Azərbaycan Qoşulmama Hərəkatına sədrlik.
4-03-2023, 13:22
280

Azərbaycan Qoşulmama Hərəkatına sədrlik.

TehsilForumu.Az - Regionda aparıcı aktora çevrilən Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Eyni zamanda, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır.
Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrliyi 2019-cu ildən etibarən üç il müddətinə həyata keçirməyə başlayıb. 2019-cu ildə ölkəmiz QH-nin sammitinə uğurla ev sahibliyi etdi və bu tədbirdə Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Belə də oldu. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra Azərbaycanın quruma sədrlik etməsi üzv dövlətlərin ölkəmizə olan etimadının və Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsinə çevrildi. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur.

Azərbaycanın sədrliyinin koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz çevik və səmərəli şəkildə öz sədrlik gündəliyini yeni reallığa uyğunlaşdırdı. Əlbəttə, bu prosesdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi də mühüm rol oynadı. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Belə ki, məhz Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi. Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Eyni zamanda, QH sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.

YAP Fəal 
KƏMALƏ RUSTƏMOVA.
0 0

Şərhlər

Oxşar xəbərlər