Məktəblərdə tədris və idarəçilik tam elektronlaşdırılır…
20-03-2024, 10:39
381

Məktəblərdə tədris və idarəçilik tam elektronlaşdırılır…

Nadir İsrafilov: “Belə bir sistemin yaradılması nəinki lazımdır, hətta vacibdir, özü də təkcə Bakı şəhərinin təhsil müəssisələrində yox…”

TehsilForumu.Az xəbər verir ki , Bakı şəhərinin təhsil müəssisələrində tədris və idarəetmə proseslərinin tamamilə elektronlaşması üzrə sistemin yaradılması planlaşdırılır. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Nərminə Hüseynova deyib.

O bildirib ki, sözügedən sistem təhsil müəssisələrində nəzarəti gücləndirməyə, tədris prosesi ilə bağlı məlumatların operativ və effektiv şəkildə izlənilməsi və təhlil edilməsinə, həmçinin akademik bacarıqların, eləcə də şagird davamiyyətinin qeydə alınması və monitorinqini həyata keçirməyə imkan verəcək.

Maraqlıdır, bu sistem təhsil müəssisələrində nə kimi dəyişikliklərə səbəb olacaq?

“Bu sistem məktəb-valideyn münasibətlərində uzun illərdən bəri müşahidə olunan durğunluğu sabitləşdirəcək” 

Təhsil eksperti Nadir İsrafilov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə bir sistemin yaradılması nəinki lazımdır, hətta vacibdir. Özü də təkcə Bakı şəhərinin təhsil müəssisələrində yox, həm də bütövlükdə ölkənin təhsil müəssisələrində: "Belə bir sistem təkcə, təhsil müəssisələrində nəzarəti gücləndirməyə, tədris prosesi ilə bağlı məlumatların operativ və effektiv şəkildə izlənilməsi və təhlil edilməsinə, akademik bacarıqların, şagird davamiyyətinin qeydə alınması və monitorinqini həyata keçirməyə imkan verəcək. Eyni zamanda, məktəb-valideyn münasibətlərində uzun illərdən bəri müşahidə olunan durğunluğu sabitləşdirəcək, məktəb-valideyn əməkdaşlığının möhkəmləndirilməsinə, təlim-tərbiyə işinə kompleks yanaşılmasına təsirsiz ötüşməyəcək. Digər bir məsələ məktəb fəaliyyətinin dəyərləndirilməsi və qiymətləndirilməsi məsələsidir ki, bununla bağlı müxtəlif səviyyələrdə müzakirələr aparılır, məktəb-valideyn əməkdaşlığının daha optimal şəkildə qurulmasının yolları araşdırılır. Bu baxımdan valideynlərin də məktəblərin fəaliyyətini qiymətləndirməsi üçün rəqəmsal sistemin yaradılması valideynlərin də qiymətləndirmə işinə cəlb edilməsi baxımından faydalı ola bilər. Hesab edirəm ki, Bakı şəhərinin təhsil müəssisələrində tədris və idarəetmə proseslərinin tamamilə elektronlaşması üzrə sistemin yaradılması Prezidentin sərəncamı ilə təsdiq olunan "İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının qanunu"nda və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulmuş əsas hədəflərdən biri kimi təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi, idarəetmə prosesində şəffaflığın və maraqlı tərəflərin iştirakının təmin edilməsi, maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə idarə olunmasının təmin edilməsi tələblərinə uyğun olub, bu istiqamətdə yeni mərhələ olacaq”.
0 0

Şərhlər

Oxşar xəbərlər