İndiki gənclər nə istəyir: ali təhsil, yoxsa kənddən qaçmaq
27-03-2023, 17:10
522

İndiki gənclər nə istəyir: ali təhsil, yoxsa kənddən qaçmaq

Rayon və kəndlərdə yaşayan abituriyentlərin bəziləri Bakıya köçmək və yeni həyata başlamaq üçün tələbə olmağa can atır. Belə düşüncədə olan gənclərin əsas amalı ali təhsil almaq, uğurlu kariyera qurmaqdan daha çox "şəhərli olmaq"dır. 

 

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bir müddət əvvəl keçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraq bildirmişdi ki, abituriyentlərin heç də hamısı ixtisas seçimini özü etmir. "Yenə seçimi bəzi təhsil ekspertləri edir. Onlar təki harasa qəbul olunsun deyə seçim edirlər. Abituriyentlər də var ki, rayondan çıxıb Bakıda yaşamaq üçün qəbul olmaq istəyir", - deyə DİM sədri vurğulamışdı.

 

"Əsas tələbə olum, sonrası Allah kərimdir", - deyən abituriyentlər rayondan niyə qaçmaq istəyirlər? 

 



 

TehsiForumu.Az xəbər verir ki , Mövzu ilə bağlı danışan təhsil üzrə ekspert Nadir İsrafilov vurğulayıb ki, abituriyentlərin rayondan uzaqlaşmasında valideynlər də günahkardır:

 

“DİM sədri Məleykə Abbaszadənin abituriyentlərə basqı ilə bağlı belə qənətə gəlməsində müəyyən həqiqət var. Gənclərə daha çox valideynlər basqı edirlər. Bu da təbiidir, çünki hər bir valideyn öz övladının gələcəyini onun ali təhsil almasında, diplom sahibi olmasında görür. Hətta diplomun cehiz predmetinə çevrilməsi barədə az deyilməyib, az yazılmayıb. Övladlarına “filankəsin övladı xaricdə təhsil alır, sən heç burda da universitetə daxil ola bilmədin” kimi valideyn tənələrinin az şahidi olmamışıq. Hamısı mentalitetdən, kimlərləsə bəhs aparmaq prinsipindən irəli gələn xüsusiyyətlərdir. "Təki diplom olsun, qonum-qonşunun yanında başımız uca olsun", deyən bir çox valideynlər öz övladlarını onların arzusuna uyğun düzgün istiqamətə yönləndirib, onların müstəqil seçiminə mane olmamaq əvəzinə, övladlarının seçiminə müdaxilə edir, yalnız bu müdaxilənin ağır nəticələrini gördükdən sonra peşmançılıq çəkirlər ki, bu da artıq gec olur. Nazir Emin Əmrullayevin təbirincə desək, nəticədə hüquqşünas ixtisasında qəbul ola bilməyənlər tarixçi olurlar. İxtisas seçimini əmək bazarına görə yox, valideynin seçiminə görə edənlər əlavə seçim qarşısında qalırlar, ixtisasdəyişmə, yerdəyişmə halları ildən-ilə artır. Hər il qəbul imtahanlarında iştirak edib, müsabiqə şərtini ödəyən yüzlərlə, bəzən minlərlə məzunun elektron qaydada müraciətlərini təsdiq etməmələri kimi hallar baş verir".

 
Onun sözlərinə görə, ali təhsilə "şəhərli olmaq" kimi yanaşanların sayı az deyil:

 

"Müvafiq ixtisas üzrə keçid balını toplamadığından, digər arzulamadığı ixtisasa keçid alanlar, “təki universitet olsun” düşüncəsi ilə yaşayanlar arasında ali təhsilə “şəhərli olmaq” prinsipi ilə yanaşanlar da az deyil. Düzdür, ixtisas seçimini o qədər mürəkkəbləşdirdik ki, 200 bal toplayan ali məktəbə daxil ola bildi, 500 bal toplayan kənarda qaldı, düzgün seçim edə bilməməsi ucbatından, ödənişsizə düşməli olan ödənişliyə düşdü. Bu sahədə olan bütün boşluqlara və çatışmazlıqlara baxmayaraq, abituriyentlərin ixtisas seçimində valideynlər də az günahkar deyil. Ali təhsilə baxışımız, yanaşma tərzimiz dəyişməlidir ki, sonda günahkar axtarmaq məcburiyyətində qalmayaq. Bir qədər dərinə getsək, yeniyetmə və gənclər arasında son illər artmaqda olan intiharların səbəbini də imtahanlarla bağlı yaşanan streslərdə axtarmalı olarıq. Çünki, bu kimi hallara ən çox buraxılış və qəbul imtahanları dövründə təsadüf edilir. Mövqe seçimi ilə bağlı uğursuzluq yaşam seçiminə də təsirsiz ötüşmür... Səhv seçsinlər, ancaq özləri seçsinlər".

 

Təhsil üzrə ekspert Elçin Əfəndi isə bildirib ki, rayonlarda kortəbii ixtisas seçimlərinə daha çox rast gəlinir:

 

“Nəzərinizə çatdırım ki, hər il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarından sonra respublikanın müxtəlif bölgələrindən Bakıya gəlib, təhsil almaq istəyən yüzlərlə, minlərlə abituriyent olur. Həmin abituriyentlər müxtəlif səbəblərdən fərqli, yaxud öz seçdikləri ixtisasları yazırlar və Bakıya gəlib təhsil alırlar. Tələbələr arasında kortəbii formada ixtisas seçimi aparanlar çoxluq təşkil edir. Məleykə Abbaszadənin dediyi bütün tələbələri əhatə etmir. Bu da təbii ki, əsas səbəblərdən biridir, amma tam səbəb deyil. Bu da danılmaz faktdır ki, bəzən regionlarda xüsusilə oğlan tələbələr valideynlərin təsirinə məruz qalır və nəticə etibarilə onlar çıxış yolu kimi Bakıda təhsil alıb rayondan uzaqlaşmağı seçirlər. Amma bu, o demək deyil ki, bütün bölgələrdən gələnlər məhz bu kimi basqılar nəticəsində seçimlər aparırlar”.
Ekspert vurğulayıb ki, valideynlər övladlarına seçim sərbəstliyi verməlidir: “İxtisaslaşma dövündə abituriyentlərin istədikləri sahəyə yönəlmələrinə imkan yaradılmalıdır. Valideynlərin övladlarına təsir göstərməsi doğru yanaşma deyil. Yaxşı olar ki, bununla bağlı mütəxəssis rəyi alsınlar. Bu gün ali təhsil müəssisələrində keçirilən qəbul imtahanlarına təxminən 100 minə yaxın müraciət qeydə alınır və haradasa 50-60 min abituriyent müsabiqəyə buraxılır. Onlardan isə təxminən 45-50 min civarında abituriyent ali təhsil müəssisələrinə qəbul ola bilir. Biz bunların hər birinin konkret istiqamət üzrə getmədiyini nəzərə almalıyıq. Bizim üçün vacib olan əmək bazarında tələb olunan ixtisaslar və sahələr üzrə peşəkar mütəxəssislərin formalaşmasıdır. Bu, həm dövlət, həm də cəmiyyət üçün əsas vacib olan tərəflərdir”. 

 

Təhsil eksperti Namiq Hacıheydərli qeyd edib ki, DİM rəhbəri fikirlərini ümumi sözlərlə deyil, konkret faktlarla izah etməlidir:

 

"Bununla belə, Məleykə xanımın fikirlərinin əsassız olmadığını düşünürəm. Əlbəttə, təkcə bölgələrimizdə yox, paytaxtımızda da bu cür hallara rast gəlinir. İmtahan nəticələri yüksək olsun deyə valideynlərin və ailədəki digər şəxslərin basqılarının olması danılmazdır. Əslində, burada böyüklərin tələbləri pozitivdir, niyyətləri pis deyil. Sadəcə olaraq, yanaşma tərzi kökündən yanlışdır. Hər bir valideyn təbii olaraq övladının cəmiyyətdə layiqli yer tutmasını, savadlı olmasını, müəyyən peşəyə və ya sənətə yiyələnməsini istəyir. Bu mənada niyyət təqdirəlayiqdir”.Ekspertin fikrincə, valideynlər bəzən unudur və ya bilmirlər ki, basqı, hədə-qorxu çıxış yolu deyil:

 

“Bu niyyətə nail olmaq üçün həvəsləndirici, inandırıcı, motivasiyaedici üsullardan istifadə etmək, özgüvən duyğusunu gücləndirmək olar. Çıxış yolu kimi məktəblərdə valideynlərlə psixoloqların, təhsil mütəxəssislərinin, bu sahədə təcrübəsi olan aydınların görüşünü təşkil etmək cəmiyyətimizdə xoşagəlməz halların qarşısının alınmasında effektiv nəticə verə bilər. Yəni gələcəkdə abituriyentlərimiz mənəvi travmalar və fiziki acılar yaşamasın deyə valideynlərlə ciddi iş aparılmalıdır. Əks halda hələ uzun illər aşağı nəticə göstərən abituriyentlərimizlə bağlı xoşagəlməz xəbərlər eşitməyə dəvam edəcəyik”.

 

0 0

Şərhlər

Oxşar xəbərlər