimaiyyətə təqdim olunacaq. Yeniliyin məqsədi süpürgə pulu və s. bu qəbildən olan halları aradan qaldırmaqdır. Bunun da yolu ianələrdir.

 

Məsələn, mən valideyn kimi istəyirəm, təhsilin keyfiyyəti yüksək olsun və buna görə də məktəbə 100 manat ianə etmək istəyirəm. Eyni zamanda, o yüz manatın hara xərcləndiyini izləmək istəyirəm. Bax bu model Türkiyədən tutun Avropanın hər yerində var. Bununla da valideyinlər könüllü olaraq edəcəyi yardımı da izləyəcək. Nəticədə rüşvət halları aradan qalxacaq. Hazırda Təhsil İnstitutunun 3 tədqiqatçısı ilə bizim 2 tədqiqatçımız işləyir.  Model demək olar ki, hazırdır. Ancaq  müxtəlif maraqlı tərəflər var ki, onları müəllim, direktor və valideyinlərlə müzakirə etmək lazımdır. Bu modelin boşluqlarını öyrənməyə kömək edəcək. Sonra pilot kimi bunu həyata keçirəcəyik. Görsək ki, "Məktəblinin dostu" layihəsi kimi özünü doğruldur, digər məktəblərə də bunu tətbiq edəcəyik.

  

- Belə düşünülür ki, məktəblərdə təhsilin keyfiyyəti çox aşağıdır. Buna görə də şagirdlər repititor yanına getməli olur. Siz repetitor yanına getmə məsələsinə necə baxırsınız?

 

- Açığı repetitorluq məsələsi çox önəmli məsələdir. Məsələ ondan ibarətdir ki, əsas məqsəd təhsili məktəbdən kənarlaşdırmaq yox, məktəbə qaytarmaqdır. Repetitor niyə var qəbula görə var. Qəbul prosesində biz müəyyən dəyişiklik etməliyik ki, bu təhsillə o məktəbin tamamilə əvvəlki çəkisini, reputasiyasını, imicini geri qaytaraq. Bəzi icmalarda müəllimlər, direktorlar bunlar çox önəmli insanlardır. Böyük şəhərlərdə isə aləm bir-birinə qarışıb. Təhsili sırf məktəbə qaytarmaq üçün qəbulda nəyisə dəyişməlisən ki, repetitorluq fəaliyyətində müəyyən qədər azalmalar olsun. İbtidai siniflərdə, xüsusilə rus sektorunda oxuyan uşaqlara ailələri Azərbaycan dilində danışdığı üçün repetitor tuturlar. Yaxud uşaq dərs müddətində tam qavraya bilmədiyi üçün əlavə saata qalır. Bunu düzü indi həll edə bilməyəcəyik. Mənə elə gəlir ki, riyaziyyat müəllimi 45 dəqiqədə dərsi başa sala bilmirsə, repetitorun burada təsiri, effekti o qədər də olmayacaq.

 

- Müəllimlərin maaşı da zaman-zaman müzakirə mövzusu olur. Bir çox təhsil işçiləri əməkhaqlarının az olmasından şikayətlənirlər. Sizcə, müəllimlərin aldığı maaş günün tələbinə uyğundurmu? Müəllim normal dolanışığı üçün nə qədər maaş almalıdır?

 

- Açığı deyim ki, əvvəlki illə müqayisədə maaşlar xeyli dəyişib. Maaşları çox olan müəllimlər var. Hətta, mən onların bəzilərinin direktordan çox maaş aldıqlarını bilirəm. Əlbəttə biz də həmişə müəllim maaşının yüksək olmasını istəyirik. Atatürkdən soruşurlar ki, millət vəkillərinin maaşını nə qədər edək. Deyir ki, elə edin ki, müəllimin maaşından çox olmasın. Ancaq Azərbaycan hazırda bunu edə bilərmi, büdcə buna uyğundurmu, yox. Dövlət üçün prioritet məsələlər var. İndiyə kimi prioritet müdafiə sənayesi idi. Növbəti 5 il biz əsasən Qarabağın yenidən qurulmasına fokuslanacağıq. Bunun üçün də milyardlarla pul lazımdır. Bundan sonra bəli, müəllimlərin maaşının daha yüksək olması ilə bağlı məsələ ola bilər. Könül istərdi ki, müəllimlərin maaşı yüksək olsun. Bu halda repetitorluq fəaliyyəti də azalar. Ancaq mən repetitorluq fəaliyyətini maaşdan çox qəbulla əlaqələndirirəm.

 
Yəqin ki, siz də fərqindəsiniz. Məktəbli oğlanlar arasında son vaxtlar kriminal aləmə meyillilik hallarının artması müşahidə edilir. Şagirdlərin təhsilə yox, məhz cinayətə maraq göstərməsi nə ilə əlaqədardır?

 

- Bunun bir çox səbəbləri var. Məsələn, sosial şəbəkələrdən düzgün istifadə olunmaması, valideyin nəzarətinin olmaması, valideyn məsuliyyətinin qanunvericilikdə çox zəif olması, məktəblərdə psixoloji işlərin zəif aparılmasından qaynaqlanır. Bilirsiz, müəllimlər tərəfindən bildirilir ki, uşaqlar sosial şəbəkələrdə gördüklərini real həyatda tətbiq etmək istəyir. İndiki dövrdə informasiya axınını beynimiz həddindən artıq sürətlə aldığına görə gərginlik, stress çox artıb. Bizim yaşam tərzimiz texnikiləşib. Bu baxımdan psixoloji işlər güclənməlidir. Məktəblərdə bullinq artıb. Amerikada tez-tez hansısa şagirdin əlinə silah alıb uşaqları güllələdiyi, müəllimini öldürdüyü eşidilir. Bunu da ona görə edir ki, ona zamanında bullinq olunub. Yaxud, məsələnin kökündə icmada zorakılığa məruz qalması dayanır. Bizdə belə bir vəziyyət yoxdur. Ancaq bizdə də gizli şəkildə bullinq yayılır. Bir də burada əsas məsələ davranış qaydasıdır. Əgər müəllim qayıdıb uşaqlara deyirsə ki, siz qoyunsunuz, sizdən adam olmayacaq. Sonra ondan necə yaxşı vətəndaş tələb etmək mümkün ola bilər?

 

 

- Təəssüflər olsun ki, müəllimlərin videolarını çəkib alçaltmaq istəyən şagirdlərə də rast gəlirik. Təəccüb doğursa da, bununla bağlı sosial şəbəkələrdə və digər internet platformalarında müxtəlif videolar mövcuddur. Sizcə, müəllimə qarşı belə sayğısız yanaşma nədən irəli gəlir? 

 

- Əslində bunun beynəlxalq təcrübəsi də var. Kiçik yaşda, yəni ibtidai siniflərdə oxuyan şagirdlər problem yaşamır. Bu yaşda uşaqların şıltaqlığı da bəlkə, ondan irəli gəlir ki, orada bir müəllim görürlər, o da ana qayğısı ilə yanaşır. Bu da sual doğurur. Müəllim ana qayğısı ilə yanaşmalıdır, yoxsa müəllim avtoriteti ilə? Artıq ibtidaidən 5-ci sinfə keçəndə bir də görürsən aləmi dağıdırlar. O periodun yaxşı keçməsi üçün məncə biz yeni nəsə etməliyik. Bəlkə, müəllimin sinifdə müəyyən köməkçisinin olması, psixoloqların daha çox ibtidai sinifdən adlayan şagirdlərlə işləməsi, valideynlərin təhsilə cəlb olunması bu məsələnin qarşısını ala bilər. Yenə də deyirəm, müəllim ilə necə davranılması əsas müəllimin avtoritetindən asılıdır. Uşaqlar özləri də öz siniflərində  davranış qaydaları müəyyən edə bilər. Sabah onu pozanda isə özləri özlərini cəzalandıra bilərlər. Bunun ümumiyyətlə çox yolu var.

 

- Günel xanım, onlayn təhsillə ənənəvi təhsili kəskin fərqləndirən nədir, ola bilərmi birdəfəlik onlayn təhsil sisteminə keçək?

 

- Onlayn təhsildə nəzarət zəifdir. Statistika göstərir ki, oğlanlar onlayn dərslərdə az iştirak edirlər. Yaxşı oxuyan sistemi qura bilsək, əslində, onlayn təhsil rahatdır. Məsələn, bu gedən vaxtı azaldır, resurslar daha çox olur, əlavə xərclər aradan qalxır. Bu  seçim gələcəkdə veriləcək. Açığı, onsuz da gələcəkdə təhsil onlayn olacaq. Məsələn, cip yerləşdirmə barədə hamı düşünür ki, bununla bizim fikirlərimizi öyrənəcəklər, əksinə, bununla bizə məlumat ötürə bilərlər. Artıq o məlumatlar kompyüter kimi insanın yaddaşında qalacaq. İnsanların reaksiyasını ölçə biləcək. Dünya bu formada irəliləyir. Biz isə xəbərin sonluğunda "-dır","-dir" yazılıb, yoxsa "-du","-dü" yazılıb onu müzakirə edirik.

 

- Müəllimlərlə bağlı iradlardan biri də onların ləhcə ilə danışmasıdır. Bu barədə fikirlərinizi bilmək istərdik. 

 

- Bunu dəyişmək çox çətindir. Bilirsiz niyə çətindir? Çünki təhsil kütləvidir. Bu gün müəllimlərin sayı 100 mini ötüb. Tutaq ki, mən nazirəm mən onların hamısını haradan tapım ki, onlar hamısı yaxşı, düzgün qrammatika ilə danışsın. Əsasən də, ingilis dili müəllimlərdə aksent problemi var. Burada iş şagirdlərin üzərinə düşür. Onlar "YouTube"da çoxlu "listening" edə bilərlər. Bu onların dili öyrənməsində faydalı olacaq. Boş-boş videolara, oyunlara vaxt sərf edəcəklərinə, vaxtlarını buna sərf etsinlər. Bəli, müəllimlərin ləhcə, aksent ilə danışması problemi var. Ancaq bu əsas problem deyil. Onu da qeyd edim ki, bu problem bütün postsovet məkanında  mövcuddur.

0 1

Şərhlər

Oxşar xəbərlər