Müsahibimiz II Dünya müharibəsi iştirakçısı, 103 yaşlı Tamleyxa Həsənovdur
9-05-2024, 11:06
251

Müsahibimiz II Dünya müharibəsi iştirakçısı, 103 yaşlı Tamleyxa Həsənovdur

Bəşər tarixinin ən amansız müharibəsi hesab edilən II Dünya müharibəsi milyonlarla insanın həyatına son qoydu. Bu müharibənin fəsadları ölkəmizdən də yan keçmədi. Xalqımız faşizmə qarşı mübarizədə həm ön, həm də arxa cəbhədə böyük fədakarlıq və əzmkarlıq göstərmişdir. Altı yüz mindən çox həmvətənlimiz bu müharibədə iştirak etmiş, onlardan 300 minə yaxını qəhrəmancasına həlak olmuşdur. Azərbaycan müəllimi hər dövrdə fədakarlıq nümunəsi göstərmişdir. Həmin dövrdə müəllim kimi cəbhəyə yollanan, öz şagirdlərinə əsl qəhrəmanlıq nümunəsi göstərən pedaqoqlarımız var idi. Belə pedaqoqlardan biri də 103 yaşlı müharibə veteranı, uzun illər təhsil sahəsində çalışan Tamleyxa Həsənovdur.

Tamleyxa Həsənov 1921-ci ildə Culfa rayonunun Ərəfsə kəndində anadan olub. Onun arzusu müəllim olmaq idi. Elə bu məqsədlə də T.Həsənov Naxçıvanda Pedaqoji Texnikumuna daxil olur. Texnikumu bitirdikdən sonra kənd məktəbində müəllim işləyən qəhrəmanımız qısa müddət sonra cəbhəyə yollanır. 1942-1945-ci illərdə müharibədə iştirak edən və ağır yaralanan Tamleyxa müəllimə öz bilik və bacarığına görə kiçik hərbi rütbə də verilir. Elə bu rütbə də müharibənin bitməsinə baxmayaraq onun 1950-ci ilə qədər orduda xidmət etməsinə, tərxis olunmamasına səbəb olur.

Gəlin hekayənin davamını qəhrəmanımızın öz dilindən eşidək.- Özününzü necə hiss edirsiniz, Tamleyxa müəllim?

- Şükür Allaha, yaşıma görə çox yaxşıyam.

- Müharibə dövrünü necə xatırlayırsınız?

- Çox ağır illər idi. İnsanlar təşviş içində idi. Lakin buna baxmayaraq hamı var qüvvəsi ilə çalışırdı. Evlərə tez-tez qara məktublar gəlirdi. Müharibənin ilk illərində xalqımız daha çox itki verirdi. O, illəri böyük bir kədərlə xatırlayıram. Amma qələbə qazandığımız üçün də qürurluyam.

 

- Müharibə dövrünün təhsili haqqında nə deyə bilərsiniz?

- Uşaqlıq arzum müəllim olmaq idi. O zamanlarda ölkədə ciddi müəllim çatışmazlığı var idi. Mən də arzumu reallaşdırmaq üçün Pedaqoji Texnikuma daxil oldum. Yeni fəaliyyətə başlamışdım ki, məni də cəbhəyə yolladılar. Biz həmin dövrlərdə müəllimliklə bərabər ideoloji işlə də məşğul idik. Çünki cəmiyyətdə müəllim sözü çox önəmli idi. Vətənpərvərlik və faşizmə qarşı mübarizəni təbliğ edirdik. İnan ki istər müəllimlər, istərsə də şagirdlər çox həvəslə dərslərə yanaşırdı. Elə bil təhsil acgözlüyü var idi. İnsanlar gələcəyi təhsildə görürdülər. Dərs ləvazimatları çox az idi. Həmin dövrün təhsilində əsas məqsəd oxu və yazı bacarıqlarını formalaşdırmaq, riyazi bilikləri aşılamaq, texniki fənlərin mahiyyətini şagirdlərə öyrətmək idi. Onu da deyim ki, müəllim olduğum üçün müharibədə də mənə xüsusi hörmət bəsləyirdilər. Yazı-pozunu və rus dilini bildiyim üçün müharibəyə gedəndən qısa müddət sonra məni “Serjant şkolaya” göndərdilər. Orada da hərbinin sirlərini öyrənməyə başladım və kursu uğurla bitirdim.

 

- Müharibədən sonra pedaqoji fəaliyyətinizi davam etdirdinizmi?

- Məni müharibə bitəndən sonra 5 il hərbidə saxladılar. O vaxt SSRİ-də hərbi bazalar qurulurdu. Biz həmin bazaları mühafizə edirdik. 1950-ci ildə oradan tərxis edildikdən sonra kəndimizdə müəllim işlədim. Sonra indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldum. Məqsədim ali təhsil almaq idi. Müharibə iştirakçısı olduğum və Pedaqoji Texnikumu bitirdiyim üçün universitetə imtahansız qəbul olundum. Universiteti bitirdikdən sonra Yüngül Sənaye Nazirliyinin tərkibində yeni qurulan texnikumlara kurator təyin edildim. Bakıda, Şəkidə və Gəncədə yerləşən texnikumlara 8 il nəzarət mənə tapşırılmışdı. Sonra Bakıdakı texnikumda tədris işinin təşkili ilə məşğul oldum. Uzun illər texnikumda həm müəllim, həm də tədris işləri üzrə direktor müavini vəzifələrində işlədim. Müəllim olmağımla həmişə fəxr etmişəm.

 

- Savaşdan sonrakı dövrlərdə təhsilimizi necə səciyyələndirirsiniz?

- 50-60-cı illərdə təhsildə böyük bir sıçrayış oldu. Həmin vaxtlarda təhsilimizə xüsusi töhfə verən qabaqcıl pedaqoqlarımız, alimlərimiz var idi. Universitetlər sürətlə inkişaf edirdi. Müəllim, ziyalı cəmiyyətdə çox böyük nüfuza sahib idi. Dövrün pedaqoji yeniliklərini böyük həvəslə oxuyurduq. Elə sizin qəzetin hər nömrəsini müəllimlər, pedaqoqlar səbirsizliklə gözləyirdilər.

 

- Veteranlar həmişə nümunə olublar...

- İstər SSRİ dövründə, istərsə də müstəqillik illərində həmişə dövlətimizin qayğısını görmüşük. Bizə həmişə böyük hörmət və ehtiram göstəriblər. Hər il faşizm üzərində qələbənin ildönümündə xüsusi mükafatlar təqdim edirlər. Bizi heç vaxt unutmurlar.

 

- Oxucularımıza nəyi demək istərdiniz, Tamleyxa müəllim?- Hər kəsə sağlamlıq və xoşbəxtlik arzulayıram. Mənim kimi uzunömürlü olmaq istəyirlərsə düzgün qidalanmağa, idmana, yuxuya xüsusi diqqət yetirmək lazımdır.

Bizdə Tamleyxa müəllimə cansağlığı arzulayırıq, bizə zaman ayırdığı üçün təşəkkürümüzü bildiririk.
0 0

Şərhlər

Oxşar xəbərlər