“Müəllimin cəbhə gündəliyi” – “Axşamlar yeşiyin üzərində elə yuxulayırdıq ki, sanki taxtda uzanmışıq"- FOTOLAR
20-11-2021, 13:47
696

“Müəllimin cəbhə gündəliyi” – “Axşamlar yeşiyin üzərində elə yuxulayırdıq ki, sanki taxtda uzanmışıq"- FOTOLAR

TehsilForumu.Az - Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEduAz Təhsil Portalı I Qarabağ və Vətən müharibələri iştirakçısı olan müəllimlərin döyüş yolundan bəhs edən “Müəllimin cəbhə gündəliyi” layihəsinə start verib.
 
Layihə çərçivəsində I Qarabağ və Vətən müharibələrində iştirak edən müəllimlər keçdikləri döyüş yolu, həmçinin məktəb həyatı və şagirdlərlə münasibətləri barədə danışacaqlar.
 
Layihənin budəfəki müsahibi Bakı şəhər 290 nömrəli tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlığı müəllimi Dadaş Səfərovdur.
 
DOSYE:
 
O, 1975-ci ildə Nefçala rayonunda andan olub. 1993-cü ildə öz istəyi ilə  Heydər Əliyev adına Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə  qəbul olub. 1997-ci ilə qədər burada təhsil alıb. 3 il desant, 1 il isə motoatıcı ixtisasına yiyələnib.1997-ci ildə leytenant hərbi rütbəsi alaraq Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə  tağım komandiri vəzifəsinə başlayıb. 2013-cü il iyun ayına kimi  ön xətt hərbi hissələrində: Tovuz, Qazax, Göygöl (Toğana kəndi)  və Goranboy (Gülüstan yaylağı)  rayonlarında xidmət edib. 1998-ci ilə kimi tağım komandiri,  həmin ildən 2000-ci ilə qədərbölük komandiri, 2000-2003-cü illərdə Tovuz rayonunda  taborun qərargah rəisi  olub. 2003-cü ildən Göygöl rayonunda N saylı hərbi hissədə  tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində, 2005-ci ildə isə Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə tabor komandiri  vəzifəsində xidmət edib. 2013-cü ilə qədər  bu vəzifələrdən keçib və  həmin ilin iyunun 10-dan  Heydər Əliyev adına  Ali Hərbi Məktəbin  Taktika kafedrasında müəllim və baş  müəllim vəzifələrində xidmətə başlayıb. Hərbi xidmətin 14 il 8 ayı  ön xətt hərbi hissələrində  səngərdə mənfur düşmənlə üzbə-üz mövqelərdə keçib. 2018-ci il yanvar ayından etibarən  ordu sıralarından öz istəyi ilə təxris olunub.
 
Hazırda 290 nömrəli tam orta məktəbdə  Gənclərin çağırışa qədərki hərbi hazırlığı  müəllimi kimi fəaliyyətinin davam etdirir.
 
Ordu və xalq birliyi...Qarabağa aparan yol
 
“30 il əvvəl işğal edilən əraziləri  44 gün ərzində düşməndən təmizlədik. Həmin yerlərin azad edilməsinin əsas səbəbi  ordu və xalq birliyi idi. Ehtiyatda olduğum üçün çağırış əsasında müharibədə yalnız 3 gün iştirak edə bildim. Savaş başlayan zamandan   oraya qatılmaq arzusu ilə yaşayırdım. İlk olaraq məni komissarlıqda qeydiyyata aldılar. Təyin olunan rayonda olmaq şərti ilə  müəyyən müddət gözlədim. Sonra  15 oktyabrda çağırış oldu və bizə yenə də “gözlə” komandası verildi. 5 noyabrda yenidən çağırış olundu və  ayın 6-sı Ağcabədi rayon Taxtakörpü kəndinə gətirildim. Oradan da Xocavənd istiqamətində fəaliyyətimiz başladı.
 
 Müharibənin 41-ci günündə gələn qocaman döyüşçü
 
-Hərbçilərə deyirdim ki, qocaman döyüşçü gəlib və ermənilər buna tab gətirməyərək qaçacaq. Mən həmin 3 günlük müharibə fəaliyyətimi Xocavənd istiqamətində mexanikləşdirilmiş taborun komandiri kimi başladım. Füzuli rayonununKürdmahmudlu kəndindən Xocavənd rayonu istiqamətinə yollandıqda  orada olan döyüşçülərin, yayındırılan texnikaları  və leşləri gördükdə  Azərbaycan əsgəri və xalqının nəyə qadir olduğunu müşahidə etdim. Tabora daxil olan şəxslərlə söhbət etdikdə və onlardan ərazi, həmçinin, texnika haqqında məlumat aldıqda  gözlərində olan müharibə yorğunluğunu, qisas almaq ehtirasının fərqinə vardıqda  bir az çəkindim. Çünki burada 400-500 nəfərdən çox əsgər, əlavə atəş vasitələri, zirehli bölmələr var idi.
 
Gecə gələn zəfər xəbəri
 
-Əsgərlərin bəziləri akəşkəs elan olunduğunu eşitdiyi anağlamağa başladı. Onlar sevindiyi üçün göz yaşı tökmürdü,  qisas hisslərinin yarıda qaldığını düşünürdülər.
 
Noyabrın 9-dan 10-na keçən gecə hədəflərimizi müəyyən etmişdik. Bizi səhərə nə gözlədiyini bilmirdik. Düşünürdük ki, aramızda kimlər qalacaq, kimlər gedəcək.
 
Ayın 9-dan 10-na keçən gecə saat birə qalmış məni yuxu aparmışdı. Evdən oğlum zəng edib və xəbərim olmayıb.Ayılanda zəngi görüb oğlumu yığdım. Mənə dedi ki, ata müharibə bitib, erməni təslim oldu və müqavilə bağlandı.Söylədi ki, Bakıda hamı şəhərdədi. Telefonu evin çöl hissəsinə çıxardı və mən insanların sevinc səslərini eşitdim. Saat 1 olduqda nə güllə, nə də mərmi səsi eşidildi. Sonra komandirlərdən əmr gəldi ki, güllə atılmasın, silah istifadə olunmasın, müşahidə gücləndirilsin və düşmən tərəfindən təxribat olarsa, dərhal bizə məlumat verilsin.
 
Dünyanın inanmadığı 44 günlük dərs
 
-Düşmən öz mövqeyinə çəkilərək silah–sursatını atıb qaçırdı. Bir çox ölkələrin hərbi mərkəzləri araşdırmalar aparır və hələ dəqəbul edə bilmirlər ki, 44 gün ərzində belə əraziləri necə azad etmək olar.
 
Bitmiş müharibə... şəhərin pulsuz taksiləri...
 
-Müharibə bitdikdən sonra evə qayıdarkən hansı taksiyə mindimsə, heç kim məndən pul almırdı. Xalqın birliyi elə vəziyyətdə idi ki, onu sözlə ifadə etmək mümkün deyil. Hərbçilərə göndərilən bir alma  və hər hansısa yemək  ona ruh yüksəkliyi verir və onu daha çox müharibədə iştirak etməyə sövq edirdi. Əsgər elə bilirdi ki, o, bir yox minlərlə insanın arzusunu yerinə yetirir. Bu böyük dəstək idi. Bizə ən çox Masallı və Cəlilabad istiqamətindən müxtəlif ərzaq və məhsullar gəlirdi. Onların gəlib bizdən xəbər bilməyi  elə qələbənin əsas özəyini təşkil edirdi. Bizi qələbəyə aparan da məhz bu ruh yüksəkliyi idi.
 
 Dadaş müəllim şagirdlər üçün müəllim olmaqla yanaşı, həm də zəfər tarixnin canlı şahidi idi. Onun dilindən həmin anları eşitmək bütün tələbə və şagirdlərinə maraqlı idi
 
 -Məktəbdə şagirdlər mənə  müxtəlif suallar verirlər. Hətta bəzən mövzudan yayınaraq döyüş səhnələrini onlara danışmağa başlayıram. Elə suallar verirlər ki, bəzən dərs saatı sona yetib. Müharibəyə şahidlik etmiş şəxs kimi o hissələri şagirdlərə çatdıranda  yeniyetmələr daha çox qürurlanırlar.
 
Məsələnin maraqlı tərəfi odur ki, qızlarımız hərbi sahə ilə daha çox maraqlanırlar.  Onlar silahların sökülüb-yığılmasına daha çox həvəs göstərirlər. Hətta daha çox snayperçilər haqqında maraqlanırlar. Mənə müharibədə iştirak edən snayperçi qadınlar haqqında suallar verirlər. Bizim ordumuzda da “snayperist”xanımlar olub, lakin mən onlarla qarşılaşmamışam. Qız şagirdlərim  deyirlər ki, biz orada olsaydıq, snayper silahı ilə atış bacarıqlarını öyrənərək erməniləri öldürərdik. Bu da xanımlarımızın vətənpərvər olmasından irəli gəlir.
 
Cəbhəyə gələn məktublar, xalq ruhunun səngərdə döyüşü
 
-Bizə müxtəlif yerlərdən corab, qış papağı gəlirdi. Onları açıb içərisindən məktublar tapırdıq. Həmin yazılarda sevinc göz yaşları hiss olunurdu. Bu da əsgərlərimizi qələbəyə ruhlandırır, həm də döyüş əzmini gücləndirirdi. Mənim də rastıma elə məktublardan çıxan olub. Həmin məktubu 5-ci sinif şagirdi göndərmişdi. Orada  yazılmışdı ki, məktubu kim açsa,  bu, onun üçün əsgər bacısından hədiyyə olacaq. Digər bir zabitimizə gələn corabda yazılmışdı ki, həmin uşaq bu corabı öz yığdığı pul ilə alıb. Bu hisslərə qayıtdıqda insanın gözündə düşmənə qarşı nifrət və qaddarlıq yaranır ki, mən bu göstərilən etimadı mütləq doğrultmalıyam. Bizim üçün kiçik bir corabın və ya hanısa əşyanın dəyəri sonsuz idi.
 
Düşmən namərdliyi, ayaqqabısını atıb qaçan ermənilər
 
-Unuda bilməiyim hadisələr çox idi. Baxmayaq ki, 3 gün müharibədə oldum, lakin bir çox hadisələri yaddaşımdan silə bilmədim. Ən çox da yaralı olan əsgərlər gözümün qarşısından getmir. Düşmənə elə cavab vermişdik ki, o, ayaqqabısını da qoyub qaçırdı. Lakin gözümün önünə mərmi düşəndə, qəlpə ilə yaralanan əsgərlər gəlir. Onların gözlərinə baxdıqda “ölmək istəmirəm” sözü oxunurdu, kömək istəyi bəlli olurdu. Əsgərləryaşamaq üçün səndən imdad diləyir. Bəlkə də onlar  yenidən qalxıb döyüşmək üçün yardım arzulayırdılar.
 
 Ocaq başında keçən müharibə gecələri... Qorxulu və bir o qədər də maraqlı
 
-Biz axşamlar ocağın başına yığışırdıq. Gənc döyüşçüləringözünə baxdıqda müharibənin nə demək olduğunu anlamaqolardı. Bəlkə də onlar üçün səhər açılmayacaqdı. Əsgərlər yeni günün olacağına belə şübhə ilə yanaşırdılar. Hərbçilər arasında sonuncu səhərini gözləyən insanlar da var idi. Çünki heç kim 1 saniyədən sonra nə olacağını bilmirdi. Həmin xatirələri bir dahayaşamaq istəmirəm. Bəzən ani olaraq o gecələrə qayıdıram.
 
41 gün üçün çəkilən misgil
 
 -Demək, qismətimdə 4 günlük də olsa, müharibədə iştirak etmək yazılıbmış və mən bu hissləri yaşadım. Bir tərəfdən isə heyfislənirəm ki, məni niyə 27 sentyabrdan çağırmadılar.

Hazırda müharibədə iştirak etdiyim döyüş yoldaşlarım və xidmətdə olanlarla mütəmadi əlaqə saxlayıram. Müşahidə edirəm ki, hələ də onların düşmənə veriləsi sualları qalıb.Fikirləşirəm ki, 14 il 8 ay xidmət etdiyim barıt qoxulu səngər həyatının 3 gün də olsa, real vəziyyətini yaşadım.
 
Acı həqiqətlər, müharibənin yaraları və sönən ümidlər
 
-Biz müharibədən sonra Cəbrayıl rayonun Daşkəsən kəndində cəmləşdik. Dekabr ayının 28-nə kimi burada qaldıq. 8 noyabrdan o günə kimi döyüş yoldaşlarımla ünsiyyətdə olurdum. Ən dəhşətlisi o idi ki, itkinlərimiz çox idi. Mən tabora gəldikdə 37 nəfər itkin idi. Yəni, onlar döyüş gedişi zamanı  mərmi düşməsi, bina uçması nəticəsində həlak olublar. Onların meyidi tapılmamışdı. Yaralı əsgərlər qayıdaraq onların yerini bizə deyirdi. 400-500 əsgər və zabit ən əziz adamı kimi onlarıaxtarmağa gedirdilər. İtkinlərdən bədənin müxtəlif hissələri, ayağı tapılanlar oldu. Müxtəlif dağıntılar altında qalan şəxslərin bədən hissələri aşkara çıxdı. Bir nəfər tank əleyhinə roketlə vurulmuşdu. Həmin roket də 6000 dərəcə istilik yaradır. Buvurulan şəxsin tapılması üçün qrup təyin edildi və tibbi ekspertiza ilə onun külünü aşkara çıxara bildik. Bu tip hadisələr insana həddindən artıq pis təsir edir. Məndən əvvəl olan zamanlarda gedən döyüşlərdən olan görüntülərə baxırdım və vahiməyə qapılırdım. Həmin dəqiqələrdə insan sanki zombiləşirdi. O an düşünürdük ki, harada erməni görsək, onu nəyin bahasına olursa-olsun öldürməliyik.
 
Yazılan və yazılmayan qanunlar, kim hansına əməl edirdi?
 
-Müharibənin yazılan və yazılmayan qanunları var. Bizim ordumuz yazılan qanunlara üstünlük verirdi.Qarşı tərəf isə yazılmayan qanunlarla müharibə aparırdı. Biz isə düşmən belə olsa, onlarla ədalətli şəkildə davranırdıq. Elə olub ki, erməni nəşi ortada qalıb, onu götürən olmayıb və ətrafa iy yayılıb. Bizi isə bir yaralı və şəhidimizin ortalıqda qalmasına imkan verməmişik. Həkimimiz 150-yə yaxın yaralını tək olaraq döyüş sahəsindən çıxarıb. Müharibənin belə təsirli məqamları olur. Lakin bu, müharibədir və orada hər şey olur. Torpağa su qarışanda palçıq, qan qarışanda isə Vətən olur. Qazilərimiz və şəhidlərimiz enən papağımızı yenidən qaldırdı.
 
Sevincin gətirdiyi ehtiyatsızlıq və düşmənin xain planı
 
-Biz Cəbrayıl rayonun Daşkəsən kəndində olarkən əsgərlər odun gətirmək üçün yollandılar. O zaman onlar qənimət əldə etmək məqsədi ilə evlərin birinə daxil olub və ermənlər də orada gizlənib. Bizim 3 əsgərimiz orada erməni gülləsinə tuş gələrək şəhid oldu. Ən pisi odur ki, 44 gün od-alov içində savaşırsan, amma  belə bir vəziyyətdə hadisəyə qurban gedirsən. Bu da əsgərlərimizin  sevinc və ehtiyatsızlığından qaynaqlanırdı.Düşmən isə öz hiyləgərliyindən qalmırdı.
 
Qoy Allah bizi qorusun!
 
-Bəzi əsgərlər var idi ki, yaraları sağalmamış yenidən döyüşə qayıdırdılar. Hərdən  qardaşım mənə zəng edib deyirdi ki, özünü qoru, mən də ona cavab verirdim ki, burada bizi yalnız Allah qoruya bilər.
 
Bəzi yoldaşlarımız 20 gündən çox ailələri ilə əlaqə saxlaya bilmirdi. Məsələn, gedib Laçının elə kəndinə çıxmışdılar ki, telefon tutmurdu və ailələri ilə əlaqə saxlaya bilmirdilar. Mənə evdən zəng vururdular ki, filankəsdən xəbərin varmı? Deyirdilər ki, evdən onu axtarırlar və 17 gündən çoxdur ki, tapa bilmirlər.Sonra həmin şəxslə rastlaşdım, o, da dedi ki, telefonla danışmaq üçün 15 kilometr dağlıq ərazini getməliyəm və bu da mənim həyatımı təhlükəyə atacaq.
 
Damarlarda axan qanımızı donduran xüsusi təyinatlı qüvvələr
 
-Bəzi yerlər var idi ki, ora nəyisə aparıb çatdırmaq real deyildi.Şuşada olmamışam, bəlkə tez getsəydim, ola bilərdim. Onun azad edilməsi ilə bağlı hekayələri eşitdikcə qanım donurdu.Deyərdim ki, müharibədə qalib gəlməyimizin 50% payı xüsusi təyinatlıların üzərinə düşür. Onlar çox fərqli və qeyri-adi həyat tərzinə sahib idilər. Hətta deyərdim, onların beyninə xüsusi proqram yüklənib. Onlar bizim kimi insanlardı, amma yetişmələri üçün illər lazımdı.
 
Səngərdə, müharibədə keçən illər, ailədən uzaq düşən zamanlar və vətənin oğlu olan Dadaş müəllim
 
-Həyatımın 27 ilini hərbi sahəyə həsr etmişəm. Bütün gəncliyimvə ömrümü bu vətənə bağlamışam. Həmin müddətdə ailəmdən və övladlarımdan uzaq düşmüşəm. 2 uşağım birinci sinifə gedərkən onları məktəbə apara bilməmişəm. Oğlum akademiyaya qəbul olunduqda dedi ki, ata bəlkə sən aparasan bu dəfə, mən də onun sözünü yerə salmadım. Qardaşım və bacılarımın heç birinin toyunda iştirak etməmişəm. Bu tək mənə deyil, hərbçilərin hamısına aid edilir. Evdə anam və atam deyirdim ki, məni vətənə əmanət vermisiz, ona görə də mən onun övladıyam. O, mənə nə zaman desə ki, sənin xidmətin bitib, o vaxt sizin övladınız olacağam.
 
Ötən il 16 noyabrda nənəm rəhmətə getdi. Mənim üzərimdə onun əziyyəti çox olub, amma o ölən zaman yanında ola bilmədim. Ona görə hərbçi ailəsi olmaq çox çətindi. Hər qadın hərbçi ilə ailə qurmağa və bu çətinliklərə tab gətirməyi qəbul etmir. Mən xidmətim müddətində həftələrlə evə gedə bilməmişəm. Övladlarımı analarına əmanət edib vəzifəmi yerinə yetirmişəm.
 
 Dadaş bəy sinifə daxil olur və müharibədəki zəfəri şagirlərə öyrətməyə başlayır, çünki vətənimizin gələcəyi onların əlindədir

-Bəzi şagirdlərin gözündə müharibə PUBG oyununa bənzəyirdi.Onlara deyirdim ki, erməni elə bilməsin ki, biz PUBG-ni elə-belə oynayırıq. Biz onu oynayıb döyüş taktikası yığırdıq.
 
Müharibdən sonra şagirdlər silahların sökülüb-yığılmasına önəm verirdilər. Onun hissələrinin öyrənilməsinə, atış məsafəsinə və digər nüanslara fikir yönəldirdilər. Şagirdlərə anladırdım ki, müharibə 2 qonşunun davasıdır, amma bu əlbəyaxa baş vermir.Onlar müxtəlif suallar verirdilər: Əsgərlər özlərini necə aparır?Silahların hansından istifadə edirlər? Snayperlər var idimi?Bunu anlatmaq üçün mən öz dünyagörüşümü onlarınkına “endirib” şagirdlərin dilində danışırdım. Desəydim ki, gedib orada erməni leşini parçalanmış və yandırılmış halda gördüm, bu  psixologiyalarına pis təsir edəcəkdi. Amma sual verirdilər ki, ermənini necə öldürürdünüz, mən də cavab verdim ki, güllə atırdıq o da ölürdü. Düşmənin həqiqətən də ölüb-ölmədiyini bilmək üçün onun yanına getdiyimizi demirdim. Şagirdlər minalar haqqında çox maraqlanırlar. Onlara deyirəm ki, düşmən özü həmin minaları istehsal edir, ona görə də nə qədər istəyir ətrafa yayır.
 
 Atanın intiqamını almağa gedən döyüşçü oğul
 
-Mən oraya getdikdə, taborun sayca üçüncü komandiri idim. Məndən əvvəl olan iki komandirdən biri yaralanmış, digəri isə gəldikdən 40 dəqiqə sonra şəhid olmuşdu. Tabora daxil olan döyüşçülər sırf 44 gün döyüşmüş və müharibənin hər üzünü görmüşdülər.
 
Taborumda döyüşən zabitlərdən biri Şirinov Orxanın atası I Qarabağ müharibsəində şəhid olmuşdu. Mən oraya getdikdə tabor komandirinin müavini idi. 44 gün ərzində onun gözlərində qisas var idi. Onu hədsiz dərəcədə çox istəyirdim. Həmçinin, taborda çox yaxşı və işinin peşəkarı olan şəxslər var idi. Onlar heç vaxt kimsəni darda qoyub qaçmazdılar. Onlardan Əli Əsədov, Şaməddin Mehmanlı deyə bilərəm. Elə artilerist və topçular var idi ki, onların sayı çox ordumuzda olmalı idi.
 
Onlar üçün ən gözəl şərait Qarabagın geri qayıtması idi, başqa heç nə...
 
-Onlar yeşiyin üzərində elə yatırdılar ki, sanki bu taxtdır. Burada olan şəxslərdən bir çoxunun yanında mərmi patlamışdı, amma mən onları hospitala göndərə bilmirdim. Hətta mən bir çox imkanlı şəxslərin də döyüşməsinə şahidlik etdim. Fərhad adında bir əsgər var idi, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri idi. Düzdü onlar az idi, amma əsl vətənpərvər oğul kimi  vəzifə və rütbəsini ataraq xidmətə gəlmişdilər.
 
Toyuq damında keçən axşamlar
 
-Axşamlar oturub müharibə vaxtı yaşanan maraqlı hadisələri danışırdıq. Hərbçilər mən gəlmədən öncə atışma olduqda səs çox olduğu üçün gecə toyuq damı taparaq orada yatıblar.
 
Gecələr nərd oynayır, kim uduzurdusa, ona mahnı oxudurduq.
 
Belə hadisələr olmasa, müharibənin stresindən də çıxmaq mümkünsüzləşərdi.
 
Müharibə inancları, şəhid verməmək üçün yeyilməyən ərzaqlar
 
-Mən getdiyim taborda heç kim banan yemirdi. Onlara sual verdim ki, niyə heç kim banan yemir? Cavab verdilər ki, nə zaman kim bu tabordan banan yeyibsə, hərbçilərdən biri şəhid olub. Onlar bunu sınayıb və banan yeməməyi qərara alıblar. Bu hadisə o qədər pis təsir etmişdi ki, onlar qutularla dolu olan bananların heç birinə toxunmurdular.
 
Komandirdən gizlin yeyilən yemək, alınan cəza
 
-Bir dəfə əsgərlərə yemək üçün 6 qril almalarını tapşırdım, onlar isə qayıtdıqlarında 5 qrillə gəldilər. Əsgərlərdən kiminsə yediyini hiss etdim və buna uyğun olaraq hərəsindən cəza olaraqpul aldım. Sonra o “cərimə”nin müəyyən məbləğini geri qaytardıqda isə məndən bəs qalanının niyə vermədiyimi soruşdular, mən də qalan hissəni koka-kolaya çıxdığımı dedim.
 
Müharibə bitdi, dostluq isə davam edir
 
-Müharibə bitdikdən sonra da əlaqələrimizi davam etdirməyə çalışırıq. Tez-tez görüşürük, hətta votshapp üzərindən də danışırıq.
1 0

Şərhlər

Oxşar xəbərlər