"Görün, Şuşa qalasında Azərbaycan bayrağı dalğalanırmı?" – Şəhidin son sözləri... - FOTO
25-11-2022, 19:33
421

"Görün, Şuşa qalasında Azərbaycan bayrağı dalğalanırmı?" – Şəhidin son sözləri... - FOTO

Qubada "Şuşa, sən azadsan" mövzusunda keçirilən tədbirdə təsirli anlar yaşanıb.  

TehsilForumu.Az  xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin "Şuşa ili" elan edilməsi çərçivəsində reallaşan tədbir Quba Rayon İcra Hakimiyyəti, YAP-ın rayon təşkilatı və Xaçmaz regional mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Rayon icra hakimiyyəti və Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsinin rəhbərlərinin, hüquq-mühafizə orqanları rəsmilərinin, regional mədəniyyət idarəsi əməkdaşlarının, şəhid ailələrinin, eləcə də keçmiş döyüşçülərin qatıldığı tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Quba icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev Şuşa azad olunandan sonra dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Şuşada görülən genişmiqyaslı yenidənqurma və bərpa işləri barəsində məlumat verib.

Rayon rəhbəri çıxışında Azərbaycanın qədim mədəniyyət ocağı sayılan Şuşanın işğaldan azad olunması əməliyyatında Milli Ordumuzun göstərdiyi misilsiz şücaətdən söz açıb, xatirələrini ehtiramla anıb.

Noyabrın 8-də Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Qubadan olan Xüsusi Təyinatlıların baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin anası Xalidə Niftəliyeva şəhidin öz qızı ilə diolaqunu xatırlayıb:

"Mehrab oğlumdur deyə demirəm, çox vətənpərvər oğlan idi. Bir dəfə oğlumla hamımız bir yerdə olanda nəvəm ona dedi ki, ata, siz necə hərbçisiniz, Paşinyan Şuşada rəqs edir? Bu söz onu çox təsirləndirdi. Mehrab qızına cavab verdi ki, “darıxma, qızım, biz ona elə dərs verib oynadacağıq ki, bir də ayağı Şuşaya dəyməyəcək”. Mehrab və dostları dedikləri kimi də etdilər. Şuşanı azad etdilər, özləri isə şəhid oldular. Oğlumun və dostlarının ruhu şad olsun" 

Vətən Müharibəsi iştirakçısı Fərid Əmiyev isə Vətən Müharibəsində Qubadan olan döyüşçülərin Şuşa əməliyyatında qəhrəmanlıqla iştirak etmələrindən bəhs edib: 

“İndi bütün Azərbaycanın fəxri olan Mehrab Niftəliyev noyabrın 7-də yaralanıb, 1 gün sonra şəhid olub. O ölümünə 5-10 dəqiqə qalmış bizdən soruşdu ki, “görün, Şuşa qalasına Azərbaycan Bayrağı vurulubmu?” Baxıb, "vurulub" dedik və Mehrab dərindən nəfəs alıb gözlərini həyata əbədi yumdu". 

Vətən Müharibəsi qazisi Fərid Əmiyev Vətən Müharibəsində Şuşaya ilk daxil olan dəstələrdən birində vuruşan Qubanın Aşağı Atuc kəndindən olan Afər Orucovun da şəhər uğrunda gedən döyüşlərin ilk günündə şəhid olduğunu qeyd edib. O, Şuşanın alınmasında və digər döyüşlərdə itirdiyi hərbçi yoldaşlarının heç vaxt unudulmayacaqlarını vurğulayıb. 


0 0

Şərhlər

Oxşar xəbərlər