Ali məktəblərə keçid ballarının endirilməsi nə qədər doğrudur?...
22-08-2023, 13:45
412

Ali məktəblərə keçid ballarının endirilməsi nə qədər doğrudur?...

Nadir İsrafilov: “Danılmaz faktdır ki, ixtisas seçiminin ifrat dərəcədə qəlizliyi səbəbindən düzgün seçim aparmaq və arzusunda olduğu ixtisasa yiyələnmək hər abituriyentə müyəssər olmur”.

“Onsuz da qəliz olan qəbul qaydalarını ixtisas seçimi bir az da mürəkkəbləşdirərək, əgər belə demək mümkündürsə, ixtisas seçimini valideyn və ekspert ümidinə buraxmış, abituriyentin topladığı “balın kəramətinə” tabe etdirmişik”.

Bu sözləri təhsil eksperti Nadir İsrafilov abituriyentlərin ixtisas seçimlərini Poliqon-a şərh edərkən qeyd edib.

Bu il ali məktəblərə keçid balları qənaətedicidirmi? Valideynlər bir-birinə baxıb elə ixtisasları seçirlər ki, bu ixtisasların gələcəyi və perspektivi yoxdur. Ali təhsil alsın deyə valideynlərin övladlarının həyatı və gələcəyi ilə oynaması nə qədər düzgündür?

Mövzunu Poliqon-un əməkdaşı təhsil eksperti Nadir İsrafilov ilə müzakirə edib.



Nadir İsrafilov: “Müvafiq ixtisas üzrə keçid balını toplamadığından, digər arzulamadığı ixtisasa keçid alanlar, “təki universitet olsun” düşüncəsi ilə yaşayanlar arasında ali təhsilə “şəhərli olmaq” prinsipi ilə yanaşanlar da az deyil”.

Ən etibarlı seçimin abituriyentin öz seçimi olduğunu xatırladan ekspert Poliqon-a bildirib ki, abituriyentlərin ali məktəblərə qəbulu zamanı ən həlledici anları onların ixtisas seçimi ilə bağlıdır:

“Danılmaz faktdır ki, abituriyentlərin ali məktəblərə qəbulu zamanı ən həlledici anları onların ixtisas seçimi ilə bağlıdır. O da danılmaz faktdır ki, ixtisas seçiminin ifrat dərəcədə qəlizliyi səbəbindən düzgün seçim aparmaq və arzusunda olduğu ixtisasa yiyələnmək hər abituriyentə müyəssər olmur. Ona görə də hər il seçim zamanı abituriyentlərin böyük əksəriyyəti “İxtisas seçimində kimə güvənməli” sualı ilə baş-başa qamış olurlar.Belə bir vəziyyət isə seçim etməli olanın müstəqil seçim etməsində kənar müdaxilələrə yol açır. Halbuki, ixtisas seçiminə kənar müdaxilələrə yol verilməməsi üçün abuturiyent oxuya biləcəyi bir ixtisası seçməlidir ki, gələcəkdə məcburi ixtisasdəyişmə zorunda qalmasın. Nəzərə alsaq ki, repetitorluq artıq ibtidai sinifləri də öz ağuşuna alıb, kiçik yaşlı məktəblinin bu yaş səviyyəsində seçim edə bilməsi o qədər də real görünmür, deməli övladının seçiminə ilkin müdaxilə edən, yəni konkret ixtisas üzrə müəllim yanına hazırlığa göndərən məhz valideyndir.



Bu da təbiidir, çünki hər bir valideyn öz övladının gələcəyini onun ali təhsil almasında, diplom sahibi olmasında görür. Hətta diplomun cehiz predmetinə çevrilməsi barədə az deyilməyib, az yazılmayıb. Övladlarına “filankəsin övladı xaricdə təhsil alır, sən heç burda da universitetə daxil ola bilmədin” kimi valideyn tənələrinin az şahidi olmamışıq. Hamısı mentalitetdən, kimlərləsə bəhs aparmaq prinsipindən irəli gələn xüsusiyyətlərdir. “Təki diplom olsun, qonum-qonşunun yanında başımız uca olsun”, deyən bir çox valideynlər öz övladlarını onların arzusuna uyğun düzgün istiqamətə yönləndirib, onların müstəqil seçiminə mane olmamaq əvəzinə, övladlarının seçiminə müdaxilə edir, yalnız bu müdaxilənin ağır nəticələrini gördükdən sonra peşmançılıq çəkirlər ki, bu da artıq gec olur.

Nadir İsrafilov: “İxtisas seçimini o qədər mürəkkəbləşdirmişik ki, 150-200 bal toplayan ali məktəbə daxil ola bildi, 400-500 bal toplayan kənarda qaldı”.Onsuz da qəliz olan qəbul qaydalarını ixtisas seçimi bir az da mürəkkəbləşdirərək, əgər belə demək mümkündürsə, ixtisas seçimini valideyn və ekspert ümidinə buraxmış, abituriyentin topladığı “balın kəramətinə” tabe etdirmişik. Dəfələrlə ali məktəblərə girişi asanlaşdırıb, çıxışı çətinləşdirmək barədə müxtəlif təkliflər səsləndirilməsinə baxmayaraq, bu günün özündə belə, hələ də bunun əksini görürük. Hətta iş o yerə çatıb ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də bir müddət əvvəl keçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraq bildirmişdi ki, abituriyentlərin heç də hamısı ixtisas seçimini özü etmir: “Yenə seçimi bəzi təhsil ekspertləri edir. Onlar təki harasa qəbul olunsun deyə seçim edirlər. Abituriyentlər də var ki, rayondan çıxıb Bakıda yaşamaq üçün qəbul olmaq istəyir”

Müvafiq ixtisas üzrə keçid balını toplamadığından, digər arzulamadığı ixtisasa keçid alanlar, “təki universitet olsun” düşüncəsi ilə yaşayanlar arasında ali təhsilə “şəhərli olmaq” prinsipi ilə yanaşanlar da az deyil. Daha konkret desək, ixtisas seçimini o qədər mürəkkəbləşdirmişik ki, 150-200 bal toplayan ali məktəbə daxil ola bildi, 400-500 bal toplayan kənarda qaldı. Düzgün seçim edə bilməməsi ucbatından, ödənişsizə düşməli olan ödənişliyə düşdü. Bu sahədə olan bütün boşluqlara və çatışmazlıqlara baxmayaraq, abituriyentlərin ixtisas seçimində valideynlərlə yanaşı ekspertlər də az günahkar deyil.Bir zəruri məqamın nəzərə alınması vacibdir ki, hər özünü ekspert səviyyəsində görən və ya mediada ekspert kimi təqdim olunan “ekspert”in irəli sürdüyü müddəa və verdiyi rəy, təklif, proqnoz heç də “quran ayəsi” olmayıb, gündəmə gəlmək və ya gündəmdə qalmaq məqsədinə xidmət edən taktiki gediş olmaqla yanaşı, həm də özünə ucuz reytinq qazanmağa və geniş ictimaiyyət arasında çaşqınlıq yaratmağa hesablanan açıqlama və bəyanatlardan başqa bir şey deyildir. Bununla belə seçim etməkdə çətinlik çəkən abituriyentin ekspertə müraciət etməkdən başqa digər çıxış yolu qalmır.



Dövlət İmtahan Mərkəzindən də dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, yenə də bu kimi hallar geniş vüsət almaqdadır. Halbuki, DİM-in müraciətinə əsasən “Abituriyentlər ixtisas seçimi zamanı diqqətli olmalı, bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası ixtisas seçimini özləri həyata keçirməlidirlər. Bəzən abitriyentlər bu işi başqalarına həvalə edirlər. Lakin həmin şəxslər bir çox hallarda yanlış seçim edir və ya ixtisas seçimi ərizəsini ümumiyyətlə təsdiq etmirlər. Bu isə arzuolunmaz hallara gətirib çıxarır”.

Neçə illərdən bəridir ki, neft kapitalının insan kapitalına çevrilməsini hədəfləmişik, ali təhsilin hamı üçün əlçatan olması kursu götürmüşük, adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələləri ilə rəqabətə başlamışıq, digər tərəfdən isə ” Ali məktəblərə qəbul attestatla olsun!”; “Ali məktəblərdə dövlət imtahanı ləğv olunsun!” və s. bu kimi çağırışlar səsləndirilir, ali məktəblərə qəbul imtahanlarının ağır şərtlərlə keçirilməsi, ali məktəblərə qəbul üçün tətbiq olunan test imtahanlarının özünü doğrultmadığı və bu prosesin sadələşdirilməsi kimi təkliflər səngimək bilmir.

Nadir İsrafilov: “Bu sahədə olan bütün boşluqlara və çatışmazlıqlara baxmayaraq, abituriyentlərin ixtisas seçimində valideynlərlə yanaşı ekspertlər də az günahkar deyil”.

İxtisas seçimini bu qədər qəlizləşdirmək hansı məqsədə xidmət edir? Yaşlı və orta nəslin nümayəndələri xatırlamamış deyillər ki, adını çəkməyə belə ehtiyatlandığımız bir dönəmdə orta məktəblərdə təlim-tərbiyə işləri ilə yanaşı geniş peşə yönümü işi aparılardı. Həmçinin şagirdləri ayrı-ayrı peşələrə istiqamətləndirmək üçün nəzəri və praktiki tədbirlər həyata keçirilərdi. O zamanlar müəllim olmaq istəyənlər sənədlərini Pedaqoji İnstitut adlanan ali təhsil müəssisəsinə, həkimliyi arzulayanlar Tibb İnstitutu, mühəndisliyi seçənlər “Politexnik”ə , aqronom, zootexnik olmaq fikrinə düşənlər də Kənd Təsərrüfatı İnstitutuna verərdilər:

İndi beynəlxalq təhsil sisteminə inteqrasiya etməklə, əlavə təhsil proqramları həyata keçirmək, fundamental və tətbiqi elmi tədqiqatlar aparmaq və çox spektrli sahələrlə məşğul olmaq kimi səlahiyyətlər verməklə universitetləri birbaşa funksiyalarından – konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlamaq vəzifəsindən yayındırmışıq. Abituriyentlərə bir neçə ixtisas və ali məktəb seçmək hüququ verməklə, həkim olmaq istəyəni bioloqa, hüquqşünas olmaq istəyəni tarixçiyə, tarixçi olmaq istəyəni kitabxanaçıya çevirmişik. Nəticədə çarəsiz ”zorən” diplomçular ordusu yaranıb. Bir ara bioloqu tibb fakültəsinə, kitabxanaçını hüquqa köçürməklə, təhsilimizin qara ləkəsi olan qanunsuz tələbə köçürmələrinin kütləvi hal almasına şərait yaratmışıq.

Hüquqşünas, diplomat, polis, həkim, müəllim, mühəndis, aqronom və.s bu kimi ixtisaslara tam fərqli keçid balı tətbiq etməklə, gələcək mütəxəssislərimizə qabaqcadan hansı peşənin gəlirli və ya gəlirsiz olması hisslərini aşılamış, bəzi peşələri və peşə sahiblərini yüksəldərək, digərlərini aşağılamışıq: Bir sıra ixtisaslara keçid balını 150-yə və hətta 100-ə endirməklə, klassik qiymətləndirmədə “2”qiymətə bərabər tutulanları ali məktəb tələbəsi etmişik. Onu da deyim ki, səviyyəsiz universitetlərin qəbul planını doldurmaqla yanaşı, həmin ixtisaslara və bu ixtisası seçənlərə bəri başdan “perspektivsiz” damğasını vurmuşuq. Kəskin sıçrayışlar edərək mövcud reallıqları nəzərə almadan ixtisas qrupları üzrə qəbul planı və daxil olan ərizələrin sayı arasında qeyri tarazlıq yaratmışıq. Bununla da yüzlərlə plan yerləri vakant qalmış, çıxış yolunu bəzi ixtisaslara minimum balla qəbul aparmaqda görürük.



Həmçinin bu vacib prinsipə etinasızlıq və biganəlik nümayiş etdirərək peşə və ixtisasları “prestijli” və “prestijsiz” kateqoriyalarına bölərək, bir sıra peşə və ixtisasların yaxın gələcəkdə tarixə qovuşacağına bu başdan etibarlı zəmanət vermişik. İxtisas seçimini abituriyentin istək və arzusuna deyil, onun topladığı “balın kəramətinə” tabe etdirmişik. Bu halda hansı ixtisas seçimindən söhbət gedə bilər…?Nadir İsrafilov: “Hər özünü ekspert səviyyəsində görən və ya mediada ekspert kimi təqdim olunan “ekspert”in irəli sürdüyü müddəa və verdiyi rəy, təklif, proqnoz heç də “quran ayəsi” olmayıb, gündəmə gəlmək və ya gündəmdə qalmaq məqsədinə xidmət edən taktiki gediş olmaqla yanaşı, həm də özünə ucuz reytinq qazanmağa və geniş ictimaiyyət arasında çaşqınlıq yaratmağa hesablanan açıqlama və bəyanatlardan başqa bir şey deyildir”.

Onu da xatırlatmaq yerinə düşər ki, hələ 2016-cı ildə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsinə münasibət bildirərkən, məzunların bu “imtahanların çox yığcam və rahat bir modeli”ndə qüvvələrini sınamaq imkanı vermək üçün 2 il vaxt tələb olunacaq barədə ictimaiyyətə təqdim ediləcəyi perspektivi barədə rəsmi açıqlama vermişdi. Milli Məclisin iclasında “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı da qaldırılan məsələ bir neçə deputat tərəfindən dəstəklənmişdi.

Nazir Emin Əmrullayevin təbirincə desək, nəticədə hüquqşünas ixtisasında qəbul ola bilməyənlər tarixçi olurlar. İxtisas seçimini əmək bazarına görə yox, valideynin seçiminə görə edənlər əlavə seçim qarşısında qalırlar, ixtisasdəyişmə, yerdəyişmə halları ildən-ilə artır. Hər il qəbul imtahanlarında iştirak edib, müsabiqə şərtini ödəyən yüzlərlə, bəzən minlərlə məzunun elektron qaydada müraciətlərini təsdiq etməmələri kimi hallar baş verir. Buna görə də ən etibarlı və güvənli seçim abituriyentin öz seçimidir. Ali məktəbə qəbul bu il olmasın, gələn il olsun. Atalarımız demiş, “Gec olsun, güc olsun””.
0 0

Şərhlər

Oxşar xəbərlər