Ümumi
24-01-2022, 15:35
779
Müəllimlər niyə keyfiyyətli dərs keçə bilmir? - Yazı-pozu xəstəliyi
Proqram, gündəlik plan, formativ qiymətləndirmə, sinif rəhbərinin iş planı, şagirdlərin ev tapşırıqlarının yoxlanılması, summativlərin keçirilməsi, qiymətləndirmənin aparılması, nəticələrin qeyd edilməsi... Sadalananlar bu günün müəlliminin təhsil verməklə yanaşı gündəlik gördüyü işlərdir. Müəllimin əsas işi və vəzifəsi dərs keçmək, öyrətmək, savadlı-bilikli şagird, cəmiyyət üçün layiqli vətəndaş yetişdirməkdir. Ancaq gördüyü əlavə işlər onu əsas vəzifəsindən yayınmasına, uzaqlaşmasına səbəb olur. Müəllim kağız-kuğuz, yazı-pozu işinə vaxtını sərf etməklə tədrisin keyfiyyətini zəiflətmək məcburiyyətində qalır. Dəftərxana işçisinə, kargüzara çevrilən müəllimin işi-gücü yazıb, pozmaq, hesabat verməkdir.
Keçmiş təhsil işçisi Yeganə Hüseynova deyir ki, indi müəllimlər əlavə işlərlə o qədər yüklənir ki, bilmir yazı-pozu ilə məşğul olsun, ya dərsini keçsin: “Əvəllər də müəllimin yazı işi olurdu. Ancaq bu qədər də yox. Ona görə də dərsini deməyə də vaxtı olurdu, yazı işlərini yazmağa da, müəyyən qədər dincəlməyə də. Evə gedəndə isə ancaq növbəti günün dərslərinə hazırlaşırdı. İndi isə müəllimin məktəbdə dərsdən əlavə o qədər işi olur ki; jurnal yazmaq, formativ jurnal yazmaq, gundəlik yazmaq, dəftər yoxlamaq, summativ hazırlamaq, keçirmək, nəticələri yoxlamaq və.s. Bu prosesə müəllim günlərini sərf edir. Müəllim əlavə yüklənilən formal xarakterli işlərlə məşğul olur və nəticədə dərs demək ikinci plana keçir. Müəllimin yazı işi dərs saatından sonra da bitmir. Çatdıra bilmədiyiklərini gətirib evdə yazır. Belə olan halda da müəllim zehni və fiziki cəhətdən yorulur, növbəti günün dərsinə hazırlaşmır və məktəbə hazırlıqsız gedir. Bu da istər-istəməz təhsilin keyfiyyətinə mənfi təsirini göstərir. Axı müəllimin əsas işi tədrisdir. O, bütün diqqətini və fikrini dərsə, şagirdi öyrətməyə yönəltməlidir. Əlavə işlərlə müəllimləri yükləmək nəyə gərəkdir? Hesab edirəm ki, müəllimlər dərs prosesi zamanı formal xarakterli yazı-pozu kimi əlavə yüklərdən azad olunmalıdırlar”.
O qeyd edib ki, hər bir müəllimin fəaliyyətində başlıca yeri dərsə hazırlıq tutur: “İşinə məsuliyyətlə yanaşan müəllim növbəti günün dərsinə bir gün öncədən hazırlaşır. Müəllimin asudə vaxtı çox olmalıdır ki, o, öz əməyini resursların hazırlanmasına və ya internet vasitəsi ilə qabaqcıl təcrübədən istifadə etməklə öz dərsinə yeniliklərin gətirilməsinə sərf edə bilsin. Amma təəssüf ki, bu gün müəllimin növbəti günün dərsinə hazırlaşmağa çox az vaxtı qalır”.
Psixoloq Vəfa Əkbərin sözlərinə əsasən, zehni (psixoloji) yorğunluq və ya zehni tükənmə, müəyyən bir müddətdə zehni və fiziki funksional effektivliyin azalmasıdır. İnsan zehni yorulduqda, ətraf mühitin və ya vəzifənin, intensivliyin və ya müddətin idrak tələblərinin öhdəsindən gəlmək qabiliyyəti azalır:
Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən normal və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq, təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək, ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər, sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirmək, valideynlərlə əməkdaşlıq etmək, təhsil alanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq və qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ümumtəhsil məktəbində təhsilverənlərin hüquq və vəzifələri kimi müyyənləşdirilib:
Bu gün ümumi təhsilin istər idarə edilməsi ,istərsə də təşkili ilə bağlı hüquqi normativ bazada ciddi çatışmamazlıqların olması göz önündədir və bu çatışmamazlıqdan ən çox əziyyət çəkən təhsilin bütün tərəfi ,xüsusi ilə məktəb rəhbərləri və müəllimlərdir. Baxmayaraq ki, 2009-2011-ci illərdə Nazirlər Kabineti və Təhsil Nazirliyi tərəfindən bir neçə ciddi normativ sənədlər qəbul edilib. 2014-2015-ci illərdə hüquqi-normativ bazanın genişləndirilməsi ilə bağlı müəyyən ciddi addımlar atılsa da ,bu proses hələ ki, yarımçıq olaraq qalmaqdadır. Bugünkü mənzərə ondan ibarətdir ki, təhsil sahəsində , xüsusi ilə ümumi təhsil pilləsində hüquqi-normativ sənədlərin bir çoxu biri-biri ilə tam uzlaşmır, fəaliyyətlərin təşkili ilə bağlı təlimatlar və qaydalar kifayət qədər lazımi səviyyədə deyil, bir sıra hallarda bir-biri ilə uzlaşmır. Nəzərə alaq ki, müəllimin iş vaxtının norması astronomik saatla müəyyən edilir , amma bir dərs saatının miqdarı 45 dəqiqədir. Əmək qanunvericiliyimizə əsasən, xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtı yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir . Müəllimlərimizin böyük əksəriyyətinin qadın olduğunu, onların ev, ailə, məişət qayğılarını da nəzərə alsaq, bu müddətlərdə müəllimin üzərinə düşən vəzifələri hələ keyfiyyət bir yana, heç lazımi səviyyədə yerinə yetirə biləcəyi də o qədər də real görünmür”.
Nadir İsrafilov bildirib ki, Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən, konseptual sənəd olaraq Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulum) kimi təsdiq edilmiş bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi. Kurikulum standartları əsasında hazırlanan qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə, bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla, vəziyyəti bir az da ağırlaşdırdı. Bu anlaşılmazlıqlar heç şübhəsiz ki, Azərbaycanda təhsil islahatlarının sonrakı gedişinə də təsirsiz ötüşmədi:
Ekspertin dediyinə görə, keçən müddət ərzində qaydalarda bəzi dəyişikliklər edilməsi zərurətə çevrilib və tam əminliklə demək olar ki, bu kimi dəyişikliklər çoxsaylı müəllim, valideyn və şagirdlər tərəfindən rəğbətlə qarşılanır və yəqin ki, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində son yenilik olmayacaq: “Əvvəlki illərdən fərqli olaraq, Təhsil Nazirliyinin bu kimi vacib və əhəmiyyətli məsələləri ictimai müzakirəyə çıxarması yalnız təqdirəlayiqdir. Ümid etmək olar ki, geniş müzakirələr və dinləmələr yolu ilə, ictimai rəyi nəzərə almaqla müvafiq qərarlar qəbul ediləcək ki, bu da qiymətləndirmə sahəsində təkrar olaraq əlavə dəyışikliklər aparılması təkcə müəllimlərin deyil həmçinin şagirdlərin də dərs yükünü minimuma endirəcək, lazımsız kağızçılığa son qoyacaq. Mən hesabatlılığın əleyhinə deyiləm, ancaq bunun da bir həddi-hüdudu olmalıdır. Müəllim dərsə hazırlaşmalıdır, yoxsa kağız-kuğuzla oynamalıdır?”.
Şərhlər