Tələbələrə şad xəbər : LinkedIn Proqramı - ƏTRAFLI
17-05-2024, 13:30
274

Tələbələrə şad xəbər : LinkedIn Proqramı - ƏTRAFLI

Tələbələrin əksər hissəsi karyeraları ilə bağlı uğurlu addımlar atmaq üçün müxtəlif kurs və ya təlimlər axtarırlar. Onların bir çoxu gəlirli bir iş tapmağı hədəfləsə də, bəziləri öz biznesini qurmağı planlaşdırır. Təbii ki, həm iş tapmaq, həm də yeni bir iş qurmaq üçün müasir dövrün tələblərinə uyğun kompetensiyaları mənimsəmək olduqca vacibdir.
 
Bəs, sadəcə öyrənmək kifayətdirmi?
 
Müasir iş dünyasında müvafiq bacarıqlara sahib olmaq və ya yeni bacarıqlar öyrənməklə yanaşı, yeni əlaqələrin qurulması, həmçinin bacarıqlarınızın nümayiş olunmasına da ehtiyac var. Çünki əksər hallarda işəgötürənlər bilik və bacarıqlarınızla tanış olmadan sizi işə götürmək istəməyəcəklər. Əlavə olaraq, LinkedIn üzərində peşəkar hesabınızın olması sizi işəgötürənlər üçün potensial kadr olaraq təqdim edəcək. Buna görə də bacarıqlarınızı nümayiş etdirə biləcəyiniz və bacardıqlarınızı başqalarının görə biləcəyi şəkildə paylaşa biləcəyiniz LinkedIn platforması müstəsna əhəmiyyətə malikdir.
 
LinkedIn fərdlər və ya bizneslər üçün əlaqələr qurmaq, şəbəkələşmək və əməkdaşlıq etmək üçün nəzərdə tutulmuş peşəkar platformadır. O, istifadəçilərə rəqəmsal tərcümeyi-hal kimi xidmət edən şəxsi profil yaratmağa imkan verir, onların təhsili, iş təcrübəsi, bacarıqları, nailiyyətləri və maraqlarını özündə əks etdirir.
 
Niyə məhz LinkedIn?
 
Bildiyimiz kimi, müasir dövrün tələblərindən biri də tələbənin universiteti bitirdikdən sonra sadəcə savadlı bir məzun kimi yox, həm də əmək bazarında mövcud rəqabətə hazır kadr kimi formalaşmasıdır. LinkedIn platforması həm “LinkedIn Learning” sayəsində bir çox onlayn kurslar təklif edir, həm də qeydiyyatdan keçmiş 70 milyona yaxın şirkətlə gənclərin karyera quruculuğu istiqamətində önəmli rol oynayır.
 
LinkedIn həm də müxtəlif tədbirlər təşkil etmək, qruplara qoşulmaq, məqalələr yazmaq, iş elanları dərc etmək, foto və videolar yerləşdirmək və s. üçün də əlverişlidir. Bu platforma, ilk növbədə, peşəkar şəbəkələşmə və karyera inkişafı üçün istifadə olunur və işaxtaranlara öz CV-lərini, işəgötürənlərə isə iş yerlərini təqdim etmək imkanı verir. 
 
Statistikaya əsasən, LinkedIn üzərindən hər saniyə 77 işə müraciət, hər dəqiqə isə 6 işə qəbul qeydə alınır. Həmçinin dünya üzrə işəgötürənlərin 70%-ə yaxını bu platforma vasitəsilə işə götürülən mütəxəssislərin daha yüksək bilik və bacarığa sahib olduğunu qeyd edir.
 
Elə indicə LinkedIn profilinizi təkmilləşdirmək üçün əsas səbəblər
 
Tələbələr bütün akademik həyatları boyu öyrəndiklərini xəyal etdikləri iş üçün işə götürənlərin qarşısında ortaya qoymalıdırlar. Bu peşəkar platformadan istifadə edərək tələbələr öz nailiyyətlərini və bacarıqlarını bura əlavə edə bilərlər. Beləcə, universiteti bitirdikdən sonra onlar peşəkarlar arasında cəlbedici sosial platformaya sahib olacaq, karyeralarını inkişaf etdirəcəklər.
 
1) Peşəkar şəbəkə (network) qurma imkanı. LinkedIn tələbələrə maraq dairələri üzrə peşəkarlarla əlaqə yaratmaq üçün əla fürsət təqdim edir. Onlar sənaye mütəxəssisləri, professorlar, məzunlar və potensial işəgötürənlərlə əlaqə saxlayaraq, öz peşəkar şəbəkələrini genişləndirə bilərlər.
 
2) Karyera imkanlarını mütəmadi izləmə imkanı. LinkedIn tələbələr üçün karyera imkanlarını araşdırmaq və kəşf etmək üçün dəyərli mənbə rolunu oynayır. Bununla da onlar iş yerləri, təcrübə proqramları və əmək bazarında baş verən yeniliklərdən xəbərdar olmaq üçün şirkətləri, təşkilatları və sənaye qruplarını mütəmadi izləyə bilərlər. Tələbələr öz bacarıq və maraqlarına uyğun iş imkanları əldə etmək üçün platformanın iş axtarma funksiyasından da istifadə edə bilərlər.
 
3) Öz bacarıq və nailiyyətlərinizi nümayiş etdirmə imkanı. Yuxarıda qeyd etdiyimiz kimi, LinkedIn tələbələrə onlayn tərcümeyi-hal (CV) kimi fəaliyyət göstərən peşəkar profil yaratmağa imkan verir. Tələbələr öz təhsillərini, bacarıqlarını, layihələrini, təcrübələrini və dərsdənkənar fəaliyyətlərini burada paylaşa bilərlər. Bu platforma öz nailiyyətlərini, istedadlarını və təcrübələrini potensial işəgötürənlərə və s. nümayiş etdirmək üçün əla fürsət təqdim edir. Yaxşı hazırlanmış LinkedIn profili onların peşəkar brendini təkmilləşdirə və onları rəqabətli iş bazarında fərqləndirə bilər.
 
4) Öyrənmə resurslarına çıxış imkanı. LinkedIn öz platforması vasitəsilə bir sıra təhsil resursları və öyrənmə imkanları təklif edir. Tələbələr müvafiq qruplara qoşula, müzakirələrdə iştirak edə və məqalələrə, videolara və kurslara daxil ola bilərlər. Bu, onlara qlobal tendensiyalardan xəbərdar olmağa və peşəkar inkişafa sadiq olduqlarını nümayiş etdirmək üçün bilik və bacarıqlar əldə etməyə kömək edə bilər.

Beləliklə, LinkedIn tələbələrə qoşulmaq, öyrənmək və peşəkarlıq səviyyələrini nümayiş etdirmək üçün effektiv resursdur. Onun xüsusiyyətlərindən istifadə etməklə tələbələr rəqabət üstünlüyü əldə edə, dəyərli əlaqələr qura və karyera imkanlarını artıra bilərlər. Beləcə, siz LinkedIn-i səmərəli şəkildə istifadə etməklə bilik və bacarıqlarınızı lazımi auditoriyaya nümayiş etdirərək arzuladığınız karyera inkişafına nail ola bilərsiniz.
 
Səbuhi RZAYEV,
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri



1 0

Şərhlər

Oxşar xəbərlər