Ən yaxşı universitetlər arasında yenə də yoxuq
19-05-2024, 10:39
284

Ən yaxşı universitetlər arasında yenə də yoxuq

Dünyanın ən yaxşı universitetlərinin yeni siyahısı açıqlanıb. Qeyd edək ki, ən yaxşı 200 universitetdən 56-sı məhz ABŞ-dadır.  “Global İndex”in araşdırmasına görə, siyahıda ikinci yeri Böyük Britaniya, üçüncü yeri Almaniya, dördüncü yeri Çin, beşinci yeri Avstraliya, altıncı yeri Niderland, səkkizinci yeri Kanada, doqquzuncu yeri İsveçrə, onuncu yeri Cənubi Koreya tutur. Bu siyahı demək olar ki, dəyişmir. Həmişə olduğu kimi, top onluqda, hətta top iki yüzlukdə olan universitetlərin hamısı inkişaf etmiş ölkələrə aiddir. Bəs görəsən, dünyanın ən yaxşı universitetlərinin uğur sirri nədir?

TehsilForumu.Az xəbər verir ki , mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Nadir İsrafilov deyib ki, dünya reytinq siyahısında universitetlər yüksək bal alanda bir neçə xüsusiyyətlər nəzərə alınır. Bura universitetin kampusunun, yataqxanasının, kitabxanasının və elmi bazasının olması daxildir: “Nəzərə alaq ki, dünyanın məşhur universitetlərinin reytinqlərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan mühitdir. Dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Bu da ayrıca xüsusi şəhərcikdir. Hansı ki, orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib pul da qazana bilərlər. Kampus şəraitində tələbənin heç bir problem ola bilməz. Dünya təcrübəsinə baxsaq, məsələn, Harvard, Oksford kimi universitetlər kampus formasında fəaliyyət göstərir. Onların tələbə şəhərciyi var. Bu şəhərcikdə tələbələr üçün hər cür şərait yaradılıb. Kitabxana, yeməkxana, idman zalı, kafe, restoran və s. şəhərciyin daxilindədir. Bizdə də bu məsələ dəfələrlə qaldırılıb. Kampusların tikilməsi məqsədəuyğun sayılıb. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub. Sözsüz ki, təhsili əlçatan eləmək istəyiriksə, ödənişləri də, yataqxanaları da əlçatan etməliyik. Bizim minlərlə şagirdimiz ali məktəbə daxil olub, amma təhsil və kirayə haqqı kimi maddi sıxıntılar imkan verməyib ki, onlar təhsilini davam etdirsin. Tələbələr üçün mühitin yaradılması vacib məsələdir”.
“Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri İlqar Orucov bildirib ki, universitetlərin reytinqini müəyyənləşdirən bir çox təşkilatlar var. Bu təşkilatlar arasında çox ciddi rəqabət mövcuddur. Amma onların sonda gəldiyi yekun nəticələrdə o qədər də ciddi fərq olmur.

Onun sözlərinə görə, “Times Higher Education” 2024-cü il üçün universitet reytinqləri çox məşhur və nüfuzludur. Bizim universitetlərin bu reytinqdə ön cərgələrdə olmaması düşündürücüdür. Universitetlər öz tədiqatları ilə dünya elminə töhfələr verməlidir. Burada həmçinin xarici tələbələrin yerli tələbələrin sayına nisbəti də nəzərə alınır. Universitetdə çalışan xarici müəllimlərin sayı, eləcə də beynəlxalq səviyyədə birgə elmi işlərin səviyyəsi də diqqətdə saxlanılır. Bunlar çox ciddi tələblərdir: “Biz çox istəyərdik ki, Azərbaycanda universitetlərin çoxu bu tələblərə cavab versin. Bəzən iddia edirlər ki, reytinqdə yer alan universitetlərin çoxu keçmişdə yaradılan və büdcəsi böyük olan universitetlərdir. Büdcə məsələsi buna təsir etsə də, yeni universitet yaradıb bu tələblərə cavab vermək mümkündür. Dünya səviyyəli müəllimlərin, xarici tələbələrin Azərbaycanda çalışması və təhsil alması üçün universitetlərin keyfiyyətli təhsil verməsi və büdcəsi şərtdir. Bu gün Azərbaycan universitetlərində əcnəbi tələbələr təhsil alır. Amma gəlin görək o tələbələr hansı ölkələrdən Azərbaycana təhsil ardınca gəliblər. Bu, çox vacib amildir. Çin, Yaponiya kimi ölkələrdən təəssüf ki, hansısa tələbə Azərbaycana təhsil almaq üçün gəlməz. Onlar dünyanın daha yaxşı təhsil verən universitetlərini seçirlər”.

İ.Orucov bildirib ki, Azərbaycan universitetlərinin beynəlxalq qrantlara çıxışı da aşağı səviyyədədir. Universitetlərin bu qrantlarla maliyyə əldə etməsi çox vacib amildir. Təəssüf ki, Azərbaycan universitetlərinin gəliri əsasən ödənişli təhsildən formalaşır.Ekspert onu da xatırladıb ki, ölkə prezidentin imzası ilə Azərbaycan universitetlərinin rəqabət qabiliyyətinin artırılması üçün Dövlət Proqramı qəbul olunub. İndi ümid həmin proqramdan irəli gələn tədbirlərin icrasınadır: “Bu proqram çərçivəsində bizim xeyli gənclərimizi xaricdə nüfuzlu elm mərkəzlərində təhsil almaq üçün göndərilib. Ümid edək ki, onlar qayıdıb Azərbaycanda çalışacaqlar və beləcə Azərbaycan universitetlərinin kadr təminatı məsələsi bir qədər yaxşılaşacaq. Amma təkcə yerli kadrlarla da iş bitmir. Xarici kadrların da olması vacibdir. Bunun üçün isə yaxşı laboratoriyalar yaradılmalıdır ki, bu da zaman və maliyyə tələb edir”.


Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, dünya universitetlərinin reytinq sıralamasında Azərbaycanın ali təhsil müəssisələrinin önəmli yer tutması üçün islahatlar aparılmalıdır: “Fikrimcə, dünyanın nüfuzlu universitetləri ilə rəqabət aparmaq və reytinq sıralamasında yaxşı yerlərdə qərarlaşmaq üçün təhsilin keyfiyyətini artırılmalıdır. Tələbələr üçün ideal təcrübə mərkəzləri olmalıdır. İnformasiya ilə daha zəngin yeni nəsil müəllimlərinə üstünlük verilməlidir. Yəni universitetlərimizdə yaşlı nəslin nümayəndələri tədricən təqaüdə göndərilməli və gənc kadrlara, xüsusilə də xaricdə təhsil alanlara üstünlük verilməlidir.

İnformasiya texnologiyalarının bizə verdiyi geniş imkanlardan maksimum yararlanaraq, tələbələrimizin hər birinə dərsliklərin əlaçatanlığını təmin etməliyik. Ölkəmizdə fəaliyyət göstərən bütün ali təhsil müəssisələri dünyada baş tutan bütün təhsil yönümlü elmi konfranslarda, beynəlxalq olimpiadalarda, tərəfdaşlıq proqramlarında, sərgilərdə və s. iştirak etməlidirlər. Hər bir ali təhsil müəssisəsinin öz kampusu, yataqxanası, kitabxanası olmalıdır. Ali təhsil müəssisələrinin rəhbərləri islahatçı olmalıdır. Ali təhsil müəssisələrində elmi dərəcələri olan çoxsaylı kontingent olmalıdır. Hər bir ali təhsil müəssisəsinin peşəkar SMM-i olmalıdır. Xarici ölkə vətəndaşlarının ölkəmizdə ali təhsil alması əlaçatan olmalı və bu istiqamətdə təkcə Dövlət İmtahan Mərkəzi deyil, ali təhsil müəssisələri də fəaliyyətlərini tənzimləməlidir. Bütün bu sadaladıqlarım reytinq zamanı əsas diqqətə alınan faktorlardır. Amma çox təəssüf ki, sadaladıqlarımın bir qismi tək-tük Azərbaycan ali təhsil müəssisələrində mövcuddur”.



0 0

Şərhlər

Oxşar xəbərlər