Nadir İsrafilov: “Nazirin son açıqlaması "imtahan-imtahan oyunu”na son qoyulacağına ümidləri artırır”
3-03-2024, 11:05
1 014

Nadir İsrafilov: “Nazirin son açıqlaması "imtahan-imtahan oyunu”na son qoyulacağına ümidləri artırır”

İnsan ən böyük biliyi orta məktəbdə qazanır. Demək olar ki, orta məktəbdə qazanılan bilik həyatımızın növbəti mərhələlərində bizə bələdçilik edir. Son dövrlər təhsil sistemində ciddi dəyişiklik baş verir. Bir sıra qərarlar qəbul edilir, bəzi layihələr hazırlanır. Ancaq bəzi qərarlar narazılıqla qarşılanır. 

Narazılığa səbəb olan amillərdən biri də məktəblərdə imtahan sayının çox olmasıdır. Elm və təhsil naziri Emin Əmrullayev 29 fevral tarixində keçirilən brifinqdə deyib ki, ümumi təhsil müəssisələrində imtahanların sayı çoxdur: “Hazırda imtahanların sayının azaldılması müzakirə mərhələsindədir”. 

Məlumat üçün bildirək ki, orta məktəblərdə şagirdlərin bilik və bacarıqlarının yoxlanılması üçün vaxtaşırı olaraq qiymətləndirmə imtahanları - BSQ və KSQ-lər keçirilir.

Maraqlıdır, məktəblərdə imtahanların sayı azaldıla bilər?

“Qaydaların tez-tez dəyişdirilməsi hər şeydən əvvəl təhsilalanların və onların valideynlərinin, həmçinin elmi-pedaqoji ictimaiyyətin narahatlığına və ciddi narazılıqlarına səbəb olur” 

Təhsil eksperti Nadir İsrafilov  açıqlamasında bunları dedi: “Mən imtahanlarla bağlı hər hansı bir məsələ gündəmə gətiriləndə dəfələrlə demişəm ki, hər hansı bir ölkənin təcrübəsini olduğu kimi köçürüb bizim təhsil sisteminə tətbiq etməyin qəti əleyhinəyəm. Təcrübəmizdə bu kimi halların heç də az şahidi olmamışıq və bunun bəzi acı nəticələrinə də bələdik. Hər ölkənin öz inkişaf mərhələsi var və bu mərhələnin də keçid konsepsiyası var. Elə ölkə var ki, orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarını birləşdirməklə vahid imtahan keçirmək yolunu seçib, digər bir ölkədə ali məktəblərə qəbul olmaq üçün orta məktəb attestatı kifayət edir. Bir başqa ölkədə isə orta məktəblərin məzunları bir imtahan verərək, həm ali məktəbə daxil olur, həm də orta məktəbi bitirmiş olurlar. Yəni iki imtahanın birləşməsi ilə onların biliyi qiymətləndirilir və istədikləri yerə sənəd verirlər və s. Hesab edirəm ki, hələ ki, söhbət bir çox ölkələrdə, o cümlədən qonşu Gürcüstanda olduğu kimi imtahanların ləğv olunmasından deyil,azaldılmasından və bir qədər də sadələşdirilməsindən gedə bilər. Qaydaların tez-tez dəyişdirilməsi hər şeydən əvvəl təhsilalanların və onların valideynlərinin, həmçinin elmi-pedaqoji ictimaiyyətin narahatçılığına və ciddi narazılıqlarına səbəb olur. Digər tərəfdən, bu kimi mürəkkəbliklər təhsilin dayanıqlığı və bir sistem kimi oturuşmasında ciddi maneəyə çevrilir. Yəni hər hansı bir dəyişikliyin elmi-nəzəri əsasları olmaqla yanaşı, həm də bu kimi məsələlərə Təhsil Nazirliyi və DİM-in birgə əməkdaşlığı çərçivəsində hər iki strukturun mütəxəssislərindən ibarət işçi qrupunda baxılmalı, mərhələli şəkildə, təcrübədə aprobasiyadan keçdikdən sonra tətbiq olunmalıdır.

Kiçik bir xatırlatma edim ki, Sovet dönəminin 70 ili ərzində ölkəmizdə yazılı-şifahi imtahanlar olub. Orta məktəblərdə şagirdlər ibtidai sinif başa çatandan sonra 5-6-cı sinifdə 2 imtahan, 7-8-9-cu sinifdə 3 imtahan, 10-11-ci siniflərdə 4 imtahan verirdilər. Bu o demək idi ki, uşaqlar imtahana tədricən alışdırılırdı. Sonra biz aralıq imtahanlarını ləğv edərək, test üsuluna keçdikdə, birdən-birə test üsulunun tətbiqi ilə bağlı 8 fəndən imtahan salındı. O vaxt belə qərara gəlinmişdi ki, testlə qəbulda 350 bal həddi olsun. Bu bal həddi klassik qiymətləndirmə ilə “3” hesab olunurdu. Sonra məlum oldu ki, 350 bal toplayanlar azdır, 150, hətta 100 balla da ali məktəblərə qəbul həyata keçirdik. Testin əhəmiyyəti ondan ibarət idi ki, obyektivliyin təmin olunmasında vasitə hesab edilirdi. Bir çox vətəndaşlarımız tərəfindən müsbət qəbul olunurdu ki, imkansız ailələrin övladları məhz test vasitəsilə ali məktəblərə qəbul olunur. Sonra test tədricən əvvəlki səviyyədən fərqli olaraq mahiyyətini itirməyə başladı. Testlə bağlı fikirlər haçalandı. Məlum oldu ki, testin müsbət tərəfləri kimi mənfi tərəfləri də var. Çünki oxu, yazı vərdişləri kimi keyfiyyətləri üzə çıxarmaqda məhdudiyyətlər yaranır. Ona görə müəyyən dövrdən sonra qapalı testlərə açıq testlər əlavə etdilər. Boloniya prosesinə qoşulduqdan sonra ali məktəblərdə birdən-birə sessiya imtahanları yazılı şəkildə keçirildi. Təsəvvür edin ki, uşaqlar orta məktəbdən testlə gəlir, ali məktəbə testlə qəbul olur, sesssiya imtahanında birdən-birə yazılı tətbiq edilir. Ona görə də bizim bir sıra universitetlərdə tələbələr etiraz edirdi. Ondan sonra məsələ qoyuldu ki, ali məktəblərdə yazılı imtahana keçirilirsə, orta məktəbdə də bu vərdişləri yaratmalıyıq. Ona görə də belə qərara alındı ki, 9-cu sinifdə esse imtahanı keçirilsin. Ancaq esse imtahanları da zəif göstəricilərlə nəticələndi. Ona görə də yenidən testi bərpa etdik. Bu gün kurikulum tətbiq edirik. Əvvəlki təhsil proqramları bilikyönümlü, indiki kurikulumlar isə şəxsiyyət yönümlüdür. Yəni şagirdlər yalnız biliklə kifayətlənməməli, bacarıqları,vərdişləri olmalıdır. Bu baxımdan testin imkanları məhduddur. Ona görə də bu saat testin ləğvindən deyil, imkan daxilində təkmilləşdirilməsindən söhbət gedə bilər. Hazırda dünyanın bir sıra ölkələrində attestatla qəbul həyata keçirilir. Ümumiyyətlə, imtahansız qəbulun təşkilindən də söhbət gedir. Bu gün imtahanları da ləğv edə bilmərik. Çünki biz buna hazır deyilik. Tədricən təkpilləli vahid imtahana keçə bilərik. Buraxılış imtahanları ilə ali məktəbə qəbul imtahanlarını birləşdirib bir imtahan yolu ilə abituriyentlərin ali məktəbə qəbul məsələsini həll edə bilərik. Bu mənada Nazirin “Hesab edirəm ki, ümumtəhsil müəssisələrində imtahanların sayı çoxdur” fikri ilə razılaşmalı və onu təqdir etməliyik.

Bir də ki, ölkəmizdə Dövlət qulluğuna qəbul prosesi qaydalarının sadələşdirilməsi ilə bağlı təkliflər Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə təqdim olunub. Dissertasiyaların müdafiəsi prosesinin mərhələli şəkildə sadələşdiriləcəyi barədə təkliflər səsləndirilir, elə isə, nəinki buraxılış, hətta qəbul imtahanlarının sadələşdirilməsi barədə niyə düşünməməliyik? Bir sıra ali məktəblərdə müəyyən ixtisaslar üzrə boş yerlərin qalması, magistratura və Dövlət qulluğundakı vakantlar belə qənaətə gəlməyə əsas verir. Ola bilsin ki, dövlət sifarişli yerlərə və müsabiqə vəziyyəti çox yüksək olan hansısa xüsusi ixtisaslara qəbul olmaq üçün qəbul imtahanı keçiriləcək. Amma yüksək müsabiqə vəziyyəti yaranmayan ixtisaslara qəbul buraxılış imtahanının nəticələri əsasında aparıla bilər. Ola bilsin ki, 1 ildən sonra buraxılış imtahan fənlərinin sayı 4 olsun. Onda müəyyən ixtisaslara 4 fənnin nəticələri əsasında qəbul aparmaq mümkün olar. Amma bunların da hansı ixtisaslar ola biləcəyini hələ demək mümkün deyil. Bu, bəlkə də daha çox tələbə cəlb etmək istədiyimiz kənd təsərrüfatı ixtisasları olacaq”.Ekspert hesab edir ki, ali məktəblərə buraxılış imtahanının nəticələri əsasında qəbulun aparılmasına ali məktəblərin özlərinin də razılığı olmalıdır. Belə olanda biz buraxılış imtahanlarının nəticələrini nəzərə ala bilərik. Çünki ali məktəblər özləri hansı kontingenti görmək istədiklərini bildirirlər. Hansısa ali məktəb buraxılış imtahanının nəticələri əsasında qəbulun aparılmasına razıdırsa, buraxılış imtahanı da heç olmasa 5 fənn üzrə olarsa, onda biz buraxılış imtahanlarının nəticələrini daha çox ixtisaslara qəbulda nəzərə ala bilərik: “Ümid edək ki, tezliklə imtahanların yığcam və rahat bir modeli hazırlanmaqla bu üzücü və məşəqqətli prosesi həqiqi bilik nümayişi bayramına çevirmək mümkün olacaq. Buraxılışla qəbul imtahanlarının birləşdirilməsi və sadələşdirilməsi, təkpilləli vahid imtahan modelinə keçilməsinin məzunlarımızın fiziki və psixoloji yükünü və deməli, gərginliyini xeyli azaldar. Eyni adamın biliyini iki imtahanla yoxlamağa heç bir ehtiyac olmaması baxımından təhsilimizin real perspektivləri ilə tam uzlaşan prosedur ola biləcək, uzun illərdən bəri davam edən "imtahan-imtahan oyunu”na nəhayət son qoyulacaq”.
4 0

Şərhlər

Oxşar xəbərlər