Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır
12-03-2024, 12:55
254

Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır

TehsilForumu.Az - Dörd il əvvəl, 2020-ci il martın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə VI çağırış Milli Məclisin ilk iclası keçirildi və bu iclasda dövlət başçısı çıxış edərək bir çox istiqamətdə önəmli açıqlamalar vermişdi.

Azərbaycan Prezidenti İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında çıxış edərək bildirdi ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatların dərinləşməsi və Milli Məclisin işinin daha da təkmilləşdirilməsidir. Ölkə başçısı əminliklə bildirmişdir ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcək.

Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat verdiyini vurğulayan dövlətimizin başçısı əlavə etmişdir ki, Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır.

Beləliklə, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşdı. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu gün müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Bu fakt Azərbaycanda siyasi sistemin möhkəmlənməsi, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyət kəsb edir.

Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Çıxışında dövlət başçısı bu istiqamətdə atılan addımlara diqqət çəkərək vurğulamışdır ki, genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır.

Prezident İlham Əliyev millət vəkilləri qarşısındakı çıxışı zamanı bildirdi ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır.

Prezident İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında etdiyi çıxışında toxunduğu ən vacib məsələlərdən biri də deputatların fəaliyyəti ilə bağlı oldu. Ölkə başçısı bildirdi ki, deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur. Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artmalıdır. Hökumət üzvləri də xalqla daha sıx təmasda olmalıdırlar, parlamentdə daim ünsiyyətdə olmalıdır. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq.

Ölkə başçısı tərəfindən yeni çağırış Milli Məclis deputatları qarşısına qoyulan vəzifələrdən biri də siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüslərinin həyata keçirilməsi ilə bağlı oldu: “İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır”.

Prezident Beynəlxalq fəaliyyətin səmərəliliyinin artırılmasının vacibliyini qeyd etdi: “O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Demokratiyadan dərs vermək istəyənlər özləri cinayətlər törədirlər. Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər. Jurnalistləri əsassız ittihamlarla həbs edirlər”.

Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən gənclər siyasətinə diqqət çəkərək vurğulamışdır ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir: “Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər”.

Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməsində Parlamentin rolunun vacib olduğunu vurğulayan ölkə başçısı bildirmişdir ki, dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır.


Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
0 0

Şərhlər

Oxşar xəbərlər