Naxçıvan Muxtar Respublikasında 100 ildə pedaqoji kadr hazırlığı: faktlar və rəqəmlər
23-04-2024, 14:55
246

Naxçıvan Muxtar Respublikasında 100 ildə pedaqoji kadr hazırlığı: faktlar və rəqəmlər

XX əsrdə və XXI əsrin əvvəllərində Azərbaycan xalqının maariflənməsində təhsilin, bu sahənin görkəmli nümayəndələrinin müstəsna xidmətləri olub.

 

Naxçıvanda maarifin inkişafında M.T.Sidqi, C.Məmmədquluzadə, C.P.Sultanov, M.Ə.Süleymanov, X.Hacılarov, Ə.Xəlilov, M.Kəngərli və başqalarının mühüm xidmətləri danılmazdır.

 

1920-ci il iyul ayının 28-də Naxçıvanda Sovet hakimiyyəti elan ediləndən az sonra bir sıra sahələrə, o cümlədən təhsil, elm və mədəniyyət sahələrinə də diqqət artırıldı. Maarif sisteminin idarə olunması üçün Azərbaycanın Xalq Komissarları Şurasının göstərişi ilə 1920-ci ilin oktyabr ayının 10-da Naxçıvan İnqilab Komitəsinin qərarı ilə Xalq maarifi şöbəsi yaradılır. Məktəblər şəbəkəsinin genişləndirilməsi və şagirdlərin məktəbə cəlb olunması sürətlə davam edir.

 

Naxçıvan Muxtariyyətı yarandığı 1924 ̶ 1925-ci illərdə Naxçıvanda 75 məktəb var idi. Həmin məktəblərdəki siniflərin sayı 210, siniflərdə dərs aparan müəllimlərin sayı 154 olmaqla, bu məktəblərdə 6573 nəfər şagird təhsilə cəlb edilmişdi.

 

1922-ci ilin avqust ayının 28-də Naxçıvan Müəllimlərinin I Qurultayında Naxçıvanda müəllim çatışmazlığı haqqında ciddi söhbət gedirdi və müəllimə olan tələbatı ödəmək məqsədilə 1 noyabr 1922-ci il tarixindən Naxçıvanda Müəllimlər Seminariyası açmaq haqqında qərar qəbul olundu. Gələcək müəllim kadrlarının hazırlanmasında həqiqətən də bu Seminariyanın üzərinə böyük işlər düşdü.  

 

Seminariya 1 il fəaliyyət göstərdikdən sonra 1923-1924-cü tədris ilində öz fəaliyyətini dayandırdı və onun bazasında Naxçıvan Pedaqoji Texnikumu yaradıldı. Texnikum 1923-cü ilin dekabrından Ordubad şəhərində fəaliyyət göstərməyə başladı. Naxçıvan Müəllimlər Qurultayının qərarına uyğun olaraq isə 1924-cü ilin oktyabrında Naxçıvan Muxtar Respublikasında Qadın Seminariyası (Ünasiyyə məktəbi) yaradıldı.1925-1926-cı tədris ilində Seminariya Qadın Pedaqoji Texnikumuna çevrildi.

 

Naxçıvan MSSR Xalq Komissarları Sovetinin qərarı ilə 1928-1929-cu tədris ilində kişi və qadın texnikumları birləşdirildi, bu isə öz növbəsində Naxçıvanda müəllim kadrlarının hazırlanmasının keyfiyyətcə yaxşılaşdırılmasına səbəb oldu. 1928-1929-cu tədris ilində Naxçıvanda texnikumlarda 411 nəfər oxuyurdu, onlardan 71-i qız idi.Naxçıvan Zikur Texnikumunun ilk buraxılışı 1927-ci ildə oldu. Ardıcıl olaraq 3 buraxlış ili ərzində texnikumu 149 nəfər gənc bitirdi, bu da ölkə məktəblərinin kadr ehtiyacını ödəmək üçün xeyli kontingent idi. Sonrakı illərdə də Naxçıvan Pedaqoji Texnikumunu xeyli gənc bitirdi ki, onlar sonralar Azərbaycanda ictimai fikrin və xalq maarifinin inkişafında mühüm rol oynadılar.

 

XX əsrin 40-cı illərində Naxçıvanda məktəb və maarif sahəsində baş verən dəyişikliklər və yüksəkixtisaslı müəllim kadrlarına olan tələbat burada daha yüksək kateqoriyalı və ixtisaslı pedaqoji kadrlar hazırlayan yeni təhsil müəssisəsinin yaradılması zərurətini ortaya çıxardı.

         

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutu isə 1939-cu ilin sentyabr ayının 15-də fəaliyyətə başladı. İnstitut təşkil olunduğu vaxt orada cəmi iki fakültə (Azərbaycan dili və ədəbiyyat, fizika-riyaziyyat) fəaliyyət göstərirdi. İnstitut üçün ayrıca bina ayrıldı. Əvvəllər heç bir tədris avadanlığı, kifayət qədər maddi-texniki bazası olmayan institutda işgüzar və səriştəli, təşəbbüskar pedaqoji kollektivin səyləri ilə qisa müddətdə xeyli əyani vəsait toplandı, kabinələr və laboratoriyalar yaradıldı.

 

Naxçıvan Müəllimlər İnstitutu Muxtar Respublikada pedaqoji profilli ixtisaslar üzrə kadr potensialının yaranmasında və məktəblərin müəllim kadrları ilə təmin olunmasında müstəsna rol oynadı. İnstitutun yüzlərlə məzunu sonrakı illərdə nəinki Naxçıvanda, həm də Azərbaycanda elmi-pedaqoji, ictimai-siyasi fikrin, elmin, mədəniyyətin və xalq maarifinin aparıcı simaları oldular, Azərbaycan elminə öz töhfələrini verdilər. 1939-1940-cı tədris ilində iki fakültədə 129 tələbə ilə fəaliyyətə başlayan institutun 64 tələbəsi Böyük Vətən müharibəsində iştiraka cəlb olunduğundan ilk buraxılışda institutu cəmi 65 nəfər (52 nəfər ədəbiyyat, 13 nəfər fizika-riyaziyyat üzrə) bitirdi, onlardan 31 nəfəri məhz qızlar idi.

 

1939-1954-cü illərdə dörd fakültədə əyani və qiyabi şöbələrdə müəllim kadrlarının hazırlanmasında böyük uğurlar qazanıldı, fəaliyyət göstərdiyi illərdə institutda 6 kafedra fəaliyyət göstərdi, 5 fənn kabineti, zəngin kitabxana yaradıldı, 5 dərnək təşkil olundu.

 

Məktəblərin müəllim kadrları ilə təmin edilməsi işini sürətləndirmək və tələbatı tam ödəmək məqsədilə Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyəti dövründə qiyabi şöbə yaradıldı. Qiyabi şöbəni 1943-1944-cü tədris ilində 42 nəfər, 1944-1945-ci tədris ilində 96 nəfər, 1945-1946-cı tədris ilində 147 nəfər bitirdi, sonrakı illərdə yüzlərlə şəxs qiyabi təhsilə cəlb olundu.

 

1949-cu ildən 1954-cü ilə qədər Naxçıvan Müəllimlər İnstitutunun rus bölməsini 300 nəfərə yaxın məzun bitirdi. İnstitutun əyani və qiyabi şöbəsini müxtəlif illərdə 1189 nəfər bitirərək Naxçıvanda və Azərbaycanın digər rayonlarında pedaqoji fəaliyyətlə məşğul oldu. Azərbaycanda məktəb və təhsil müəssisələrinin yaradılmasında və inkişafında, məktəblərin müəllim kadrlarına olan təlabatının ödənilməsində institut məzunlarının böyük xidmətləri oldu.

  

Təqribən 16 il ərzində (1956-1971-ci illər) Naxçıvan məktəblərinin ali təhsilli ixtisaslı müəllimlərlə təmin edilməsi Azərbaycanın ali məktəblərinin əyani və qiyabi şöbələrini bitirmiş məzunlar hesabına təmin olunurdu.

 

Muxtar Respublikanın özündə müəllim kadrlarının hazırlanması üçün Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Naxçıvan şəhərində 1954-1955-ci tədris illindən Pedaqoji məktəb yenidən fəailiyyətə başladı. 1965-1972-ci illərdə buranı 570 nəfər ibtidai təhsil müəllimi, 60 nəfər bədən tərbiyəsi müəllimi, 90 nəfər məktəbəqədər tərbiyəçi qurtardı.Sözügedən dövrdə müəllim kadrlarının peşə hazırlığının artırılmasına da diqqət yetirildi. Azərbaycan SSR Nazirlər Sovetinin 1963-cü il tarixli Qərarına əsasən, bu tarixdən Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan şəhərində Naxçıvan MSSR Maarif Nazirliyinin metodkabineti bazası nəzdində filialı açıldı. Bu qərar əsasında Naxçıvan MSSR Nazirlər Sovetinin 28 iyun 1963-cü il tarixli müvafiq Qərarı qəbul edildi. Lakin filial mövcud ehtiyacı tam ödəmirdi. Buna görə də filial əsasında müstəqil institut yaradılması məsələsi ortaya çıxdı.

 

1965-ci ildə Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutu Naxçıvan filialının ştat vahidləri saxlanılmaqla müstəqil olaraq Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutuna çevrildi.

 

Yarandığı gündən metodik mərkəz və filial kimi fəaliyyət göstərərək müstəqil instituta çevrilmiş Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda ayrı-ayrı fənn kabinələri təşkil edildi. Təkcə 1970-1971-ci tədris ilində Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda 1125 müəllim təkmilləşmə kursu keçdi. Müəllimlər öz ixtiaslarının artırılması üçün Bakıya və digər şəhərlərə ixtisasartırma kurslarına göndərildilər.

  

Naxçıvanda məktəblərin inkişafı, şagird kontingentinin artması ixtisaslı müəllim kadrlarına ehtiyacı daha da artırırdı. Naxçıvan ziyalıları, alimləri mütəmadi olaraq mətbuat səhifələrində səlahiyyətli orqanlar qarşısında regionda ali pedaqoji təhsil ocağının açılması məsələsini qaldırırdılar. Nəhayət, 1967-ci ilin iyulunda Naxçıvan şəhərində keçmiş 1 nömrəli məktəbin binasında Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı fəailiyyətə başladı.

 

İlk tədris ilində Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları üzrə müəllim hazırlığına başlayan filialda sonralar ibtidai təhsil, coğrafiya və digər pedaqoji ixtisaslar üzrə müəllim kadrları hazırlığına start verildi.

 

1971-ci ildə filialın ilk buraxılışı oldu. 1971-1990-cı illərdə bu institutu 8247 nəfər məzun (5529 əyani, 2718 qiyabi təhsil üzrə) bitirdi. Filial kimi fəaliyyətə başladığı ilk dövrdə tədris ocağında bir sıra fənləri tədris etmək üçün Bakı şəhərindəki ali məktəblərdən müəllimlər dəvət olunurdu, filialın özündə isə cəmi 3 nəfər elmlər namizədi və 1 nəfər dosent çalışırdı.

 

1967-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlayan bu ali təhsil ocağı 1972-ci ildə müstəqil instituta çevrildi.

 

Müstəqil ali məktəbin yaradılması Naxçıvan Muxtar Respublikasının elmi mədəni inkişafına, burada ziyalı potensialının artmasına, maarifçilik hərəkatına müsbət təsir göstərdi. Pedaqoji İnstitut 1990-cı ildə Naxçıvan Dövlət Universitetinin təşkili üçün böyük baza funksiyasını yerinə yetirdi. İnstitutda təkcə Naxçıvan MR üçün deyil, Azərbaycanın cənub-qərb rayonları, eləcə də Ermənistan SSR-nin azərbaycanlı əhalisi üçün yüksəkixtisaslı pedaqoji kadrlar hazırlanması nəzərdə tutulurdu. Bunun üçün institutda tələbə kontingentinin sayının artırılması, professor-müəllim heyətinin gücləndirilməsi (o zaman filialda 40 nəfər müəllim işləyirdi. Onlardan 7 nəfəri elmlər namizədi idi), yeni fakültələr, kafedralar, ixtisaslar, laboratoriya və fənn kabinələrinin təşkili, tədris və inzibati binaların tikilməsi və s. tədbirlərin həyata keçirilməsi təmin edilməli idi. İnstitutun fəaliyyətini təmin etmək məqsədilə Naxçıvan şəhərinin şimal-qərb hissəsində yerləşən bir sıra binalar ali məktəbin ixtiyarına verildi.Naxçıvan Dövlət Pedaqoji İnstitutunun yaradılması Muxtar Respublika məktəblərinin, bütün mədəni-maarif müəssisələrinin yüksəkixtisaslı pedaqoji kadrlarla təminatının daha da yaxşılaşdırılmasına, ziyalı təbəqəsinin genişlənməsinə gətirib çıxardı. 1971-1975-ci illərdə institutda 236 nəfər filoloq-müəllim, 197 nəfər tarix, 233 nəfər fizika-riyaziyyat, 142 nəfər coğrafiya müəllimi hazırlandı. Əgər 1971 nəfər tələbə oxuyurdusa, 1985-1986-cı tədris ilində buraya 450 nəfər tələbə qəbul olundu, tələbələrin ümumi sayı isə 2079 nəfər təşkil etdi.  

 

Ümummilli Lider Heydər Əliyev 1974-cü ilin oktyabrında Muxtar Respublikanın 50 illiyi ilə əlaqədar Naxçıvanda olarkən institutun tələbə və professor-müəllim heyəti ilə görüşdü. Həmin görüşdən sonra respublikanın rəhbər orqanlarının, Muxtar Respublika rəhbərliyinin diqqəti instituta daha da artdı. Bunun nəticəsi olaraq ali məktəbin maddi-texniki bazası genişləndi, burada yeni ixtisaslar açıldı. Naxçıvanda mövcud Pedaqoji İnstitutun bazasında müstəqil dövlət universitetini yaratmaq zərurəti haqqında ilk fikirlər həmin tarixi görüşdə Heydər Əliyev tərəfindən irəli sürüldü. Regionda institut yaratmaq ideyasını böyük dövlət xadimi Heydər Əliyev Naxçıvanın Muxtar Respublika statusu daşıması, diyarın özünəməxsus coğrafi mövqeyi, strateji əhəmiyyəti kimi amillərlə əsaslandırdı. Bu da Naxçıvanda universitet yaratmaq ideyasının müəllifinin Heydər Əliyev olduğunu göstərir.

 

Azərbaycanın ali məktəbləri ailəsində özünəməxsus yeri və mövqeyi olan Naxçıvan Dövlət Universitetinin formalaşması və inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin böyük və əvəzsiz xidmətləri oldu.

   

Müstəqil Azərbaycanın gələcəyi olan uşaqların istər məktəbəqədər tərbiyə müəssisələrində, istərsə də ibtidai, əsas və tam orta məktəblərdə təlim-tərbiyəsinin düzgün istiqamətləndirilməsi hərtərəfli inkişaf etmiş gənc nəslin formalaşdırılmasına xidmət edir. Bu prosesin davamı olaraq onların ali təhsil almaları üçün ölkəmizin müxtəlif bölgələrində institut və universitetlərin son illərdə şəbəkəsi xeyli genişləndirildi.

 

Ulu Öndər Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Fərmanına əsasən, Naxçıvan Politexnik Texnikumunun bazasında təşkil edilən bu təhsil ocağının binası əsaslı surətdə təmir edilərək yenidən quruldu və maddi-texniki bazası genişləndirildi.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2003-cü il tarixli Qərarı ilə bu təhsil ocağı müstəqil instituta çevrilərək Naxçıvan Müəllimlər İnstitutu adını aldı.

 

2000-2001-ci tədris ilində 21 nəfər tələbə ilə fəailiyyətə başlayan Naxçıvan Müəllimlər İnstitutunda bu gün 1300 nəfərdən artıq bakalavr, 100 nəfər magistr təhsil alır.

 

İnstitutda 2 fakültə, 8 kafedra, fənn kabinetləri və laboratoriyalar mövcuddur, 15 ixtisas üzrə müəllim kadrları hazırlanır. Eyni zamanda, magistratura şöbəsində 5 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Hazırda institutda pedaqogika elm sahəsi üzrə dissertasiya şurası fəaliyyət göstərir. İnstitutu bitirən kadrlar muxtar respublika və Azərbaycanın ümumtəhsil məktəblərində öz fəaliyyətlərini davam etdirirlər.

 

İnanırıq ki, 100 illiyini qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində hələ bundan sonra da böyük uğurlar qazanılacaq.  

Rövşən Vəliyev

Naxçıvan Müəllimlər İnstitutu,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent 

 
0 0

Şərhlər

Oxşar xəbərlər