Ülkər Səttarova: Alimlərimizin rifahının artırılması üçün təkliflər hazırlanıb - MÜSAHİBƏ
17-05-2024, 11:53
248

Ülkər Səttarova: Alimlərimizin rifahının artırılması üçün təkliflər hazırlanıb - MÜSAHİBƏ

TehsilFoumu.Az- Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın “Azərbaycan müəllimi”nə müsahibəsini təqdim edirik.
 
- Elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində elmi müəssisələr arasında fəaliyyətdə pərakəndəliyin olduğunu demişdi. Siz bu pərakəndəliyin səbəbini necə izah edərdiniz və bunun aradan qaldırılması istiqamətində hansı tədbirlər görülür və ya görülməsi nəzərdə tutulur?
 
- Emin müəllim məhz elmi müəssisələr arasında zəif koordinasiyanın olmağı, birgə işləməyin kifayət qədər yüksək səviyyədə olmadığı kimi məsələləri qaldırıb. Bu, tam həqiqətdir. Çünki biz elmmetrik göstəricilərə baxsaq görərik ki, orada Azərbaycanın fərqli elmi müəssisələrinin əməkdaşlarının bir araya gələrək komanda şəklində ortaya qoyduqları elmi işlərin sayı azdır. Hətta elmi tədqiqat müəssisəsinin alimləri ilə ali təhsil müəssisəsinin müəllimlərinin birgə işlərinə nəzər salanda belə onların müəyyən şərtlərdə hər iki müəssisədə çalışan şəxslər olduğunu görürük. Yəni, bu da əslində tam olaraq iki fərqli müəssisənin birgə işi sayılmır. Universitetlərlə elmi müəssisələr arasında əməkdaşlıq çox zəifdir. Bu gün biz mobillik, ikili diplom layihələrini otaya qoya bilsək də, onların da sayı istədiyimiz qədər deyil. Birgə elmi araşdırma, bir laboratoriyada fərqli müəssisələrin adamlarının gəlib çalışmasını, özləri ilə dəyər gətirib, yeni biliklər aparmasını, belə desək, beyin məhsulu mübadiləsini görmürük. Buna böyük ehtiyac var. Bu gün dünyada, hətta fərqli ölkələrdə çalışan alimlərin birgə işlərinə daha böyük qiymət verilir. Amma ölkə daxilində də bunun olmamağı ayrıca bir problemdir.- Elmi müəssisələrin əksəriyyətində müasir avadanlıqlar, laboratoriyalar demək olar yoxdur. Onların maddi bazalarının gücləndirilməsi istiqamətində hansısa tədbirlər nəzərdə tutulurmu?
 
- Bu, çox aktual məsələdir. Həqiqətən də vəziyyət belədir. Amma laboratoriya avadanlığının alınması ilə məşğul olanlar bilir ki, yaxşı bir laboratoriya qurmaq bəzən bir il, bəzən bir neçə il vaxt çəkir. Çünki avadanlıqlar hər yerdə satılmır. Xüsusi sifarişlə xaricdən gətirilir. Düzgün siyahının tutulması, gətirilməsi, qurulması, sazlanması çətin bir işdir. Görürük ki, bəzi hallarda hansısa universitetdə, elmi tədqiqat müəssisəsində laboratoriya var, lakin faktiki olaraq işləmir. Bir növ muzeyi xatırladır. Bunun səbəbi odur ki, laboratoriyanın yaradılması üçün planlaşdırma düzgün formada aparılmayıb. Ya hansısa detalı yoxdur, ya istifadə qaydalarını bilmirlər, ya da avadanlıq gəlib çatanadək aktuallığını itirib və s. Yəni, laboratoriya qurmaq çox çətin prosesdir. Bu, mebel avadanlığı almağa bərabər iş deyil. Hazırda elmlə təhsilin inteqrasiyası istiqamətində keçid dövründəyik. İmkanlarımız da məhduddur. Onlardan maksimum şəkildə düzgün və səmərəli istifadə etməliyik. Tələsib yanlış qərar vermək olmaz. Müəyyən dəyişikliklər, optimallaşmalar aparıldıqdan sonra bu işlər görüləcək. Qarşımızda kifayət qədər böyük layihələr, o cümlədən Qarabağ Universitetinin qurulması, Türkiyə-Azərbaycan Universitetinin yaradılması var. Ona görə də xaotik yox, daha düşünülmüş addımlar atmalıyıq.
 
"QƏRAR QƏBUL EDƏNDƏ BUNUN DÜZGÜN, ƏDALƏTLİ VƏ HƏQİQƏTƏN İNKİŞAFA TÖHFƏ VERƏCƏYİNƏ ƏMİN OLMALIYIQ"
 
- Hansısa tədqiqatların aparılmasında elmi müəssisələrin bir-birlərinin laboratoriyalarından istifadə etməsi təmin edilirmi? Bu istiqamətdə də müəyyən problemlərin olduğu deyilir.
 Bəzən elə olur ki, iki dövlət müssisəsidir və eyni quruma tabedir. Amma bir müəssisənin alimi ora gedib araşdırma aparanda müəyyən problemlərlə qarşılaşır. Hansı ki, bu, olmamalıdır. Düşünürəm ki, qəbul olunmuş qərarlar, aparılan islahatlar bu kimi problemləri də aradan qaldıracaq. Səbirsizlik edib, səhv qərarlar qəbul edilsə, bunun əziyyətini növbəti nəsillər çəkə bilər. Ona görə hansısa qərar qəbul edəndə bunun düzgün, ədalətli və həqiqətən inkişafa töhfə verəcəyinə əmin olmalıyıq.


Ətraflı - https://www.muallim.edu.az/news.php?

id=29988

 




0 0

Şərhlər

Oxşar xəbərlər