Nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi.
9-04-2022, 10:46
315

Nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi.

Azərbaycanın uğurlu xarici siyasəti ölkəmizin dünya birliyindəki reytinqini getdikcə yüksəldir. Qürurverici haldır ki, hazırda respublikamızın adı dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıradadır. Ötən il noyabrın 10- da Ermənistan üzərində qələbənin rəsmən elan olunması və 30 illik işğala son qoyulması ölkəmizin dünya birliyindəki reytinqini daha da artırdı. Ona görə ki, 30 il ərzində qüdrətli dövlətlərin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nizamlaya bilmədikləri Qarabağ münaqişəsini Azərbaycan 44 gün ərzində yoluna qoydu.

 

Ölkəmizdə xarici siyasət kursunun əsasları ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Son illərdə beynəlxalq aləmdə qazandığımız uğurlar bir daha təsdiqləyir ki, bu, çox uğurlu, səmərəli, demokratik məzmunlu və praktiki nəticələri yüksək olan prinsiplər sistemidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqları əsas götürərək, xarici siyasətin prioritetlərinin ardıcıl surətdə həyata keçirilməsi nəticəsində əldə olunan uğurlar gələcəyə ümidlə baxmağa əsas verir.

Düzgün müəyyənləşdirilmiş siyasi kursun məntiqi nəticəsi

Azərbaycan dövlət müstəqilliyini bərpa etməsindən iki il sonradan başlayaraq, indiyədək regional və qlobal səviyyədə fəaliyyətini, o cümlədən, beynəlxalq arenada əməkdaşlığı getdikcə genişləndirdi. Bu gün res­publikamızın müstəqil dövlət kimi nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən, BMT, ATƏT Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qo­şulmama Hərəkatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və çoxlu sayda digər təşkilatlara üzvlüyü bundan xəbər verir. Azərbaycan, həmçinin GUAM regional qrupunun təsisçilərindən biridir.

Azərbaycan, həm də bir neçə mötəbər beynəlxalq təşkilata uğur­la sədrlik edib və bu gün də edir. Hazırda Qoşulmama Hərəkatının sədri kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Yeri gəlmişkən, ölkəmizin QH-yə sədrliyi dövründə həyata keçirdiyi tədbirlər üzv dövlətlər tərəfindən yüksək dəyərləndirilmişdir. Ona görə də quruma üzv dövlətlər Azərbaycanın bu təşkilata əlavə 1 il də sədrlik etməsi barədə müraciət ediblər. QH-yə üzv dövlətlərin müraciəti müsbət ca­vablandırılıb.

Məlum olduğu kimi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi 2022-ci ildə başa çatacaq. Ancaq QH-yə üzv dövlətlərin müraciətindən son­ra ölkəmizin quruma daha bir il sədrlik etməsi qərara alınıb. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qlobal liderlik fəaliyyətinə verilən yüksək qiymət, o cümlədən,respublikamıza olan inam və etimadın növbəti təzahürüdür. Dünyanın başı üzərini koronavirus pandemiyası aldığı və fəsadlar törətdiyi bir vaxt­da Azərbaycan vəziyyətə çevik və adekvat reaksiya verərək sədrliyini müvəffəqiyyətlə həyata keçirmiş, qarşıya qoyulan məqəsədə nail olmuşdur.

Ölkəmizin QH-yə sədrliyi dövründə hərəkatın beynəlxalq nüfuzunun, təsirinin gücləndirilməsi, üzv dövlətlərin marağının, beynəlxalq hüqu­qun və ədalətin müdafiəsi üçün göstərdiyi səylər dünyada etiraf olunur. QH-yə üzv dövlətlərin belə bir mürəkkəb dövrdə nüfuzlu quruma uğurlu sədrliyinə, eləcə də, hərəkata nəzərdə tutulandan 1 il artıq – 2023-cü ilin sonuna qədər sədrlik etməyə hazır olması dövlət başçımızın düşünülmüş strategiyasının məntiqi nəticəsidir. Qoşulmama Hərəkatı dünyadakı mövcud təşkilatlar arasında istər tarixi, istər üzvlərinin sayı baxı­mından kifayət qədər sanballı qurumdur.

Bu qurumun sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib.

Koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşü mühüm beynəlxalq əhəmiyyət kəsb etdi. Prezident İlham Əliyevin koronavirusa qarşı operativ qərarları, atdığı uğurlu addımlar geniş təqdir olundu. Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi , Azərbaycan koronavirus təhlükəsi yarandığı ilk günlərdən pandemiya ilə mübarizə sahəsində QH-yə üzv ölkələr də daxil olmaqla, 30-dan çox dövlətə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Ümumdün­ya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub. Təşkilatın Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlü­yü məsələsində birmənalı mövqe tutur və beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir.

Möhtərəm Prezidentimizin rəhbərliyi ilə aparılan geniş­miqyaslı işlərin və atılan doğru addımların nəticəsində Qoşul­mama Hərəkatına üzv dövlətlər Ermənistanın ölkəmizin ərazisini işğal etməsi və işğal faktı­nı təsdiqləyən BMT-nin dörd qətnaməsinə istinad edərək, lap əvvəldən haqlı mövqeyimizi dəstəklədilər. Eləcə də, 2020-ci ilin iyulunda Tovuz rayonunda Ermənistan tərəfindən törədilmiş təxribatla bağlı Qoşulmama Hərəkatı üzvləri tərəfindən Ermənistanın törətdiyi cinayətlərin dayandırılması ilə bağlı vahid mövqe nümayiş etdirildi. Eyni zamanda, Vətən müharibəsi dövründə Birləşmiş Millətlər Təşkilatının üzvü olan bəzi dövlətlər BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin icrasına laqeyd ya­naşaraq, qərəzli addımlar atmağa cəhd etdikləri anda Qoşulmama Hərəkatının üzv dövlətləri bu ədalətsizliyin qarşısının alınmasın­da xüsusi fəallıq göstərdilər.

Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşü bütünlüklə koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuşdu. 


Hazırda Azərbaycan iki böyük təşkilata – Qoşulmama Hərəkatına və TDƏŞ-ə uğurla sədrlik edir. Mötəbər təşkilatlara sədrlik ölkəmiz üçün elə bir çətinlik yarat­mır. Ermənistan üzərindəki tarixi qələbəmizdən sonra ölkəmiz xarici siyasətində yeni missiyaya baş­layıb və əminliklə söyləmək olar ki, Azərbaycan bundan sonra da hər hansl bir beynəlxalq təşkilata sədrliyi layiqincə icra edəcək.

Uca Tanrıdan Prezidentimizə və ailəsinə cansağlığı arzulayıram.

Quba rayon Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəbin ibtidai sinif müəllimi və İlk Həmkar sədri Məmmədova Nigar Əli qızı 
0 0

Şərhlər

Oxşar xəbərlər